Məhkəmə qərarları › İş №2-1(103)-994/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-994/2025

23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-994/2025 23.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi və tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X1 ibarət tərkibdə, Hüseynova Arzu İsrafil qızının katibliyi, İddiaçı, cavavdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8829/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-ci il tarixli 3-17- 1/3-3-2829/2024 nömrəli qərarının “ötən dövrlər üzrə təyin olunmuş pensiya məbləğləri haqqında məlumat” bölümünə əsasən İddiaçı xx.xx.2021xx.xx.2022-ci il üzrə 1350,03 manat, xx.xx.2023-xx.xx.2023 müddət üzrə 1703,34 manat, xx.xx.2024-cü il tarixdən müddətsiz 1894,11 manat pensiya təyin edilmişdir.

2. Pensiya təyinatı alt sisteminə əsasən cari dövr üzrə ödəmə - 96503.3 manat, keçmiş dövr üzrə ödəmə - 1244.67 manat, birdəfəlik ödəmə - 0, cəmi – 97747.97 manat, tutulma – 50.76 manat təşkil edir.

3. Məhkəmənin sorğusuna əsasən cavabdeh xx.xx.2024-cü il tarixli məktubu ilə bildirmişdir ki, İddiaçı pensiya işinə aid sənədlərdə ona Fondun Binəqədi rayon şöbəsi tərəfindən 13 iyun 2014-cü il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 895,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 268,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 100,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 372,92 manat, digər növ əlavəsi 51,12 manat olmaqla orta aylıq əmək haqqısı 1687,54 manat təşkil etmişdir. Bununla əlaqədar, İddiaçı əmək pensiyası Qanunun 20.11.2-ci maddəsinə əsasən 36 il 3 ay 29 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqısının (1687,54 manat) 80 faizi- 1350,03 manat məbləğində hesablanmışdır. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən İddiaçı əmək pensiyası 1703,34 manat, 1 yanvar 2024-cü il tarixindən isə 1894,11 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək pensiyasından yardım adı ilə tutulmuş 50.76 Azn, əsassız tutulmuş 118.64 Azn və cari ilin aprel ayı pensiyadan tutulmuş 59.06 Azn, cəmi 227.88 Azn ona ödənilməsi; aylıq pensiyasından azaldılmış 59.06 Azn gələcək aylarda ödənilməsi barədə məhkəmə qərarı qəbul edilməsi xahiş edilmişdir.

5. İddiaçınını ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “cavabdehin xx.xx.2024-ci il tarixli 3-17-1/3-3-2829/2024 nömrəli qərarının ləğv edilməsi və tutulmuş pulun geri qaytarılması vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1968-ci ilin may ayından əmək fəliyyətinə başlamış, 1969-1971-ci illərdə Hərbi xidmətdə olmuş, 1972-ci ildən 2014-cü ilin iyun ayının 14-nə kimi Dövlət qulluğu sahəsində işləmişdir. Belə ki, 1980-ci ilin sentyabr ayından 2014-cü ilin iyun ayının 14-nə kimi Kənd Təsərüfatı Nazirliyinin Mərkəzi Aparatında Baş Hüquqşunas işləmişdir. 2014-cü ildən Dövlət qulluqçusu kimi əmək pensiyasına çıxmışdır. 2024-cü ilin 16 mart tarixində pensiyanın ödənişi barədə telefonuna məlumat daxil olduqda ona məlum oldu ki, pensiyasından qanunsuz olaraq azalma olmuşdur. Bundan sonra xx.xx.2024-cü il tarixdə DOST xidmətinə müraciət etdi. Orada bildirdilər ki, güya 2022-ci ildə ona 50.76 Azn yardim edilmiş və həmin yardımı, 10 il əvvəl ona pensiya təyin edərkən artıq hesablamışlar və buna görə 118.64 Azn pensiyasından tutulmuşdur. DOST xidmətində bildirdilər ki, bu barədə Dövlət Sosial Müdafiə fondunun xusisi şərtlərlə təyinatı üzrə mərkəzi filialı xx.xx.2024cü il tarixli 3-17-1/2-A-63906/2024 saylı məktub göndərmişdir. İddiaçı belə bir məktub almadığını bildirdi. DOST xidmətinin əməkdaşı həmən məktubun surətini ona verdi. Məktubun surətini aldıqdan sora həmin vaxt məktubu oxuyub əsassız olduğu barədə ərizə verdi. xx.xx.2024-cü il tarixli ərizəyə Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinatı üzrə mərkəzi filialı xx.xx.2024-cü il tarixli 3-17- 1/2-A-76157/2024 saylı məktubla pensiyasından əvvəlki illərdə artıq hesablandığı bildirildi və bu barədə hüquqi əsası olan heç bir sənəd təqdim etmədilər. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinin tələbləri Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən pozulmuş və onlar səlahiyyətləri olmadan 10 il gerinin sənədlərini əsassız və hüquqi əsası olmayan hesab etmişlər. Bundan əlavə xəbər vermədən və onun izahatı almadan əsassız olaraq pensiyasından tutmuşdular və bununla da prosesual normalarını pozmuşdurlar. İddiaçı pensiyada olduğu müddətdə heç vaxt maddi yardım edilməyib, bu faktın doğruluğu Azərbaycan Beynəlxalq Bankın verdiyi xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təstiqlənir. Göründüyü kimi yardım verilmədiyi halda 50.76 Azn, əsassız tutulmuş 118.64 Azn, cəmi 169.40 Azn vəsait və aylıq pensiya 59.06 Azn azaldılmışdır.

7. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçının pensiya işinə aid sənədlərdə iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən 13 iyun 2014-cü il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Nəticədə məlum olmuşdur ki, 21 fevral 2021-ci il tarixində iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 895,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 268,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 100,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 372,92 manat, digər növ əlavəsi 51,12 manat olmaqla orta aylıq əmək haqqının 1687,54 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 36 il 3 ay 29 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1687,54 manat) 80 faizi-1350,03 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1392,31 manat məbləğində köçürülüb. Buna görə də həmin dövr ərzində iddiaçıya 942,24 manat artıq pul vəsaiti ödənilib. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən əmək pensiyası 1703,34 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1756,68 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 640,08 manat artıq pul vəsaiti ödənilib. Əmək pensiyalarının 1 yanvar 2024-cü il tarixindən indeksləşdirilməsi ilə əlaqədar pensiyası həmin tarixdən 1894,11 manat məbləğində hesablanmalı olduğu halda, cari ilin yanvar və fevral ayları ərzində iddiaçıya 1953,43 manat məbləğində ödənilib. Bu səbəbdən də həmin aylar üzrə iddiaçıya 118,64 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanları nəzərə alaraq, son üç il üzrə iddiaçıya ümumilikdə 1700,96 (942,24+640,08+118,64) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 1700,96 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. Əlavə olaraq, maddi yardım üzrə 2022-ci il üçün iddaçıya 50,76 manat artıq pul vəsaiti ödənilmişdir. Həmin 50,76 manat vəsait cari ayda əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8829/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilən İddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-ci il tarixli 3-17-1/3-3-2829/2024 nömrəli qərar ləğv edilməsi, məhkəmənin hazırkı qərarında ifadə edilən hüquqi mövqe nəzərə alınmaqla yeni qərar qəbul edilməsi və tutulmuş 50.76 manat məbləğində pulun İddiaçı geri qaytarılması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.

9. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmışdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh orqan tərəfindən yaşa görə əmək pensiyasının baza hissəsi yanlış göstərilmişdir. Cavabdeh orqan məhkəmədə iddiaçıya təyin edilmiş pensiyanın baza hissəsinin 895,00 manat olduğu bilidrmişlər, halbuki onlar tərəfindən təqdim edilmiş sənədlərdə pensiyanın baza hissəsinin 871,11 manat olduğu göstərilmişdir. Bu yanlışlığa görə Mərkəzi Filial tərəfindən kobud səhvə yol verilmiş və guya iddiaçıya hər ay üzrə 50,78 manat hesablanıb ödənildiyi göstərilmişdir. Həmçinin, cavabdeh orqan 2022-ci ildə iddiaçıya yardım edildiyini bildirsə də, bu yalan məlumatdır. İddiaçı heç vaxt yardım almamışdır. Bu faktın doğru olması Azərbaycan Respublikası Beynəlxalq Bankı tərəfindən xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilədək iddiaçıya ödənilmiş pensiya haqqında xx.xx.2024-cü il tarixli bildirişlə təqsdiq olunur.

c) Proses iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 26 sentyabr 2024cü il tarixli qərarının ləğv edilməsinin məhkəmədən xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

14. “Əmək pensiyaları haqqında” Qanununun: 4.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası.

15.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. 39.3.Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4.Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır.

16.“İnzibati icraat haqqında” Azərbaycan Respublika Qanununun: 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

19. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) 21.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 19-25-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

22. Belə ki, hazırki işin hallarından göründüyü kimi, iddiaçıya, DSMF-nin Binəqədi rayon şöbəsi tərəfindən 13 iyun 2014-cü il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunuşdur.

23. İşin mübahisələndirilən halları ondan ibarətdir ki, cavabdeh orqan tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən orta aylıq əmək haqqının 80 faizi hesablanması, maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar son üç il üzrə iddiaçıya ümumilikdə 1700,96 (942,24+640,08+118,64) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin 1700,96 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. Əlavə olaraq, maddi yardım üzrə 2022-ci il üçün sizə 50,76 manat artıq pul vəsaiti ödənilib. Həmin 50,76 manat vəsait cari ayda əmək pensiyanızdan çıxılaraq büdcəyə bərpa edilmişdir.

24. İşin apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 29 dekabr 2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən İddiaçı dair əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-ci il tarixli 3-17- 1/3-3-2829/2024 nömrəli əmək pensiyasının yenidən hesablannası haqqında qərarın təsdiq olunmuş surəti təqdim edilmişdir. Həmin qərarın “ötən dövrlər üzrə təyin olunmuş pensiya məbləğləri haqqında məlumat” bölümündə İddiaçı xx.xx.2021-xx.xx.2022-ci il üzrə 1350,03 manat, xx.xx.2023-xx.xx.2023 müddət üzrə 1703,34 manat, xx.xx.2024-cü il tarixdən müddətsiz 1894,11 manat olduğu qeyd edilmişdir.

25. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehin qeyd olunan əvəzləşdirmə ilə bağlı hərəkətlərinə qanunvericiliyin nəzərdə tutduğu imperativ normaları baxımından qiymət verildikdə, müəyyən olunur ki, tamamilə əsassız və qanunsuzdur.

26. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələbinə görə əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

27. Qanunun qeyd olunan tələbindən birmənalı olaraq göründüyü kimi, cavabdeh orqan artıq ödənilmiş hesab etdiyi mübahisələndirilən məbləği son üç ilə görə iki əsasla pensiyadan tutmaq hüququna malikdir: 1. Pensiyaçının razılığına aldıqda qəbul etdiyi müvafiq qərarı əsasında; 2.Əgər belə razılıq yoxdursa yalnız məhkəmə qərarı əsasında. Cavabdeh orqan isə Qanunun qeyd olunan imperativ tələblərinə riayət etməyi özünə rəva bilməmiş, özbaşınalıq nümayiş etdirməyi üstün tutmuşdur.

28. İş materiallaına əsasən iddiaçının müvafiq razılığının alındığına dair sənəd-sübut mövcud deyil. Ən azından, tutulmadan narazı qalan iddiaçı cavabdehə müraciət edərək, geri qaytarılmasını tələb etmiş, sonuncunun 03 aprel 2024-cü il tarixli imtina məktubunu aldıqda isə məhkəmədə hazırkı iddianı qaldırmışdır ki, bütun bunlar onun Qanunun qeyd olunan 39.1-ci maddəsində nəzərədə tutulan razılığının mövcud olmadığını sübuta yetirir.

29. Digər tərəfdən, “Əmək pensiyaları haqqında” Qanunun 67.5-ci maddəsinin tələbinə görə maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.

30. Ən azından, qeyd olunan Qanunun 67.6-cı maddəsi nəzərdə tutur ki, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

31. İddiaçı tərəfindən sadalanan hallardan hər hansı birinə yol verilməmiş və bu barədə cavabdehin apellyasiya şikayətində heç bir əsaslandırma da mövcud deyildir. Ümumiyyətlə, cavabdehin də bununla bağlı heç bir mötəbər dəlil-sübutu məhkəməyə təqdim olunmamışdır.

32. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-ci il tarixli 3-17- 1/3-3- 2829/2024 nömrəli qərar qanunsuz olduğundan həmin qərarın əsasında iddiaçıdan tutulmuş 50.76 manat məbləğində pulun İddiaçı tutulmasını da məhkəmə əsassız hesab edir.

33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 34.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 35.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8829/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. 36.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8829/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar