Məhkəmə qərarları › İş №2-1(104)-10/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-10/2024

11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-10/2024 11.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-174/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan (№0298948) görünür ki, ünvan 1 ünvanda 0.04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 2/6 hissədə X9, 1/6 hissədə X11 və 3/6 hissədə İddiaçı adına qeydiyyata alınmışdır.

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, ev 177-yə dair tərtib edilmiş xx.xx.2014-cü il tarixli, 8964 inventar nömrəli, **********48-10301 reyestr nömrəli texniki pasportda hüquq subyektləri kimi İddiaçı (3/6), X17 (1/6) və X12 (2/6) qeyd edilmişdir.

3. 29 oktyabr 1992-ci il tarixli, İV-JQ 336279 nömrəli və 12 may 2003-cü il tarixli, AZ-İ 015404 nömrəli Ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, ümumi birgə mülkiyyətçilərdən X17 xx.xx.1992-ci il tarixdə, X12 xx.xx.2003-cü il tarixdə ölmüşdür.

4. xx.xx.2002-ci il tarixli, 2V-244 reyestr nömrəli və xx.xx.2011-ci il tarixli, 2V-1-285 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən İddiaçı X17 və X10 vərərəsi kimi qeyd edilmişdir.

5. Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının 2012-ci il tarixli sərəncamından görünür ki, Gəncə şəhəri, Nizami prospekti 177 nömrəli evin sökülməsi ilə əlaqədar olaraq mənzil sahibi İddiaçı Gəncə şəhəri, Kimyaçılar küçəsi 11 nömrəli evin 8 nömrəli mənzilinin yaşayış sahəsi 38,0 kv.m-dən ibarət üç otağında yerləşdirilməsi və onun adına şəxsi hesab açılması qərara alınmışdır.

6. Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 25 may 2012-ci il tarixli, 224 nömrəli sərəncamından görünür ki, Gəncə şəhəri, Cavadxan qəsəbəsindəki 400.0 kv.m torpaq sahəsində İddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilməsi qərara alınmışdır.

7. Gəncə « ASAN xidmət » mərkəzində fəaliyyət göstərən notariat kontorunun xx.xx.2016-cı il tarixli, 4Ə-2322 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, ünvan 2 ünvanda yerləşən 8 saylı mənzil İddiaçı tərəfindən 30.000 manat müqabilində X2, qeyd edilən müqaviləyə əsasən X5 adına xx.xx.2016-cı il tarixli, **********48-05101- 093009 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesri Xidməti publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********17 nömrəli məktubu)

8. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1028 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinədə qeyd olunur ki, Gəncə şəhəri, Nizami küçəsi 177 ünvanında yerləşən evin yerləşdiyi torpaq sahəsinin sərhəddinə çəkilmiş sərhəd hasarının sağ tərəfdən 11,15 metr hissəsinin, sol tərəfdən 10,15 metr hissəsinin, küçə tərəfdən isə 18,0 metr hissəsinin, torpaq sahəsinin üzərində inşa edilmiş sahəsi 11,3 kv.m olan «C» literli tikilinin və ümumi sahəsi 20,0 kv.m olan «B» literli tikilinin söküldüyü müəyyən edilir. Gəncə şəhəri, Nizami küçəsi 177 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin və onun üzərində olan fərdi yaşayış evinin (özbaşına tikililərdə daxil edilməklə) rəylə sökülməsi müəyyən edilən hissəsinin 2012-ci il üçün bərpa qiymətinin müəyyən edilməsi üçün 2012ci ildə tikinti xərcləri üçün, eləcə də tikinti materiellarının qiümətinə dair mövcud məlumat bazası olmadığından qoyulmuş sual üzrə tədqiqat aparılmadı.

9. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, hüquqmüəyyənedici sənədlərə əsasən Gəncə şəhəri, Nizami küçəsi 177 ünvanında yerləşən fərdi yaşayış evin mülkiyyətində olan 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 89.3 kv.m, yaşayış sahəsi 64.0 kv.m, köməkçi sahəsi 25.3 kv.m təşkil edən əsas tikilidən ibarətdir. Qiymətləndirmə zamanı daşınmaz əmlak bazarında analoji olan fərdi yaşayış evinin bazar dəyəri üçün əsas olan parametrlər və bazar trendi nəzərə alınmaqla müvafiq qiymətləndirmə metodu tətbiq edilmişdir. Beləliklə, Gəncə şəhəri, Nizami küçəsi 177 ünvanında yerləşən fərdi yaşayış evinin 2012-ci ildə bazar dəyəri 85000 manat təşkil edir.

10. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Gəncə şəhəri, Nizami küçəsi 177 ünvanında yerləşən fərdi yaşayış evinin sökülən hissələrinin 2012-ci ildə bazar dəyəri 45000 manat təşkil etmişdir.

11. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Gəncə şəhəri, Nizami küçəsi 177 nömrəli evin yerləşdiyi torpaq sahəsinin sərhədinə çəkilmiş sərhəd hasarının sağ tərəfdən 11,15 m. hissəsinin, sol tərəfdən 10,15 m. hissəsinin, küçə tərəfdən isə 18 m. hissəsinin, torpaq sahəsinin üzərində inşa edilmiş sahəsi 11,3 kv olan “C” literli tikilinin və ümumi sahəsi 20 kv.m olan “B” literli tikilinin 2012-ci ildə bazar dəyəri 45000 manat təşkil edir.

12. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-8233/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********48-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2011-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.04 ha torpaq sahəsinin 140.0 kv.m hissəsi X7 X8 (TEKUİS) və AzCAD məlumatlarına istinadən infrastruktur (yollar və küçələr) ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur.

13. "xxxx" MMC-in 18 noyabr 2024-cü il tarixli, G-11/24-115 nömrəli məktubundan görünür ki, ünvan 3 sökülmüş fərdi yaşayış evinin yerləşdiyi ümumilikdə 0.04 ha torpaq sahəsinin infrastruktur ilə üst-üstə düşən 140 kv.m hissəsinin 2012-ci il üzrə bazar dəyəri 28000 manat müəyyən olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat:

14. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, onun mülkiyyətində olan ünvan 3 ünvan hesabına enləndirilən yola görə cavabdehin üzərinə götürdüyü öhdəliklərin icra etmədiyi hissəsinə görə 60.000 manat kompensasiya ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhərinin baş planına uyğun olaraq, Nizami prospektində yolun genişlənməsi zamanı iddiaçının mülkiyyətində olan ünvan 3 evin bir hissəsi həmin genişləndirmənin təsiri altına düşmüş və Gəncə Şəhəri İcra Hakimiyyəti tərəfindən sökülmüşdür. Bunun üçün iddiaçı və digər mülkiyyətçi X13 ilə razılaşma imzalanmış və Gəncə Şəhəri İcra Hakimiyyəti öz üzərinə onun üçün Gəncə şəhəri, Kimyaçılar küçəsində 3 otaqlı təmirli mənzilin verilməsi, Avtozavod yolu ərazisindən 4 sot torpaq sahəsinin ayrılmasını, ayrılmış torpaq sahəsində iki yaşayış otağı, mətbəx, hamam-tualet tikilməsi, zirzəmi və hovuzun tikilməsini öz üzərinə götürmüşdür. Qeyd edilən razılaşma ilə əlaqədər akt tərtib edilmiş və həmin akta Cavabdeh Başçısı Aparatının Memarlıq və tikinti bölməsinin müdiri baş memar Əli Rüstəmli, Nizami rayon bələdiyyəsinin sədri Xanlar Hacıyev, Memarlıq və Şəhərsalma İdarəsinin Şəhərsal- Memarlıq nəzarəti müfəttişliyinin baş müfəttişi G.Rzayev, Memarlıq və Şəhərsalma İdarəsinin mühəndisi – A.Həsənzadə imza etmişdir. Qeyd edilən aktın icrası ilə əlaqədar bir sıra hərəkətlər edilmişdir. Belə ki, 25 may 2012-ci il tarixdə Gəncə şəhəri Cavadxan qəsəbəsindəki 400.0 kv.m torpaq sahəsinin ayrılmasına dair Gəncə Şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının 224 saylı sərəncamı verilmişdir. Lakin cavabdeh Gəncə Şəhəri İcra Hakimiyyəti üzərinə götürüdüyü öhdəliyi sona qədər yerinə yetirməmiş, üzərinə götürdüyü tikintilərin heç birini həyata keçirməmişdir. Yalnız iddiaçıya Kimyaçılar küçəsində 3 otaqlı ev vermişdir. İddiaçı hesab edir ki, Gəncə Şəhəri İcra Hakimiyyətinin hərəkəti qanunsuz hesab edilməli, onun mülkiyyətində olan torpaq sahəsi hesabına genişləndirilən yola görə cavabdehin üzərinə götürdüyü öhdəliyin tam icra edilməsi üçün ona 60000 manat kompensasiya ödənilməlidir.

16. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-174/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Cavabdehndən 46645 (qırx altı min altı yüz qırx beş) manat pul tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdehndən 300 (üç yüz) manat ekspertiza xərcinin tutularaq - "xxxx" MMC-nin, VÖEN **********, "xxxx" ASC Yasamal filialı, kod: 512565, VÖEN ********** (bankın VÖEN-i), H/h:AZ30AZRT********************, M/h:AZ02NABZ******************** SWİFT AZRT AZ 22 saylı hesabına ödənilməsi qərara alınmışdır.

17. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilir ki, mütəxəssis rəyinə əsasən iddiaçıya dəymiş zərərin məbləği Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən 177 saylı fərdi yaşayış evinə görə 67000 (altmış yeddi min) manat, eləcə də həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 104.3 kv.m olan qanunsuz tikililərə görə isə 15645 (on beş min altı yüz qırx beş) manat olmaqla ümumilikdə 82645 (səksən iki min altı yüz qırx beş) manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliyin icrası məqsədilə iddiaçıya verilmiş Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən 400 kv.m torpaq sahəsinin bazar qiyməti isə mütəxəssis rəyinə əsasən 6000 (altı min) manat dəyərində müəyyənləşdirilmişdir. Həmçinin, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ona kompensasiya şəklində verilmiş mənzili xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən 30000 (otuz min) manata başqa şəxsə satmışdır. Deməli iddiaçıya verilmiş evin və torpaq sahəsinin ümumi dəyəri 36000 (otuz altı min) manat olmuşdur. İddiaçı ümumilikdə cavabdehdən 60000 manat kompensasiya alınaraq ona verilməsini tələb etmişdir. Məhkəmə tələbin qismən təmin edilməsi ilə bağlı qeyd edir ki, iddiaçı qeyd olunan məbləğdə kompensasiya tələb etsə də, həmin məbləği hansı meyar əsasında hesabladığını əsaslandırmamışdır. Bu səbəbdən də məhkəmə iddiaçıya dəymiş zərəri müvafiq mütəxəssis rəyinə əsasən hesablanmasını məqsədəmüvafiq hesab edir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya dəymiş zərərin məbləği ilə ona verilmiş ev və torpaq sahəsinin dəyəri arasında olan fərq məbləği qədər kompensasiya ödənilməlidir. Başqa sözlə, iddiaçıya ümumilikdə 82.645 manat ziyan dəymiş, həmin məbləğin bir hissəsi (36000) ona kompensaiya şəklində ödənilmiş, 46645 (qırx altı min altı yüz qırx beş) manat hissəsi isə ödənilmədiyindən həmin məbləğ cavabdehdən alınaraq ona ödənilməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a)apellyasiya şikayətinin dəlilləri.

18. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə və iddia tələbinin rədd olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayətinin məzmununda qeyd edilmişdir ki, qərarın təsviri hissəsində qeyd edilmişdir ki, məhkəmə mütəxəssis rəyinə əsaslanaraq fərdi yaşayış evinə görə 67000 (altmış yeddi min) manat, eləcə də 104,3 kv.metr olan qanunsuz tikililərə görə 15645 (on beş min altı yüz qırx beş) manat olmaqla, ümumilikdə 82645 (səksən iki min altı yüz qırx beş) manat müəyyən etmişdir. 2011-ci ildə qeyd edilən evə dair müvafiq sənədləşmə işləri aparılarkən mülk sahibləri qanunsuz tikililəri sənədləşdirməkdən boyun qaçırmış, nəticədə qanunla nəzərdə tutulmuş rüsum və vergilər ödənilməmişdir. Amma birinci instansiya məhkəməsi hesab etmişdir ki, vətəndaş dövlət qarşısında öz öhdəliyini yerinə yetirməsə də, bugünki gün dövlət tərəfindən vətəndaşın istifadəsində olan qanunsuz tikililərə görə kompensasiya ödənilməlidir. Bununla yanaşı, mütəxəssis tərəfindən evin dəyəri kimi müəyyən edilmiş 67000 manatdan İddiaçı payına mütənasib olaraq həmin məbləğin 3/6 hissəsi hesablanmalıdır, yəni 33500 manat. Əgər vətəndaşa verilmiş Gəncə şəhəri, Kimyaçılar küçəsində yerləşən mənzilin və Cavadxan qəsəbəsindəki torpaq sahəsinin dəyərlərini nəzərə alsaq (36000 manat) görünür ki, İddiaçı dövlət tərəfindən artıqlamasıyla kompensasiya ödənilmişdir. Qərarın əsaslandırma hissəsində qeyd edilir ki, “müvafiq ərazidə həyata keçirilən yolun genişləndirilməsi birbaşa həmin ərazidəki yerli icra hakimiyyəti orqanının icazəsi və nəzarəti əsasında dövlət tərəfindən ayrılmış vəsait hesabına həyata keçirilə bilərdi". Təkrarən bildirilir ki, qeyd edilən ünvanda dövlət səviyyəsində hər hansı iş aparılmamış, buna dövlət tərəfindən vəsait ayrılmamışdır. Məhkəmə bu halı araşdırmadan, əslində bunu təsdiqləyəcək hər hansı hüquqi əhəmiyyətli akt və ya dövlət büdcəsindən vəsaitin ayrılmasını təsdiqləyən sənədin olmadığını araşdırmamış, məsələyə səthi yanaşmışdır.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

20. Apellyasiya şikayətinə etirazın dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh bir tərəfdən mübahisəli torpaq sahəsi üzərində qanunsuz tikililər olduğundan kompensasiyanın verilməməsini bildirmiş, digər tərəfdən isə bildirmişdir ki, yolun genişləndirilməsi dövlət tədbiri olmamışdır. Həmçinin qanunvericilikdə qanunsuz tikili anlayışı yoxdur, özbaşına tikili var ki, bu da Mülki Məcəllənin 180-ci maddəsində göstərilmişdir. Cavabdehin qeyd etdiyi tikililər ona məxsus torpaq sahəsinin üzərində tikildiyindən iddiaçının həmin tikililərə mülkiyyət hüququ var. Belə ki, o, həmin tikililəri, kiminsə razılığı olmadan sökə bilər və təyinatını dəyişə bilər, hətta özgəninkiləşdirə bilərdi.

a) apellyasiya icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi.

22. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi.

Tətbiq olunan hüquq:

23. Azərbaycan Respublikası Konstitusiyası:

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

24. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.3. torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

27. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu: 1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur: 1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; 1.1.5. alınan torpaq-bu Qanunun 19-cu maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün alınması barədə müvafiq qərar qəbul edilmiş torpaq; 1.1.6. kompensasiya-bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz; 1.1.7. siyahıya alınma tarixi-bu Qanunun 11-ci maddəsinə müvafiq olaraq kompensasiya almaq hüququnun verilməsi və köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarix; 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür.

28. “Qiymətləndirmə haqqında” Azərbaycan Respublikası Qanunu:

7. Qiymətləndirmənin nəticələri haqqında hesabat Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər.

8. Qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumatın barəsində mübahisələr Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır.

29. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

30. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

31. İşin halları ilə müəyyən olunur ki, Gəncə şəhərinin baş planına uyğun olaraq, Nizami prospektində yolun genişlənməsi zamanı İddiaçı mülkiyyətində olan ünvan 3 evin bir hissəsi həmin genişləndirmənin təsiri altına düşmüş və cavabdeh tərəfindən sökülmüş, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hisəssi infrostrukturun altında qalmışdır. Bunun üçün İddiaçı və digər mülkiyyətçi X13 ilə razılaşma imzalanmış və cavabdeh Gəncə şəhəri İcra Hakimiyyəti öz üzərinə müəyyən öhdəliklər götürmüş, lakin qeyd olunan öhdəlikləri tam icra etməmişdir.

32. İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək mülkiyyətində olan fərdi yaşayış evinin sökülmüş hissəsinə dair cavabdeh tərəfindən götürülmüş öhdəliklər üzrə kompensiyasiyanın ödənilməsini xahiş etmişdir.

33. İş materialları ilə müəyyən olunur ki, xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanda 0.04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 2/6 hissədə X9, 1/6 hissədə X11 və 3/6 hissədə İddiaçı adına qeydiyyata alınmış, X17 xx.xx.1992-ci il tarixdə, X12 isə xx.xx.2003-cü il tarixdə ölmüşlər.

34. Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının 2012-ci il tarixli sərəncamının təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, Nizami prospektində yenidənqurma və abadlıq işləri aparılan zaman 177 nömrəli ev yaşayış üçün tam yararsız olduğu və şəhərin baş planına uyğun gəlmədiyi səbəbindən sökülmüş, bununla əlaqədar İddiaçı ilə razılaşmaya dair akt tərtib edilmiş, həmin akt Cavabdeh başçısı Aparatının Memarlıq və Tikinti bölməsinin müdiri- baş memar Ə.Rüstəmli, Nizami rayon bələdiyyəsinin sədri X.Hacıyev, Memarlıq və Şəhərsalma İdarəsinin Şəhərsalma-Memarlıq nəzarəti müfəttişliyinin baş müfəttişi G.Rzayev, Memarlıq və Şəhərsalma İdarəsinin mühəndisi - A.Həsənzadə tərəfindən imzalanmışdır. Akta əsasən, fərdi yaşayış sahəsinin sökülməsi nəticəsində dəymiş ziyanın ödənilməsi İddiaçı üçün aşağıdakı şərtlər daxilində razılaşdırılmışdır: 1) Kimyaçılar küçəsində 3 otaqlı təmirli mənzilin verilməsi; 2) Avtozavod yolu ərazisindən 4 sot torpaq sahəsinin ayrılması; 3) Ayrılmış torpaq sahəsində iki yaşayış otağı, mətbəx, sanitar qovşaq, zirzəmi və hovuzun tikilməsi.

35. İş materialları ilə müəyyən olunur ki, qeyd olunan aktın icrası ilə əlaqədar cavabdeh orqan tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının 2012-ci il tarixli sərəncamı ilə Gəncə şəhəri, Nizami prospekti 177 nömrəli evin sökülməsi ilə əlaqədar olaraq mənzil sahibi İddiaçı Gəncə şəhəri, Kimyaçılar küçəsi 11 nömrəli evin 8 nömrəli mənzilinin yaşayış sahəsi 38,0 kv.m-dən ibarət üç otağında yerləşdirilməsi və onun adına şəxsi hesab açılması, Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 25 may 2012-ci il tarixli, 224 nömrəli sərəncamı ilə Gəncə şəhəri, Cavadxan qəsəbəsindəki 400.0 kv.m torpaq sahəsində İddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilməsi qərara alınmışdır.

36. Göründüyü kimi, cavabdeh orqan tərəfindən yuxarıda qeyd olunan aktın ilk iki bəndi icra edilsə də, üçüncüsü icra edilməmiş, nəticədə hazırki mübahisə yaranmışdır. Belə ki, iddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu isə iddiaçıya məxsus yaşayış sahəsinin sökülməsi ilə bağlı tərəfindən hər hansı qərar və ya sərəncamın verilmədiyini bildirərək onun müraciətinin təmin edilməsindən imtina etmişdir.

37. Məhkəmə kollegiyası cavabdehin imtina dəlili ilə əlaqədar qeyd edir ki, iddiaçıya məxsus fərdi yaşayış evinin sökülməsi iş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının 2012-ci il tarixli sərəncamının təsdiq olunmuş surəti ilə öz təsdiqini tapır. Belə ki, sözügedən sərəncamın ilk abzasında qeyd edilmişdir ki, Gəncə şəhəri, Nizami prospektində yenidənqurma və abadlıq işləri aparılan zaman 177 nömrəli ev yaşayış üçün tam yararsız olduğu və şəhərin baş planına uyğun gəlmədiyi səbəbindən sökülmüşdür.

38. Həmçinin xx.xx.2012-ci il tarixli aktın tərtibində iştirak etmiş şəxslərlə bağlı müvafiq sorğuya əldə edilmiş xx.xx.2024-cü il tarixli, 5-1/2-03/334/2024 saylı məktubda göstərilir ki, aktda adı qeyd edilmiş Əli Rüstəmli xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci ilədək Cavabdeh başçısı Aparatının Memarlıq və Tikinti bölməsinin müdir vəzifəsini müvəqqəti icra etmiş, xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü ilədək və xx.xx.2016-cı ildən xx.xx.2018-ci ilədək Cavabdeh başçısı Aparatının Memarlıq və Tikinti bölməsinin müdiri vəzifəsində işləmişdir.

39. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, fərdi yaşayış evinin sökülməsi ilə cavabdeh inzibati orqanın hərəkətləri arasında səbəbli əlaqə iş materiallarında olan sənədlərlə tam təsdiqini tapmışdır.

40. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə yerli icra hakimiyyətlərinin başçılarının fəaliyyətini tənzimləyən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin: 1.2. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin İ hissəsinə uyğun olaraq, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. 1.3. yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını və qanunlarını, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin fərman və sərəncamlarını, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tuturlar.

41. Qeyd olunan Əsasnamənin 3.11-ci və 4.11-ci bəndlərində yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrindəki vəzifələri və səlahiyyətləri öz əksini tapmışdır. Həmin müddəların məzmunundan da aydın olur ki, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək, eləcə də şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin etmək və təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirmək birbaşa yerli icra hakimiyyətlərinin başçılarının vəzifəsi kimi təsdiq edilmişdir.

42. Xüsusi olaraq vurğulanmalıdır ki, zərər ilə təqsirli hesab olunan subyektin əməli arasında səbəbli əlaqə olmalıdır. Belə ki, zərərə görə təqsirli hesab ediləcək subyektin hərəkət və ya hərəkətsizliyi zərərin baş verməsinə birbaşa zəmin yaratmalıdır. Hazırki halda iddiaçının mülkiyyət hüququnun pozulması ilə nəticələnən zərər ilə inzibati orqanın əməli arasında səbəbli əlaqə mövcud olmuşdur.

43. Apellyasiya şikayətinin məzmununda qeyd edilmişdir ki, sökülən tikililər qanunsuz olmaqla fərdi yaşayış evinin paylı mülkiyyətdə olmasına birinci instansiya məhkəməsi düzgün hüquqi qiymət verməmiş, kompensasiya məbləğinin hesablanmasında yanlışlığa yol vermişdir. Bununla əlaqədar məhkəmə tərkibi qeyd edir ki, sözügedən tikililər sökülən zaman tərtib olunmuş razılaşma aktında apellyasiya şikayətinin qeyd edilən dəlili ilə əlaqədar heç bir qeyd aparılmamış, cavabdeh orqan tərəfindən müvafiq öhdəliklərin yerinə yetiriləcəyi razılaşdırılmışdır.

44. Bundan başqa ödəniləcək kompensasiya fərdi yaşayış evinin sökülən hissəsinə münasibətdə tətbiq edildiyindən və hesablama fərdi yaşayış evinin tam məbləğini əhatə etmədiyindən, həmçinin hazırda digər şəxslərin vərəsəlik hüququna dair hər hansı bir sənəd olmadığından məhkəmə tərkibi hesab edir ki, sökülən hissəsəyə kompensasiyanın iddiaçıya tam ödənilməsi qanunamüvafiqdir.

45. Digər tərəfdən gələcəkdə vərəsələr müəyyən edildiyi təqdirdə ödənilən məbləğə münasibətdə onların tələb hüquqları nəzərə alınmaqla iddiaçıdan ödənilmənin aparılması mümkündür.

46. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən fərdi yaşayış evinin bir hisəssinin sökülməsi həyata keçirildiyindən sonuncu tərəfindən müvafiq maddi ziyanın ödənilməlidir.

47. Məhkəmə kollegiyası iddiaçıya dəymiş maddi ziyanın hesablanması məqsədilə ilkin olaraq qeyd edir ki, iddiaçıya Gəncə şəhəri, Cavadxan qəsəbəsindəki 400.0 kv.m torpaq sahəsində fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilməsinə dair Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 25 may 2012-ci il tarixli, 224 nömrəli sərəncamı maddi ziyanın əvəzi kimi qəbul edilə bilməz. Belə ki, həmin sərəncam üzrə verilən torpaq sahəsinə dair sənədləşmənin natamamlığı, dövlət reyestirdə iddiaçının hüquqlarının qeydiyyata alınmasının mümkünsüzlüyü və real olaraq həmin əmlakın qeydiyyatdan keçməməsi həmin əmlakın real olaraq mövcudluğunu şübhə altına alır. Bu cür əmlakın isə vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı nəzərə alınması mümkünsüzdür.

48. Başqa sözlə təklif edilən torpaq sahəsi üzərində hüquqların realizə edilməsinin mümkünlüyü ilə bağlı heç bir sübut təqdim olunmadığından vurulmuş ziyana görə kompensasiya kimi nəzərə alınması qanunamüvafiq hesab edilə bilməz.

49. İş üzrə keçirilmiş ekspertiza və mütəxəssis tədqiqatları nəticəsində əldə edilmiş rəylərlə müəyyən olunur ki, Gəncə şəhəri, Nizami küçəsi 177 ünvanında yerləşən evin yerləşdiyi torpaq sahəsinin sərhəddinə çəkilmiş sərhəd hasarının sağ tərəfdən 11,15 metr hissəsinin, sol tərəfdən 10,15 metr hissəsinin, küçə tərəfdən isə 18,0 metr hissəsinin, torpaq sahəsinin üzərində inşa edilmiş sahəsi 11,3 kv.m olan «C» literli tikilinin və ümumi sahəsi 20,0 kv.m olan «B» literli tikilinin söküldüyü müəyyən edilir (Məhkəmə Ekspertiza Mərkəzinin 10/1028 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyi).

50. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi ilə müəyyən olunur ki, cavabdeh orqan tərəfindən sökülən tikililərin 2012-ci il üçün olan dəyəri 45000 manat təşkil etmişdir.

51. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-8233/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********48-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2011-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.04 ha torpaq sahəsinin 140.0 kv.m hissəsi X7 X8 (TEKUİS) və AzCAD məlumatlarına istinadən infrastruktur (yollar və küçələr) ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Bu səbəbdən qeyd olunan infrastruktur (yollar və küçələr) ilə üst-üstə düşən 140.0 kv.m torpaq sahəsinin 2012-ci ilə olan dəyərinin müəyyənləşdirilməsi zərurəti yaranmışdır.

52. "xxxx" MMC-nin 18 noyabr 2024-cü il tarixli G-11/24-115 nömrəli məktubundan görünür ki, ünvan 3 sökülmüş fərdi yaşayış evinin yerləşdiyi ümumilikdə 0.04 ha torpaq sahəsinin infrastruktur ilə üst-üstə düşən 140 kv.m hissəsinin 2012-ci il üzrə bazar dəyəri 28000 manat müəyyən olunmuşdur.

53. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan tərəfindən fərdi yaşyış evinin sökülən və infrastruktur ilə üst-üstə düşən torpaq sahəsinin 140 kv.m hissələrinin 2012-ci ilə olan birgə dəyəri 73000 manat təşkil edir (45000 manat + 28000 manat).

54. İş materiallarına əlavə edilmiş 31 avqust 2016-cı il tarixli, AN-İ ******* nömrəli, 4Ə-2322 reyestr nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surəti ilə müəyyən olunur ki, ünvan 2 ünvanda yerləşən 8 saylı mənzil İddiaçı tərəfindən 30.000 manat müqabilində X1.

55. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya vurulmuş zərərin məbləği hesablanarkən yanlışlığa yol verilmiş, iddiaçıya vurulmuş ziyanın ümumi məbləğini hesablayarkən fərdi yaşayış evinin 2012-ci ilə olan ümumi qiyməti hesablanmış, nəzərə alınmamışdır ki, fərdi yaşayış evi bütövlükdə deyil, yalnız bir hissəsi sökülmüşdür. Bununla yanaşı birinci instansiya məhkəməsi tərəfindən evin satılmasına görə ödənilən məbləğə evin dəyəri olan 30000 manatla yanaşı, həmin evin üzərində yerləşdiyi torpaq sahəsinin dəyəri- 6000 manat da daxil edilmişdir.

56. Beləliklə kollegiya hesab edir ki, iddiaçıya dəyən ümumi 73000 manat ziyandan 30000 manat məbləğ ona ödənilmiş hesab edildiyindən həmin məbləğ ümumi məbləğdən çıxılmaqla 43000 manat kompensasiya məbləğinin iddiaçıya ödənilməsi qanunmüvafiqdir.

57. Məhkəmə kollegiyası vurğulayır ki, dövlət ehtiyacları üçün tələb olunan hər hansı daşınmaz əmlak alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir. 58 Vurulmuş ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu torpaq sahəsinin real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır.

59. Hər hansı məbləğin ağlabatan olması konkret işin hallarından asılıdır, lakin kompensasiya məbləğinin müəyyənləşdirilməsində dövlətə geniş qiymətləndirmə sərbəstliyi verilir.

60. İddiaçıya ödəniləcək kompensasiya məhz “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələbləri əsasında müəyyən edilmiş kompensasiya olmalıdır. Bu isə ilk növbədə əmlakın bazar dəyərinin müəyyənləşdirilməsinə münasibətdə sözügedən qanunda müəyyənləşdirilmiş yanaşmaların tətbiq olunmasını tələb edir. Başqa sözlə qeyd edilməlidir ki, daşınmaz əmlak dövlət ehtiyacları üçün geri alınarkən əmlakın dəyəri- onun geri alındığı vaxt olan qiymət götürülməlidir.

61. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qismən təmin olunduğundan, həmçinin iddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsinə mütəxəssis tədqiqatı ilə bağlı 240 manat ödənildiyindən bu hal məhkəmə xərclərinin bölüşdürülməsi zamanı nəzərə alınmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-174/2022 nömrəli qərarı -Cavabdehndən 46645 (qırx altı min altı yüz qırx beş) manat pul tutularaq İddiaçı ödənilsin hissəsində dəyişdirilsin. Cavabdehndən 43000 (qırx üç min) manat maddi ziyan tutularaq İddiaçı ödənilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-174/2022 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlınılsın. İş üzrə 50 (əlli) manat ekspertiza xərci İddiaçı tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X3 Agentliyi, KOD 210005, VÖEN **********, m/h AZ 41, NABZ ******************** SWİFT BİK CTREAZ 22, MEM VÖEN **********, hesab AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. İş üzrə 500 (beş yüz) manat mütəxəssis rəyinin verilməsi üçün çəkilmiş xərc Cavabdehndən tutulub "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) "xxxx" ASC Abşeron filialı VÖEN **********, m/h AZ 03 NABZ ********************,Kodu 805539, S.W.İ.F.T. BİC: İBAZAZ2X, H/h AZ52İBAZ******************** nömrəli hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar