Məhkəmə qərarları › İş №2-1(103)-997/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-997/2023

25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-997/2023 25.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3867/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı öhdəliyin icrası haqqında (İPM.34.1.) iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, onun pensiya hüququnun yarandığı xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək ödənilməmiş məbləğin hesablanaraq, birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək daxili işlər, xx.xx.2006-cı il tarixdən xx.xx.2013-cü il tarixədək fövqəladə hallar orqanlarında xüsusi rütbəli şəxs kimi müxtəlif vəzifələrdə xidmət etmiş, ümumilikdə xidmət müddəti Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim olunmuş 12/12/xr- 1960 nömrəli məlumat vərəqəsinə əsasən 20 il 17 gün təşkil edir. Tərəfindən xx.xx.2021-ci il tarixdə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi yaşa görə əmək pensiyasının təyin olunması, 13 oktyabr 2021-ci il tarixdə isə hüquqlarının yarandığı andan etibarən ödənilməli olan fərq məbləğinin bir dəfəyə ödənilməsi üçün müraciət etmiş, lakin DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********3 nömrəli cavab məktubu ilə yalnız keçmiş 3 il ərzində ödənilməmiş əmək pensiyasının hesablanaraq hər ay hissə-hissə ödəniləcəyi qeyd edilmişdir. Cavabdeh bu mövqeyini “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Lakin onun əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən isə görünür ki, xx.xx.2013-cü il tarixədək Fövqəladə Hallar Nazirliyində xidmət etmiş, və pensiya hüququ da məhz, həmin vaxtdan, yəni xx.xx.2013-cü il tarixdən yaranmışdır. Belə ki, xx.xx.2013-cü il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən ömürlük təyin edilir. Nəticədə həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yaşa görə pensiya hüququna əsasən ona ödəniləcək məbləğ yaşa görə əmək pensiyası hüququnun yarandığı gündən hesablanmalıdır. Bundan başqa “Əmək pensiyaları haqqında" Qanunun 32.1-1-ci maddəsi 2018-ci il tarixdə həmin qanuna əlavə edilmişdir. Yəni, onun pensiya hüququ yarandığı an həmin maddə qanunvericilkdə öz əksini tapmamışdır. Həmçinin xx.xx.2013-cü il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Yəni cavabdeh təşkilatın pensiya hüququnun yarandığı vaxt qüvvədə olmayan maddi hüquq normalarına istinad edərək, hüquqlarını məhdudlaşdırılması tamamilə əsassız və qanunsuzdur...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3867/2022saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçı əmək pensiyası hüququ xx.xx.2013-cü il tarixdən yaranmışdır. MPM-in 217.2-ci maddəsi baxımından qərar mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanununa və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2013-cü il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən ömürlük ndən görünür ki, təyin edilir. Nəticədə həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq yaşa görə pensiya hüququna əsasən İddiaçı ödəniləcək məbləğ yaşa görə əmək pensiyası hüququnun yarandığı gündən hesablanmalıdır. Bundan başqa, həmin Qanunun 32.1-1-ci maddəsi 2017-ci il tarixdə həmin qanuna əlavə edilmişdir. Yəni, iddiaçının pensiya hüququ yarandığı an həmin maddə qanunvericilkdə öz əksini tapmamışdır.Həmçinin xx.xx.2013-cü il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Lakin Bakı İzibati Məhkəməsi tərəfindən MPM-in 217.2-ci maddəsinin tələbləri nəzər alınmamış, mübahisəyə hazırda qüvvədə olan maddi hüquq normalarının tələbləri təbiq edilmişdir. Tərəflər arasındakı hüquq münasibəti xx.xx.2013-cü il tarixdə yarandığı üçün mübahisəli hüquq münasibətinə həmin dövrdə qüvvədə olan maddi hüquq normasına əsasən hüquqi qiymət verilməlidir...” Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir (hazırkı iclas barədə məlumatlanıdırılsa da məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü madəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.) Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi L.Xəlilzadə qanunvericiliyə uyğun iddiaçıya müraciət etdiyi tarixdən üç il əvvəl üçün pensiya hesablanaraq ödənildiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi, iddiaçı xx.xx.2006-cı il tarixədək daxili işlər orqanlarında, xx.xx.2006-cı il tarixdən xx.xx.2013-cü il tarixədək fövqəladə hallar -orqanlarında xüsusi rütbəli şəxs kimi müxtəlif vəzifələrdə xidmət etmişdir. O, 02 sentyabr 2021-ci il tarixdə pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş və Fövqəladə Hallar Nazirliyi tərəfindən göndərilmiş məlumat vərəqinə əsasən Filialın xx.xx.2021-ci il tarixli qərarı ilə ona “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq, 20 il 17 gün xidmət müddətinə görə təminat xərcliyinin (852,10 manat) 50 faizi (426,05) manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmiş, əvvvəlki üç il üçün xx.xx.2018-ci il tarixdən hesablanmaqla ödənilir. İşin mübahisələndirilən hallarına görə iddiaçı hesab edir ki, onun xüsusi rütbəli şəxs kimi, yaşa görə pensiya hüququ Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən xidmətdən buraxıldığı xx.xx.2013-cü il tarixdən yaranmışdır. Odur ki, ona münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun həmin vaxt qüvvədə olan normaları tətbiq olunmaqla, xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək ödənilməmiş pensiya məbləği birdəfəlik ona ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, Əmək pensiyaları haqqında” Qanunun: iddiaçının pensiya təyinatı üçün cavabdehə müraciət etdiyi vaxt qüvvədə olan: 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7.-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Qanunun qeyd olunan normalarının tələblərindən göründüyü kimi, əmək pensiyası hüququ olan şəxs istənilən vaxt əmək pensiyası təyin etmək üçün müraciət etmək hüququ olsa da, əmək pensiyası hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət etdiyitarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, təyin edilir. Qeyd olunmalıdır ki, oxşar məhkəmə mübahisələri ilə əlaqədar artıq formalaşmış məhkəmə təcrübəsi də mövcuddur. Belə ki, “...Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli Qərardadında qeyd olunan hüquqi mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir...” İşin hallarından da göründüyü kimi, cavabdehin xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçıya müraciət etdiyi tarixdən əvvəlki üç il üçün hesablanmaqla xx.xx.2018-ci il tarixdən pensiya təyin edilmiş, həmin qərar mübahisələndirilməmiş, qanuni qüvvəsini almış və hal-hazırda həmin qərar əsasında pensiya ödənişi davam etdirilir. “İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçının xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ona birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə iddia tələbinnın təmin edilməsini zəruri edən faktiki şərtlər mövcud deyildir. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə, iş üzrə hərtərəfli araşıdırma aparmış, iddianı rədd etməklə mahiyyəti üzrə - işin hallarına və maddi hüquq normalarına uyğun olan nəticəyə gəlmişdir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qərar olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3867/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 14, 69, 73, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3867/2022saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar