Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-996/2022 24.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 ("Universal" Vəkil Bürosu) iştirakı ilə, İddiaçı (xx.xx.1984-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır, iddia ərizəsinə əsasən ünvan – ünvan 2 İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2-1(112)-2499/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 05 noyabr 2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 11 fevral 2020-ci il tarixli **********6700 saylı qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın mübahisələndirilən qərarı ilə bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumatlara əsasən İİ rüb 2018-ci il vergi dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi hesablanmışdır. Qərarın “Bəyannamədə göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat” qrafasında göstərilmişdir ki, vergi Məcəlləsinin müddəalarına əsasən ona bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsini təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi hesablanmışdır. Bina tikintisi fəaliyyəti ilə məşğul olmadığı halda belə bir qərarın verilməsi tamamilə qanunsuz və əsassızdır. Cavabdehin ona əlavə vergilər və digər məcburi ödəmələr hesablaması barədə həmin qərarı vergi qanunvericiliyinin tələblərinin pozulması ilə çıxarılmışdır. Onun tərəfindən 13 oktyabr 2020-ci il tarixli və 22 oktyabr 2020-ci il tarixli şikayətlərdə cavabdehə bildirilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq, tikdiyi fərdi yaşayış evinin bütün layihə sənədlərini təqsdiqlədərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2017-ci il tarixli rəyi, Bakı şəhəri üzrə Şəhərsalma İdarəsinin icazəsi xx.xx.2018-ci il tarixli tikintiyə icazə barədə xüsusi nişanı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya mərkəzinin xx.xx.2017-ci il tarixli rəyi alındıqdan sonra Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 68 saylı çıxarışına əsasən Bakı şəhəri Xətai rayonu, İnqilab İsmayılov küçəsi 50 saylı binanın yanında fərdi yaşayış tikintisinə icazə verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini tikməsi üçün əlavə olaraq Dövlət ekspertiza Baş İdarəsindən xx.xx.2017-ci il tarixli 24083 saylı rəy almışdır. Bütün dövlət orqanlarının zəruri icazə və rəylərini aldıqdan sonra sözügedən ünvanda fərdi yaşayış evinin tikitisini aparmışdır. Vergi orqanı tərəfindən ona borcunun olması bildirilmişdir. Verginin hesablanmasının nə ilə əlaqədar oduğunu soruşduqda ona tikinti aparıb, ev tikdiyi üçün vergi ödəməli olduğu bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq ona hesablanmış vergi borcunun, kameral hesablanmış məbləğin ləğv olunmasını xahiş edir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (iddia tələbinin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin onun barəsində İİ rüb 2018-ci il vergi dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi hesablanmasına dair xx.xx.2020-ci il tarixli **********492500 saylı “Vergi hesablanması” barədə qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı yenidən məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsində qeyd olunmuş “xx.xx.2020-ci il tarixli, **********492500 saylı” sözlərinin “xx.xx.2019-cu il tarixli, **********492500 saylı” sözləri ilə əvəz edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2-1(112)-2499/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********492500 saylı qərarının ləğv olunması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2499/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyünə dair tələblərə riayət edilməmişdir. Belə ki, mübahisələndirilən xx.xx.2019-cu il tarixli **********492500 nömrəli qərar həmin tarixdə vergi ödəyicisinə elektron qaydada təqdim edilmişdir. İddiaçı ilə vergi orqanı arasında xx.xx.2014-cü il tarixdə “Elektron sənəd mübadiləsi haqqında” müqavilə bağlanmışdır. İddiaçı iddia ərizəsində mübahisələndirilən qərardan xəbərdar olmadığını, yalnız vergi orqanına müraciət edərək kod, parol, şifrə əldə etdikdən sonra xx.xx.2020-ci il tarixdə xx.xx.2019-cü il tarixli **********492500 nömrəli qərarla tanış olduğunu bildirmişdir. Lakin, iddiaçının vergi orqanında olan iş qovluğunun araşdırılması zamanı məlum olur ki, iddiaçı xx.xx.2020-ci il tarixdən başlayaraq dəfələrlə vergi orqanına müraciət edərək, hazırda mübahisələndirilən qərarın ləğv edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçının xx.xx.2020-ci il tarixli müraciət məktubuna Dövlət Vergi Xidmətində baxılaraq, araşdırma zamanı şikayətin verilməsi müddətinin buraxıldığı, müddətin buraxılmasının səbəbinin üzrlü olması ilə bağlı Dövlət Vergi Xidmətinə heç bir təsdiqedicı sənədin təqdim edilmədiyi barədə xx.xx.2020-ci il tarixli **********928300 nömrəli məktub göndərilmişdir. Qeyd olunanlardan aydın olur ki, iddia ərizəsində qeyd edildiyi kimi iddiaçının mübahisələndirilən qərarla xx.xx.2020-ci il tarixdə tanış olması həqiqəti əks etdirmir. Göründüyü kimi, iddiaçı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdən iki ilə yaxın müddət keçdikdən sonra məhkəməyə müraciət edərək, qanunvericilikdə müəyyən edilmiş prosessual müddəti ötürmüş, birinci instansiya məhkəməsi isə əsassız olaraq iddianı mümkün saymışdır. Eyni zamanda, aparılmış araşdırmalar nəticəsində vergi ödəyicisi tərəfindən ünvan 3 ünvanda ümumi sahəsi 1798,40 kv.m. olan binanın 2018-ci ilin 2-ci rübündə fərdi yaşayış binası kimi təməlqoyma işlərinə başlamasına baxmayaraq, aparılmış müşahidə zamanı həmin binanın ümumi istifadə üçün nəzərdə tutulmuş yaşayış binası olduğu müəyyən edilmişdir. Buna baxmayaraq, Vergi Məcəlləsinin 218-ci maddəsinə əsasən həmin hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilməmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd olunanlara əsasən, vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 16.01,2019-cu il tarixli **********677400 saylı uyğunsuzluq məktubu göndərilmiş və müvafiq sənədlərin vergi orqanına təqdim edilməsi bildirilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən cari vergi bəyannaməsi və ya müvafiq sənədlər təqdim edilməklə ətraflı izahat məktubu vergi orqanına təqdim edilmədiyindən xx.xx.2019-cu il tarixdə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2018-ci ilin 2-ci rübü üzrə 123.822,00 manat analoji qaydada vergi məbləği hesablanmış və hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli qərar göndərilmişdir. binanın eskiz layihəsinə əsasən, tikilinin hər mərtəbəsində 4 mənzil olmaqla ümumilikdə binada 20 mənzil mövcuddur. İddiaçının fərdi yaşayış məqsədləri üçün 20 ədəd mənzil tikməsi isə ağlabatan deyildir və bu hal həmin binanın fərdi yaşayış məqsədi üçün tikilməsi ehtimalını istisna edir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1827/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə (hakimlər A.Hüseynov,M.Tağızadə,X.Cəmilova) cavabdeh Azərbaycan Respublikası İN yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-2499/2021 saylı qərarı ləğv edilmiş, İddiaçı cavabdeh AR İN yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı ““Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********492500 saylı qərarının ləğv olunması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1932/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə (hakimlər S.Kərimov,Z.Quliyev,R.Nəbizadə) kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)-1827/2021 nömrəli qərardadı ləğv edilmiş, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı xx.xx.2022-ci il tarixdə cavabdeh məhkəməyə vəsatət təqdim edərək, Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-2499/2021 saylı iş üzrə 20,04.2021-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisələndirdiyi qərarla hesablanmış vergi borcu vergi orqanı tərəfindən azaldılmış, cari tarixə vergi ödəyicisinin borcu mövcud deyil. Məhkəmə kollegiyası iclasında iştirak edən iddaçının nümayəndəsi və vəkili izahat verərək, iş üzrə icraata xitam verilməsinə etiraz etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi sonuncu məhkəmə iclasında iştirak etməmişdir. AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahat verərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əlavə olaraq, cavabdeh tərəfindən yeni qərar qəbul edilsə də, əvvəlki qərarın ləğv edilməsi barədə hər hansı sübutun olmadığını bildirdi. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 30 iyun 2021-ci il tarixli **********321100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsini xahiş etmişdir. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin istintaq və təhqiqat İdarəsinin 1-ci şöbəsinin böyük müstəntiqi, kiçik ədliyyə müşaviri X2 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarına əsasən xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, ailəli, məhkumluğu olmayan, ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, fiziki şəxs İddiaçı tərəfindən xeyli miqdar təşkil edən 150871,95 manat məbləğində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisini ödəməkdən yayındırması faktı üzrə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraata, əməldə cinayət hadisəsi olmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən xitam verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2081/2022 saylı, 22 aprel 2022-ci il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 30 iyun 2021-ci il tarixli **********321100 nömrəli qərarı ləğv edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin apellyasiya icraatı zamanı cavabdeh tərəfindən təqdim edilmiş vəsatətdən də göründüyü kimi iddiaçının mübahisələndirilən qərarla vergi borcu mövcud deyil. Göründüyü kimi tərəflər arasında artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin («İPM») 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-in 82,87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********492500 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-996/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-996/2022
24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver