Məhkəmə qərarları › İş №2-1(104)-10/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-10/2025

13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-10/2025 13.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər "xxxx" MMC, Şəmkir rayon Könüllü bələdiyyəsi) torpaq sahəsinin koordinatlarında düzəliş edilməklə dövlət qeydiyyatına alınması tələbinə dair iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2712/2022 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir rayonu, Könüllü kəndində yerləşən 0.69 ha torpaq sahəsi 95 (doxsan beş) il müddətində icarə hüququ ilə İddiaçı xeyrinə yüklü edilmişdir. A № 480430 “Torpaq sahəsinin Planı və ölçüsü” sənədindən görünür ki, Şəmkir rayonu, Könüllü bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 06 saylı qərarı ilə 6900 kv.m kənd təsərrüfatı məqsədi üçün torpaq sahəsi 10 fevral 2014-cü il tarixdə X2 kitabında 1743 nömrəsi ilə uçota alınmışdır. xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir rayonu, Könüllü kəndində yerləşən 14.31 ha torpaq sahəsi 95 (doxsan beş) il müddətində icarə hüququ ilə İddiaçı xeyrinə yüklü edilmişdir. A № 468019 “Torpaq sahəsinin Planı və ölçüsü” sənədindən görünür ki, Şəmkir rayonu, Könüllü bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 06 saylı qərarı ilə 143100 kv.m kənd təsərrüfatı məqsədi üçün torpaq sahəsi 10 fevral 2014- cü il tarixdə X2 kitabında 1742 nömrəsi ilə uçota alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir İdarəsinin xx.xx.2022-ci il tarixli **********43 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Şəmkir rayonu Könüllü kənd bələdiyyəsinin BEF-dən 14.31 ha torpaq sahəsinin icarəyə verilməsinə dair ilkin torpaq ayırma (Plan ölçü) sənədində qeyd edilən torpaq sahəsinin koordinantları Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014- cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa düzgün qeyd edilmişdir, eyni zamanda Şəmkir rayonu Könüllü kənd bələdiyyəsinin BEFdən örüş sahədən 0.69 ha torpaq sahəsinin icarəyə verilməsinə dair ilkin torpaq ayırma (Plan ölçü) sənədində qeyd edilən torpaq sahəsinin koordinantları Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa düzgün qeyd edilmişdir, bundan əlavə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışlar üzrə İddiaçı icarə hüquqları qeydə alınan (Plan ölçü sənədi) 14.31 ha və 0.69 ha, cəmi 15 ha torpaq sahəsinin koordinantları üst-üstə düşür. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona mülkiyyət hüququ üzrə məxsus olan xx.xx.2014-cü il tarixli AN-480430 və AN-468019 saylı torpaq sahəsinin plan və ölçüsü sənədləri əsasında daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsinin koordinatlarında düzəliş edilməklə torpaq sahəsinin üzərində dövlət qeydiyyatının reyestrə daxil edilməklə mülkiyyət hüququnun yenidən Şəmkir rayonu Könüllü bələdiyyəsinin verdiyi plan və ölçü sənədləri ilə müəyyən edilmiş koordinatlar əsasında dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Şəmkir rayon Könüllü kəndində kənd təsərrüfatı yönümlü sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bu baxımdan kənd sakini olaraq 0.15 ha və 0.69 ha əkinə yararlı torpaq sahəsini Könüllü bələdiyyəsindən almışdır. Lakin sonradan müəyyən etmişdir ki, Könüllü Bələdiyyəsi və 3-cü şəxs tərəfindən torpaq sahələrinin döngə kordinat nöqtələri yerində çəkilərək qanuni şəkildə verilsədə, həmin kordinatlar cavabdehin səhvi ucbatından bazaya səhv çəkilməklə başqa şəxsin torpaq sahəsinin kordinatları ilə toqquşmuşdur. Bunu cavabdehin mütəxəssisinin etdiyi və bazaya səhv çəkməsi nəticəsində baş vermişdir. Layihə sənədlərindən də görünür ki, iddiaçının torpaq sahəsinin döngə kordinatları tam sərbəst olmaqla qonşu torpaq sahələrindən sərhədlə tamlanır. Lakin cavabdehin səhvi ucbatından isə həmin döngə nöqtələri digər torpaq sahələrinə sürüşdürülərək boş dərəyə tərəf onun torpaq sahəsi sürüşdürülmüşdür. Bununla bağlı hətta koordinat nöqtələri ilə bağlı fotoşəkilidə ərizəyə əlavə edilir. Həmin torpaq sahələri 2014-cü il tarixdə mütəxəssislər tərəfindən ölçülmüş və kadastr layihəsi işlənmişdir, əgər həmin vaxtı layihə sənədlərinin koordinat nöqtələri başqa torpaq sahəsinin döngə nöqtələri ilə toqquşmuş olsaydı onda layihənin və kadastrın işlənməsi mümkün ola bilməzdi. İddiaçı Şəmkir rayon Könüllü bələdiyyəsindən verilmiş koordinatlar əsasında torpaq sahəsi üzərində hüquqlarının yeni koordinatlar əsasında torpaq sahəsi üzərində hüquqlarının yeni koordinatlar əsasında yenidən dövlət qeydiyyatına alınıb çıxarış verilməsi ilə bağlı cavabdehə müraciət etsə də də, sonuncu bundan imtina etmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, Şəmkir rayonu Könüllü bələdiyyəsi tərəfindən ona ayrılmış torpaq sənədləri ilə ona mülkiyyət hüququ üzrə məxsus olan ilkin torpaq ayırma sənədi hesab edilən xx.xx.2014- cü il tarixli AN-480430 və AN-468019 saylı torpaq sahəsinin plan və ölçüsü sənədləri əsasında daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsinin koordinatlarının dəyişdirərək ilkin torpaq ayırma sənədləri əsasında qeydiyyat aparılması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və xx.xx.2021-ci il tarixli qərardadla iddia dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2712/2022 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, təqdim edilmiş sübutlarla təsdiq olunur ki, Şəmkir rayon Könüllü bələdiyyəsinin 20 iyun 2013-cü il tarixli 06 saylı qərarı ilə ləğv edilmiş DT və XKnin rəyləri, yerquruluşu sxemi və 10 fevral 2014-cü il tarixli AN-480430, AN-468019 saylı torpaq sahəsinin planı və ölçüsü sənədləri əsasında 14,31 ha və 0,69 ha torpaq sahələrinə 30 avqust 2014-cü il tarixdə Könüllü bələdiyyəsinin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində alınaraq çıxarış verilmişdir. Həmin torpaq sahələrinə DT və XK-nin torpaq hərrac və müsabiqə Komissiyasının xx.xx.2014-cü il tarixli 149 və 153 saylı hərrac şəhadətnamələri və Könüllü bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış Notarial icarə müqavilələri əsasında xx.xx.2014-cü il tarixli İddiaçı adına yüklülük çıxarışı və torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Məhkəmə torpaq sahəsinin koordinatlarının ilkin sənədlərlə uyğun olubolmamasının müəyyən edilməsi məqsədilə iş üzrə müvafiq mütəxəssis rəyi almış, mütəxəssis tərəfindən müəyyən edilçmişdir ki, Şəmkir rayonu Könüllü kənd bələdiyyəsinin BEF-dən 14.31 ha və 0.69 ha torpaq sahələrinin icarəyə verilməsinə dair ilkin torpaq ayırma (Plan ölçü) sənədlərində qeyd edilən torpaq sahəsinin koordinantları Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** və ********** qeydiyyat nömrəli çıxarışlara düzgün qeyd edilmişdir, bundan əlavə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** və ********** qeydiyyat nömrəli çıxarışlar üzrə İddiaçı icarə hüquqları qeydə alınan (Plan ölçü sənədi) 14.31 ha və 0.69 ha, cəmi 15 ha torpaq sahəsinin koordinantları üst-üstə düşür. Məhkəmə mütəxəssis rəyini mötəbər sübut hesab edərək o nəticəyə gəlir ki, iddiaçıya ********** və ********** qeydiyyat nömrəli çıxarışlar verilərkən koordinatlar ilkin sənəd olan plan və ölçülərdəki koordinatlara uyğun işlənmişdir. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında qanunun 2,8,12-ci maddələrinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatının aparılması üçün əsaslardan biri də ilkin torpaq ayırma sənədidir. Qeyd etmək istəyir ki, torpaq sahəsinin bələdiyyə tərəfindən verilmiş ilkin torpaq ayırma sənədində olan torpaq sahəsinin faktiki yerləşdiyi ərazi ilə cizgi planda göstərilən koordinatlar ziddiyyət təşkil edir. İş materiallarında olan bələdiyyə tərəfindən verilmiş və ayrılmış faktiki cizgi plan və torpaq sahəsinin ərazisi cavabdeh tərəfindən verilmiş torpaq sahəsinin cizgi planı ilə eynilik təşkil etmir. Belə ki, torpaq sahəsinin faktiki yerləşdiyi ərazi ilə texniki pasportda olan koordinatlarla torpaq sahəsinin yerləşdiyi ərazi düzgün olaraq ölçülüb cavabdeh tərəfindən koordinatlar vurulmamışdır. Bu baxımdan iş üzrə ekspertiza keçirilsə də ekspert tərəfindən və məhkəmə tərəfindən düzgün ekspertiza təyin edilməklə suallar doğru qoyulmadan yerində faktiki ölçmə işləri aparılmadan rǝy verilmişdir. Layihə Tədqiqat İdarəsi tərəfindən elektron sistemdə əvvəldən işlənmiş koordinatlarla bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsinin faktiki yerləşmə ərazisi düzgün ölçülməmiş və koordinatlar düzgün qoyulmamışdır. Belə ki, cavabdeh ilk əvvəldən necə sistemə işləmişsə eləcədə rəy verilmişdir. Belə olduğu təqdirdə torpaq sahəsinin koordinatlarının dəyişdirilməsi barədə hazırki iddianı verməyə heç lüzum qalmazdı. Bu baxımdan hesab edir ki, iş üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. İş üzrə torpaq sahəsinin faktiki yerləşmiş ərazisi ilə ona dair cavabdeh tərəfindən koordinatları işlənmiş qeydiyyat düzgün aparılmamışdır. İş üzrə əlavə və təkrar olaraq müvafiq ekspertizanın keçirilməsi zəruridir. İş materiallarında cavabdehin imtinası ilə bağlı ona bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsinin ərazisi faktiki ölçüləri ilə cavabdehin texniki pasportda tətbiq edilmiş koordinatları arasında ziddiyyət olmaqla torpaq sahəsinin faktiki yerləşməsi ilə cavabdehin imtinasının əsassız olması ilə iddia tələbinin əsaslı olması sübut olunur. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(104)-273/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Şəmkir rayonu Könüllü bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində işə baxılmasına cəlb olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləvğ edilərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsalar da məhkəmə iclasında nümayəndələrinin iştirakın təmin etməmişlər və bu barədə məhkəməyə hər hansı məlumat verilməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. (-). Maddə 10 Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. (-). Maddə 16. Dövlət reyestrində düzəlişlər (-). 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə:

3. Xidmətin vəzifələri 3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmət aşağıdakı vəzifələri yerinə yetirir: (-); 3.0.23. daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; (-).

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi:

3. Xidmətin vəzifələri 3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: (-); 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; (-); 3.0.27. dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək; (-).

Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanı: 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.5. ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasını, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin;

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. İş materiallarında görünür ki, Şəmkir rayon Könüllü bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 06 saylı qərarı ilə 14,31 ha və 0,69 ha torpaq sahələrinə xx.xx.2014-cü il tarixdə Könüllü bələdiyyəsinin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində çıxarış verilmiş və həmin torpaq sahələrinə Könüllü bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış notarial icarə müqavilələri əsasında xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli və ********** qeydiyyat nömrəli İddiaçı adına yüklülük çıxarışları və torpaq sahəsinin plan və ölçüsü sənədləri verilmişdir. Lakin hazırda iddiaçı ona verilmiş torpaq sahələrinin koordinatlarına düzəliş edilərək dövlət qeydiyyatına alınmasını tələb edir. Birinci instansiya məhkəməsi tərəfindən torpaq sahəsinin koordinatlarının ilkin sənədlərə uyğun olub-olmamasının müəyyən edilməsi məqsədilə iş üzrə müvafiq mütəxəssis rəyi alınmış, mütəxəssis tərəfindən müəyyən edilmişdir ki, Şəmkir rayonu Könüllü kənd bələdiyyəsinin BEF-dən 14.31 ha və 0.69 ha torpaq sahələrinin icarəyə verilməsinə dair ilkin torpaq ayırma (Plan ölçü) sənədlərində qeyd edilən torpaq sahəsinin koordinantları Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** və ********** qeydiyyat nömrəli çıxarışlara düzgün qeyd edilmişdir, bundan əlavə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** və ********** qeydiyyat nömrəli çıxarışlar üzrə İddiaçı icarə hüquqları qeydə alınan (Plan ölçü sənədi) 14.31 ha və 0.69 ha, cəmi 15 ha torpaq sahəsinin koordinantları üst-üstə düşür. Bundan sonra apellyasiya icraatı zamanı da işin tam, hərtərəfli, obyektiv araşdırılması məqsədilə iş üzrə müvafiq mütəxəssis rəyləri alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin 20 oktyabr 2023-cü il tarixli mütəxəssis rəyində bildirilmişdir ki, İddiaçı aid olan A №480430 saylı torpaq sahəsinin plan və ölçü sənədi Şəmkir rayonu Könüllü kənd bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 06 saylı qərarına uyğun tərtib edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı İddiaçı aid olan A № 480430 saylı torpaq sahəsinin plan və ölçü sənədinə uyğun tərtib edilmişdir. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin ölçüləri 16.4651 ha təşkil edir. Elektron məlumat bazasının yeni elektron uçot xəritəsinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış üzrə İddiaçı icarə hüquqları qeydə alınan 14.31 ha torpaq sahəsinin koordinantları ilə digər üçüncü şəxslərin hüquqları qeydə alınmış torpaq sahəsinin koordinantları üst-üstə düşür. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi ilə ona aid olan A № 480430 saylı torpaq sahəsinin plan və ölçü sənədində qeyd olunan torpaq sahəsinin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışlar üzrə İddiaçı icarə hüquqları qeydə alınan 14.31 ha və 0.69 ha, cəmi 15 ha torpaq sahəsinin koordinatları müəyyən hissələrdə üst-üstə düşmür. Bundan başqa Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin 05 sentyabr 2024-cü il tarixli mütəxəssis rəyində bildirilmişdir ki, İddiaçı aid olan A N 480430 saylı torpaq sahəsinin plan və ölçü sənədi Şəmkir rayonu Könüllü kənd bələdiyyəsinin yerquruluşu planından çıxarışa uyğun tərtib edilmişdir. İddiaçı adına tərtib edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışlar Şəmkir rayonu Könüllü kənd bələdiyyəsinin yerquruluşu planından çıxarışa uyğun tərtib edilmişdir. İddiaçı aid olan A N 480430 saylı torpaq sahəsinin plan və ölçü sənədi Şəmkir rayonu Könüllü kənd bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 06 saylı qərarına uyğun tərtib edilmişdir. Qeyd: İddiaçı adına olan sənədlərdəki sxem və koordinatlar faktiki istifadə vəziyyətinə uyğun deyildir. Torpaq İslahatına dair Kompleks Yerquruluşu Layihələirinə əsasən işlənmiş torpaq sahələrinin konfiqurasiyası ilə faktiki istifadə vəziyyətinin konfiqurasiyası arasında uyğunsuzluqlar olduğundan Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə yaradılmış X1 İnformasiya Sistemində torpaqların faktiki istifadə vəziyyəti öz əksini tapmışdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanın 2.5-ci bəndinə uyğun olaraq "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlərin edilməsi və həmin düzəlişlərə uyğun yeni sənədin verilməsi təmin edilə bilər. Daha sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 22 yanvar 2025-ci il tarixli mütəxəssis rəyində bildirilmişdir ki, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi ilə üçüncü şəxslərin naturada faktiki istifadələri olmadığına görə üst-üstə düşmə halı yoxdur. Lakin elektron baza məlumatlarına əsasən üzərində hüquqlarının (mülkiyyət, istifadə, icarə və s.) daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşmə halı vardır. TEKUİS və DT və XK tərəfindən tərtib edilmiş yerquruluşu sxeminə və koordinatlarına uyğun olaraq elektron bazaya əsasən İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi **********80 və **********81 reyestr nömrəli çıxarışlarda olan torpaq sahəsinin 4.05 ha hissəsi ilə üst-üstə düşür. Qeyd olunan torpaq sahəsinin kateqoriyası Ehtiyat fondu torpaqları, kənd təsərrüfatı təyinatlı əkin altında olan torpaqlardır. Torpaq sahəsi mühafizə və sürüşmə zonasına düşmür. Qeyd: İddiaçı adına olan sənədlərdəki sxem ve koordinatlar faktiki istifadə vəziyyətinə uyğun deyildir. Torpaq İslahatına dair Kompleks Yerquruluşu Layihələirinə əsasən işlənmiş torpaq sahələrinin konfiqurasiyası ilə faktiki istifadə vəziyyətinin konfiqurasiyası arasında uyğunsuzluqlar olduğundan Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə yaradılmış X1 İnformasiya Sistemində torpaqların faktiki istifadə vəziyyəti öz əksini tapmışdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanın 2.5-ci bəndinə uyğun olaraq "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin razılıq ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlərin edilməsi və həmin düzəlişlərə uyğun yeni sənədin verilməsi təmin edilə bilər. İş materiallarını və əldə edilmiş mütəxəssis rəylərini nəzərdən keçirən məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi Şəmkir rayonu Könüllü kənd bələdiyyəsi tərəfindən İddiaçı icarəyə verilmiş 14.31 ha və 0.69 ha torpaq sahələrinin ilkin torpaq ayırma sənədlərində qeyd edilən torpaq sahəsinin koordinatları Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** və ********** qeydiyyat nömrəli çıxarışlara uyğun tərtib edilmişdir. Həmçinin göründüyü kimi İddiaçı adına tərtib edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** və ********** qeydiyyat nömrəli çıxarışlar Şəmkir rayonu Könüllü kənd bələdiyyəsinin yerquruluşu planından çıxarışa uyğun tərtib edilmişdir. İddiaçı aid olan torpaq sahəsinin plan və ölçü sənədi də Şəmkir rayonu Könüllü kənd bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 06 saylı qərarına uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının adına qeydə alınmış torpaq sahələrinin koordinatları ilkin torpaq ayırma sənəndlərinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmış torpaq sahələrinə dair plan və ölçü tərtib edilmişdir. Araşdırma zamanı müəyyən olunur ki, iddiaçı qanunla ona ayrılmış koordinatlar daxilində olan torpaq sahəsi ilə bərabər, nisbətən həmin koordinatlardan kənarda yerləşən torpaq sahəsindən də istifadə edir və torpaq sahələrinin konfiqurasiyası ilə faktiki istifadə vəziyyətinin konfiqurasiyası arasında uyğunsuzluqlar olduğundan ona aid sənədlərdə qeyd olunan koordinatların düzəldilərək faktiki istifadəsində olan torpaq sahəsinə uyğun plan və ölçü sənədinin verilməsini cavabdehdən tələb edə bilər ki, onun da qanunvericilikdə qaydası müəyyən edilmişdir. Belə ki, buna münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Torpaq İslahatına dair Kompleks Yerquruluşu Layihələrinə əsasən işlənmiş torpaq sahələrinin konfiqurasiyası ilə faktiki istifadə vəziyyətinin konfiqurasiyası arasında uyğunsuzluqlar olduğundan Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə yaradılmış X1 İnformasiya Sistemində torpaqların faktiki istifadə vəziyyəti öz əksini tapmışdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanın 2.5-ci bəndinə uyğun olaraq "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin razılıq ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlərin edilməsi və həmin düzəlişlərə uyğun yeni sənədin verilməsi təmin edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı onun adına qeydə alınan torpaq sahələrinin konfiqurasiyası ilə faktiki istifadə vəziyyətinin konfiqurasiyası arasında uyğunsuzluqlar olduğundan ona aid sənədlərdə qeyd olunan koordinatların düzəldilərək faktiki istifadəsində olan torpaq sahəsinə uyğun plan və ölçü sənədinin verilməsini tələb edirsə, bu zaman cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçı və digər hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin razılıq ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlərin edilməsi və həmin düzəlişlərə uyğun yeni sənədin verilməsi təmin edilə bilər. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən cavabdeh iddiaçının müraciətinə imtina etməkdə haqlı sayılmalıdır və onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilə bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2712/2022 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar