Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-997/2022 01.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 8 nömrəli şəhər poliklinikası 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə, əlillik dərəcəsinin təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3484/2020 saylı 15 dekabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) qarşı əlillik dərəcəsinin təyin edilməsi tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, adına olan 2709003AAC4D4 nömrəli forma 88 göndərişin Xidmət tərəfindən qəbul olunması, göndəriş əsasında ona düşən İİİ dərəcəli əlillik təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, sağ gözündə olan nasazlıqlarla əlaqədar (3 faiz görmə) əlillik dərəcəsinin qiymətləndirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət etmişdir. 8 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş göndəriş (forma 088) natamam doldurulduğundan və ixtisaslaşdırılmış müayinələrə və müalicəyə ehtiyacı olduğundan TSEK-də qəbul olunmamış və ona əlillik dərəcəsinin verilməsindən imtina olunmuşdur. Məhkəmənin 10 mart 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 8 nömrəli şəhər poliklinikası 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 30.07.2019-cu il tarixli 2709003AACD4 saylı göndərişi əsasında 06.08.2019-cu il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən göndərişin təhlili göstərdi ki, xəstəlik 15.05.1992-ci il tarixdə başlamışdır. Əsas diaqnoz kimi “Monokulyar korluq, OD-astiqmatizm, ambliopiya, Vİs.OD0.03 k/et (yüzdə üç). Vİs.OS-0.9 (onda doqquz)”, ağırlaşma kimi isə “Astiqmatizm, ODmürəkkəb hipermetropik astiqmatizm” və “Ağırlaşmış katarakta, OD- fəsadlı yetişməmiş katarakta” xəstəlikləri göstərilmişdir. Göndərişdə xəstənin görmə itiliyi "Vİs.OD-0.03 k/et.(yüzdə üç). Vİs.OS-0.9 (onda doqquz)” şəklində göstərilmişdir. Oftolmoloqun müayinəsi “Göz dibi: duman içində, görmə siniri məməciyi normal, makulofoveolyar refleks zəifləyib, periferiya normal. OS- ön şöbə normal, göz dibi patalogiyasızdır” şəklində verilmişdir. Qeyd edilmiş müayinə problemin yalnız gözün ön kamerasında, büllurda olmasını göstərir. Diaqnozdan da məlum olur ki, büllurda yetişməmiş katarakta var ki, bu da spesifik müayinə ilə aradan qalxa bilər və görmə itiliyi bərpa oluna bilər. Buna görə də əsaslı olaraq əlillik təyinatı aparılmamış və ixtisaslaşmış müayinə aparılması tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə TSERAS üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Həmin Əsasnamənin 4.2.bəndinə görə “Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır”. 4.7. bəndinə görə isə “Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar.” İddiaçı səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmamış, əlilliyin təyininə əsas verən ağırlaşmalar qeyd edilməmişdir. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq imtina qərarları verilmişdir. İddiaçı əlilliyin təyini istiqamətində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti və tabeli tibbi-sosial ekspert komissiyaları tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Bakı İnzibati Məhkəməsinin 15.12.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, xx.xx.1986-cı ildə Ağsu şəhərində doğulmuş İddiaçı üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 8 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 30.07.2019-cu il tarixli 2709003AAC4D4 nömrəli forma 88 göndərişi əsasında üçüncü qrup əlillik dərəcəsinin təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsi tərəfindən verilmiş 397 KEŞ saylı 16 oktyabr 2020-ci il tarixli rəyə, iddiaçının əlilliklə bağlı inzibati orqana müraciət etdiyi zaman qüvvədə olmuş AR Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 saylı Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə, Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə və Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”na istinad etmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə və eləcə də hazırda qüvvədə olan Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. İddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin 30.07.2019-cu il tarixli 2709003AACD4 saylı göndərişi əsasında 06.08.2019-cu il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən göndərişin təhlili göstərmişdir ki, xəstəlik 15.05.1992-ci il tarixdə başlamışdır. Əsas diaqnoz kimi “Monokulyar korluq, ODastiqmatizm, ambliopiya, Vİs.OD0.03 k/et (yüzdə üç). Vİs.OS-0.9 (onda doqquz)”, ağırlaşma kimi isə “Astiqmatizm, OD mürəkkəb hipermetropik astiqmatizm” və “Ağırlaşmış katarakta, OD-fəsadlı yetişməmiş katarakta” xəstəlikləri göstərilmişdir. Göndərişdə xəstənin görmə itiliyi "Vİs.OD-0.03 k/et.(yüzdə üç). Vİs.OS-O.9 (onda doqquz)” şəklində göstərilmişdir. Oftalmoloqun müayinəsi “Göz dibi: duman içində, görmə siniri məməciyi normal, makulofoveolyar refleks zəifləyib, periferiya normal. OS-ön şöbə normal, göz dibi patalogiyasızdır” şəklində verilmişdir. Qeyd edilmiş müayinə problemin yalnız gözün ön kamerasında, büllurda olmasını göstərir. Diaqnozdan da məlum olur ki, büllurda yetişməmiş katarakta var ki, bu da spesifik müayinə ilə aradan qalxa bilər və görmə itiliyi bərpa oluna bilər. Buna görə də əsaslı olaraq əlillik təyinatı aparılmamış və ixtisaslaşmış müayinə və müalicə aparılması tövsiyyə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 02 iyul 2021-ci il tarixli 2-1(103)-1099/2021 saylı qərarı ilə Bakı İnzibati Məhkəməsinin 15 dekabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 02 iyul 2021-ci il tarixli 2-1(103)-1099/2021 saylı qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarilmışdır. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlara uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləgv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasınin iclaslarında iştirak etmiş iddiaçı iddianın mahiyyəti üzrə izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı sağ gözündə 3% görmə ilə əlaqədar olaraq Bakı şəhəri 8 saylı poliklinikaya “088” nömrəli forma alınmasına dair müraciət etmiş, poliklinika həmin formanı dolduraraq iddiaçıya əlillik dərəcəsi verilməsi üçün “088” nömrəli formanı cavabdehə göndərmişdir. Cavabdehin iddiaçıya ünvanlandığı 14.10.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, sizin əlillik vəziyyətiniz səhiyyə müəssisəsinin 2709003AACD4 saylı göndərişi əsasında 06.08.2019-cu il tarixə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Siz Səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə edildikdən sonra xəstəliyin ağırlaşmaları göstərilməklə göndəriş (forma 088) rəsmiləşdirildiyi halda, Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 nömrəli qərarına uyğun olaraq, əlillik vəziyyəti adsızlaşdırılmış sənədlər əsasında qiymətləndirilib, müvafiq qərar verilibdir”. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 8 nömrəli şəhər Poliklinikasının iştirakı ilə) iddiaçının adına olan 30.07.2019-cu il tarixli 2709003AACD4 nömrəli forma 088 göndərişin qəbul edilməsi və həmin göndərişə əsasən iddiaçıya düşən 3-cü dərəcəli əlillik təyin olunması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir (bundan sonra mətndə birinci instansiya məhkəməsi). İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının sağ gözündə 3% görmə ilə Bakı şəhəri 8 saylı poliklinikaya 088 nömrəli forma təmin edilməsiilə əlaqədar müraciət etmiş, poliklinika 088 nömrəli formanı dolduraraq əlilliyin təyin edilməsi məqsədi ilə 088 nömrəli formanı cavabdehə göndərmiş, lakin cavabdeh qanunsuz imtina vermişdir, imtinanın səbəbləri: forma 088-in natamam doldurulması, ixtisslaşdırılmış müayinələrə və müalicəyə ehtiyac vardır. Sonradan özü birbaşa cavabdehə müraciət etsə də, alınan rəsmi cavabda sualları rəsmi cavabsız qaldığından məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin 06.08.2020-ci il tarixli qərardadı ilə məhkəmə tibbi ekspertizası təyin edilmiş, Səhiyyə Nazirliyinin “məhkəmə Tibbi Ekspertiza və X4” Publik Hüquqi şəxsin 397/KES saylı ekspert rəyinə görə əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün 8 nömrəli şəhər poliklinikasında İddiaçı adına 30.07.2009-cu il tarixli göndəriş düzgün tərtib edilmiş, İddiaçı aparılmış müayinələr ona təyin edilmiş diaqnoza uyğun olmuş, İddiaçı mütəxəssis müayinəsi zamanı onun sağ gözündə büllur bulanması anadangəlmə kataraktanın olduğu müəyyən edilmişdir. Bununla əlaqədar olaraq cərrahiyyə əməliyyatı icra olunsa belə, xəstədə görmə itiliiyi artmayacaq, çünki göz tam tənbəlləşmiş və dərin ambliopiya əmələ gəlmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsi tərəfindən verilmiş 397 KEŞ saylı (ekspertizanın başlanma tarixi 01 sentyabr 2020-ci il, başa çatma tarixi 16 oktyabr 2020-ci il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün 8 №li şəhər poliklinikasında İddiaçı adına 30.07.2019-cu il tarixli göndəriş düzgün tərtib edilmişdir. İddiaçı aparılmış müayinələr ona təyin edilmiş diaqnoza uyğun olmuşdur. İddiaçı mütəxəssis müayinəsi zamanı onun sağ gözündə büllur bulanması anadangəlmə kataraktanın olduğu müəyyən edilmişdir. Bununla əlaqədar cərrahiyyə əməliyyatı icra olunsa belə, xəstədə görmə itiliyi artmayacaq, çünki göz tam tənbəlləşmiş və dərin ambilopiya əmələ gəlmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi Ruslan Həsənov 15.12.2020-ci il tarixdə məhkəməyə ünvanladığı ekspert rəyinə dair mülahizəsində (etiraz) göstərmişdir ki, qeyd olunan rəylə razı deyillər. Çünki, İddiaçı barəsində 2709003AACD4 saylı göndəriş 30.07.2019-cu il tarixdə tərtib edilmiş, komissiya tərəfindən göndəriş natamam doldurulması səbəbi ilə 06.08.2019-cu il tarixdə geri qaytarılmışdır. Rəydə isə 07.10.2020-ci il tarixdə Briz-L Göz Klinikasının müayinə nəticəsinə istinad edilərək, göndərişin düzgün doldurulması bildirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə cavabdeh inzibati orqanın imtinasını qanunsuz olmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”də (iddiaçının əlilliklə bağlı inzibati orqana müraciət etdiyi zaman qüvvədə olmuş redaksiyada) aşağıdakılar müəyyən olunmuşdur: - 1.4-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK (tibbi-sosial ekspert komissiyaları) və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; - 4.1-cü bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; - 4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; - 4.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə və “Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir. - 4.9-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyininMərkəzləşdirilmiş X1 Tibbi Sosial Ekspertiza və X5 (bundan sonra — TSERAS) ötürülür; - 4.23-ci bəndinə əsasən, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür; - 4.24-ci bəndinə əsasən, Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERAS-a daxil edir. Göstərilmiş tələblərin ümumiləşdirilmiş nəticəsinə görə, şəxsin əlillik dərəcəsi TSEK və müəyyən edilmiş hallarda TSEK-in funksiyalarını həyata keçirən Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Xidməti müəyyən edir. İlk əvvəl şəxsin əlilliyin qiymətləndirilməsi üçün müvafi dövlət səhiyyə müəssisəsi göndəriş tərtib etməli və onu “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil etməlidir. - 4.25-ci bəndinə əsasən araşdırma şəxsin iştirakı ilə müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir. - 4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.5-ci bəndində göstərilmişdir ki, Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.3-cü bəndində göstərilmişdir ki, üçüncü dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əsasnamənin 2.5.14-cü bəndində göstərilmişdir ki, tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir: bir gözün olmaması və ya əməli korluğu (görmə itiliyinin korreksiya ilə 0,04 və ondanaz olması, yaxud görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması) (H54.4). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra-səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpaolmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Qaydaların 2.2-ci bəndinə göstərilmişdir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına uyğun olaraq əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlər sadələşdirilmiş qaydada (əlavə müayinələr, xəstəlik tarixindən çıxarışlar (epikrizlər), funksional diaqnostik müayinələr tələb edilmədən) verilir. Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Cavabdehin apellyasiya şıkayətində qeyd etdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, həmin dəlillər ekspert rəyi ilə təkzib olunur. Ekspertiza rəyindən də göründüyü kimi, ekspert tərəfindən məhkəmə qərardadı ilə ona həvalə edilmiş göstərişlər qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilməklə (iddiaçı canlı müayinə olunmaqla) nəticə verilmişdir. Cavabdeh apellyasiya şikayətində göndərişin (Forma 088 arayışının) düzgün və tam doldurulmadığına istinad etmişdir. Bununla əlaqədar qeyd edilməsi zəruridir ki, hazırkı iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmiş AR Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 8 nömrəli şəhər Poliklinikası tərəfindən verilmiş göndəriş vərəqəsinin (Forma 088 Arayışı) nümunəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formadır və həmin göndəriş forması nümunədə göstərilən qaydada tam olaraq doldurulmuşdur. İş materiallarına əlavə edilmiş və AR Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 8 nömrəli şəhər Poliklinikası tərəfindən verilmiş etiraz ərizəsində də göndərişin düzgün doldurulması faktı öz əksini tapmışdır. Bununla bağlı qeyd edilməsi zəruridir ki, göndəriş forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 mart tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydalarının 2.2-ci bəndinə əsasən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına uyğun olaraq əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda sadələşdirilmiş qaydada (əlavə müayinələr, xəstəlik tarixindən çıxarışlar (epikrizlər), funksional diaqnostik müayinələr tələb edilmədən) verilir, (hazırda ləğv edilmişdir) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsinə dair qərarının 2.5-ci bəndinə əsasən göndəriş forması bu qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişafı proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün tərtib edilir. Halbuki səhiyyə müəssisəsi tərəfindən verilmiş göndəriş 30.07.2019-cu il tarixdə olmuş, həmin tarixdə isə hazırda qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 mart tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydaları mövcud olmuşdur. Səhiyyə müəssisəsi tərəfindən göndərilmiş Forma 088-də, habelə qiymətləndirmə rəyində də qeyd olunmuşdur ki, əsas diaqnoz “Monkulyar korluqdur. ODastiqmatizm, ambliopiya, Vis.ODO.G3 k/e (yüzdə üç),Vİs.OS-0.9 (onda doqquz), ağırlaşma kimi isə “Astiqamtizm OD mürəkkəb hipermetropik astiqmatizm” və ‘‘Ağırlaşmış katarakta, ODfəsadlı yetişməmiş katarakta”dır. Hazırki iş üzrə həmin qüvvədən düşmüş qaydaların 2.2-ci bəndinin tətbiqi onunla səciyyələnir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən də qəbul edilmiş və X2 tərəfindən təsdiqlənmiş “Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı”nın “Görmə pozğunluqları və korluq” adlı bölməsinin H54.4 alt bölməsinə əsasən Monokulyar korluq bir gözün 3, 4, 5-ci dərəcəli və digər gözün 0, 1, 2 və ya 9-cu dərəcəli görmə pozğunluğudur. Həmin hissənin qeyd hissəsinə əsasən H54 rubrikasında görmə qabiliyyətinin pozulması termininə görmə qabiliyyətində zəif və ya sıfır pozulma hallarında0 dərəcə, görmə qabiliyyətinin orta dərəcədə pozulması hallarında 1-ci dərəcə, ciddi görmə pozuntuları hallarında 2-ci dərəcə, korluq hallarında 3-cü, 4-cü və 5-ci dərəcələr və tam korluğa görə 9-cu dərəcə daxildir. Əvvəlki buraxılışda istifadə olunmuş “Zəif görmə” termini 1-ci və 2-ci dərəcələr ilə əvəz olunmuşdur ki, zəif görmə ilə əlaqədar müalicəyə ehtiyacı olanlar ilə qarışıqlıq yaranmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.5.14-ci maddəsinə əsasən bir gözün olmaması və ya əməli korluğu (görmə itiliyinin korreksiya ilə 0,04 və ondan az olması, yaxud görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması) (H54.4)t tibbi göstəriş olan xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, inzibati organ tərəfindən yuxarıda göstərilən tələblərə riayət olunmamışdır. Odur ki, apellyasiya şikayəti əsassız oldugundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibatı Məhkəməsinin 2-1(112)-3484/2020 saylı 15 dekabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-997/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-997/2022
01.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver