Məhkəmə qərarları › İş №2-1(103)-998/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-998/2022

18.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-998/2022 18.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qızına qarşı “artıq alınmış pensiya məbləğinin qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2-1(112)-3570/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 18 fevral 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qızına qarşı artıq ödənilmiş 21982.14 manat pensiya məbləğinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2-1(112)-3570/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti vermiş əlavə olaraq qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. İnzibati orqanın icra sənədi qəbul etmək hüququnun olması onun məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıra bilməz. Bundan əlavə, həmin maddədə qeyd edilmiş məhkəmənin ümumi yoxsa inzibati məhkəməsi olması müəyyən edilməmişdir. Pensiya işləri ilə əlaqədar mübahisələrə inzibati məhkəmədə baxıldığına görə, həmin münasibətlərdən yaranan artıq alınmış pensiya məbləğinin qaytarılmasına dair iddia tələblərinə də inzibati məhkəmələrdə baxılmalıdır. Göstərilənlərə əsasən, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması və baaxılması üşün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 1 sentyabr tarixli, 2- 1(103)-1814/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2021-ci il 2 mart tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2-1(102)-2218/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 1 sentyabr tarixli, 2-1(103)-1814/2021 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 02 mart 2021ci il tarixli, 2-1(112)-3570/2021 saylı qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. İşdən görünür ki, iddiaçı cavabdehə 07.03.2007-30.06.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 21982,14 manat artıq pul vəsaitinin ödənildiyini əsas gətirərək həmin artıq ödənilmiş vəsaitin qaytarılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələblərinə uyğun qaydada yazılı razılığının Mərkəzi Filiala təqdim edilməsi barədə cavabdehə 13.10.2020-ci il tarixli, **********6 nömrəli məktubla müraciət etmiş, əks halda həmin maddəyə uyğun olaraq əmək pensiyasından tutulmanın aparılması üçün məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, inzibati orqan təsnifatına aid edilən iddiaçının Cavabdeh qızına pensiyanın təyin edilməsi barədə qərarı əlverişli inzibati akt sayılır və onun qanunsuz sayılmaqla “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələbləri çərçivəsində ləğvi inzibati orqanın özünün də səlahiyyətindədir. Belə olan halda, inzibati orqan kimi iddiaçının həmin Qanunun 82.1, 82.2, 82.3-cü maddələrinin tələblərinə əsaslanaraq, cavabdehə münasibətdə əlverişli inzibati aktın (pensiya təyin edilməsi) ləğvinə dair və pensiya kimi ona ödənilmiş pul vəsaitinin qaytarılması barədə yeni inzibati akt qəbul etməklə icraya yönəltmək hüququ var. Pul tələblərinin icra edilməsi zamanı tələbin icraya yönəldilməsi haqqında qərar icra sənədi kimi çıxış edir. İnzibati akt əsasında tərtib olunmuş qərarın icrası isə qanunvericiliyin tələblərinə əsasən icra məmurları tərəfindən həyata keçirilir. Bu növ olan işlərdə isə, məhkəmə qərarı tələb olunmur. Konstitusiya Məhkəməsinin Plenumu “İnzibati icraat haqqında” Qanunun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair» 2011-ci il 13 sentyabr tarixli Qərarında isə qeyd etmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçı hazırkı tələblə inzibati məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldıra bilməz. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə öz qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddianın mümkünsüzlüyü ilə bağlı gəldiyi nəticənin əsası kimi “İnzibati icraat haqqında” Qanunun 67.1-ci, 67.2-ci, 67.4-cü, 67.5- ci, 67.7-ci maddələrinə, həmçinin həmin Qanunun 81.1-ci, 82.1-ci, 82.2-ci və 82.3-cü maddələrinə istinad etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi “İnzibati icraat haqqında” Qanunun 67.1-ci, 67.2-ci, 67.4-cü, 67.5ci, 67.7-ci maddələrinin hazırkı mübahisəyə tətbiqini zəruri edən şərtləri qərardadında göstərməmişdir. “İnzibati icraat haqqında” Qanunun 81.1-ci, 82.1-ci, 82.2-ci və 82.3-cü maddələrinə istinada gəldikdə, apellyasiya instansiyası məhkəməsi həmin normalara hazırkı mübahisənin məqsədləri üçün o halda istinad edə bilərdi ki, iddiaçı inzibati orqan hazırkı tələbində nəzərdə tutulan pul məbləğinin (artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin) məhkəmədənkənar qaydada tutulması barədə inzibati akt qəbul etmək səlahiyyətinə malik olsun. Qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda, belə razılıq olmadığından, iddiaçı hazırkı məzmunda tələblə məhkəməyə müraciət etmişdir. Həmçinin, qərarda göstərilmişdir ki, iddianın mümkün hesab edilməsi ilə bağlı tələbə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində (o cümlədən, iş üzrə yekun qərarın qəbul edilməsi mərhələsində) yoxlanılmalı olduğundan, şikayət həmin hissədə təmin oluna bilməz. Hazırkı halda, məhkəmə kollegiyası iddianın məhz apellyasiya instansiyası məhkəməsinin əsaslandığı hallara görə mümkünsüzlüyü ilə razılaşmamışdır. Bu qənaət isə, işə mahiyyəti üzrə baxan məhkəmənin iddianın digər mümkünlük şərtlərini yoxlamaq vəzifəsinə təsir etmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.2-ci maddəsinə əsasən bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Qanunvericiliyin tələbinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı olduğu təqdirdə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında tutula bilər, əks halda həmin məbləğin məhkəmə qaydasında tutulması göstərilmişdir. İşin hallarından göründüyü kimi inzibati orqan artıq ödənilmiş vəsaitin qaytarılması ilə bağlı razılığın verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdehin həmin məbləğin qaytarılması ilə bağlı razılığı olmamışdır. Həmçinin, qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında tutula bilər, hazırkı halda isə belə razılıq olmadığından inzibati orqan həmin məbləğin məhkəmə qaydasında tutulması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Odur ki, birinci instansiya məsəhkəməsi istinad etdiyi hallarla bağlı iddia tələbini mümkün saymamaqda haqlı olmamışdır. Hazırkı tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2-1(112)-3570/2021 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar