Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-995/2024 07.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınmaları tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4895/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İ. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanına qeydiyyata alınmaları öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia aşağıdakılarla əsaslandırılmışdır: ünvan 1 ünvanında yerləşən ev iddiaçılara məxsusdur. bu ünvanda 1991-ci il tarixindən yaşayırlar. İddiaçı1 əri və digər iddiaçıların atası şəhiddir. İddiaçılar hazırda yaşadıqları evə qeydiyyata düşmək niyyətindədirlər. Ona görə də, bu barədə ərizə ilə cavabdehə müraciət etmiş, lakin, cavabdeh orqan xx.xx.2022-ci il tarixli imtina məktubu verərək məhkəməyə müraciət etmələrini tövsiyə etmişdir. İddiaçılar hesab edir ki, cavabdehin onları yaşıdıqları ünvana qeydiyyata almaqdan imtina etməsi qanunsuz və əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4895/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçılar apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını, iddia tələblərinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır. «…İddiaçılar qeyd edilənda artıq 32 ildir ki, yaşayırlar, Bu barədə Arayış da təqdim edilmişdir. . Hal-hazırda orada qeydiyyatda olmamaları onların hər işində əngəl olur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları,əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zərurişərait yaratmaqdır…» Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər (nümayəndələri) məhkəməyə gəlməmiş, İnzibati-Prosessual Məcəllənin («İPM») 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçıların apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İş materiallarından görünür ki, iddiaçılar, öhdəliyin icrası haqqında iddia vasitəsilə, yaşadıqları ünvan 1 ünvanına qeydiyyata alınmaları öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etmiş, cavabdeh qeydiyyat orqanı isə xx.xx.2022-ci il tarixli cavab məktubu ilə həmin ünvana qeydiyyata alınmaq üçün onlar tərəfindən «Yaşayş yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsində yaşayış sahəsinə köçməyə əsas verən sənədlər təqdim edilmədiyindən məhkəməyə müraciət etmələri məqsədəmüvafiq hesab edilərək, dolayısı ilə qeydiyyatdan imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd edilən əsasla iddiaçıların mübahisəli ünvana pasport qeydiyyatına alınmasından imtina etməsi əsaslıdır. Belə ki, işdən görünür ki, iddiaçıların mübahisəli ünvanda yerləşən evə, yerləşdiyi torpaq sahəsinə dair hüquqlarını ehtiva edən hər hansı bir sənəd nə cavabdeh orqana, nə də məhkəməyə təqdim edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsiin işə əlavə olunmuş birinci instansiaya məhkəməsinə sorğusuna verdiyi xx.xx.2023-cü il tarixli cavab məktubunda da bildirmişdir ki, Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı ünvan 1 ünvanının dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Eyni zamanda, məhkəmənin Səbail rayon İcra Hakimiyyəti başçısıın 2 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinə ünvanlanmış ikinci bir sorğusuna sonuncunun xx.xx.2023-cü il tarixli cavab məktubu ilə məhkəməyə təqdim etdiyi məlumatlara əsasən müəyyən olunur ki, iddiaçıların həmin ünvanında yerləşən özbaşına tikilidə ailə üzvləri ilə birlikdə qeydiyyatsız yaşayırlar. Beləliklə də tədqiq olunan sübutlarla müəyyən olunur ki, iddiaçıların yaşadıqları ünvan 1 ünvanında yerləşən ev özbaşına tikililidir. «Yaşayş yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci madəsinin tələbinə görə: «Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması onun qanuni nümayəndəsinin bu barədə müraciəti olduqda həyata keçirilir. Bu halda vətəndaşın qanuni nümayəndəsi tərəfindən aşağıdakı sənədlər təqdim olunur: 1) 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması haqqında ərizə-anket (forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir); 2) doğum haqqında şəhadətnamə; 3) bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd.» Qanunun qeyd olunan maddəsinin imperativ tələbindən aydın göründüyü kimi, istər yaşayış yeri üzrə qeydiyyatı olmayan, istərsə də yaşayış yerini dəyişdirən vətəndaşlar tərəfindən qeydiyyata alınmalar tələb olunan yaşayış sahəsinə dair: order, icarə və ya kirayə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya yaşayış sahəsi verən şəxsin ərizəsi təqdim edilməlidir ki, müvafiq qeydiyyatın aparılması mümkün olsun. Qanunun 2-ci maddəsinin tələbi isə nəzərədə tutur ki, şəxsin “yaşayış yeri” dedikdə isə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qeyd olunan normadan isə göründüyü kimi, Qanunun sözügedən 5-ci maddənin 2-ci hissəsinin 2-ci bəndinə müvafiq olaraq - şəxsin yaşadığı evin, mənzilin və i.a. üç əsasla yaşayış yeri kimi başa düşülməsi ehtiva olunur: 1) mülkiyyətçi kimi; 2) icarə və ya kirayə müqaviləsi üzrə; 3) yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla. Mülki Məcəllənin 27.1-ci maddəsində də məhz, “fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır” anlamı - məhz xüsusi qanunvericiliklə müəyyən edilən hüquqi əsaslarla əldə olunan “yaşadığı yer”i anlamını verir. İddiaçılar tərəfindən isə məhkəməyə faktiki yaşadıqları evə dair qanunda sadalanan sənədlərdən hər hansı birini, o cümlədən: daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd təqdim etmək iqtidarında deyillər. Çünki, yaşadıqları ev özbaşına tikilidir. Nə evə, nə də onun yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri mövcud deyildir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinin yuxarıda qeyd olunan müddəasında qeydiyyata alınma üçün əsas verən sənədlərdən biri kimi göstərilən - «.yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd» istənilən hər hansı bir bir sənədi (məs., alqı- satqı müqaviləsi və s.) nəzərdə tutmur. Qeyd olunan halda qanunverici dəqiq müəyyən edir ki, həmin «başqa sənəd»in özü də qanunla müəyyən edilən hüquq verən bir sənəd olmalıdır. İPM-in 1.2-ci maddəsinin göndərişi baxımından, MPM-in 81-ci maddəsi də məhz, onu nəzərdə tutur ki, qanuna və ya digər normativ-hüquqi aktalara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarlda təsdiq oluna bilməz. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə yalnız, şəxsin yaşayış yerinə qeydiyyata alınmaq hüququ yaranmış olur. Ona görə də iddiaçıların uzun müddət özbaşına inşa etdiykləri tikilidə yaşaması, kommunal, işıq, qaz və su xidmətlərindən istifadəyə görə çəkdikləri xərcələri ödəmələri mübahisəli ünvana qeydiyyata alınma üçün əsas verə bilməz. Qeyd olunmalıdır ki, sadalanan xərclər qarşılıqlı müqavilə öhdəlikləri üzrə göstərilən xidmətlərə görə həyata keçirilən əvəzli ödənişlərdir ki, bu ödənişləri ehtiva edən sənədlər evin qanunla müəyyən edilmiş qaydada hüquqi qeydiyyatdan keçməsini əks etdirən hüquqmüəyyənedici sənədi ifadə etmir. İddiaçıların şəhid ailəsi olmalarına gəldikdə, sözügedən Qanunda müvafiq güzəştlər də nəzərdə tutlmamışdır. Odur ki, qeyd olunanlar baxımından, konkret halda iddiaçıların qanunla qorunan hüquqlarının pozulması istisna olunur. Belə olan halda da onların mübahisəli ünvana qeydiyyata alınmasından imtina etmək məhz, cavabdehin qanunla üzərinə düşən öhdəliyi olmuşdur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, işin hallarına və qanunvericiliyin göstərişlərinə müvafiq olaraq iddia tələbi rədd edilmişdir. İPM-in 73.1-ci maddəsinin mahiyyətindən də görünür ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Ona görə də, məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətinin cavabdeh tərəfindən yaşadıqları evə qeydiyyata alınmamalarından imtina olunması hüquqlarını məhdudlaşdırdığını bildirməklə, dolayısı ilə məhkəmənin qərarının əsassız oluduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayətləri təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4895/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçıların apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4895/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-995/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-995/2024
07.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver