Məhkəmə qərarları › İş №2-1(103)-994/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-994/2023

25.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-994/2023 25.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati mübahisə üzrə QƏRAR (Açar sözlər: “yaşa görə əmək pensiyasının təyin edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5798/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən 57 yaş 6 aydan əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona hüququnun yarandığı 57 yaşdan, yəni 11 mart 2021- ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 11 iyun 2000-ci il təvəllüdlü oğlu X5 anadangəlmə birinci qrup əlildir. Sabunçu rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli qətnaməsi ilə oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Sabunçu rayon İcra Hakimiyyəti başçısının 15 aprel 2019-cu il tarixli sərəncamı ilə oğlu X3 üzərinə qəyyum təyin edilmişdir. O, 13 mart 1964-cü ildə anadan olub və 13 sentyabr 2021-ci il tarixindən 57 yaş 6 aydan yaşa görə əmək pensiyasına çıxmaq hüququ yaranıb. Yaşa görə əmək pensiyasına çıxmaq üçün cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Cavabdeh inzibati orqanın imtinasını qanunsuz və ədalətsiz hesab edir. Belə ki, 11 iyun 2000-ci il təvəllüdlü birinci qrup əlil oğlu X4 21 il 08 aydır qulluq göstərir və qulluq bu gün də davam edir. Cavabdeh iddia tələbinə etiraz verərək etirazını onunla əsaslandırmışdır ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1964-cü il tarixdə doğulmuşdur. Onun yaşa görə əmək pensiyası almaq hüququ 11 mart 2021-ci ildə yaranmışdır. İddiaçı təqdim etdiyi Tibbi-Sosial Ekspert Komissiyasının müayinə aktından çıxarışlarına əsasən onun xx.xx.2003-cü il tarixindən xx.xx.2021-ci il tarixinədək sağlamlıq imkanları məhdud 18 yaşınadək və İ dərəcə əlilə qulluq dövrü 17 il 4 ay 6 gün təşkil edir. Eyni zamanda iddiaçı tərəfindən inzibati orqana əmək kitabçası təqdim edilməmiş, yalnız Milli Arxiv İdarəsinin Şərur Filialının xx.xx.2021-ci il tarixli, № 05/194 saylı arxiv arayışı təqdim edilmişdir. Arxiv arayışından görünür ki, İddiaçı 1981-ci il tarixdən 1998-cı il tarixədək köhnə “Kirov” adına kolxozda işlədiyini iddia etdiyi dövrlər arxiv arayışında qeyd olunmasına baxmayaraq, həmin illər əmək kitabçasında öz əksini tapmamışdır. Qeyd olunanların nəzərə alınaraq iddia tələlbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5798/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı (hakim - Şəlalə Həsənova) ilə iddia tələbi təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh apellyasiya şikayəti vermiş, şikayətin məzmunu birinci instansiya məhkəməsinə təqdim etdiyi iddia tələbinə etirazı ilə eynilik təşkil edir. Cavabdeh apellyasiya şikayətində qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Qurbanova apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə, Naxçıvan MR, Şərur rayonunda doğulmuşdur. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ 350735 №-li, xx.xx.2014-cü il tarixli təkrar doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X6, anası İddiaçı olan X5 xx.xx.2000-ci ildə Bakı şəhəridə doğulmuşdur. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 16632574 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2000-ci il tarixdə, Bakı şəhərində doğulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli, 2(008)- 615/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı oğlu X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi təmin edilmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 2019-cu il tarixli, 91 nömrəli “X3 üzərində qəyyum təyin edilməsi barədə” sərancamın surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan vətəndaş İddiaçı Sabunçu Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək onunla birgə yaşayan oğlu xx.xx.2000-ci il təvəllüdlü X5 üzərində qəyyum təyin edilməsini xahiş etmiş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli 2(008)-615/2019 saylı qətnaməsinə əsasən X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür və tam sağlamdır. Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasınıın xx.xx.2019-cu il tarixli iclasında İddiaçı X5 üzərində qəyyum təyin edilməsinə razılıq verilmişdir. Qeyd olunanlar nəzərə alınaraq İddiaçı xx.xx.2000-ci il təvəllüdlü X3 üzərində qəyyum təyin edilmişdir. Bakı Şəhəri İcra Hakimiyyəti Sabunçu rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 69 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən İddiaçı verilmiş 77 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, həyat yoldaşı X6 və oğlu X5 ilə birlikdə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Əliyev (Anaşkin) küçəsi, 8 saylı evin 10 nömrəli mənzilində yaşayır və qeydiyyatdadırlar. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********3 №-li məktubdan görünür ki, E.Rəhimovun əlillik vəziyəti sonuncu dəfə 12 nömrəli Şəhər Poliklinikasının göndərişi əsasında qiymətləndirilmiş və xx.xx.2018-ci il tarixindən “ümumi xəstəlik” səbəbindən müddətsiz birinci dərəcə əlillik təyinatı aparılmışdır. Elektron çıxarışdan görünür ki, X4 xx.xx.2018-ci il tarixdə “Serebral iflic, uşaq serebral iflici. Süst paraplegiya, Aşağı ətrafların parparezi. Başqa rubrikalarda təsnif olunmayan nitq pozğunluqları, mator afaziya. Hərəkətin və yerişin pozulmaları, yerişin pozulması. Orta dərəcəli əqli gerilik. Baş beyinin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozuntuları. Şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beynin xəstəliyi, zədələnməsi və disfunksiyası zamanı qalıq əlamətləri və ya yanaşı gedən, Mərkəzi sinir sisteminin üzvi xəstəliyi nəticəsində psixi qüsur halı” diaqnozu ilə, “ümumi xəstəlik” səbəbi ilə, müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış X4 məxsus müavinət işinin təsdiq olunmuş surətindən görünür ki, 3 №-li TSEK Sabunçu rayon tibbi sosial ekspert komissiyasının 310 №-li, xx.xx.2003-cü il tarixli müayinə aktına əsasən X4 “aşağı spastik paraplegiya” diaqnozu ilə uşaqlıqdan əlillik təyin edilmişdir. X4 ilkin olaraq xx.xx.2003- cü il tarixli qərara əsasən xx.xx.2003-cü ildən uşaqlıqdan sağlamlıq imkanları məhdud uşaq kimi pensiya təyin edilmiş, sonuncu dəfə xx.xx.2018-ci ildən ömürlük 1 qrup əlil kimi müavinət təyin edilmişdir. Şərur rayon Dövlət Arxivindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 2 №li, xx.xx.2022-ci il tarixli, 04/7 nömrəli və xx.xx.2022-ci il tarixli, 16 №-li məktublardan görünür ki, İddiaçı “Kirov” adına kolxozda 1981-ci ildə əmək haqqı almış, 1982-ci ildə 234 adamgünü, 1983-cü ildə 210 adamgünü, 1987-ci ildə 70 adamgünü, 1989-cu ildə 220 adamgünü, 1990-cı ildə 180 adamgünü, 1991-ci ildə 180 adamgünü, 1992-ci ildə 360 adamgünü, 1994-cü ildə 200 adamgünü işləmiş və buna uyğun əməkhaqqı almışdır. “Kirov” adına kalxozda 1981-1999-cu illər üzrə qadınlar üçün nəzərdə tutulmuş adam günü norması barədə məlumata rast gəlinməmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, ********** nömrəli məktubdan görünür ki, İddiaçı birinci dərəcəli əlilə qulluq etməsini təsdiq edən xx.xx.2022-ci il tarixli akt təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, vətəndaş İddiaçı ev şəraiti ilə tanış olmuşlar. Məlum olmuşdur ki, birinci dərəcəli əlil övladı X4 xidməti həqiqətən ana kimi xx.xx.2003- cü ildən bu günə kimi həyaya keçirir. Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il, **********8 №-li yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” mərkəzindən daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. Məlumat üçün bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən ona xx.xx.2007-ci il tarixindən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2021-ci il tarixində əlillik müddəti bitdiyi üçün pensiyanın ödənişi dayandırılmışdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Hazırda qadınların pensiya yaşı 62 yaş 6 ay müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.1-ci yarımbəndinə uyğun olaraq, 2006-cı il 01 yanvar tarixinədək olan iş stajı əmək kitabçası, 3.2.2-ci yarımbəndinə uyğun olaraq isə əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Sözügedən Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. Təqdim etdiyi Tibbi-Sosial Ekspert Komissiyasının müayinə aktından çıxarışlarına əsasən xx.xx.2003-cü il tarixindən xx.xx.2021-ci il tarixinədək sağlamlıq imkanları məhdud 18 yaşınadək və İ dərəcə əlilə qulluq dövrü 17 il 4 ay 6 gün təşkil edir. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanmas, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barədə sənədlər üzrlü səbəbdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilir. Təqdim etdiyi Şərur rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 05/194 nömrəli arxiv arayışlarında qeyd edilən 1981-1998-ci illərə aid keçmiş “Kirov” adına kolxozda əmək fəaliyyəti dövrü məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiqlənmədiyindən həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyn tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanlara əsasən bildirilmişdir ki, ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1.2-ci maddəsinə əsasən ona xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə müavinət təyin olunmuşdur. Həmin Qanunun 9.1-2-ci maddəsinə uyğun olaraq ötən dövr üçün hesablanan müavinətin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq müavinətin üzərinə əlavə edilməklə ödəniləcəkdir. Müavinət kartını əldə etmək üçün “Azərbaycan Beynəlxalq Bank" ASC-nin Sabunçu rayon filialına müraciət etməyi tövsiyə olunur. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı İddiaçı oğlu xx.xx.2000-ci il təvəllüdlü X5 anadangəlmə “aşağı spastik paraplegiya” diaqnozu ilə xəstə olmuş və müvafiq orqan tərəfindən xx.xx.2003-cü il tarixdən “sağlamlıq imkanları məhdud uşaq” kimi qeydə alınmış, xx.xx.2018-ci ildən, yəni 18 yaşı tamam olduqdan sonra ona 1-ci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı ona əlilliyi müəyyən edilmiş uşağa səkkiz yaşınadək tərbiyə etmiş ana kimi 57 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh ümumi stajının xx.xx.2003-cü ildən xx.xx.2021-ci il tarixədək 17 il 4 ay 6 gün təşkil etməsini, təqdim etdiyi Şərur rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 05/194 nömrəli arxiv arayışlarında qeyd edilən 1981-1998-ci illərə aid keçmiş “Kirov” adına kolxozda əmək fəaliyyəti dövrünün məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiqlənmədiyindən həmin dövrün sığorta stajına daxil edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməməsini, əmək kitabçasının olmamasını əsas gətirərək müraciəti təmin etməmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun: 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı – müvafiq olaraq fərdi hesabına sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir; 6-1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 8.2-ci maddəsinə əsasən əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi əlilliyi müəyyən edilmiş uşağını (sağlamlıq imkanları məhdud uşağını) səkkiz yaşınadək tərbiyə etmiş qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ yaş həddi 5 il azaldılmaqla yaranır və əlilliyi müəyyən edilmiş şəxsə qulluq müddəti sığorta stajına daxil edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci hissəsinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 2-ci hissəsinə görə əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə əsasən əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin staj müddəti dəlili ilə bağlı qeyd edir ki, İddiaçı əmək kitabçası olmasa da onun “Kirov” adına kolxozda 1982-1983, 1987, 1989- 1992, 1994-cü illərdə işləməsi və müvafiq olaraq əmək haqqı alması barədə arxiv arayışı mövcuddur. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 №-li Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Göründüyü kimi, iddiaçının İddiaçı 1981-ci il tarixdən 1998-cı il tarixədək köhnə “Kirov” adına kolxozda işlədiyini iddia etdiyi dövrlər arxiv arayışında təsdiq olunur, buna görə də həmin müddət onun əmək stajına daxildir. Bundan başqa cavabdeh iddiaçının 11 iyun 2000-ci il təvəllüdlü oğlu X5 anadangəlmə birinci qrup əlil olan övladına qulluqla əlaqədar staj müddətini onun xx.xx.2003-cü il tarixindən sağlamlıq imkanları məhdud uşaq olması müəyyən edilməsi əsası ilə xx.xx.2003-cü ildən başlamaqla əlilə qulluq dövrü 17 il 4 ay 6 gün hesablamışdır. Rayon məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, İddiaçı oğlu Elvin Rəhimovun sağlamlıq imkanları məhdud uşaq olması xx.xx.2003-cü ildə müvafiq orqan tərəfindən müəyyən edilsə də onun xəstəliyinin uşaqlıqdan, yəni anadangəlmə olması ona qoyulmuş tibbi diaqnozla öz təsdiqini tapmışdır, bu səbəbdən İddiaçı oğlu Elvin Rəhimova qulluq etdiyi müddət onun anadan olduğu gündən başlayır və xx.xx.2000-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət 20 il 9 ay 1 gün təşkil edir. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 25 avqust 1992-ci il tarixli, 284 nömrəli Qanunun (13 iyun 2008-ci il tarixli 648- İİİQD nömrəli Qanunla edilmiş əlavə və dəyişikliklərlə) (31 may 2018-ci il tarixli, 1153-VQ nömrəli Qanunla ləğv edilmişdir) 2-ci maddəsinə əsasən, əlil – anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq — orqanizmin ümumi inkişafının pozulmasına səbəb olan müxtəlif əqli, ruhi, fiziki qüsurlar və xəstəliklər nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan uşaqdır. Hazırda qüvvədə olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31 may 2018-ci il tarixli, 1153-VQ nömrəli Qanunun 1.0.2-ci maddəsinə əsasən əlilliyi olan şəxs dedikdə, müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs nəzərdə tutulur. Beləliklə, iddiaçının 57 yaşının tamam olduğu tarixə, yəni xx.xx.2021-ci il tarixə “Kirov” adına kolxozda işlədiyi və əlilliyi müəyyən edilmiş oğluna qulluq etdiyi müddətlər nəzərə alınmaqla 25 il 6 ay 14 gün (4 il 7 ay 13 gün + 20 il 9 ay 1 gün) sığorta stajı mövcud olduğu müəyyən edildiyindən cavabdehin apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə: Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçıya 57 yaşının tamam olduğu vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi işin sübutlarla müəyyən edilən hallarına, maddi və inzibati icraat haqqında hüquq normalarına uyğun olduğundan, cavabdehin apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan, Kollegiya belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5798/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5798/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar