Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-998/2020 27.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 Xüsusi X1rşı pensiyanın təyin edilməsi tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-5281/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5095/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 52 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 X5 İdarəsinə həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki,idarə tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli **********1 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatı haqqında” cavab məktubunda İddiaçı güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi məsələsinə baxılmasından imtina etməmiş, müvafiq sənədlərin əsllərini tam şəkildə təqdim etdikdən sonra ona güzəştli pensiya təyinatının aparılması məsələsinə baxılacağını bildirilmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən iddiaçının müraciətinə verilən cavab imtina kimi qəbul edilə bilməz. Ona görə də İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinin tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşının tamam olduğu xx xxxxxxx 2018-ci il tarixindən təyin olunması vəzifəsinin Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanında Dövlət X6 X5 idarəsinə həvalə edilməsinə dair iddiası mümkün sayılmamalıdır. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının vəkili Vəkil apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Аzərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddianın mümkün sayılmamasına dair apelyasiya şikayətinin dəlillərinə qiymət verməyi zəruri hesab edir. Cavabdeh iddiaya etirazında və apelyasiya şikayətində iddiaçıya müvafiq sənədlərin əsllərini tam şəkildə təqdim etdikdən sonra ona güzəştli pensiya təyin edilməsi məsələsinə baxılacağını bildirdiyindən, verilən cavabın imtina olmadığından iddianın mümkün sayılmamasını xahiş etmişdir. Bu dəlillə bağlı Kollegiyanın iclasında iddiaçı bildirmişdir ki, pensiya təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, ona aid sənədlərin əsillərinə cavabdehin əməkdaşı tərəfindən baxış keçirilmiş, pensiya təyin ediləcəyi ilə bağlı əlavə olaraq dəvət ediləcəyi bildirilmişdir. Lakin, bir müddət sonra o, həqiqəti əks etdirməyən məzmunda cavabdehin məktubunu almış, bunu imtina kimi qəbul edərək məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı da Kollegiyanın tövsiyəsini nəzərə alaraq yenidən sənədlərin əslləri ilə cavabdeh orqana müraciət etmiş, lakin onun sənədlərini qəbul etməkdən imtina edilmiş, cavabdehin əməkdaşı sənədləri idarənin poçtuna atmağı məsləhət vermiş, lakin sənədlərin itiriləcəyindən ehtiyatlanaraq bunu etməmişdir. Göründüyü kimi iddiaçı cavabdeh orqan tərəfindən verilən cavabın həqiqəti əks etdirmədiyini bildirmişdir. İddiacı iddia ərizəsinə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi zamanı tələb ediləcək bütün sənədlərin təsdiq olunmuş surətlərini əlavə etmişdir. İş materiallarından və tərəflərin izahatlarından görünür ki, iradə ifadəsi yaşa görə pensiya təyin edilməsi olan iddiaçınin sənədlərin əsllərinin cavabdeh orqana təqdim etməklə məqsədinə tez çatmaq mümkün olduğu halda, müqayisədə daha çox vaxt, həm də xərc tələb edən (vəkilin xidmətindən istifadə etmək) ədalət mühakiməsi yolunu tutması və sənədlərin əslinin cavabdehə təqdim edilməməsində maraqlı olmaması, iddiaçıya ünvanlanmış məktubun məzmununun həqiqəti əks etdirmədiyinə dəlalət edir. Qeyd edilənlərə əsasən Kollegiya iddiaçının dəlillərini əsaslı hesab edərək, iddiaçının müraciətinə “İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda göstərilən qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədlərin əsllərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla bilər” məzmunda cavabdehin cavabını imtina kimi qiymətləndirir. İddianın qanuniliyi və əsaslılığına gəldikdə isə aşağadakılar müəyyən edilmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 Xüsusi X1rşı iddia ərizəsi ilə müraciət edərək, ona “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşı tamam olduğu xx xxxxxxx 2018-ci il tarixindən təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2006-cı il tarixə kimi 20 ildən artıq əmək stajı olduğundan və həmin stajın 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə işlədiyindən, həmçinin xx.xx.2018-ci il tarixdə 52 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci bəndinə əsasən həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (mübahisə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... xx xxxx 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin tələbinə görə şəxsin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı əsasında güzəştli şərtlə pensiya hüququnun yaranması üçün x xxxxxx 2006-cı ilədək tələb olunan həm ümumi iş stajı (ən azı 20 il), həm də Siyahıda qeyd edilən peşədə işləməsini təsdiq edən xüsusi stajı (ən azı 10 il) mövcud olmalıdır. İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx xxxxxxx 1966-cı il tarixdə doğulmuşdur. Diplomunun, hərbi biletinin və əmək kitabçasının surətlərindən görünür ki, xx xxxxxxxx 1983-cü il tarixdən xx xxxx 1990-cı il tarixinədək Azərbaycan Neft-Kimya İnstitutunda əyani təhsil almış, həmin təhsil illəri müddətində xx xxxx 1985-ci il tarixdən xx xxx 1987-ci il tarixinədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, xx xxxxxxx 1990-cı il tarixdən xx xxxxxx 1990-cı il tarixinədək “Sənayecihaz” İB-nin konsttuktor-tədqiqat şöbəsində mühəndis vəzifəsində, xx xxxxxx 1990-cı il tarixdən xx xxxxxxxx 1991-ci il tarixinədək “Xəzər-1” üzən dəniz qazma qurğusunda avadanlıqların təmiri üzrə çilingər (1 nömrəli siyahı üzrə kod: 1100000a-18496) vəzifəsində, xx xxxxxxxx 1991-ci il tarixdən xx xxxxxx 1994-cü il tarixinədək həmin qurğuda quyuların qazılması üzrə mexanik (1 saylı siyahı üzrə kod:1100000b-23485) vəzifəsində, xx xxxxxx 1994-cü il tarixdən xx xxxx 1997-ci il tarixinədək “Şelf-5” və “Xəzər-5” qurğularında qazma qurğusunun motorçusu (1 saylı siyahı üzrə kod: 1100000a-14713) vəzifəsində, xx xxxx 1997-ci il tarixdən xx xxxxxxxx 1998ci il tarixinədək həmin qurğuda quyuların qazılması üzrə mexanik (1 saylı siyahı üzrə kod: 1100000b-23485) vəzifəsində, xx xxxx 1998-ci il tarixdən xx xxxxxxxx 2001-ci il tarixinədək X7 portalda fəhlə vəzifəsində, xx xxxxxxxx 2001-ci il tarixdən xx xxxxxx 2004-cü il tarixinədək “İstiqlal” qurğusunda motorçu (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 1 saylı siyahı üzrə kod:1100000b-14713) vəzifəsində işləmiş, xx xxxxxx 2004-cü il tarixdən x xxxxxx 2006-cı ilədək həmin qurğuda quyuların qazılması üzrə mexanik (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 1 saylı siyahı üzrə kod: 1100000b-23485) vəzifəsində işləmişdir. Göründüyü kimi iddiaçının x xxxxxx 2006-cı il tarixə ən azı 10 il əmək şəraiti zərərli və ağır olan işlərdə çalışması təsdiq edilir. Qeyd edilənlərə əsasən iddiaçının 52 yaşı olarkən (xx xxxxxxx 2018-cİ il) 20 ildən artıq ümumi stajı, onun da 10 ildən cox güzəştli şərtlə yaşa görə pensiya hüququ verən xüsusi stajı olduğundan, onun güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə iddiası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 X5 İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5281/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Ülvi Mayılov Hakim: Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-998/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-998/2020
27.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver