Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-999/2022 04.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Yusifov Cahangir Afər oğundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Arzu İsrafil qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı şəhadətnamədə milliyətin dəyişdirilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5433/2021 saylı, 01 noyabr 2021-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 09 mart 1983-cü il tarixdə verilmiş, 291424 saylı doğum haqqında şəhadətnamədə X1 atası X2 milliyətinin "azərbaycanlı" dan "almana" dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ərizə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsinə müraciət edərək vətəndaşlıq vəziyyəti akt qeydlərində iddiaçıların milliyyətinin "azərbaycanlıdan” "alman"a dəqiqləşdirilməsini xahiş etmişdir. Şöbənin 26.02.2021-ci il tarixli və 03 mart 2021-ci il tarixli cavab məktubu ilə ərizənin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"na əsasən uşağın doğum haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrdəki qeydlər əsasında yazılır. 05 aprel 1962-ci il tarixdə verilmiş, AB 212429 saylı doğum haqqında şəhadətnamədə X2 anası X3 milliyətinin “alman” olması görünür. 09 mart 1983-cü il tarixdə verilmiş, 291424 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X1 atası X4r və onun milliyəti "azərbaycanlı" kimi yazılmışdır. Hazırda o, və qızı akt qeydlərində bunun dəyişdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"na görə o, valideyinlərindən birinin milliyətini seçə bilər. Ona görə akt qeydlərində onun milliyəti "azərbaycanlı"dan "alman"a dəyişdirilməlidir. Cavabdeh organ tərəfindən bildirilmişdir ki, ona məxsus olan bütün vətəndaşlıq vəziyyəti akt qeydlərində milliyyətin "azərbaycanlı”dan "alman"a dəyişdirilməsi imkan xaricindədir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003- cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 2.8-ci bəndinə görə doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır: - öz aralarında nikahda olan ata və ana doğum haqqında aktın qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5433/2021 saylı, 01 noyabr 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 2.8-ci bəndinə əsasən doğum haqqında aktın qeydinda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılmalıdır: - öz aralarında nikahda olan ata və ana doğum haqqında aktın qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Uşağın doğumu haqqında akt qeydində ata və ana milliyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında , həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrdəki qeydlər əsasında yazılır. Doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir. Göründüyü kimi AR-da vətəndaşların milliyyəti yalnız onların övladlarının doğum haqqında şəhadətnamələrində yazılır. Əsas kimi də onların doğum haqqında şəhadətnamələrində gəstərilən valideynlərin milliyyəti çıxış edir. Odur ki, qərar ləğv edilməli, onlarin iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan İX-JQ № 291424 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx xxxxxx 1983-cü il tarixdə anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 1983-cü ilin mart ayının 09-da 860 № ilə qeyd edilmişdir. Valideynlər bölməsinin ata qrafasında İddiaçı2, milliyyəti “azərbaycanlı”, ana qrafasında X10, milliyyəti “rus” göstərilmişdir. İşdə olan A3 № 212429 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx xxxx 1953-cü il tarixdə Rusiya Federasiyasının Krasnoyarsk vilayətində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 1953-cü ilin iyun ayının 15-də 48 № ilə qeyd edilmişdir. Valideynlər bölməsinin ata qrafasında X5, milliyəti “azərbaycanlı”, ana qrafasında X6, milliyəti “alman” göstərilmişdir. İşdə olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinin 26 fevral 2021-ci il tarixli, 05/76- 605/15 saylı məktubundan görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir milliyyətinizin “azərbaycanlıdan "alman”a dəyişdirilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Yasamal rayon qeydiyyat şöbəsinə daxil olmuş ərizənizə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən uşağın doğum haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrdəkı qeydlər əsasında yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. Bildirilmişdir ki, iddiaçıya məxsus olan bütün vətəndaşlıq vəziyyəti akt qeydlərində milliyyətin “azərbaycanlı”dan “alman’’a dəyişdirilməsi imkan xaricindədir. Göstərilənlərə əsasən iddiaçıya məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarından göründüyü kimi məhkəmə araşdırması zamanı xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş X1 və xx.xx.1953-cü il tarixdə Rusiya Federasiyası Krasnoyarsk vilayətində doğulmuş X2 doğum haqqında akt qeydindən çıxarışın surəti sorğu əsasında cavabdehdən tələb edilmişdir. Sorğuya cavab olaraq cavabdeh tərəfindən 23 aprel 2021-ci il tarixli, 05/76-1288/13 saylı məktub əsasında X1 doğum haqqında akt qeydindən çıxarışın surəti təsdiq olunaraq məhkəməyə göndərilmiş, lakin məktubda İddiaçı2 xx xxxx 1953-cü il tarixdə Rusiya Federasiyasının Krasnoyarsk vilayətində doğulduğu qeyd olunaraq, doğumun Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınmadığı üçün doğum akt qeydinin surətinin göndərilməsinin mümkün olmadığı bildirilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, İddiaçı2 doğum akt qeydində yazılan məlumatları əldə etmək üçün müvafiq sorğular verilmiş, lakin iddiaçının doğulması barədə akt qeydinin Rusiya Federasiyasının Krasnoyarsk vilayətində aparılması səbəbindən qeyd olunan məlumatları əldə etmək mümkün olmamışdır. Belə olan halda tədqiq olunan sənədlər onun milliyətcə “alman” olmasını sübut etmir, bununla bağlı iddiaçı tərəf nə inzibati orqanda aparılan inzibati icraatda, nə də hazırkı inzibati məhkəmə icraatında heç bir mötəbər sübut və dəlil təqdim etməmişdir. Odur ki, iddiaçıların tələblərinin təmin edilməsindən cavabdeh inzibati orqan tərəfindən imtina edilməsi əsaslı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab edir və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddiaçıların tələbi “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydaları” və Azərbaycan Respublikası Ailə Məcəlləsinin normaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.8.1-ci bəndinə görə uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər əsasında yazılır. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyyəti göstərilir. Ata və ya ananın doğum haqqında şəhadətnaməsində onların valideynlərinin milliyyəti qeyd olunmadıqda və ya doğum haqqında şəhadətnaməni təqdim edə bilmədikdə və bu məlumatlar qeydiyyat şöbələrində, habelə Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aklarının arxivində, Naxçıvan Muxtar Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmadıqda, uşağın doğumu haqqında akt qeydində həmin valideynin milliyyəti göstərilmir. Bu halda doğum haqqında akt qeydinin "Milliyyəti" qrafasında "Məlumat təqdim edilməyib" sözləri yazılır. Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnaməsində ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 168.1-ci maddəsinə əsasən, doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən, öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ının 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər - vətəndaşlıq vəziyyəti aktının qeydində qeyridüzgün məlumatlar göstərildiyi hallarda da edilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 09 mart 1983-cü il tarixdə verilmiş, 291424 saylı doğum haqqında şəhadətnamədə X1 atası İddiaçı2 milliyyətinin "azərbaycanlı" dan "almana" dəyişdirilməsini xahiş edirlər. İddiaçılar tələblərinin əsası olaraq İddiaçı2 anasının X3 milliyyətinin “alman” olmasına istinad edirlər. Belə ki, 860 nömrəli doğum haqqında akt qeydinə əsasən İddiaçı1 xx xxxxxx 1983-cü il tarixdə anadan olmuş, atası İddiaçı2 milliyətcə “azərbaycanlı”, anası X12, milliyətcə “rus” göstərilmişdir. Həmçinin İddiaçı2 doğum haqqında şəhadətnaməsindən görünür ki, İddiaçı2 xx xxxx 1953-cü il tarixdə Rusiya Federasiyasının Krasnoyarsk vilayətində anadan olmuş, atası X5, milliyətcə “azərbaycanlı”, anası X6, milliyətcə “alman” göstərilmişdir. İddiaçı2 doğum akt qeydində yazılan məlumatları əldə etmək üçün birinci instansiya məhkəməsi tərəfindən müvafiq sorğular verilmiş, lakin iddiaçının doğulması barədə akt qeydinin Rusiya Federasiyasının Krasnoyarsk vilayətində aparılması səbəbindən qeyd olunan məlumatları əldə etmək mümkün olmamışdır. Belə olan halda tədqiq olunan sənədlər onun milliyətcə “alman” olmasını sübut etmədiyindən, iddiaçıların tələblərinin təmin edilməsindən cavabdeh inzibati orqan tərəfindən imtina edilməsi əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, İddiaçı1 və İddiaçı2 09 mart 1983-cü il tarixdə verilmiş, 291424 saylı doğum haqqında şəhadətnamədə İddiaçı1 atası İddiaçı2 milliyyətinin “alman” olmasını iddia etməklə şəhadətnamədə milliyyətinin “azərbaycanlıdan”dan “alman”a dəyişdirilməsi barədə dəlilləri əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin 2-1(112)-5433/2021 saylı, 01 noyabr 2021-ci il qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5433/2021 saylı, 01 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-999/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-999/2022
04.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver