Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-100/2023 30.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və vəkili X2 iştirakı ilə, «Diplomun hüquqi əsaslılığının müəyyən edilməsi və imtahana buraxılma» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)- 1874/2022 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: B seriyalı, 106718 nömrəli (qeydiyyat nömrəsi-2/0661) diplomdan görünür ki, İddiaçı Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialında “ibtidai təhsilin pedaqogikası və metodikası” ixtisası üzrə ali təhsil almışdır. Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialının xx.xx.2010-cu il tarixli 1254 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən 2009/2010-cu tədris ilində Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialını bitirmiş, ona X3 Komissiyasının qərarı ilə “ibtidai təhsilin pedaqogikası və metodikası” ixtisası və bakalavr dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli Z-4445/10-24 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialını bitirməsi ilə bağlı verilmiş B seriyalı, 106718 nömrəli (qeydiyyat nömrəsi-2/0661) diplomun hüquqi baxımından əsaslı hesab olunması və onun müəllimlərin işə qəbul imtahanlarına buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2009-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialını bitirmiş və ali təhsili bitirməyi ilə bağlı ona B seriyalı, 106718 nömrəli diplom verilmişdir. Həmin diplom əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi MİQ imtahanında iştirak edərək ibtidai sinif müəllimi kimi Tovuz rayonun müxtəlif kəndlərində işləmişdir. Ümumilkdə 3 ilə qədər müəllim kimi işləmiş, qanuna müvafiq qaydada əmək haqqı almış, sosial sığorta haqlarını ödəmişdir. 2021-ci ilə yenidən MİQ imtahanı verərək 54 balla test imtahanından müvəffəqiyyətlə keçmiş və Tovuz rayonunun Məşədivəlilər kənd M.Yusifov adına tam orta məktəbindəki vakant yerə ixtisası üzrə müəllim təyin olunmuşdur. xx.xx.2022-ci ildə keçirilmiş müsahibə mərhələsinə dəvət olunmuş, müsahibəyə qatılmaq istədiyi zaman ali təhsil sənədi olan diplom yoxlanılmış və ona bildirilmişdir ki, diplomu dövlət reyestrində sistemdə görünmür və saxtadır. Bununla bağlı iddiaçı Təhsil Nazirliyinə müracət etikdə yenidən həmin əsasla onun imtahana buraxılmağından imtina edilmişdir. İddiaçı hesab edir ki, Təhsil Nazirliyinin diplomun saxta olması ilə bağlı mövqeyi əsassız və qanunsuzdur. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş iddia ərizəsinə etirazda qeyd olunmuşdur ki, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı tərəfindən iddiaçının adına yazılmış B seriyalı 106718 saylı diplom blankı dövlət nümunəli təhsil sənəd deyildir. İddiaçı tərəfindən diplomun qanunsuz yolla əldə etməsi sübut edildiyindən, onun ali təhsil almadan pedaqoji fəaliyyətlə məşğul olması təhsil qanunvericiliyinə ziddiyyət təşkil edir. Belə ki, iddiaçı saxta sənəd təqdim etməklə ümumtəhsil məktəbində müəllim kimi işə qəbul edilməsi gələcəkdə təhsilalanların keyfiyyətli təhsil almaq hüquqlarının pozmuş olar. Eyni zamanda Nazirlik tərəfindən aparılmış araşdırmadan məlum olmuşdur ki, iddiaçı ali təhsil müəssisəsinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlardan kənar yolla qəbul olunmuş və buna görə də ona verilən diplom blankı Təhsil Nazirliyi tərəfindən sifariş verilməmişdir. Qanunvericiliyə əsasən təqdim olunmuş diplomların qanuni və ya qanunsuz olmasını müəyyən etmək səlahiyyəti bilavasitə Təhsil Nazirliyinə aid edilmişdir. Ona görə də iddiaçı MİQ-in müsahibə mərhələsinə buraxılmamışdır. Pedaqoji fəaliyyətə başlamaq üçün təqdim edilən sənədin dövlət nümunəli olması əsas şərtdir. Bu baxımdan iddiaçının MİQ imtahanlarına buraxılması tələbinin hüquqi əsası yoxdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1874/2022 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, İddiaçı müəllimlərin işə qəbul imtahanlarına buraxılması öhdəliyinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına istinadən nəzərə alınmalıdır ki, iddiaçıya sözügedən diplom təhsil fəaliyyəti üçün dövlət tərəfindən müvafiq səlahiyyət verilmiş təhsil müəssisəsi tərəfindən Dövlət Attestasiya Komissiyasının xx.xx.2009-cu il tarixli qərarına əsasən verilmişdir, bu səbəbdən də məhkəmə hesab edir ki, ona verilmiş diplomun dövlət nümunəli olmaması onun ziyanına şərh edilməməlidir. Başqa sözlə cavabdeh orqan sözügedən diplomun verilməsində iddiaçının hər hansı təqsirli hərəkətinin olması barədə heç bir dəlil və sübut təqdim etməmişdir. Məhkəmə mövqeyini “Təhsil haqqında" Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2000-ci il 9 noyabr tarixli 1035 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil haqqında sənədlərin alınması, saxlanması, doldurulması, verilməsi və uçotu haqqında Təlimat”ı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarın tam ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qəbul etdiyi qərarın hüquqi əsası olmadığından qərar ləğv edilməli və iddia tələbi tələb təmin edilməməlidir. Belə ki, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı tərəfindən iddiaçının adına yazılmış B seriyalı 106718 saylı diplom blankı dövlət nümunəli təhsil sənəd deyildir. İddiaçı tərəfindən diplomun qanunsuz yolla əldə etməsi araşdırma zamanı sübut edildiyindən, onun ali təhsil almadan pedaqoji fəaliyyətlə məşğul olması təhsil qanunvericiliyinə ziddiyyət təşkil edir. İddiaçı saxta sənəd təqdim etməklə ümumtəhsil məktəbində müəllim kimi işə qəbul edilməsi gələcəkdə təhsilalanların keyfiyyətli təhsil almaq hüquqlarını pozmuş olur. Məhkəmə iclasında İddiaçı və vəkili X4 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Təhsil haqqında" Azərbaycan Respublikası Qanunu Həmin qanunun 26.2-ci maddəsinə görə, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirir. Həmin qanunun 27.1-ci maddəsinə əsasən, təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. Həmin qanunun 27.2-ci maddəsinə əsasən təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır. Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2000-ci il tarixli, 1035 nömrəli əmri ilə təsdiq edilmiş və xx.xx.2000-ci il tarixdə Ədliyyə Nazirliyində qeydə alınmış "Təhsil haqqında sənədlərin alınması, saxlanması, doldurulması, verilməsi və uçotu haqqında" Təlimatı Həmin təlimatın 1.4-cü bəndinə əsasən, təhsil sənədi blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün təhsil müəssisələrinə məzunların sayına müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 203 nömrəli Fərmanı ila təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında" Əsasnamən Həmin əsasnamənin 826-cı bəndinə əsasən, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlayır, onun verilmə qaydasını müəyyənləşdirir, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin edir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə" Həmin əsasnamənin 6.1-ci bəndinə əsasən təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının bütün ali və orta ixtisas təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi Komissiyanın əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, iddiaçını və vəkilinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli və Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı 2009/2010-cu tədris ilində Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialını bitirmiş, ona X3 Komissiyasının qərarı ilə “ibtidai təhsilin pedaqogikası və metodikası” ixtisası və bakalavr dərəcəsi verilərək ali təhsilini təsdiq edən B seriyalı, 106718 nömrəli (qeydiyyat nömrəsi2/0661) diplom təqdim edilmişdir. Həmin diplom əsasında iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi MİQ imtahanlarında iştirak edərək ibtidai sinif müəllimi kimi Tovuz rayonunda müxtəlif məktəblərdə ümumilkdə 3 ilə qədər müəllim işləmiş, 2021-ci ilə yenidən MİQ imtahanı verərək 54 balla test imtahanından müvəffəqiyyətlə keçmiş və Tovuz rayonunun Məşədivəlilər kənd M. Yusifov adına tam orta məktəbindəki vakant yerə ixtisası üzrə müəllim təyin olunmuş və xx.xx.2022-ci ildə keçirilmiş müsahibə mərhələsinə dəvət olunmuş, lakin bu dəfə diplomun dövlət nümunəli sənəd hesab edilməməsi əsası ilə imtahana buraxılmamışdır. İddiaçı hazırda cavabdehin qeyd olunan hərəkətini mübahisələndirərək ona məxsus diplomun hüquqi əsaslılığının müəyyən edilməsi və imtahana buraxılmasını tələb edir. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya sözügedən diplom təhsil fəaliyyəti üçün dövlət tərəfindən müvafiq səlahiyyət verilmiş təhsil müəssisəsi tərəfindən Dövlət Attestasiya Komissiyasının xx.xx.2009-cu il tarixli qərarına əsasən verilmişdir, bu səbəbdən də məhkəmə hesab edir ki, ona verilmiş diplomun dövlət nümunəli olmaması onun ziyanına şərh edilməməlidir. Başqa sözlə cavabdeh orqan sözügedən diplomun verilməsində iddiaçının hər hansı təqsirli hərəkətinin olması barədə heç bir dəlil və sübut təqdim etməmişdir. Kollegiya hesa edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassızdır. Belə ki, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı tərəfindən iddiaçının adına yazılmış B seriyalı 106718 saylı diplom blankı dövlət nümunəli təhsil sənəd deyildir. Həmçinin məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubundan da görünür ki, iddiaçının təqdim etdiyi B seriyalı 106718 nömrəli diplom blankı Təhsil Nazirliyi tərəfindən AMİ-nin Gəncə Filialının "ibtidai təhsilin pedaqogikası və metodikası" ixtisası üzrə məzunu X1 adına verilmişdir. Həmin dövrdə qüvvədə olan "Azərbaycan Respublikasının Təhsil Qanun"unun 21-ci maddəsində qeyd edilir ki, ali və orta ixtisas təhsil müəssisələrində tələbə qəbulu strateji əhəmiyyətə malik olan çox mühüm dövlət tədbiridir. Tələbə qəbulunda heç bir imtiyaza yol verilmir. Dövlət təhsil müəssisələrində tələbə qəbulu qabaqcıl dünya təcrübəsinə əsaslanan "Qəbul Qaydaları"na və onların nizamnamələrinə müvafiq olaraq aparılır. Qanunun bu normasından göründüyü kimi, ali təhsil müəssisələrinə tələbə qəbulu yalnız, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən təşkil edilən mərkəzləşdirilmiş qaydada ola bilərdi. Birinci instansiya məhkəməsi isə iddiaçının ali təhsil müəssisəsinə hansı qaydada qəbul olunmasını müəyyən etmədən İddiaçı müəllimlərin işə qəbul imtahanlarına buraxılması barədə qərar qəbul etmişdir. Göründüyü kimi İddiaçı adına yazılmış B seriyalı 106718 saylı diplom blankı dövlət nümunəli təhsil sənəd deyildir və iddiaçının təqdim etdiyi B seriyalı 106718 nömrəli diplom blankı Təhsil Nazirliyi tərəfindən AMİ-nin Gəncə Filialının "ibtidai təhsilin pedaqogikası və metodikası" ixtisası üzrə məzunu X1 adına verilmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1874/2022 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı diplomun hüquqi əsaslılığının müəyyən edilməsi və imtahana buraxılma tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-100/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-100/2023
30.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver