Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-995/2022 05.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X11 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4889/2020 saylı, 10 noyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edərək ağır və zərərli işdə işlədiyi əsas götürərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Lakin cavabdeh 26 fevral 2020-ci il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda onun 1985 – 2013-cü illərdə müxtəlif müəssisələrdə kabelçi, kabel calayıcı vəzifələrində işlədiyi və bu səbəbdən güzəştli iş stajının 12 il 6 aydan az təşkil etdiyi qeyd olunaraq pensiya təyinatının mümkünsüzlüyü bildirilmişdir. O, 1980 – 1982-ci illərdə hərbi xidmət keçmiş və həmin dövr onun ümumi iş stajına daxil olunur. Hərbi xidmətdən əvvəl onun 8 ay 22 gün iş stajı da olmuşdur. O, 1982-ci ildən iş fəaliyyətini davam etdirmiş və işlədiyi müəssisələr və tutduğu vəzifələr barədə əmək kitabçasında müvafiq qeydlər mövcuddur və iş stajı qanuni şəkildə təsdiqlənir. O, 1983-cü ildən hal hazıradək kabelçi vəzifəsində çalışır. AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi MMC tərəfindən verilən 09 nömrəli 5 dekabr 1985-ci il tarixli güzəştli arayışda onun “SoyuzTelefonStroy” Trestində 13 may 1985-ci il tarixdən 18 fevral 2002-ci il tarixədək kabelçi, “Azərrabitəinşaat” ATSC-də 7 mart 2002-ci il tarixdən 19 mart 2002-ci il tarixədək və 3 sentyabr 2002-ci il tarixdən 16 fevral 2004-cü il tarixədək kabelçi, “Bakı Telefon Rabitəsi İstehsalat Birliyi”nin ("xxxx" MMC) Rabitə Qurğularının Tikintisi və Təmiri İdarəsində 5 sentyabr 2005-ci il tarixdən 29 dekabr 2006-cı il tarixədək və 8 yanvar 2007ci il tarixdən 27 iyun 2007-ci il tarixədək kabelçi, “Bakı Telefon Rabitəsi İstehsalat Birliyi”nin X9 29 iyun 2007-ci il tarixdən 25 yanvar 2018-ci il tarixədək kabel lehimləyicisi və 26 yanvar 2018-ci il tarixdən hal-hazıradək "xxxx" MMC-nin 1 saylı Rabitə Xidmətləri X6 istismarı şöbəsinin EATS-430/431 xəttində kabel lehimləyicisi vəzifəsində işlədiyi, AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 30-cu bəndi üzrə kabel lehimləyicisi işi (qurğuşunlaşdırılmış kabellərin, polietilen və poloxlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər-lehimləyicilər) güzəştli pensiya hüququ verən zərərli iş hesab edilmişdir. Bakı Telefon Rabitəsi MMC tərəfindən verilən 4 nömrəli 21 yanvar 2020-ci il tarixli arayışa əsasən kabel calayıcısı vəzifəsi və kabel lehimləyicisi vəzifəsi eyni iş funksiyası daşıyır. Güzəştli şərtlərlə pensiya almaq üçün onun (iddiaçının) bütün hüquqları – 25 ildən artıq ümumi iş stajı, 12 il 6 aydan artıq zərərli işlərdə iş stajı var, 60 yaşı tamam olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4889/2020 saylı, 10 noyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi işlərində çalışmış olduğu iş materialları ilə öz təsdiqini tapmır. Hətta iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş güzəştli arayışlarda da onun gördüyü işlərin məhz qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsindən ibarət olduğuna dair heç bir məlumat yoxdur. Arayışda qeyd edilmişdir ki, kabel lehimləyicisi işi güzəştli şərtlərlə pensiya hüququ verən zərərli iş hesab edilir. Halbuki, əslində, bu bütün kabel lehimləyicilərinə deyil, yalnız işi qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsindən ibarət olan kabelçilər-lehimləyicilərə aiddir. Bundan əlavə, iddiaçının 29.06.2007-ci il tarixdən 18.11.2013-cü il tarixədək işlədiyi vəzifə əmək kitabçasında “kabel calayıcısı” olaraq qeyd edilmişdir. İş materiallarında həmin peşənin kabel lehimləyicisi peşəsi ilə eyni funksiya daşımasına dair arayış olsa da, hesab edir ki, elə olduğu təqdirdə, iddiaçının peşəsinin adı əmək kitabçasında düzgün qeyd olunmalı, ya da sonradan müvafiq düzəliş edilməli idi. Apellyasiya və kassasiya instansiyası məhkəmələrinin qərarları: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-933/2021 nömrəli 09 avqust 2021-ci il tarixli qərarı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2-1(112)-4889/2020 saylı qərarı dəyişdirilmiş, qərarın nəticə hissəsində “1959” rəqəmi “2019” rəqəmi ilə əvəz edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qərardan narazı qalan cavabdeh ondan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 07.12.2021-ci il tarixli, 2-1(102)-1928/2021 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-933/2021 nömrəli iş üzrə 09 avqust 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdi. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 28.02.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Ali Məhkəmənin iş üzrə 07.12.2021-ci il tarixli qərarında göstərilmişdir ki, “iddiaçının güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasına imkan verən peşə və istehsalatlarda işlədiyinə dair məhkəmənin gəldiyi nəticə, Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsində müəyyən olunan sübutların məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməsi barədə qaydaya, habelə İPM-nin 12-ci maddəsində nəzərdə tutulan işin hallarının araşdırılması prinsipinə uyğun gəlmir. Məhkəmə bu prosessual normaların tələblərinə uyğun olaraq, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən, Siyahılarda nəzərdə tutulmuş peşə və istehsalatlara uyğunluğunu müəyyən etmək üçün həmin peşənin siyahıya uyğun olmasını ətraflı araşdırmalı, onun işlədiyi istehsalatın və peşənin zərərli və ya ağır sahə sayılması üçün zəruri olan göstəricilərin olub-olmamasını müəyyən etmək üçün işlədiyi müəssisələrə sorğu verməklə işin xarakterinə dair əlavə məlumatlar almalı, həmin sübutlara qiymət verməklə yekun qərar çıxartmalı idi.” İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: - 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; - 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir (3.2.1). Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. AR Nazirlər Kabinetinin 26.12.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik müddəasının mübahisəyə tətbiqi göstərir ki, iddiaçının 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1) 60 yaşı tamam olmalı; 2) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; 3) ümumi iş stajı minimum 25 il olmalı; 4) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli. İddiaçının müəyyən olunmuş yaş həddinə çatması, ümumi iş stajının 25 ildən artıq olması və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi işin mübahisəsiz halıdır. İddiaçının xx.xx.1959-cu il təvəllüdlü olmaqla 60 yaşı 02.12.2019-cu il tarixdə tamamlamışdır. Həmçinin, həmin tarixədək ИТ-İ ******* nömrəli əmək kitabçasındakı və НЗ ******* hərbi biletdəki məlumatlara əsasən iddiaçının 25 ildən artıq ( 8 ay 22 gün + 2 il 1 ay 12 gün-hərbi xidmət+ 35 il 1 ay 14 gün) ümumi stajı olmuşdur. Bundan əlavə məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş pensiya alt sistemindən çıxarışa əsasən iddiaçının 1992-ci ilə qədər 9350,91 manat, 1992-ci ildən 2006-cı ilədək 10960,6 manat və 2006-cı ildən 34138,51 manat cəmi 54450,02 manat pensiya kapitalı mövcuddur. Bu isə tələb olunan (37440.00) pensiya kapitalından artıqdır. İşin mübahisəli halı güzəştli iş stajının mövcud olmaması ilə bağlıdır. Belə ki, cavabdehin imtinasının, etirazının və apellyasiya şikayətinin dəlilləri məhz iddiaçının qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə çalışmasının təsdiq olunmaması ilə bağlıdır. Bundan əlavə Ali Məhkəmənin iş üzrə qərarında mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə çalışmış olması ilə bağlı məlumat işdə yoxdur. Həmçinin,işdə olan arayışlar mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməsinə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərinin əks etdirməli, əsaslandırılmış olmalıdır. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli halı aradan qaldırmaq üçün kassasiya instansiya məhkəməsinin icrası məcburi olan göstərişlərinə uyğun araşdırılma həyata keçirilməlidir. Məhkəmə kollegiyası aşağıdakı sübutları nəzərdən keçirir: - İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə görə, iddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. - HZ ******* nömrəli hərbi biletin notariat surətinə əsasən, iddiaçı 06.05.198022.06.1982-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. - 22.02.1983-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçasının müvafiq təsdiqli surətinə görə, 03.08.1982-ci il tarixdə əmək fəaliyyətinə başlayan iddiaçı 13.05.1985-ci il tarixdən hazıradək kabelçi və kabel lehimləyicisi vəzifələrində işləyir. - "xxxx" MMC-nin 5 dekabr 2019-cu il tarixli 09 nömrəli arayışından görünür ki, İddiaçı “SoyuzTelefonStroy” Trestində 13 may 1985-ci il tarixdən 18 fevral 2002-ci il tarixədək kabelçi, “Azərrabitəinşaat” ATSC-də 7 mart 2002-ci il tarixdən 19 mart 2002-ci il tarixədək və 3 sentyabr 2002-ci il tarixdən 16 fevral 2004-cü il tarixədək kabelçi, "xxxx" MMC-də 17 fevral 2004-cü il tarixdən 1 sentyabr 2005-ci il tarixədək kabelçi, “Bakı Telefon Rabitəsi İstehsalat Birliyi”nin ("xxxx" MMC) Rabitə Qurğularının Tikintisi və Təmiri İdarəsində 5 sentyabr 2005-ci il tarixdən 29 dekabr 2006-cı il tarixədək və 8 yanvar 2007ci il tarixdən 27 iyun 2007-ci il tarixədək kabelçi, “Bakı Telefon Rabitəsi İstehsalat Birliyi”nin X9 29 iyun 2007-ci il tarixdən 25 yanvar 2018-ci il tarixədək kabel lehimləyicisi işləmişdir. O, 26 yanvar 2018-ci il tarixdən hal-hazıradək "xxxx" MMC-nin 1 saylı Rabitə Xidmətləri X6 istismarı şöbəsinin EATS-430/431 xəttində kabel lehimləyicisi vəzifəsində işləyir. AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 30-cu bəndi üzrə kabel lehimləyicisi işi (qurğuşunlaşdırılmış kabellərin, polietilen və poloxlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər-lehimləyicilər) güzəştli pensiya hüququ verən zərərli iş hesab edilmişdir. - "xxxx" MMC-nin 21 yanvar 2020-ci il tarixli 04 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən 26 yanvar 2018-ci il tarixdən hal-hazıradək "xxxx" MMC-nin 1 saylı Rabitə xidmətləri X6 istismarı şöbəsinin EATS-430/431 xətt kabel lehimləyicisi vəzifəsində işləyir. O, 29 iyun 2007-ci il tarixdən 18 noyabr 2013-cü il tarixədək kabel calayıcısı vəzifəsində işləmişdir. Kabel calayıcısı vəzifəsi kabel lehimləyicisi vəzifəsi ilə eyni iş funksiyasını daşıyır. - Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" MMC-nin məhkəməyə ünvanlanmış 18 sentyabr 2020-ci il tarixli məktubdan görünür ki, 25 yanvar 2018-ci il tarixdən etibarən İddiaçı "xxxx" MMC-nin 1 saylı Rabitə Xidmətləri Mərkəzinin EATS-430/431 xətt qurğularının istismarı şöbəsində xətt kabel lehimləyicisi vəzifəsində işləyir. O, 29 iyun 2007-ci il tarixdən 18 noyabr 2013-cü il tarixədək kabel calayıcısı vəzifəsində çalışmışdır. Kabel calayıcısı vəzifəsi kabel lehimləyicisi vəzifəsi ilə eyni əmək funksiyalarına malikdir. Yəni, eyni peşə üzrə ştat vahidi 2018-ci ilədək Cəmiyyətin ştat cədvəlində “kabel calayıcısı”, AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 0071 saylı 30 may 2018-ci il tarixli əmri ilə təsdiq edilmiş "xxxx" MMC-nin yeni ştat cədvəlində isə, “kabel lehimləyicisi” kimi adlanmışdır. "xxxx" MMC-nin xətt, kabel lehimləyicisi vəzifəsi “qurğuçunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimləyicisi” kateqoriyasına aiddir. - Məhkəmənin sorğusuna cavab olaraq AR ƏƏSMN yanında X13 Xidmətindən məhkəməyə ünvanlanmış 8 oktyabr 2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 156-cı maddəsinin 2-ci hissəsinə əsasən işçilərin peşə (vəzifə) adlarının müəyyən edilməsi qüvvədə olan Vahid X2 uyğun olaraq həyata keçirilir. Vahid X4 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edilərək, Azərbaycan Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrində normativ hüquqi akt olaraq dövlət qeydiyyatına alınır. Vahid X1 işçilər 4 kateqoriyaya – rəhbərlər, mütəxəssislər, texniki icraçılar (digər qulluqçular) və fəhlələrə bölünür ki, “kabelçilehimləyici” peşəsi fəhlə kateqoriyasına aid edilir. AR Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 30-cu bölməsində fəhlə peşələri olaraq qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilərlehimləyicilər və qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan lehimləyici-rabitə montajçılar qeyd olunmuşdur. Qeyd olunanlara əsasən hesab edilir ki, ’’kabel calayıcısı” və “kabel lehimləyicisi” eyni peşələrdir və tərcümə zamanı işçinin əmək kitabçasında müxtəlif formada qeyd edilə bilər. Təkrarən apellyasiya baxışında araşdırma zamanı məhkəmənin sorğularına cavab olaraq; -Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı X15 Məsuliyyətli Cəmiyyətindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış 11 fevral 2022-ci il tarixli 105-1-11/456-22 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.07.1993-cü il tarixli “güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 320 saylı Qərarının 2-nömrəli siyahısında 23100000—12624 kod nömrəsi ilə (qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər — lehimləyicilər) kabelçi vəzifəsi güzəştli şərtlərlə pensiya hüquq verən işlərin siyahısında olmuşdur. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17.07.2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Rabitə sahəsinə aid olan fəhlə peşələrinin və işlərinin X19 Sorğu Kitabçası’ndan göründüyü kimi “kabelçi- lehimləyici” əmək funksiyaları "xxxx" MMCnin (əvvəlki adı: Bakı Telefon Rabitəsi İstehsalat Birliyi) strukturunda kabelçi, kabel calayıcısı və kabel-leyimləyicisi əmək funksiyaları ilə tam eyni olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.12.2007-ci il tarixli "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının təsdiq edilməsi barədə 12 saylı Qərarının 30-cu bəndi üzrə (qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər-lehimləyicilər) kabel calayıcısı — kabel lehimləyicisi vəzifəsi güzəştli şərtlərlə pensiya hüquq verən işlərin siyahısında olmuşdur. - Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı X15 Məsuliyyətli Cəmiyyətindən məhkəməyə ünvanlanmış 14 mart 2022-ci il tarixli 105-1- 11/975-22 nömrəli məktubdan görünür ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində əmək fəaliyyətinə başladığı 1985- ci ildən hal-hazıradək işlədiyi dövrün 1993-cü ildən bugünədək olan hissəsi (28 il, 2 ay) güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlər (peşələr) kateqoriyasına aid olunur. - Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı X15 Məsuliyyətli Cəmiyyətindən məhkəməyə ünvanlanmış 20 aprel 2022-ci il tarixli 105-1- 11/1443-22 nömrəli məktubda qeyd olunur ki, X3 13.05.1985-ci il tarixdən 27.06.2007-ci il tarixə kimi Tikinti və Təmir idarəsində (Azərrabitə İnşaat) kabelçi vəzifəsində işləmişdir və vəzifə öhdəlikləri aşağıdakılardan ibarətdir: - Rabitə kanalları və avadanlıqlarının parametrlərinin ölçülməsində istifadə edilən ölçü cihazlarının təlimata (hər bir ölçü cihazının istifadə təlimatına uyğun) uyğun istifadəsini təmin edir; - Yerli kommutasiya avadanlıqlarının dayanıqlı, fasiləsiz və keyfiyyətlə işləməsini təmin edir; - Əsas şəbəkədə istismar olunan avadanlıqlarda qəza siqnallarının kateqoriyasına uyğun olaraq nasazlıqların vaxtında aradan qaldırılmasını təmin etməlidir; - Rabitə kabel xətlərində istifadə olunan bütün markalardan olan kabellərin montaj və ölçü işlərini və şaxtalarda, “BOKS”-ların və qaz keçirməyən muftaların montajını yerinə yetirir; - Kabel xətlərində baş vermiş hər bir zədələnmənin ölçü işləri aparmaqla yerini təyin edir və normativ nəzarət müddətində bərpa işlərini başa çatdırır; - Kabel xətlərinin hava təzyiqi altına qoyulması və hava qurğularının təmir işlərini yerinə yetirir; - PKP-5, R5-10 cihazları vasitəsi ilə ölçü işlərini yerinə yetirir; - “PİQ” və “Kİ-4P” cihazları vasitəsi ilə trassanın yerini və dərinliyini təyin edir; - Texniki təhlükəsizlik qaydalarını bilməlidir; Kabelçi, polietilen “TPP” və qurğuşun “TQ” kabelləri ilə işləyir. X3 29.06.2007-ci il tarixindən 18.11.2013-cü il tarixə kimi X9 EATS-430/431 xətt sexinin 6-cı dərəcəli kabel- calayıcı vəzifəsində işləmişdir və vəzifə öhdəlikləri aşağıdakılardan ibarətdir: - Fəaliyyəti kabel-kanalizasiya qurğularına xidmət etmək, telefon quyularında kabellərin təmiri ilə məşğul olmaqdır. Polietilen “TPP” və qurğuşun “TQ” kabellərin dəyişdirilməsi təmiri ilə mütəmadi məşğul olur. Quyularda göstərilən kabellərin qolçaqlarının açılması, dərmanların canlanmasında sonar qolçaqların yenidən qaynaq olması kimi zərərli işlərlə məşğul olur. - Əməyin mühafizəsi, Təhlükəsizlik texnikası, yanğına qarşı Mühafizə qaydaları və normaları bilməlidir. - Şaxtalarda və quyularda aparılan montaj işlərini xarakterini bilməlidir; - Kabellərdə yaranan korroziyanın xarakterini və aradan qaldırılma üsullarını bilməlidir; - Kabellərin montajı üçün lazım olan bütün növ alətlər vasitəsi ilə işləmək qaydalarını bilməlidir; - Kabellərin ilkin parametrlərinin ölçülmə üsulları bilməlidir; - Kipsizliyin təyin edilmə üsullarını, hava qurğularının təmir edilməsini bilməlidir; - Kİ-4P cihazı ilə trassanın yerinin və dərinliyini təyin edilməsini bilməlidir. X3 26.01.2018-ci il tarixindən (X16) 1 saylı Rabitə xidmətləri X6 İstismarı Şöbəsinin EATS-430/431 xəttin kabel-lehimləyicisi vəzifəsinə keçirilmişdir. Əsas vəzifə təlimatı aşağıdakılardan ibarətdir: - Tutumu 600 və 600 cütdən yuxarı olan ŞTŞ-də istifadə olunan bütün kabellərin texniki istismarı; - Müxtəlif tip kabellərin zədələnmələrinin araşdırılması və bərpasının keyfiyyətlə yerinə yetirilməsi; - Magistral kabellərin daim hava təzyiqi altında saxlanması, KSQ qurğularına nəzarət edilməsi; - Təsdiq olunmuş plan əsasında profilaktiki işlərin aparılması; - Telefon quyularında və dirəklərdə kabellərin texniki normaya uyğun istismarı; - Texniki təhlükəsizlik qaydalarına riayət etməlidir. - Kabel qurğularının istismar qaydalarına riayət etməlidir; - Kabellərin sabit və dəyişən cərəyanla ölçülməsi təmin olumalıclır; - Kabel-kanalizasiya qurğularının istismarı qaydalarını bilməlidir; - Kabel-kanalizasiya qurğuları və hava rabitə xətləri üzrə texniki təhlükəsizlik qaydalarına riayət etməlidir; - Texniki təhlükəsizlik qaydalarını bilməlidir. - İddiaçı kabel lehimləyicisi vəzifəsində işlədiyi müddətdə istifadə olunan kabellərin növü barədə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı X15 Məsuliyyətli Cəmiyyətindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış 05 may 2022-ci il tarixli 105-1-11/1718-22 nömrəli məktubdan görünür ki, kabel-lehimləyicisi əmək fəaliyyəti müddətində qurğuşunlaşdırılmış, polietilen və polixlorvinil üzlüklü kabellərlə işləyir. İş üzrə ətraflı araşdırmanın aparılması məqsədilə iddaçının işlədiyi peşənin zərərli sayılması, həmçinin işlədiyi peşənin istehsalat texnoloji məlumatlarının dəqiqləşdirilməsi, həmçinin kabellərin növləri ilə bağlı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı X15 Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssisləri məhkəməyə dəvət edilərək dinlənilmişdir. 17 mart 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin 1 saylı Rabitə Xidmətləri Mərkəzinin mühəndisi X14 öz izahatında bildirmişdir ki, kabelçilər əsasən quyularda işləyirlər, quyularda quruntu, nəmlik olur və bu da zərərli əməkdir. Kabelçilər əsasən qurğuşun, polietilen kabelləri ilə işləyirlər. Son dövrlərdə fiberoptik kabellərdən də istifadə olunur,onların da tərkibi şüşədir. informasiya texnikası inkişaf etdikcə yeni növ kabellər istehsal olunur, lakin əsasən qurğuşun, polietilen və polixlorvinil üzlüklü kabellərdən istifadə olunur. Kabel-calayıcısı və kabel-lehimləyicisi vəzifələri üzrə yerinə yetirilən funksiyalar eynidir. 28 aprel 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin Xətt təsərrüfatının xidmət mərkəzinin mühəndisi X12 öz izahatında bildirmişdir ki, kabel lehimləyici və calayıcı vəzifələrinin əmək funksiyaları eynilik təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli qərarının 30 maddəsində səhvən polixlorvinil kabel qeyd edilmişdir, lakin onun adı əslində polivinilxlordur. Həmçinin, həmin maddənin 3cü maddəsində lehimləyici rabitə montajçıları vəzifəsi qeyd olunub, həmin vəzifə calayıcı vəzifəsi isə eynilik təşkil edir. İdarədə montajçı peşəsi də vardır, onlar quyularda kabellərlə işləyirlər, kabellərlə işləmək zərərli peşədir. Quyularda görülən bütün işlər zərərli sayılır. Beləliklə,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın “30-cu (Rabitə) bəndində “qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər-lehimləyicilər” nəzərdə tutulmuşdur. İşin araşdırılmış hallarından göründüyü kimi, iddiaçının müvafiq dövrdə kabel calayıcı kimi işlədiyi peşənin AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 30-cu (Rabitə) bəndində nəzərdə tutulan “kabelçi-lehimləyici” peşəsi ilə eynilik təşkil etdiyi həm işəgötürənin arayışı, həm də müvafiq səlahiyyətli qurum kimi AR ƏƏSMN yanında X13 Xidmətinin məktubunda (rəyində) təsdiqini tapır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı da işəgötürən tərəfindən verilmiş sorğuya izahlı cavabdan da görünür ki, X3 29.06.2007-ci il tarixindən 18.11.2013-cü il tarixə kimi X9 EATS-430/431 xətt sexinin 6-cı dərəcəli kabel-calayıcı vəzifəsində işləmişdir və fəaliyyəti kabel-kanalizasiya qurğularına xidmət etmək, telefon quyularında kabellərin təmiri ilə məşğul olmaqdır. Polietilen “TPP” və qurğuşun “TQ” kabellərin dəyişdirilməsi, təmiri ilə, quyularda göstərilən kabellərin qolçaqlarının açılması, dərmanların canlanmasında sonar qolçaqların yenidən qaynaq olması kimi zərərli işlərlə məşğul olmuşdur. X3 18.11.2013-cü il tarixdən hazıradək kabel-lehimləyici vəzifəsində əmək fəaliyyəti müddətində qurğuşunlaşdırılmış, polietilen və polixlorvinil üzlüklü kabellərlə işləyir. Müxtəlif tip kabellərin zədələnmələrinin araşdırılması və bərpasının keyfiyyətlə yerinə yetirilməsi, magistral kabellərin daim hava təzyiqi altında saxlanması, KSQ qurğularına nəzarət edilməsi və təsdiq olunmuş plan əsasında profilaktiki işlərin aparılmasını həyata keçirir. Məhkəmə kollegiyası iş ürə aparılmış araşdırmanın nəticəsi olaraq qeyd edir ki, iddiaçının kabel calayıcı və kabel lehimləyici kimi işlədiyi dövrdəki əmək funksiyaları uyğun olduğundan, eyni peşə üzrə ştat vahidinin 2018-ci ilədək Cəmiyyətin ştat cədvəlində “kabel calayıcısı”, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 0071 saylı 30.05.2018-ci il tarixli əmri ilə təsdiq edilmiş "xxxx" MMC-nin yeni ştat cədvəlində isə “kabel-lehimləyicisi” kimi adlandırıldığından, həmçinin verilmiş sorğulara cavablardan və mütəxəssis qismində dinlənilmiş mühəndislərin izahatlarından göründüyü kimi həm kabel calayıcısının, həm də kabel-lehimləyicisinin işlədiyi kabellərin növlərinin əksərən qurğuşunlaşdırılmış, polietilen və polixlorvinil üzlüklü kabellər olduğundan həmin vəzifələrdəki fəaliyyəti zərərli hesab edildiyindən həmin dövrlər güzəştli stajına daxil edilməlidir. Belə olan halda iddiaçının tələb olunan 12 il 6 ay güzəştli iş stajı 29.06.2007-ci ildən başlayaraq 29.12.2019-cu ilədək olan dövrü əhatə edir. İddiaçının 60 yaşı 02.12.2019-cu ildə tamam olmuşdur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iddia qismən təmin edilməli, iddiaçı güzəştli iş stajına tələb olunan şərti 29.12.2019-cu il tarixdə ödədiyindən həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4889/2020 saylı, 10 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilsin. İddiaçı 29 dekabr 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-995/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-995/2022
05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver