Məhkəmə qərarları › İş №2-1(103)-993/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-993/2025

12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-993/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X12 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X6 və X11 ibarət tərkibdə, X8-Yusiflinin katibliyi ilə, Üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı (zəruri cəlbetmə qaydasında üçüncü şəxs X7) “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5618/2024 saylı 17 sentyabr 2024-cü il tarixli qərarından 3-cü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə 12 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın (elektron) surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9A kmr., Mir Cəlal küçəsi, ev 7, mənzil 47 (yeni qaydalarla: AZ 1134, ünvan 3 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ İddiaçı adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li Arayışa əsasən X9 (xx.xx.1980-ci il təvəllüdlü) ünvan 4 ünvanında qeydiyyatdadır. İddiaçı hazırki tələblə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə müraciət etmiş, lakin tələbi cavabdeh tərəfindən təmin edilməmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 9-cu maddəsinə əsasən X1 Bakı şəhəri, Binəqədi rayonu, 9a mkr., m.Cəlal küç., ev 7, mənzil 47 (yeni qaydalarla: AZ1134, ünvan 5 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən idtifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Məhkəmə orqanlarına müraciət etmək hüququnun olduğu bildirilmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, üçüncü şəxs X3 mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Binəqədi ray., 9A mkr., Mir Cəlal küç., ev 7, 47№li mənzildən qeydiyyatdan çıxarılmasının cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin öhdəlik qoyulması barədə qərar qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə X7 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 6, 47 mənzil X13 mülkiyyət hüququ üzrə məxsus idi. X15 xx.xx.1937-ci il təvəllüdlüdür. Yaşının çox olması və ona baxma ehtiyacı ilə əlaqədar xx.xx.2022- ci il tarixdə 3 saylı ASAN Xidmət Mərkəzində Notariat ofisində X10 məxsus olan bütun daşınar və daşınmaz əmlakını vətəndaş X4 vəsiyyət etmişdir. Həmin vəsiyyətnamənin əsasında X7 iddiaçı X13 mülkiyyət hüququ üzrə məxsus olan mənzildə qeydiyyata düşmüşdür. X19 Osipova Taisə yaxşı baxmamışdır, ona lazımı qulluq etməmişdir. Bu səbəbdən 17 fevral 2023-cü ildə X22 Miriyevanın adına verilmiş etibarnaməni ləğv etmişdir. Bundan sonra Taisa Osipova ona mülkiyyət hüququ üzrə məxsus olan bütün əmlakına İddiaçı adına vəsiyyətnamə vermişdir. Eyni zamanda Taisa Osipova müxtəlif dövlət və digər qurumlarda onu təmsil olunmaq üçün İddiaçı adına etibarnamə vermişdir. Bu yaxınlarda məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə X15 vəfat etmişdir. Bu barədə məlumatı yazılı şəklində İddiaçı xx.xx.2023-cü il tarixdə almışdır. T.Osipovsnın qohumları onun ölüm haqqında şəhadətnaməsi poçt vasitəsilə göndərmişlər və ölüm haqında şəhadətnamə iddiaçıya xx.xx.2023-cü il tarixdə poçt şöbəsindən vermişlər. T.Osipovanın ölüm haqqında şəhadətnamənin aldıqdan sonra İddiaçı T.Osipovaya mülkiyyət hüququ üzrə məxsus olan ünvan 6 ünvanda yerləşən 47 saylı mənzilə vərəsəlik hüququna daxil olmuşdur. Vərəsəlik şəhadətnamə əsasən mülkiyyət hüququ barədə çıxarış da almışdır. Hal-hazırda İddiaçı yuxarıda qeyd edilən ünvanda yerləşən 47 №li mənzilin mülkiyyətçisidir. Mülkiyyət hüququ üzrə ona məxsus mənzildə X7 qeydiyyatdadır. Lakin o, İddiaçı ailə üzvü deyil. Nobar Miriyeva faktiki olaraq həmin ünvanda yerləşən 48 № mənzildə ailə üzvləri ilə birlikdə yaşayır, onun mübahisəli mənzilə heç bir aidiyyəti yoxdur. Üçüncü şəxs Nobar Miriyeva könüllü olaraq mənzildən qeydiyyatdan çıxmaqdan imtina edir. Bununla əlaqədar iddiaçının nümayəndəsi Vəkil Nobar Miriyevanın İddiaçı məxsus olan mənzildən qeydiyytdan çıxarılması barədə ərizə ilə cavabdeh orqana müraciət etmişdir. X20 İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-46/2- D- 475xx/xx/2023 №li məktubu ilə İddiaçı (nümayəndəsi İsgəndərovaya) N.Miriyevanın qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. İddiaçı isə hesab edir ki, cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin cavabı tamamilə əsassızdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz daxil olmamışdır. Üçüncü şəxsin etirazları: İş üzrə üçüncü şəxs tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, ünvan 7 ünvanında yaşamış (aldığı məlumata görə vəfat edib) X15 (AZE 05369871; FİN 14VU4MS) 3 saylı Bakı “Asan xidmət” mərkəzinin Notariat ofisinin xx.xx.2022-ci il tarixli 2V-422 reyestri ilə ölən günədək ona məxsus olan və ünvan 8 ünvanında yeləşən mənzilini ona yəni ünvan 9 ünvanında yaşayan X5 (AZE 14934699; FİN: 3F47T5E) vəsiyyət etmiş və həmin evin qeydiyyatına almışdır. T.Petrovna adıçəkilən ünvanda yaşlı bacısı ilə birgə yaşamışdır. Onun əri və uşaqları hal-hazırda Azərbaycan Respublikasının ərazisindən kənarda, yəni Rusiya Federasiyasında yaşayırlar. T.Petrovna və onun bacısı həm yaşlı, həm də xəstə olduqları üçün uzun müddət onlara üçüncü şəxs qulluq etmişdir. Qeyd olunanlar qonşuların da ifadələri ilə təsdiq edilə bilər. 2022-ci ilin sonlarına yaxın T.Petrovnanın sağlıq durumunda ciddi problemlər yaşanmışdır. Belə ki, onunla birgə yaşayan bacısının vəfat etdiyini belə anlaya bilmirdi. Üçüncü şəxs 30 yanvar 2023-cü il tarixdə təcili tibbi yardım stansiyasına müraciət etmiş və adıçəkilən şəxs xəstəxanaya yerləşdirilmişdir. Üçüncü şəxs T.Petrovna xəstəxanada olduğu müddət ərzində ona mütəmadi olaraq ona baş çəkmiş, qida ilə təmin etmiş, paltarlarını təmizləmişdir. Həmçinin T.Petrovnanın müalicəsini aparan həkimdən onun səhhəti ilə bağlı hər dəfə maraqlandıqda, xəstənin vəziyyətinin pisləşməyə doğru getdiyi, nitqi tutulduğundan nə demək istədiyinin anlaşılmadığını bildirirdi. Təxminən iki həftə sonra özlərini T.Petrovanın qohumları kimi təqdim edən şəxslər onu oğlunun yanına, yəni Rusiya Fəderasiyasına aparacaqlarını bildirərək onu xəstəxanadan çıxartdılar. Bu prosesdə Anar, Validə adlı xanım və Validə xanımın qızı Əsmər adlı şəxslərlə bərabər xəstəxanaya yaxın ərazidə yerləşən 4 nömrəli polis şöbəsinin əməkdaşı da iştirak etmişdir. Bir müddət sonra Əsmər adlı xanımın tələbi ilə üçüncü şəxs T.Petrovnaya aid xarici pasport və pensiya kartını ona təqdim etmişdir. T.Petrovna Rusiya Federasiyasında yaşayan oğlunun yanına aparılmışdır. Üçüncü şəxs həyat yoldaşının vasitəsi ilə T.Petrovanın oğlu ilə telefon əlaqəsi saxlayaraq anasının səhhəti barədə məlumat alırdı. T.Petrovnanın oğlu isə öz növbəsində anasının vəziyyəti ilə bağlı məlumat verir və göstərdiyi xidmətə görə təşəkkürünü bildirir. Lakin T.Petrovna ilə şəxsən əlaqə saxlamaq mümkün olmamışdır. Bir müddət sonra Binəqədi Polis İdarəsinin əməkdaşı üçüncü şəxsin yaşadığı ünvana gələrək T.Petrovnaya aid mənzilin açarlarını tələb etmişdir. Buna səbəb kimi T.Petrovnanın verdiyi vəsiyyətnamənin ləğv olunduğunu və həmin mənzilin digər şəxsə vəsiyyət edildiyini bildirmişdir. Qeyd olunan hallarla bağlı 12 sentyabr 2023-cü il tarixdə adiyyəti üzrə Bakı şəhəri 31 saylı Notariat ofisinə sorğu göndərilmişdir. Sorğuya cavab gəlmədiyi üçün adıçəkilən notariat ofisi ilə əlaqə saxlamağa çalışmış, lakin heç bir nəticə olmamışdır. Aldığı məlumata əsasən Bakı şəhəri 31 nömrəli Notariat ofisinin səlahiyyəti Bakı şəhəri 25 nömrəli Notariat ofisinə verildiyi məlum olmuşdur. Lakin notariat ofisinin fəalliyətinin hansı səbəbdən dayandırılması ilə bağlı hər hansı bir məlumat verilməmişdir. Üçüncü şəxs aidiyyəti üzrə 25 nömrəli Notariat ofisinə yenidən sorğu göndərmişdir. Adıçəkilən notariat ofisindən təqdim olunan sənədlərdən göründüyü kimi, Taisa Petrovna 3 saylı Bakı “Asan xidmət” mərkəzinin Notariat ofisinin xx.xx.2022-ci il tarixli 2V-422 reyestri ilə Nobar Miriyevaya verdiyi vəsiyyətnamə 31 nömrəli Notarat ofisi tərəfindən ləğv edilmişdir. X21 məlum vəsiyyətnaməsini ləğv etməsi ilə bağlı razılığını harada və hansı şəraitdə verdiyi müəmmalıdır. Üçüncü şəxs 3 saylı Bakı “Asan xidmət” mərkəzinin Notariat ofisinin xx.xx.2022-ci il tarixli 2V- 422 reyestri ilə Taisa Petrovna tərəfindən üçüncü şəxsə verilən vəsiyyətnamənin Notariat haqqında Azərbaycan Respublikasının Qanunu tələbləri kobud şəkildə pozulmaqla 31 nömrəli Notariat ofisi tərəfindən ləğv olunması ilə bağlı Bakı şəhər Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin müraciətdə Bakı şəhəri 31 saylı notariat ofisində 2V-26 reyestr nömrəsi ilə verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi və 3 saylı Bakı “Asan xidmət” mərkəzinin Notariat ofisinin xx.xx.2022-ci il tarixli 2V- 422 reyestri vəsiyyətnamənin qüvvədə olmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi ilə bağlı iddia qaldırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5618/2024 saylı 17 sentyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, X3 Bakı şəhəri, Binəqədi rayonu, 9A kmr., Mir Cəlal küçəsi, ev 7, mənzil 47 (yeni qaydalarla: AZ 1134, ünvan 3 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan 3-cü şəxs X9 tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti yazılı etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, hüquqlarının müdafiəsi üçün 31 nömrəli Notariat ofisinin yerləşdiyi ərazi üzrə Xəzər Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasının gedişatında notariat ofisinin səlahiyyətli nümayəndəsinin, T.Petrovnanın müalicə aldığı xəstəxananın nümayəndəsinin və ərizədə adıçəkilən şəxslərin məhkəmə iclasına dəvət olunması ilə bağlı vəsatətlərini məhkəmə təmin etməmişdir. T.Petrovna dövlət xəstəxanasında müalicə almasına baxmayaraq qarşı tərəfin nümayəndəsi xəstənin özəl klinikalarda müalicə aldığını qeyd etmişdir. İşə baxan hakim məhkəməyə qədər və məhkəmə zamanı yaranmış zərurətlərə hər hansı hüquqi qiymət verməmişdir. Məhkəmənin qərarından narazı qaldığı halda maddi imkanı olmaması səbəbi ilə apellyasiya şikayəti verə bilməmişdir. Natariusun qanunsuz hərəkətləri ilə bağlı Baş Prokurorluq yanında Korrupsiya idarəsinə müraciət etmiş və hal hazırda müraciətilə bağlı işlər görülür. Tərəflərin izahatları: xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclası barədə iş üzrə tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Cavabdeh Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubla təyin edilmiş məhkəmə iclasında onun nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə qərar qəbul edilməsinə etirazı olmadıqlarını bildirmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazı olmadıqlarını bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Üçüncü şəxs X9 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarından yalnız 3-cü şəxs X9 tərəfindən apellyasiya şikayəti verildiyindən həmin qərarın qanuniliyi və əsaslılığı yalnız ona münasibətdə yoxlanılır. Belə ki, cavabdeh inzibati orqan məhkəmə qərarından apellyasiya şikayəti verməmiş və birinci instansiya məhkəməsinin qərarı ona münasibətdə artıq qanuni qüvvəsini almışdır. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının iddiası “qeydiyyatdan çıxarılma” ilə bağlı olduğundan “öhdəliyin icrası haqqında” iddia növünə aiddir. Həmin iddia növü üzrə iddiaçının iddia verməmişdən əvvəl inzibati orqana müraciəti tələb olunur ki, hazırki işdə də belə müraciət və cavabdeh orqanın həmin müraciətə imtinası mövcuddur. Belə iddia növləri üzrə qanunla iddia müddəti müəyyən olunmamışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı tələbi “üçüncü şəxs X9 mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Binəqədi ray., 9A mkr., Mir Cəlal küç., ev 7, 47№li mənzildən qeydiyyatdan çıxarılması” barədədir. Qeyd olunan tələblə bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə hesab etmişdir ki, “üçüncü şəxs iddiaçıya məxsus mənzildə formal qeydiyyatdadır və hazırda faktiki olaraq həmin ünvanda yaşamır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından görünür ki, iddiaçının 3-cü şəxsin qeydiyyatdan çıxarılmasının tələb etdiyi Bakı şəhəri, Binəqədi rayonu, 9A kmr., Mir Cəlal küçəsi, ev 7, mənzil 47 (yeni qaydalarla: AZ 1134, ünvan 3 hazırda iddiaçının xüsusi mülkiyyətindədir. Belə ki, onun mənzilə dair xüsusi mülkiyyət hüququ DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li Arayışa əsasən X9 (xx.xx.1980-ci il təvəllüdlü) ünvan 4 ünvanında qeydiyyatdadır. İşin birinci instansiya məhkəməsində icraatı zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 13 9a mkr., ev 7, 47 saylı mənzilə dair X1 istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-965/2024 nömrəli qətnaməsi ilə iddiaçı X3 cavabdehlər Bakı şəhəri 31 saylı notariat ofisinə və Bakı şəhəri 25 saylı notariat ofisinə qarşı İddiaçı üçüncü şəxs qismində cəlb edilməklə “vəsiyyətnamənin ləğv edilməsi barədə qeydin etibarsız hesab edilməsi və vəsiyyətnamənin qüvvədə olmasının müəyyən edilməsi” tələbinə dair ilkin iddiası rədd edilmiş və qarşılıqlı iddia təmin edilmişdir. X9 tərəfindən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 9a mikrorayon, ev 7, 47 nömrəli mənzilə (Yeni qaydalarla: AZ1134, ünvan 3 daxil olmasına törədilən maneənin aradan qaldırılması qərara alınmışdır. Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 9a mikrorayon, ev 7, 47 nömrəli mənzilin (Yeni qaydalarla: AZ1134, ünvan 3 açarlarının X2 alınaraq İddiaçı verilməsi qərara alınmışdır. Apellyasiya baxışı zamanı məhkəməyə təqdim olunan Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-965/2024 nömrəli qətnaməsi xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. Həmçinin üçüncü şəxs apellyasiya şikayətində yuxarıda qeyd olunan mülki iş üzrə çıxarılmış qərardan şikayət vermədiyini bildirmişdir. Odur ki, məhkəmə qərarının icra olunaraq mənzilin açarlarının X2 alınaraq İddiaçı verilməsi işin mübahisəsiz halıdır. Bundan əlavə, apellyasiya baxışı zamanı apelyant izahatında bildirmişdir ki, o, hazırda başqa ünvanda ona məxsus mənzildə yaşayır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun müddəalarının təhlilindən göründüyü kimi, qanun hazırki iş üzrə faktiki hallar əsasında üçüncü şəxsin iddiaçının evindən qeydiyyatdan çıxarılmasını tənzimləmir. Qanunda eyni z0amanda bu vəziyyətdə qeydiyyatdan çıxarılmanı qadağan edən norma da yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarında məhz bu məsələləri araşdırmış və qərara almışdır ki:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin bu qərarının hazırki işə tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 2-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin istifadə hüququ olmadığı halda mülkiyyətçinin inzibati orqana müraciəti əsasında sonuncu tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Bu, o deməkdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən üçüncü şəxsin mübahisəli evə qeydiyyatı üçün zəruri olan şərt (istifadə hüququ) mövcud deyildir. Qeydiyyat haqqında qanunun məqsədləri və müəyyən etdiyi şərtlər baxımından üçüncü şəxsin iddiaçının mənzilində qeydiyyatda qalması üçün qanuni əsaslar yoxdur. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudları (hədləri) müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). 43. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük 9 palatanın 22 iyun 2004-cü il tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük palatanın 29 mart 2006-cı il tarixli Qərarı, § 93). 45. Baxılan iş üzrə üçüncü şəxs X3 iddiaçının evində qeydiyyatda qalmasını şərtləndirən cəmiyyətin üstün maraqları mövcud deyil. Belə olan halda məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normaları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarındakı hüquqi mövqeyə, həmçinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-965/2024 nömrəli qətnaməsini nəzərə alaraq hesab edir ki, iddiaçı 3-cü şəxs X3 ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş və onun bu iddiası düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə həmin dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qərarının ləğv edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar həmin şəxsə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 3-cü şəxs X9 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5618/2024 saylı 17 sentyabr 2024-cü il tarixli qərarı apelyanta münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

3-cü şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5618/2024 saylı 17 sentyabr 2024-cü il tarixli qərarı apelyanta münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova X16 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar