Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-999/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X7 oğlunun katibliyi ilə, İddiaçı Yasin oğlunun, Cavabdehin nümayəndəsi X3, X1 iştirakları ilə, İddiaçı Yasin oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon Şöbəsinə qarşı pensiyanın təyin edilməsi və s. tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-2929/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 2929/2019 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim A.Abdullayeva). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon Şöbəsi – hüquqi varisi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsi ilə əvəz edilmişdir. İşin halları: İddiaçı Yasin oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona 2006-cı il yanvarın 1-dən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi, atası pensiyaçı olduğuna görə onun pensiyasının sığorta hissəsinin Qadaların 2.1-ci bəndinə uyğun olaraq yenidən hesablanması, 2006-cı ildən hazırki vaxta qədər yığılmış pensiya məbləği fərqinin hesablanaraq birdəfəyə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1965-ci il təvəllüdlüdür və uşaqlıqdan üçüncü qrup əlildir. Lal-kar olduğu üçün əlillik ona ömürlük olaraq təyin edilmişdir. Hazırda əlilliyə görə əmək pensiyası alır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1.2-ci maddəsinə əsasən 18 yaşına çatanədək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. X2 xx xxxxxxx 1995-ci ildə vəfat etmişdir və əmək pensiyaçısı olmuşdur. O, pensiyasını Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsindən alırdı. Ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi barədə ərizə ilə DSMF-nun Səbail rayon Şöbəsinə müraciət etmişdir. DSMF-nun Səbail rayon Şöbəsinin xx xxx 2009-cu il tarixli cavab məktubunda bildirilir ki, şöbəyə təqdim etdiyi əlillik barəsindəki sənədlərdə əlilliyi 18 yaşından sonra müəyyən edildiyindən ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmır. İş üzrə 1 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: İddiaçı Yasin oğlu apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1.2-ci maddəsini səhv təfsir edərək iddiaçının pensiya hüququnu məhdudlaşdırmışdır. Belə ki, həmin maddənin tələbinə görə 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. İddiaçı əlillik dərəcəsini 18 yaşından sonra alsa da, əlillik ona uşaqlıqdan sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar və ömürlük olaraq verilmişdir. Bu hal iş materiallarında olan VTEK tərəfindən verilən arayışda da öz əksini tapmışdır. İddiaçı ikinci dəfə digər bir xəstəlik nəticəsində əlil olduğu üçün (sol bud nahiyəsinin 1/3 hissəsi kəsildiyindən) ona ikinci qrup əlillik sənədi verilmiş və həmin sənəddə də onun anadangəlmə lal-kar olmağı barədə rəy öz əksini tapmışdır. Lakin birinci instansiya məhkəməsi müəyyən edə bilməmişdir ki, iddiaçı əlillik dərəcəsini 19 yaşında alsa da orada anadangəlmə lal-kar diaqnozu yazıldığından o, 18 yaşınadək sağlamlıq imkanları məhdud olan şəxslər kateqoriasına daxildir və “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsi tətbiq edilməklə ona ailə başçısını itirməyə görə əmək pensiya təyin edilməlidir.”Əmək pensiyaları haqqında” Qanunun tələbinə görə o şəxslər öhdədə olan şəxs hesab olunurlar ki, onlar vəfat edənin tam təminatında olsunlar və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alsınlar. İddiaçı bir müddət atasının tam təminatında olsa da, sonradan qısa müddətlər ərzində bir neçə dəfə başqa-başqa işlərdə çalışaraq, minimum əmək haqqı almışdır. Heç bir qanunda yazılmayıb ki, şəxs işləyirsə deməli öhdədə deyil. İddiaçı hər bir halda uşaqlıqdan sağlamlıq imkanları məhdud olduğu üçün atasının himayəsində olmuşdur. Onun işləyərək cüzi əmək haqqı alması o demək deyildir ki, o, atasının öhdəsində olmamışdır. Qanunun tələbinə görə vəfat edən ailə başçısından özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxslər də öhdədə olan şəxs hesab edilirlər. İddiaçı işləsə də həmişə atasının himayəsində olmuş və ondan daimi və əsas vəsait mənbəyi kimi kömək almışdır. Lakin məhkəmə öhdədə olma faktı barədə də Qanunla nəzərdə tutulan əsasları səhv təfsir etmiş və son nəticədə yanlış olaraq belə qərar gəlmişdir ki, deməli şəxs əlil olaraq işləyib ailəyə kömək edirsə, deməli onu öhdədə olan hesab etmək olmaz. Halbuki, Qanunun tələbinə görə şəxs işləsə belə, əgər vəfat edəndən yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alırsa, deməli həmin şəxs öhdədə olan şəxs hesab edilməlidir. Ona görə də iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Yasin oğlu xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. İşdə olan X5 020623 saylı müayinə aktından görünür ki, iddiaçının ilkin şəhadətləndirilməsi xx.xx.1984-cü ildə (19 yaş 05 ay) olmuşdur və ona İİİ dərəcəli əlillik müəyyən edilmişdir. İşdə olan iddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı adına xx xxxx 1983-cü ildə əmək kitabçası açılmış, o, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən, xx.xx.1985-ci il tarixədək müxtəlif vəzifələrdə işləmiş, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək təhsil almış, xx.xx.1985-ci il tarixdən yenidən əmək fəaliyyətinə başlamış xx.xx.1996-cı il tarixədək müxtəlif vəzifələrdə işləmişdir. İşdə olan V-ЖГ 459498 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı Yasin oğlu ilə X12 xx xxxx 1991-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İşdə olan XVİİ-ЖГ seriyalı, 254536 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında İddiaçı yasin oğlu, ana qrafasında X12 qeyd edilmişdir. İşdə olan İV-ЖГ seriyalı, 454239 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1995-ci il tarixdə ölmüşdür. İşdə olan 1 saylı Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE – 01 858657 nömrəli təkrar müayinədən keçən əlillər üçün verilmiş arayışdan görünür ki, İddiaçı Yasin oğluna xx.xx.2010-cu il tarixdən ümumi səbəbdən, müddətsiz əlillik təyin edilmiş, əmək qabiliyyətli olmadığı qeyd edilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx xxx 2019-cu il tarixli,**********8 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, şöbəyə təqdim etdiyi əlillik barəsindəki sənədlərində əlilliyinin 18 yaşından sonra müəyyən edildiyindən ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmır. İşdə olan iddiaçının mərhum atası 1924-cü il təvəllüdlü X9 məxsus əmək kitabçasının surətindən görünür ki, xx.xx.1939-cu il tarixdən əmək fəaliyyətinə başlamış, xx.xx.1980-ci il tarixədək müxtəlif vəzifələrdə çalışmışdır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair arayışdan görünür ki, iddiaçı xx.xx.2010-cu il tarixdə qiymətləndirilərək ona ümumi xəstəlik səbəb əlaqəli, İİ dərəcəli əlillik təyin edilmişdir. Diaqnoz: “Sol aşağı ətrafın obliterasiyaedici endatriti. Sol pəncənin qangrenası. Sol budun qangrenasına görə sol budun aşağı 1/3-nin amaputasion qüdülü. Anadangəlmə lal-karlıq. Asteno-nevrotik vəziyyət” qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1 nömrəli Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, İddiaçı Yasin oğlunun xx.xx.1984-cü il tarixdə (19 yaş 05 ayında) Tibbi Sosial Ekspert Komissiyasının ******* saylı müayinə aktı əsasında əlilliyi müəyyən edilsə də, Səbail rayon 1 saylı TSEK dəfələrlə yerini dəyişdiyi üçün 1 saylı TSEK-da İddiaçı Yasin oğlunun tibbi müayinədən keçməsi haqqında heç bir məlumat yoxdur. xx.xx.1984-cü ildən əlillik dərəcəsi təyin olunsa da ondan əvvəlki tarixlərə xəstənin vəziyyətinə TSEK-sı cavabdeh deyildir. Əlillikdən əvvəl xəstə olub-olmaması haqqında səhiyyə İdarəsindən məlumat alınmalıdır. Beləliklə iddiaçının izahatından, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, xx.xx.1965-ci il təvəllüdlü iddiaçının ilkin əlilliyi X5 020623 saylı müayinə aktına əsasən 19 yaş 05 ayında müəyyən edilmişdir. O, xx.xx.1983-cü il tarixdə (18 yaş 05 ay) əmək fəaliyətinə başlamış xx.xx.1996-cı il tarixədək müxtəlif vəzifələrdə işləmiş, o cümlədən xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək təhsil almışdır. xx.xx.2010-cu il tarixdə onun əlilliyi yenidən qiymətləndirilmiş və İİ qrup, ümumi səbəbdən, müddətsiz əlillik təyin edilmiş, əmək qabiliyyətli olmaması müəyyən edilmişdir. Diaqnoz: “Sol aşağı ətrafın obliterasiya edici endatriti. Sol pəncənin qangrenası. Sol budun qangrenasına görə sol budun aşağı 1/3-nin amaputasion qüdülü. Anadangəlmə lal-karlıq. Asteno-nevrotik vəziyyət” qeyd edilmişdir. Sadalanan xüsusatlara əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmədiyindən, eləcə də, iddiaçı atası rəhmətə getdiyi dövrə (1995-ci ilə) qədər vəfat etmiş ailə başçısı kimi atasının öhdəsində olması iş materialları ilə təsdiq edilmədiyindən, həmçinin iş materiallarına əsasən (əmək kitabçası) onun həmin dövrlərdə əmək qabiliyyətli olması müəyyən edildiyindən onun hazırki tələbi əsassızdır. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respulikası Qanununun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Məhkəmə kollegiyası tərəfindən iddiaçıya ona əlilliyin 18 yaşına qədər təyin edilməsinə dair sənədlərin təqdim edilməsi təklif olunmuşdur. İddiaçının məhkəməyə təqdim etdiyi Bakı Baş Səhiyyə İdarəsi 2 №-li şəhər poliklinikasında olan Ambulator tibbi kartında onun anadan gəlmə lal-kar olduğu göstərilsə də, 18 yaşına çatanadək sağlamlıq imkanların məhdudluğun müəyyən edilməsinə dair məlumat yoxdur. Ambulator kartında iddiaçının ilkin şəhadətləndirilməsi 1984-cu ildə müəyyən edilməsi öz təsdiqini tapır. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı Yasin oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 2929/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-999/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-999/2020
26.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver