Məhkəmə qərarları › İş №2-1(103)-999/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-999/2024

04.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-999/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X8 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yaşayış yeri üzrə mənzil uçotuna götürülmə” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli, 2-1(112)-6768/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşayış yeri üzrə mənzil növbəsinə siyahıya alınması üçün inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1987-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılmış, 1987-ci ilin may ayından 1988-ci ilin noyabr ayınadək əsgər kimi xidmət etmişdir. 1988-ci ilin dekabr ayından 1989-cu ilin may ayınadək praporşiklər (gizirlər) məktəbində oxumuşdur. Həmin məktəbi müvəffəqiyyətlə başa vurduqdan sonra 1991-ci ilədək gizir rütbəsində Sovet Ordusunun tərkibində hərbi xidmətini davam etdirmişdir. Daha sonra Sovet Ordusu sıralarından tərxis edilərək 1991-ci ilin may ayından 1992-ci ilin dekabr ayınadək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində, gizir rütbəsində, 1992-ci ilin dekabr ayından 1995-ci ilin may ayınadək N saylı hərbi hissədə gizir rütbəsində, stansiya rəisi vəzifəsində xidmətini davam etdirmişdir. Həqiqi hərbi xidmətdə olduğu müddətdə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi və mənzillə təmin olunmamışdır, hazırda da onun mülkiyyətində torpaq sahəsi və mənzil yoxdur. Qarabağ müharibəsində hərbi xidmət vəzifələrinin icrası dövründə aldığı xəsarətə görə 2-ci qrup əlil olduğuna görə yaşayış yeri üzrə mənzil növbəsinə siyahıya alınması ilə əlaqədar xx.xx.2021-ci il tarixdə ərizə ilə yaşayış yeri üzrə Bakı şəhəri Cavabdeh Başçısına müraciət etmiş, ünvanladığı ərizə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Cavabdeh tərəfindən alınsa da, həmin vaxtdan 50 gün keçməsinə baxmayaraq, bu günədək onun ərizəsinə cavab verilməmişdir. Bakı İnzibati Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli, 2-1(112)-6768/2021 saylı qərarı ilə (hakim S.Salahova) iddia tələbi təmin edilərək, İddiaçı hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində yaşayış yeri üzrə uçota götürülməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının ailə üzvlərinə məxsus yaşayış sahəsinin olub-olmamasını araşdırmadan qərar qəbul etmişdir. Məhkəmə həmçinin qərarında Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi, 213 nömrəli evin 1016,4 kv.m torpaq sahəsində yerləşdiyini qeyd etsə də, həmin torpaq sahəsinin iddiaçının mülkiyyətində və ya istifadəsində olmasına hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.Hüseyn /sədrlik edən və məruzəçi/, V.Baxışova və R.Qurbanov) 2-1(103)-94/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli, 2-1(112)-6768/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1734/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 mart 2023-cü il tarixli, 2-1(103)-94/2023 nömrəli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi və kassasiya şikayətinin qalan hissədə təmin olunmaması qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək şikayətin rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, Ali Məhkəmənin qərarında əksini tapmış müvafiq göstərişləri nəzərə alaraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. İş materiallarında olan: -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon İdarəsinin xx.xx.2021-ci il tarixli, 1161 nömrəli məktubundan görünür ki, İdarədə hərbi qeydiyyatda olan 1969-cu il təvəllüdlü ehtiyatda olan gizir İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Keçmiş SSR Silahlı Qüvvələrində əsgər vəzifəsində həqiqi hərbi xidmət, xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin gizir heyətində həqiqi hərbi xidmət keçmişdir. -0682385 saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1987-ci ildə hərbi hissəyə göndərilmiş, xx.xx.1991-ci ildə SSRİ MN-nın 247 nömrəli, xx.xx.1991-ci il tarixli əmri əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. O, xx.xx.1993-xx.xx.1994-cü ilə qədər N saylı hərbi hissənin tərkibində Ağdərə döyüşlərində iştirak etmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 197 saylı xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Bakı ş. Nizami RHK tərəfindən 1991-ci ildə hərbi xidmətə çağırılmış iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən 1993-cü ilin dekabr ayında aldığı və xx.xx.2018-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: “Odlu silah qəlpə yaralanmalarından sonra başın alın nahiyəsinin tüklü hissəsində bir ədəd, başın təpə nahiyəsində bir ədəd, başın arxa ənsə nahiyəsində bir ədəd, sağ bazunun yuxarı 1/3-nin ön səthində bir ədəd, sol ayaq pəncəsinin üst səthində bir ədəd köhnə çapıq toxumalar”, “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatından görünür ki, iddiaçının əlilliyi xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş, ona “Baş beynin silkələnməsi. Keçirilmiş qapalı KBT-nın davamlı qalıq əlamətləri. Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar. Dəqiqləşdirilməmiş ensefalopatiya. Posttravmatik ensefalopatiya tez-tez təkrarlanan qıcolma tutmalarla (ayda 7-8 dəfə). Fəqərə arteriyasının tıxanması və stenoxu. Vertebrobazilyar sistemdə. Xroniki QDÇ Durğunluq ürək çatmazlığı. QDÇ İİ dərəcə. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Odlu silah qəlpə yaralanmasından sonra başın alın nahiyəsinin tüklü hissəsində bir ədəd, başın təpə nahiyəsində bir ədəd, başın arxa ənsə nahiyəsində bir ədəd, sağ bazunun yuxarı 1/3-nin ön səthində bir ədəd, sol ayaq pəncəsinin üst səthində bir ədəd köhnə çapıq toxumalar. Stenokardiyanın digər formaları. ÜİX Gərginlik stenokardiyası f/s İİİ. [Durğunluq] ürək çatmazlığı ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi]. Hipertoniya xəstəliyi İİİ dərəcə, İV-risk” diaqnozu ilə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, **********44 nömrəli və xx.xx.2021-ci il tarixli, **********90 nömrəli məktublarında qeyd edilmişdir ki, mövcud arxiv materiallarına əsasən iddiaçının adına paylı mülkiyyət hüququ ilə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi, 213 nömrəli fərdi yaşayış evinin 1 otağı qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Həmçinin, iddiaçının adına ümumi birgə mülkiyyət hüququ ilə Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 2,51 ha kənd təsərrüfatı, 0,20 ha həyətyanı torpaq sahələri aşkar edilmişdir. -xx.xx.1999-cu il tarixli, 093053 nömrəli Alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi, ev 213-də ümumi 1016,4 kv.metr torpaq sahəsində yerləşən yaşayış sahəsi 12,5 kv.metr olan bir otaqdan, köməkçi sahəsi 22.2 kv.metr-dən ibarət yaşayış evi satıcı Aleksandra Prokofyevna tərəfindən alıcı İddiaçı satılmışdır. -Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil X4 10 saylı Mənzil Kommunal İstismar Sahəsinin 123 nömrəli, xx.xx.2021-ci il tarixli arayışına əsasən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 4 saylı evin 69 nömrəli mənzilində iddiaçı ilə birlikdə onun ailə üzvləri həyat yoldaşı X2, X9 və X10 qeydiyyatdadır. -Bakı şəhəri Nizami Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 02/666 nömrəli məktubundan görünür ki, iddiaçının adına Nizami bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qeyd etmişdir ki, “iddiaçının hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edildiyindən onun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin 5-ci abzasına əsasən mənzil və ya torpaq sahəsi almaq hüququ yaranmışdır. Şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar onun yaşayış sahəsi ilə təmin olunma səviyyəsini müəyyən edən yaşayış sahəsinin uçot normasıdır. Bu zaman təkcə vətəndaşın yox, onun ailə üzvlərinin də mülkiyyətində olan əmlakın sahəsi nəzərə alınır. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 1.3-cü bəndi ilə Mənzil Məcəlləsinin 49.5-ci maddəsində nəzərdə tutulmuş dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün yaşayış sahəsinin uçot normasının və 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının müəyyən edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır. Lakin hazırkı tarixədək bu qaydalar qəbul edilməmişdir. Hazırda Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və yaşayış sahələrinin bölüşdürülməsi haqqında Nümunəvi qaydalar”ı qüvvədədir ki, həmin Qaydaların 26-cı hissəsinə əsasən yaşayış sahəsi vətəndaşlara, bir qayda olaraq, bir ailə üçün ayrıca mənzil şəklində, Azərbaycan SSR Mənzil Məcəlləsinin müəyyən etdiyi mənzil sahəsi norması həddində, lakin hər adama 8 kvadratmetrdən az olmamaqla verilir. Bu normanı əsas götürən məhkəmə qeyd edir ki, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onun yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas qismində çıxış edən yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması 8 kvadratmetrdən az ola bilməz. İddiaçının özü də daxil olmaqla 4 nəfər ailə üzvü olduğundan aydın olur ki, onlar üçün uçot norması ən azı 32 kv.metr təşkil edir. İşdən isə müəyyən olunur ki, iddiaçıya məxsus yaşayış evinin yaşayış sahəsi cəmi 12,5 kv.metrdir. Belə olan halda, müəyyən olunur ki, MM-in 50.1.2-ci maddəsinə əsasən iddiaçı uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan şəxs olduğundan, onun yaşayış sahəsinə ehtiyacı olan şəxslərin dairəsinə aid edilmək hüququ olmuşdur.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 12.2. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: Maddə 12.2. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Maddə 12.5. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. Maddə 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. Maddə 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Maddə 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli, 459 nömrəli Qərarına əsasən Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda da göstərildiyi kimi birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 49.5-ci maddəsində nəzərdə tutulmuş dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün yaşayış sahəsinin uçot normasının müəyyən edilmədiyini əsas gətirərək Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və yaşayış sahələrinin bölüşdürülməsi haqqında Nümunəvi qaydalar”ın 26-cı hissəsinə istinad edib adambaşına düşən yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot normasını 8 kv.metr götürmüş, iddiaçının özü də daxil olmaqla 4 nəfər ailə üzvü ilə birlikdə yaşayış sahəsinin ölçüsünün ən az 32 kv.metr təşkil etməli olduğunu qeyd etmiş və iddiaçıya məxsus Bakı şəhəri, Bülbülə qəsəbəsində yerləşən yaşayış evinin yaşayış sahəsi 12,5 kv.metr olduğundan onun yaşayış sahəsinə ehtiyacı olan şəxslərin dairəsinə aid edilmək hüququ olduğu qənaətinə gəlmişdir. İlk növbədə qeyd edilməlidir ki, “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli, 459 nömrəli Qərarı ilə sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması 16 kvadratmetr müəyyən edilmişdir. Başqa sözlə, iddiaçının özü də daxil olmaqla 4 nəfər ailə üzvü ilə birlikdə yaşayış sahəsinin minimal ölçüsü müəyyən edilərkən adambaşına düşən yaşayış sahəsinin uçot norması 8 kv.metrdən deyil, 16 kv.metrdən hesablanmalı və bu hesablama zamanı təkcə mənzilin yaşayış sahəsi deyil, mənzilin yardımçı sahələrinin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusu nəzərə alınmalıdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının özü də daxil olmaqla 4 nəfər ailə üzvü ilə birlikdə yaşayış sahəsinin minimal ölçüsü 64 kv.m (4 x 16 kv.m) olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı işin obyektiv həlli məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlanaraq - İddiaçı adına qeydiyyatdan keçmiş və mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi, 213 saylı fərdi yaşayış evinin 1 otağı, X7 adına qeydiyyatdan keçmiş və mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 57, mənzil 42 və ünvan 4 ünvanında yerləşən yaşayış sahələrinə dair çıxarış və texniki pasportların müvafiq qaydada təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Sorğuya cavab olaraq xx.xx.2024-cü il tarixdə müvafiq sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmiş və müəyyən edilmişdir ki; ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 64.73 kv. m olan mənzil X7 (iddiaçının oğlu); ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 60.6 kv. metr olan mənzil X1 (iddiaçının arvadı); Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi, 213 nömrəli fərdi yaşayış evinin 1 otağı (12.5 kv metr) İddiaçı adına qeydiyyata alınmışdır. Göründüyü kimi iddiaçının ailə üzvləri ilə birlikdə (cəmi 4 nəfər) mülkiyyətində 137 kv.metrdən artıq yaşayış sahəsi mövcuddur ki, hazırkı halda iddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilə bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 50.2-ci maddəsinə əsasən vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçının yaşayış sahəsi ilə təminolunma səviyyəsini müəyyən edərkən onun və ailə üzvlərinin mülkiyyətində olan bütün yaşayış sahələrinin ümumi sahəsinin nəzərə alınması məqsədilə onların mülkiyyətində başqa yaşayış sahələrinin olub-olmadığını müəyyən etməmiş, bu istiqamətdə lazımi qaydada araşdırma aparmamış, yalnız iddiaçının mülkiyyətindəki Bakı şəhəri, Bülbülə qəsəbəsində yerləşən, yaşayış sahəsi 12,5 kv.metr olan yaşayış evinin yaşayış sahəsini nəzərə almaqla, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 50.2-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipi pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, mövcud vəziyyətdə cavabdeh kimi göstərilən inzibati orqanın hərəkətlərində hər hansı qanunsuzluq olmamış, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli, 2-1(112)-6768/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli, 2-1(112)-6768/2021 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yaşayış yeri üzrə mənzil uçotuna götürülmə” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar