Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-998/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğvi və.s” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10473/2024 saylı 07 oktyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 12 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair xx.xx.2017-ci il tarixli əmrin ləğv edilməsi, həqiqi hərbi xidmətdən ehtiyata buraxılma əsasının dəyişdirilməsi, itirilmiş illərin xidmət illərinə əlavə edilməsi və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkilinin ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “iddiaçının “xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı ilə bağlı” cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2017-ci il tarixli, 0529 nömrəli əmrinin ləğv edilməsi və cavabdehin üzərinə iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılma əsasının dəyişdirilməsi, itirilmiş illərin xidmət illərinə əlavə edilməsi, xx.xx.2017-ci il tarixli, 0529 nömrəli əmr ləğv edilənə qədər olan müddət üçün məcburi iş buraxma üçün əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1991-ci il tarixdə Cəbrayıl rayonunda doğulmuşdur. İddiaçı 2014-cü ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsini bitirdikdən sonra tibb xidməti leytenantı rütbəsinə yiyələnmiş və xidmətini davam etdirmək üçün Müdafiə Nazirliyinin Tərtər rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinə göndərilmişdir. N may 2017-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanatla çıxış etmişdir. Bəyanatda göstərilmişdir ki, “Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçular və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə zidd olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər”. Sonradan mətbuatda və sosial şəbəkələrdə çoxsaylı hərbi qulluqçuların və onların ailə üzvlərinin şərti olaraq “Tərtər işi” adlandırılan və yuxarıda qeyd edilən bəyanatda nəzərdə tutulmuş cinayət işlərinin gedişində ağır işgəncələrə, qeyri-insani rəftara, qanunsuz və əsassız dindirmələrə və digər qanunsuz əməllərə məruz qalması ilə bağlı şikayətləri yayılmağa başlamış, müxtəlif hüquq-mühafizə orqanlarına və dövlət qurumlarına ərizələr ünvanlanmış, ictimai etirazlar təşkil olunmuşdur. 18 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti birgə məlumatla çıxış etmişdir. Həmin məlumatda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində yol verilmiş qanunazidd əməllərlə bağlı icraat təzələnmişdir. Bununla da, şərti olaraq “Tərtər işi” adlandırılan hadisələrin yenidən araşdırılmasına başlanılmışdır. Aparılmış istintaq hərəkətləri nəticəsində çoxsaylı hərbi qulluqçular, o cümlədən hazırkı iş üzrə iddiaçı zərərçəkmiş şəxs qismində tanınmış, cinayət işləri baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Bakı Hərbi Məhkəməsinin l-l(093)-58/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, X6 xx.xx.2017-ci ildən etibarən Müdafiə Nazirliyinin Ordu Birləşməsinin tərkibində olan N nömrəli hərbi hissənin komandiri vəzifəsində, polkovnik hərbi rütbəsinidə həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi vəzifəli şəxs olaraq yaradılmış mütəşəkkil dəstəyə yuxarı komandanlıq tərəfindən cəlb olunaraq X1, X7 və digərləri ilə mütəşəkkil dəstədə birləşib dövlətə xəyanət faktları üzrə təhqiqat apararaq təşkilati sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs olmaqla əvvəlcədən hazırlanmış plana və vəzifə bölgüsünə uyğun olaraq Müdafiə Nazirliyinin Tərtər rayonu ərazisində yerləşən N nömrəli hərbi hissənin düşmənlə təmas xəttində yerləşən bölmələrinin hərbi qulluqçularının qanunsuz erməni silahlı birləşmələrinin hərbi qulluqçuları və ya xüsusi xidmət orqanlarının əməkdaşları ilə əməkdaşlıq edə biləcəyinə dair şübhələrin olması ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edərkən heç bir halda onlara qarşı fiziki və psixi zor tətbiq etmək səlahiyyətlərinin olmamasına baxmayaraq, 5 may 2017-ci il tarixdə gündüz saatlarında özü və dəstənin digər üzvləri tərəfindən fiziki və psixi zor tətbiq edilərək işgəncə verilməklə sorğu-sual edilməsi üçün N nömrəli hərbi hissənin Tərtər rayonu Şıxarx qəsəbəsində yerləşən köhnə qərargah binasına gətirilərək 2-ci mərtəbədə otaqlardan birinə yerləşdirilmiş, həmin hərbi hissənin 2-ci taborunun tibb məntəqəsinin rəisi, tibb xidməti leytenantı İddiaçı barəsində düşmənlə əməkdaşlıq şübhəsi ilə bağlı təhqiqata qanunvericiliklə qadağan olunmayan qaydada aparmalı olduğu halda İddiaçı əllərini və gözlərini yapışqan lent və əski parçası ilə bağlamaqla onda psixoloji qorxu yaratmaqdan ötrü əxlaq və mənəviyyat normalarına zidd formada hərbi geyimləri soyundurub onun düşmənlə əməkdaşlıq etməsinə əsaslı şübhələr olmadığı halda ondan düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri, onun özünün hansı hərbi qulluqçuların düşmən tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etməsi, düşmənlə əməkdaşlıqedən digər hərbi qulluqçular barədə məlumatlar verməsini tələb edərək mütəşəkkil dəstənin əvvəlcədən müəyyən olunmuş məqsədinə nail ola bilmədikdə İddiaçı düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər, yəni günün müxtəlif saatlarında, müəyyən fasilələr verilməklə, davamlı şəkildə, qeyd edilən yerdə, əllərini arxadan, habelə ətrafda baş verənləri görməməsi üçün əski parçasını gözünün üstünə salıb lentlə bağlamaqla sərbəst hərəkət etməsini məhdudlaşdıraraq bədəninin müxtəlif nahiyələrinə yumruq, sillə və təpiklə dəstənin üzvləri ilə birlikdə çoxsaylı zərbələr vurmuş, əvvəlcədən müəyyən olunmuş cinayətkar məqsədə nail ola bilmədikdə, qanunsuz əməllərini davam etdirərək dəstənin məqsədlərinə xidmət edən həqiqətə uyğun olmayan əlavə məlumatlar almaq, daha çox “vətən xaini” ifşa etmək, habelə törətdiyi əməllərə görə ondan qisas alınmasından ötrü mütəşəkkil dəstənin üzvləri ilə birlikdə eyni qaydada ona qarşı qeyd edilən qanunsuz hərəkətləri davam etdirib vəzifəli şəxs kimi dəstə üzvləri ilə birlikdə xidməti silahlardan istifadə edərək silah tətbiq olunmaqla İddiaçı hüquqlarının kobud şəkildə pozulmasında ifadə olunan ağır nəticələrə səbəb olan mütəşəkkil dəstə tərkibində təkrarən qulluq səlahiyyətini aşaraq mütəşəkkil dəstənin cinayətkar məqsədlərinə nail olmaq məqsədilə İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2017ci il tarixdən xx.xx.2017-ci il tarixədək Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən Bakı qarnizonu haupvaxtmda, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Müdafiə Nazirliyinin Ağcabədi rayonu Sancalı kəndində yerləşən 056 nömrəli hərbi hospitalında, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov 3 ünvanında yerləşən Silahlı Qüvvələrin Baş klinik hospitalında, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Yevlax rayonu Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin köhnə inzibati binasında, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Bakı qarnizonu hospitalında mütəşəkkil dəstənin üzvləri ilə birlikdə eyni qaydada fiziki zor tətbiq edərək güclu fiziki ağrı, habelə mütəmadi olaraq etiraf etmədiyi halda saxlandığı yerdən çıxa bilməyəcəyini bildirməklə və şəxsiyyətinin ifrat dərəcədə alçaldılmasında əks olunan psixi iztirablar verilməklə düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər edib sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən “hər iki kürək nahiyəsində sağalmış qançır izləri olan piqmentasiyalar, burun belində, sol bel nahiyəsində, hər iki aşağı ətraflarda çoxsaylı yaralarının sağalmış izləri olan çapıq toxumalar” xəsarətləri yetirib faktiki xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi qismində çıxış edən şəxs kimi dəstəyə rəhbərlik edən şəxsin göstərişi ilə mütəşəkkil dəstə tərkibində təkrarən işgəncə verib 44 gün müddətində iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə mütəşəkkil dəstə tərkibində silah və silah qismində istifadə edilən əşyalardan istifadə edilməklə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı və yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunun “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” ağır nəticələrə səbəb olan ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir. Qanuni qüvvəsini alaraq preyudisial xarakterə malik məhkəmə hökmünə əsasən qanunsuz sorğusual və işgəncələrə məruz qalmış iddiaçı həmin hadisələrin davam etdiyi dövrdə, özünün ağır işgəncələrə, məhdudiyyət və məhrumiyyətlərə məruz qaldığı vaxtda xx.xx.2017-ci iltarixli, 0529 nömrəli əmrlə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə” nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Beləliklə, çıxarılmış hökmlə yalnız iddiaçıya qarşı törədilmiş cinayət əməlləri deyil, eyni zamanda həmin cinayət əməllərinin nəticəsində qanunsuz və əsassız olaraq xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması da faktiki olaraq öz təsdiqini tapmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra cavabdeh) ərizə ilə müraciət edərək işgəncə nəticəsində səhhətində yaranan problemlərə və mənəvi-psixoloji durumuna görə hərbi xidmətə bərpa olunmaq istəmədiyin bildirmiş, həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə xx.xx.2017-ci il tarixli əmrin qanunsuz və əsassız olduğundan əmrin ləğv edilməsini, onun ehtiyata buraxılma əsasının dəyişdirilməsini və məcburi iş buraxma dövründə ona ödənilməli olan əmək haqqının hesablanaraq kompensasiya formasında ona ödənilməsini xahiş etmişdir. İddiaçı tərəfindən poçt vasitəsilə göndərilmiş ərizə xx.xx.2024-cü il tarixdə cavabdehə çatdırılsa da, qanunvericiliklə nəzərdə tutulmuş müddətlərdə cavabdeh tərəfindən heç bir cavab məktubu daxil olmamışdır. Bununla da, cavabdeh faktiki olaraq iddiaçının ərizəsinin təmin olunmasından imtina etmişdir. İddiaçı hesab edir ki, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair cavabdehin əmri qanunsuz və əsassız olduğundan əmrin ləğv edilməsi, həqiqi hərbi xidmətdən ehtiyata buraxılma əsasının dəyişdirilməsi, itirilmiş illərin xidmət illərinə əlavə edilməsi və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanaraq pul kompensasiyası formasında ona ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10473/2024 saylı 07 oktyabr 2024-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10473/2024 saylı 07 oktyabr 2024-cü il tarixli qərardadının ləğv edilməsi, ötürülmüş müddətin bərpa edilməsi və iddia tələblərinə mahiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılması barədə qərardad çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, müddətlə bağlı mümkünlüyə dair doğru qənaətə gəlməkdən ötrü məhkəmə iddiaçının müddətin bərpasına dair ərizədə qeyd etdiyi xidmətdən ehtiyata buraxılması şəraitini və şərtlərini müəyyən etməli idi. İş materiallarında olan və müddətin bərpasına dair ərizədə istinad edilmiş Bakı Hərbi Məhkəməsinin 1-1(093)-58/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, iddiaçı məhz onun xidmətdən ehtiyata buraxılmasına dair əmrin verildiyi dövrdə (may-iyul 2017-ci il) qanunsuz dindirməyə, sorğusuala, ağır işgəncələrə məruz qalmış və bu qanunsuz prosesin nəticəsi olaraq ehtiyata buraxılmışdır. Hökmdə qeyd edilir ki, məhkum edilmiş hərbi vəzifəli şəxslərin əməlləri nəticəsində zərərçəkmiş şəxslər (iddiaçı da daxil olmaqla) tutduqları vəzifələrindən qanunsuz və əsassız azad edilmişlər (bax, hökm, səhifə 5). Başqa sözlə desək iddiaçının qanunsuz və əsassız olaraq həmin dövrdə, yəni 2017-ci ilin mayında tutduğu vəzifədən azad edilməsi qanuni qüvvəsini alaraq preyudisial xarakter daşıyan hökmlə də təsdiq olunur. (7) Birinci instansiya məhkəməsi ötürülmüş prosessual müddətin bərpa edilməsi ilə bağlı məsələni həll edərkən Bakı Hərbi Məhkəməsinin hökmünü, xüsusən də onun tarixini nəzərə almalı idi. Belə ki, məhz bu hökmün çıxarılması nəticəsində iddiaçının güya xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılması barədə əmr verilməklə onun hüquqlarının pozulmasının bərpa edilməsi imkanı yaranmışdır. İddiaçı da daxil olmaqla yüzlərlə hərbi qulluqçunun qanunsuz əməllərə, o cümlədən qanunsuz və əsassız olaraq vəzifədən azad edilmələrinə məruz qalması bu hadisə nəticəsində (şərti olaraq “Tərtər işi” adlanır) zərər görmüş şəxslərin məhz zərərçəkmiş şəxs statusunda tanınmasından sonra onların öz hüquqlarının bərpa edilməsini mümkün etmiş olur. İddiaçının da zərərçəkmiş statusu məhz istinad edilmiş hökmlə tanınmışdır. Bu hökmdə qədər, eyni zamanda iddiaçının xidmətdən ehtiyata buraxılmasına dair əmrin verilməsindən dərhal sonra həmin əmrin mübahisələndirilməsi baş vermiş hadisə səbəbindən və iddiaçının zərərçəkmiş şəxs status tanınmadığından faktiki olaraq qarşısıalınmaz hal səbəbilə mümkün olmamışdır. Digər tərəfdən iddiaçının zərərçəkmiş şəxs statusunun tanınmaması onun üçün əmrin mübahisələndirməsi halında heç bir hüquqi perspektiv yaratmış olmurdu. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı tələbi “iddiaçının “xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı ilə bağlı” cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2017-ci il tarixli, 0529 nömrəli əmrinin ləğv edilməsi və cavabdehin üzərinə iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılma əsasının dəyişdirilməsi, itirilmiş illərin xidmət illərinə əlavə edilməsi, xx.xx.2017-ci il tarixli, 0529 nömrəli əmr ləğv edilənə qədər olan müddət üçün məcburi iş buraxma üçün əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının hazırda mübahisələndirdiyi əmrin ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti üzrsüz səbəbdən ötürməsinə istinad edərək, müddətin bərpası barədə ərizənin təmin edilməməsi və iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2017-ci il tarixli, 0529 nömrəli əmrinə əsasən iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 20-ci maddəsinin İ bəndinə görə bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün - onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hərbi xidmətin sonu sayılır. Həmin Əsasnamənin 165-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. İddiaçı hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2017-ci il tarixli, 0529 nömrəli əmrini mübahisələndirir. İddiaçı həm ərizələrində, həm də apellyasiya şikayətində həmin əmrdən xx.xx.2017-ci il tarixdən məlumatlı olmasını etiraf etmişdir. Buna baxmayaraq iddiaçı sözügedən əmrin ləğvi ilə bağlı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırki işdə iddiaçının tələbi cavabdeh qurumun xx.xx.2017-ci il tarixli, 0529 nömrəli əmrinin ləğv edilməsi, cavabdehin üzərinə iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılma əsasının dəyişdirilməsi, itirilmiş illərin xidmət illərinə əlavə edilməsi və xx.xx.2017-ci il tarixli, 0529 nömrəli əmr ləğv edilənə qədər olan müddət üçün məcburi iş buraxma üçün əmək haqqının hesablanıb ona ödənilməsi ilə bağlıdır. Göründüyü kimi, iddiaçının tələbi mübahisələndirmə və məcburetmə haqqında iddia növünə aiddir. İddiaçının ikinci tələbi onun birinci tələbinin təmin olunmasından asılıdır. Belə olan halda iddiaçının birinci tələbi mübahisələndirmə haqqında iddia növünə aid olduğu üçün onun tərəfindən verilmiş iddianın mümkün sayılması üçün iddia müddətinə riayət edilibedilmədiyi məsələsi yoxlanılmalıdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı mübahisələndirdiyi əmrdən 2017-ci ildən məlumatlı olduğu halda 6 il 10 ay 28 gün sonra iddia qaldırarkən artıq qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. İddiaçı onun tərəfindən hazırki iddianın qaldırılması üçün qanunla müəyyən edilmiş iddia müddətinin ötürüldüyünü etiraf edərək həmin müddətin bərpası ilə bağlı birinci instansiya məhkəməsinə ərizə təqdim etmişdir. İddiaçı ərizəsində qanunla müəyyən edilmiş iddia müddətinin ötürülməsinin üzürlü səbəbi kimi Bakı Hərbi Məhkəməsinin 1-1(093)- 58/2023 saylı, 29 noyabr 2023-cü il tarixli hökmünün ona 2024-cü ilin aprel ayında çatdırılmasını göstərmişdir. Halbuki yuxarıda sadalanan hüquq normalarının tələblərinə görə, şəxs buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəni müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Ərizə isə xx.xx.2024-cü il tarixdə birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın qeyri-mümkün sayılması barədə qərardad qəbul etmişdir. Həmin qəradad qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər formal xarakter daşımaqla yanaşı, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün heç bir əsas yaratmır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10473/2024 saylı 07 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X8 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-998/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-998/2025
12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver