Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-998/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Məmmədov Vidadi Məmməd oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-2576/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı məhkəmədə iddia qaldıraraq, ona məcburi köçkün statusunun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxxxx 1959-cu il tarixində Zəngilan rayonunun Mincivan qəsəbəsində doğulmuş və ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. 1993-cü ildə Zəngilan rayonunun işğalından sonra məcburi köçkün kimi Bakı şəhərində məskunlaşmışdır. 1999-cu il tarixə kimi aylıq müavinət almışdır. 1999-cu il tarixdə yaşayış yeri üzrə qeydiyyatdan çıxmış və 2015-ci il tarixdə yenidən yaşayış yeri üzrə qeydiyyata düşmüş və hazırda Yasamal rayonunda məcburi köçkün kimi qeydiyyatdadır. İddiaçının ona məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və X3 Üzrə Dövlət Komitəsinə etmiş olduğu müraciəti təmin edilməmiş, buna əsas olaraq işğaldan əvvəl Zəngilan rayonunda pasport və ya hərbi qeydiyyatda olduğunu təsdiq edən arayışların təqdim edilməməsi göstərilmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli, 02/905 saylı məktuba əlavə olunmuş iddiaya dair yazılı etirazında bildirilmişdir ki, iddiaçı 2019-cu ilin sentyabr ayında Komitəyə ərizə ilə müraciət etmiş, Komitə tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli 01/13660 nömrəli məktubla isə məcburi köçkün statusunun müəyyənləşdirilməsi üçün İddiaçı işğaldan əvvəl Zəngilan rayonunda neçənci ildən pasport və ya hərbi qeydiyyatda olduğunu təsdiq edən müvafiq arayışların Komitəyə təqdim edilməsi və həmin sənədlər təqdim edildikdən sonra ona və ailə üzvlərinə “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a əsasən məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi məsələsinə baxılacağı bildirilmişdir. Vətəndaş İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi üçün Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə ərizə ilə müraciət etsə də, qeyd olunan sənədlər təqdim edildikdən sonra ona məcburi köçkün vəsiqəsinin verilməsi məsələsinə baxılacağı bildirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2576/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiasına dair mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək iddiaçının tələbinin təmin olunması məqsədilə, ərizəsinin yenidən araşdırılması ilə bağlı zəruri sənədlərin Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə rəsmi olaraq təqdim edilməsi üçün İddiaçı 10 (on) gün müddət (qərardadın rəsmi qaydada təqdim edildiyi gündən), “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə 15 (on beş) gün müddət (sənədlərin rəsmi qaydada təqdim edildiyi gündən) təyin edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-2576/2020 nömrəli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmiş, İddiaçı məcburi köçkün statusunun verilməsi öhdəliyi Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh xx.xx.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-2576/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, DİN-nin Zəngilan RPŞ tərəfindən verilmiş 202-3156-149 saylı, xx.xx.2019-cu il tarixli arayışda göstərilən məlumatlar Zəngilan RİH-nin başçısının xx.xx.2019-cu il tarixli 989 nömrəli arayışına istinad olunmaqla yazılmışdır. Belə ki, həmin arayışda Zəngilan rayonunun işğalı zamanı (xx.xx.1993-cü il) İddiaçı pasport qeydiyyatında olub-olmamasını təsdiq edən heç bir mötəbər məlumat yoxdur. Məhkəmə iddiaçının fərdi uçot kartoçkasında aparılmış qeydlərə istinad edərək, İddiaçı xx.xx.1976-cı il tarixdən Zəngilan rayon hərbi komissarlığında hərbi uçota alındığını göstərmişdir. Halbuki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon bölməsinin xx.xx.2019-cu il 258 nömrəli arayışına əsasən müəyyən olunur ki, iddiaçının Zəngilan rayonunun işğaldan əvvəlki hərbi qeydiyyatı barədə məlumat verilməsi mümkün deyildir. Məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Əsasnaməsinə, Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında məcburi köçkünlərə ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Komitə tərəfindən iddiaçının ərizəsi ona məcburi köçkün statusunun verilib-verilməməsini müəyyənləşdirilməsi üçün araşdırılma aparılmış və xx.xx.2020-ci il tarixli 01/22547 nömrəli məktubla ona cavab verilərək bildirilmişdir ki, təqdim etdiyi sənədlərə baxış zamanı və aparılmış araşdırmaya uyğun olaraq, iddiaçı xx.xx.1992-ci il tarixdən Zəngilan rayonu, Mincivan qəsəbəsindən qeydiyyatdan çıxaraq ünvan 3 mənzil "78 ünvanına qeydiyyata düşmüşdür (Əsas: Qeyd edilmiş ünvanın MKİS-nin təqdim etdiyi Forma A kartı). Məhkəmə tərəfindən bu əsasa hüquqi qiymət verilməmiş və nəzərə alınmamışdır. Eyni zamanda DİN-nin Xətai RPİ Q və ŞV şöbəsinin iddiaçıya xx.xx.2004-cü il tarixdə verdiyi AZE 02042623 seriya nömrəli şəxsiyyət vəsiqəsinin X5 də qeydiyyatda olduğu ünvan ünvan 3 mənzil 78 qeyd edilmiş, şəxsiyyət vəsiqəsi alarkən, köhnə nümunəli NZ ******* seriya nömrəli hərbi bilet təqdim etdiyi qeyd edilmişdir. "Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 2.0.5-ci bəndinin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrini və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələri şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə bütün çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmasıdır. Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. MKİS-nin təqdim etdiyi Forma A kartına əsasən, iddiaçı xx.xx.1992-ci il tarixdən Zəngilan rayonunun işğalından əvvəl (xx.xx.1993), Zəngilan rayonu Mincivan qəsəbəsindən qeydiyyatdan çıxaraq ünvan 3 mənzil 78 ünvanına qeydiyyata alındığından, Komitəyə həmin müddətdə başqa bir ünvanda olduğu yer üzrə qeydiyyata alınmasına dair iddiaçı tərəfindən heç bir sənəd təqdim olunmamış və nəticədə yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvanın faktiki məskunlaşdığı ünvan olması, həmçinin yaşayış yeri üzrə qeydiyyatda olduğu Bakı şəhəri Xətai rayonunda həm də hərbi qeydiyyatda olmasını göstərir. Əlavə olaraq iddiaçı yalnız xx.xx.2010-cu il tarixdə Xətai rayonundan qeydiyyatdan çıxaraq ünvan 7 ünvanına pasport qeydiyyatına düşmüşdür. Zəngilan rayonunun işğalından əvvəl orada hərbi və ya pasport qeydiyyatında olması ilə bağlı aidiyyəti qurumların (Zəngilan RPŞ və SHDXÇDX-nin Zəngilan rayon şöbəsi) verdiyi arayışlarda heç bir məlumat olmaması qeyd edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın tələblərinə görə “məcburi köçkün” (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Qanunvericilikdə nəzərdə tutulan daimi yaşayış yeri dedikdə, sakini olduğu rayon və ya şəhər işğal edilənədək, həmin rayon və ya şəhərdə yaşayış yeri üzrə daimi qeydiyyatda (pasport) olmaqla yaşadığı yer başa düşülür. Odur ki, Zəngilan onunun işğalından əvvəl orada hərbi və ya pasport qeydiyyat olmadığından, iddiaçıya məcburi köçkün statusunun verilməsi qaydalara uyğun deyildir. İşin apellyasiya icraatı zamanı xx.xx.2021-ci il tarixdə cavabdehin nümayəndəsi X2 ərizə təqdim edərək, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Məcburi köçkünlər haqqında vahid elektron məlumat bazasının Ölüm haqqında məlumat servisinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi ərizəni müdafiə edərək, onun təmin edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini və ərizəni araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və hazırkı inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.1-ci və 25.2-ci maddələrinə görə, Fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Şərh olunan maddələrin normalarına görə, hüquq qabiliyyəti fiziki şəxsin doğulduğu an əmələ gəlir və ölümü ilə xətm olunur. Qanun ölüm anını beyinin fəaliyyətinin dayanması kimi müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. İşin apellyasiya icraatı zamanı təqdim edilmiş AZ-İİ № 164702 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci ildə ölmüşdür.Bu barədə ölüm haqqında akt qeydlər kitabında 2020-ci ilin 12-ci ayının 24-cü günündə 1195 №- ilə qeyd edilmişdir. Ölümün səbəbi – ağciyər-ürək çatmamazlığının digər dəqiqləşdirilmiş formaları; ölüm yeri – Bakı şəhəri, Nizami rayonu; (təkrarən) verildiyi tarix – xx xxxxxx 2021-ci il (Qeydiyyat orqanının vəzifəli şəxsi Gültən Abdullayeva) Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən ölüm haqqında şəhadətnamədən göründüyü kimi İddiaçı xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Prosessual hüquq varisliyi maddi hüquq varisliyi ilə sıx bağlıdır. Ona görə də əgər maddi hüquq münasibətlərində hüquq varisliyinə yol verilirsə, prosessual hüquq varisliyi də mümkündür. Hüquq və vəzifələrin başqa şəxsə keçməsinə yol verilməyən öhdəliklərdə, habelə varisliyə yol verməyən hüquq münasibətlərində tərəfin sıradan çıxması həmin öhdəliyin və ya hüquq münasibətlərinin xitamına səbəb olur və belə halda prosessual hüquq varisliyi yarana bilməz (məsələn, alimentin tutulması, kreditorun şəxsiyyəti ilə sıx bağlı olan öhdəliyin (hər hansı incəsənət əsərinin yaradılması, qanunsuz olaraq işdən çıxarılmış işçinin işə bərpa olunması haqqında tələblər və s.). İşdən göründüyü kimi iddiaçının tələb etdiyi ona məcburi köçkün statusunun verilməsi şəxsi xarakter daşıyır, yalnız onun özünə mənsub ola bilən hüquqdur və bu hüququn başqasına keçməsi mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı qismində çıxış etmiş İddiaçı vəfat etdiyindən və qanunvericilik normasının tələblərinə uyğun olaraq, barəsində mübahisə edilən hüquq münasibəti - məcburi köçkün statusunun verilməsi barədə iddia tələbi hüquq varisliyinə yol vermədiyindən cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsin əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İPM-in 1.2, 88, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-2576/2020 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “ ona məcburi köçkün statusunun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddia tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi, 14, 1193cü məhəllə) inzibati kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-998/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-998/2021
16.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver