Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-994/2024 07.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, X3 və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqların dövlət qeydiyyatına alınmaqla reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11128/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin - mənzilin daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyatının aparılaraq buna dair ona çıxarış və texniki pasport verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci tarixli qərarı ilə iddiaçının yaşadığı və qeydiyyatda olduğu ünvan 1 ünvanı ilə bağlı onunla kirayə müqaviləsi bağlanması barədə sərəncam verilməsi öhdəliyi Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 200 nömrəli sərəncamı ilə həmin mənzillə bağlı onunla kirayə müqaviləsi bağlanılmasına sərəncam verilmiş, sərəncam icra üçün ərazi MKİS-ə göndərilmişdir. 13 may 2022-ci il tarixində iddiaçı ilə 19 saylı MKİS arasında kirayə müqaviləsi bağlanmışdır. İddiaçı həmin mənzildə artıq 20 ildən çoxdur ki, yaşayır. Həmin mənzilin kirayə haqları, kommunal ödənişləri onun tərəfindən ödənilmişdir və ödənilir. İddiaçı həmin mənzil üzərində hüququnun qeydiyyata alınmasına dair ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. İdarə xx.xx.2023-cü il tarixli imtina məktubu ilə hüququnun qeydiyyatından imtina etmişdir. İmtinanın 1-ci dəlili odur ki, mənzilə dair İdarəyə təqdim olunmuş sərəncam xx.xx.2022-ci il tarixində verilmişdir. Bildirir ki, həmin sərəncam məhkəmə aktı əsasında və inzibati orqanın üzərinə məcburiedici öhdəlik qoyulması qaydasında qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci tarixli qərarından görünür ki, o, uzun illər ərzində mənzildə yaşamış, mənzillə bağlı faktiki hüquq münasibətində olmuş, mənzil və kommunal haqlarını ödəmişdir, yəni mənzilin faktiki sahibi və istifadəçisi olmuş və bu münasibətlər 2009-ci ildən əvvəl yaranmışdır. Bu səbəbdən sərəncamın tarixinə deyil, məhkəmə aktına və bu aktla müəyyən edilmiş faktlara əsaslanmaq zəruri idi. İkinci dəlil ondan ibarətdir ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak mənzil qanunvericiliyinə əsasən xx.xx.1995-ci il tarixində onun adına reyestr qeydiyyatına alınmışdır. «Mənzil fondunun özəlləşdirilməsi» haqqında Qanunun 7-ci maddəsinə istinad edərək bildirilmişdir ki, Dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. Bu imtina səbəbi də əsaslı deyildir. Belə ki, onun ilkin mənzillə bağlı hüququ tək öz hüququ olmayıb, burada qeydiyyatda olan bütün ailə üzvlərinin ortaq hüququ olub. Bu hüququn qeydiyyatı təkcə onun adına olsa da, bütün ailə üzvlərinin özəlləşdirmədə hüquqları olub. Bu üzdən ilkin qeydiyyatı tam ona xas bir özəlləşdirmə hüququndan istifadə imkanı hesab oluna bilməz. Həm də həmin mənzili onlar hələ müstəqillik əldə edilməmişdən öncə ailəlikcə əldə etmişlər. Yəni tək iddiaçının deyil, ailələrinin ortaq mənzili olub. 2-ci mənzil isə tam şəkildə iddiaçıya aid bir mənzilin özəlləşdirilməsidir, qanunun qəbulundan sonra özünün əldə etdiyi yaşayış sahəsidir. Bundan əlavə, 1992-ci ildə qanun qəbul ediləndə o, ailə üzvləri ilə birlikdə artıq mənzil sahibi idi. Ona görə də qanunun həmin maddəsi 1-ci mənzilə tətbiq oluna bilməz. Dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilməsi həmin qanundan sonra mənzil əldə edib özəlləşdirmək istəyənlərə aiddir. 30 iyun 2009-cu il tarixli «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi 2009-cu il oktyabrın 1-dən qüvvəyə minmişdir. Göstərilənlərdən görünür ki, o, mənzillə bağlı 2009-cu ilədək qanuni əsaslarla (məhkəmə aktına əsasən) hüquq əldə etdiyi üçün onun mənzili özəlləşdirmək hüququ vardır. Qüvvədə olan məhkəmə aktı ilə də sübut olunur ki, mənzil hüquq münasibəti yeni deyildir, illər öncəyə əsaslanır. Bunları əsas tutaraq, 2023-cü ilin may ayının 1-də mənzil sahəsinin dövlət qeydiyyatına alınmaqla rəsmiləşdirilməsi, müvafiq qaydada texniki pasportun və çıxarışın verilməsi üçün təkrar olaraq 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, məsələməyə yenidən baxılmasını xahiş etmişdir. Cavabdeh orqan bir aydan çox keçməsinə baxmayaraq, indiyə kimi ərizəsini cavablandırmamışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) 2-1(112)-11128/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin - mənzilin daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyatının aparılaraq buna dair ona çıxarış və texniki pasport verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sözügedən daşınmaz əmlakla bağlı hüququnun qeydiyyatından cavabdeh orqan qanunsuz olaraq imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə onun cavabdeh DƏDKR publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı iddiası təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslıdır. Məhkəmənin qərarını və qənaətini əsassız və qanunveriiliyə zidd hesab edir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “İddiaçı artıq bir dəfə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” 26 yanvar 1993-cü il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci və 7-ci maddələri ilə ona verilmiş hüququndan (dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək) istifadə etdiyi üçün onun hazırda mübahisələndirilən mənzili əvəzsiz özəlləşdirmək hüququ istisna olunur. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin ünvan 4 ünvanında yerləşən 194 saylı mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncamı iddiaçının yenidən dövlət və yaxud ictimai mənzil fondu mənzilini əvəzsiz özəlləşdirmək hüququnun yaranması anlamında qəbul edilə və bu baxımdan dəyərləndirilə bilməz.” Məhkəmənin qənaəti əsassızdır. Belə ki, sözügedən imtina dəlili araşdırılarkən buna qarşı onun iddia ərizəsində irəli sürdüyü və məhkəmədə nümayəndəsinin verdiyi izahatın dəlilləri araşdırılmamış, qiymətləndirilməmişdir. İddia ərizəsində bildirmişdir ki, onun ilkin mənzillə bağlı hüququ tək öz hüququ olmayıb, burada qeydiyyatda olan bütün ailə üzvlərinin ortaq hüququ olub. Bu hüququn qeydiyyatı təkcə onun adına olsa da, bütün ailə üzvlərinin özəlləşdirmədə hüquqları olub. Bu səbəbdən, ilkin qeydiyyat tam ona xas bir özəlləşdirmə hüququndan istifadə imkanı hesab oluna bilməz. Həmin mənzil tək onun deyil, ailəsinin ortaq mənzili, ümumi mülkiyyət obyekti olmuşdur. İkinci mənzil - Yasamal rayonu, Yeni Yasamal-1, ev 12 ünvanında yerləşən 194 saylı mənzil isə tam şəkildə ona aid bir mənzildir, qanunun qəbulundan sonra özünün əldə etdiyi yaşayış sahəsidir. İkinci mənzillə bağlı kirayə hüquq münasibətləri və özəlləşdirmə hüququ 2009-cu ildən öncə yaranmışdır. Bundan əlavə, 1993-cü ildə sözügedən qanun qəbul ediləndə o və ailə üzvləri birlikdə artıq mənzil sahibi idilər. Ona görə də Qanunun həmin maddəsi 1-ci mənzilə tətbiq oluna bilməz. Dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilməsi həmin Qanundan sonra mənzil əldə edib özəlləşdirmək istəyənlərə aiddir. O, Yasamal rayonu, Yeni Yasamal-1, ev 12 ünvanında yerləşən 194 saylı mənzillə bağlı 2009-cu ilədək, lakin 1993-cü ildə qəbul edilmiş “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun qəbulundan sonra qanuni əsaslarla (məhkəmə aktına əsasən) hüquq əldə etdiyi üçün onun sözügedən mənzili özəlləşdirmək hüququ vardır. Qüvvədə olan və iş materiallarına əlavə etdiyi məhkəmə aktı ilə isə sübut olunur ki, mənzil hüquq münasibəti yeni deyildir, illər öncəyə əsaslanır. Qərardan görünür ki, ünvan 3 ünvanında yerləşən 1 saylı mənzilin adına özəlləşdirilmiş olması məhkəmənin iddianı təmin etməməsi üçün yeganə dəlili olmuşdur. Qəbul olunmuş qərar işin qeyd etdiyi hüquqi və faktiki hallarına əsasən qanunsuz və əsassızdır, ləğv edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal -1 küçəsi, 12 saylı evin 194 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, qeyd olunan mənzilə dair Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 200 saylı sərəncamı xx.xx.2022-ci il tarixdə verilmişdir. Həmçinin Bakı şəhəri, Səbail rayonu, M.Mansur küçəsi, 41 saylı evin 1 saylı mənzilinin qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı adına xx.xx.1995-ci il tarixdə qeydiyyata alındığı müəyyən olunmuşdur. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən dövlət yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqammn sərəncamı, order və ya rnənzii kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. "Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi: mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5418/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə ünvan 4, 194 saylı mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyi Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 200 saylı xx.xx.2022-ci il tarixli Sərəncamının surətindən görünür ki, Yasamal rayonu, Yeni Yasamal-1, ev 12 ünvanında yerləşən 194 saylı mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanılması qərara alınmışdır. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, ünvan 3, 1 saylı mənzil xx.xx.1995-ci il tarixdə İddiaçı adına ilkin qeydiyyatdan keçmişdir. 2 saylı Bakı ASAN xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu H.H.Məmmədov tərəfindən təsdiq edilmiş 4Ə-897 reyestr nömrəli xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə X4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Həmin məktuba əlavə edilmiş Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 2292 nömrəli sərəncamından görünür ki, Bakı şəhəri, Səbail rayonu, M.Mansur küçəsi, 41 nömrəli evin 1 nömrəli mənzili İddiaçı “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəxsi mülkiyyət kimi verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. xx.xx.1993-cü il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. 2-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. 7-ci maddəsinə əsasən dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. Göründüyü kimi, Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 2292 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu, M.Mansur küçəsi, 41 nömrəli evin 1 nömrəli mənzili İddiaçı “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəxsi mülkiyyət kimi verilmiş, həmin mənzil iddiaçı tərəfindən özəlləşdirilmiş və mənzil xx.xx.1995-ci il tarixdə İddiaçı adına ilkin qeydiyyatdan keçmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən də görünür ki, dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı artıq bir dəfə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” 26 yanvar 1993-cü il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci və 7-ci maddələri ilə ona verilmiş hüququndan (dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək) istifadə etdiyi üçün, onun hazırda mübahisələndirilən mənzili əvəzsiz özəlləşdirmək hüququ istisna olunur. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin ünvan 4 ünvanında yerləşən 194 saylı mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncamı iddiaçının yenidən dövlət və yaxud ictimai mənzil fondu mənzilini əvəzsiz özəlləşdirmək hüququnun yaranması anlamında qəbul edilə və bu baxımdan dəyərləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11128/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-994/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-994/2024
07.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver