Məhkəmə qərarları › İş №2-1(103)-996/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-996/2020

18.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-996/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət tərkibdə, İddiaçı nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı ərazi idarəsinin nümayəndəsi X2 iştirakı ilə torpaq sahəsinə dair reyestrdən çıxarış və kadastr planının verilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-71/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanda yerləşən 0,11 ha torpaq sahəsinə dair reyestrdən çıxarış və kadastr planının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, torpaq sahəsi uzun müddətdir ki, iddiaçının istifadəsindədir. Əvvəllər isə həmin torpaq sahəsi atasına məxsus olmuşdur. Bunu torpaq sahəsinə dair tərtib edilmiş 1973-cü il tarixli texniki pasport da təsdiq edir. Ekspert rəyində qeyd olunan faktiki istifadəsində olan 0,11 ha torpaq sahəsinin bir hissəsinin 1973-cü il tarixli texniki pasportda öz əksini tapmaması tamamilə absurddur. Həmin torpaq sahəsi hazırda da onun istifadəsindədir. Lakin birinci instansiya məhkəməsi tərəfindən bunlar nəzərə alınmamışdır. Məhkəmə ən azı yerli baxış keçirib, 0,11 ha ölçüdə olan torpaq sahəsinin onun istifadəsində olmasını müşahidə edə bilərdi. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermiş, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə əsassızdır. İşdə olan, cavabdehin iddiaçının müraciətinə cavab olaraq xx.xx.2018-ci il tarixli **********03 nömrəli imtina məktubunda bildirilmişdir ki, müraciətində qeyd etdiyi torpaq sahəsi ilə bağlı qanunvericiliyə uyğun hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, ərizəyə əlavə edilmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2inz(81)-4651/2013 saylı qərarı ********** nömrə ilə icra olunaraq X1 adına müvafiq fərdi yaşayış evinə dair reyestrdən çıxarış verilmişdir. Lakin, qərar ilə müvafiq ünvanda yerləşən torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı idarə üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Uyğunsuzluqlar aradan qaldırıldığı təqdirdə ərizəsinə yenidən baxıla bilər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-4651/2013 nömrəli iş üzrə xx.xx.2013-cü il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 8 Mart küçəsində yerləşən 70 saylı fərdi yaşayış evinə mövcud vəziyyətdə faktiki ölçülər daixilində X1 adına qeydiyyata alınmaqla bu barədə texniki pasportun və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX ******* (**********) nömrəli çıxarışa görə, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsbəsi 8 Mart küçəsi ev 70 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya İddiaçı məxsusdur. Çıxarışda torpaq sahəsinin dövlət mülkiyyətində olduğu göstərilmişdir. ünvan 2 ünvana dair xx.xx.2014-cü il tarixdə cavabdeh tərəfindən fərdi yaşayış evinə texniki pasport tərtib edilmişdir. Birinci instansiya məhkəməsinin 2-1(81)-71/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və eksepert qarşısında aşağıdakı suallar qoyulmuşdur: ünvan 3 ünvanda yerləşən torpaq sahəsinə dair 1973-cü il tarixdə tərtib edilmiş texniki pasportda, xx.xx.2014-cü il tarixdə iddiaçıya məxsus torpaq sahəsinə dair tərtib edilmiş texniki pasportda qeyd edilən iddiaçının faktiki istifadəsində olan 0,11 ha torpaq sahəsi öz əksini tapmışdırmı? Mübahisəli torpaq sahəsi 1973-cü il tarixli texniki pasportda öz əksini tapmışdırsa, hansı hissədə tapmışdır və sahəsi nə qədər təşkil etmişdir? Həmin qərardadın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 11230 nömrəli ekspert rəyində göstərilmişdir ki, ünvan 4 saylı ünvanda yerləşən, xx.xx.2014-cü il tarixdə tərtib edilmiş texniki pasportda qeyd edilən ididaçının faktiki istifadəsində olan 0,11 ha torpaq sahəsinin bir hissəsinin 1973-cü il tarixli texniki pasportda öz əksini tapmadığı, eləcə də, həmin torpaq sahəsinin faktiki vəziyyətdə planlı yerləşməsinin xx.xx.2014-cü il tarixli texniki pasportun məlumatlarına uyğun olmadığı müəyyən edilmişdir. Tədqiq olunan torpaq sahəsinin 1973-cü il tarixli texniki pasportda əks olunmayan hissəsi rəyə əlavə edilmiş sxemdə ətraflı göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun: 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Savalan” X5 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi-hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmr. Belə ki, qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində müəyyən edilən, həmçinin, eyni Qanunun 8.0.8-ci maddəsində nəzərdə tutulan, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədləri, yəni Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda təsbit olunan sənədlərdən hər hansı birini cavabdehə və Məhkəməyə təqdim etməmişdir. Halbuki, İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bundan əlavə, AR Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir (1). Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir (2). Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır (3). Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (5). Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir (6). Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır (7). Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir (8). Mübahisəli torpaq sahəsinin ayrıldığı vaxt yerquruluşu orqanları tərəfindən yerdə (naturada) hüdudlarının torpaqayırma qaydasında müəyyən edilməsi və müvafiq sənədlərin rəsmiləşdirib iddiaçıya (onun hüquqi sələfinə) verilməsi iş materialları ilə təsdiqini tapmır, iddiaçı da onda belə sənədlərin olduğunu irəli sürmür. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Çünki, mübahisəli torpaq sahəsinin uzun müddət iddiaçının istifadəsində, əvvəllər isə onun atasına məxsus olması bu torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün kifayət etmir. Bunun üçün normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə əhəmiyyəti kəsb edən sübutlar təqdim olunmalıdır ki, iddiaçı da belə sənədlərə malik deyil. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin mübahisəli torpaq sahəsi üzərində iddiaçının əmlak hüquqlarının dövlət qeydiyyatına alınmasından imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə” ilə verilmiş verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı (İPM-87.6), şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-71/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar