Məhkəmə qərarları › İş №2-1(104)-100/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-100/2024

23.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-100/2024 23.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2-1(114)-3049/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İddiaçının tələbi və tələbini əsaslandırması: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o 1991-1992-ci illərdə Kərkicahan özünümüdafiə batalyonunda erməni qəsbkarlarına qarşı döyüşlərdə iştirak etmiş və döyüşlər zamanı xəsarətlər almışdır. Həmin dövrdə aldığı xəsarətlər yüngül olduğundan xəstaxanaya müraciət etməmişdir. Buna baxmayaraq onun özünümüdafiə batalyonunda döyüşlərdə iştirakını keçmiş 816 saylı Şuşa batalyonunun İV Kərkicahan rotasının adlı siyahısında 157-ci sırada adının olması bir daha təsdiq edir. O, “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İnzibati orqanın imtinası: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, H/4652 nömrəli imtinadan görünür ki, iddiaçının müraciətinə “Veteran adlarının, müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və təqdim edilmiş sənədlər hüquqi əsas vermədiyi üçün (döyüşlərdə iştirakı sübut edən təsdiqedici sənədlər yoxdur) ona müharibə veteranı adı verilməsndən imtina edilmişdir. Birinci instansiya məhkəməsində birinci icraat: Gəncə İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2-1(114)-3049/2023 saylı qərarı ilə (hakim E.Axundov) iddia təmin edilərək, İddiaçı Kərəm oğluna “müharibə veteranı” adı və vəsiqəsinin verilmə vəzifəsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinə həvalə edilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsində birinci icraat: Gəncə İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2-1(114)-3049/2023 saylı qərarından narazı qalan cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2-1(114)-3049/2023 saylı qərardadının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası və şərtləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamə ilə tənzimlənir. Qeyd olunan qanunvericilik aktında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin adı qeyd olunmamışdır. Yəni, Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən şəxsə "müharibə veteranı adı və vəsiqəsi" verilməsi onun səlahiyyətləri çərçivəsində deyildir. "İnzibati orqanların təsnifatı"nın tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli 28 avqust tarixli, 136 nömrəli qərarının 4-1.1 və 4-1.1.1-ci yarımbəndlərinə əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Cağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri ayrı-ayrı inzibati orqanlardır. Gəncə Apellyasiya Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2-1(104)-392/2023 saylı qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1611/2023 nömrəli qərarının ləğv edilməsi və iş materiallarının yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsində ikinci icraat: Gəncə İnzibati Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2-1(114)-3049/2023 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsi əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti ilə əvəz edilməsi qərara alınmışdır. Gəncə İnzibati Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2-1(114)-3049/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi və İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri: Gəncə İnzibati Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2-1(114)-3049/2023 saylı qərarından narazı qalan cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3049/2023 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə baxarkən və qərar qəbul edərkən işin faktiki hallarını düzgün araşdırmamış, habelə qəbul etdiyi qərarda maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bütün bunlar da məhkəmə qərarının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, YuxarıƏskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Göstərilən qanunvericilik aktının tələblərinə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Gəncə İnzibati Məhkəməsi qərar qəbul edərkən təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış və nəticədə qanunvericiliyin tələblərinə uyğun olmayan qərar qəbul etmişdir. Belə ki, Xocalı Rayon İcra Hakimiyyəti başçısı və Xocalı rayon Polis şöbəsinin rəisi tərəfindən təsdiq edilmiş “Keçmiş 816 saylı Şuşa batalyonunun İV Kərkicahan rotasının ümumi adlı siyahısı’na əsasən, İddiaçı Kərəm oğlu 1991-1992-ci illərdə özünümüdafiə dəstələrinin tərkibində erməni quldurlarına qarşı gedən döyüşlərdə iştirak etməsi göstərilmişdir. X6 Məhkəməsi nəzərə almamışdır ki, şəxsə müharibə veteranı statusu verilməsi üçün yalnız yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar deyil, siyahı ilə yanaşı döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Məhkəmə icraatı zamanı döyüşlərdə sübut edən sənədlər mövcud olmamış və məhkəmə bu sübutların aşkar olunmasında heç bir təşəbbüs göstərməmişdir. Həmçinin yuxarıda adıçəkilən siyahının mötəbərliyinin yoxlanılması ilə əlaqədar məhkəmə heç bir araşdırma aparmamış və bununla da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58-ci maddəsinin tələblərini pozmuşdur. Habelə, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin ‘Azərbaycan Respublikası Silahlı Qüvvələrin yarandığı gündən döyüş bölgələrində olan hərbi hissələrin siyahısı qovluğu”nda “816 saylı Şuşa batalyonu” mövcud olmuşdur. Qovluğun adından görünür ki, 816 saylı Şuşa batalyonu hərbiləşdirilmiş dəstədir (hərbi hissədir) və belə olan halda bu iş üzrə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi olmalıdır. İştirakçılıqla bağlı prosessual məsələlər və proses iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 ilə apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib, şikayətin təmin edilməsini xahiş etmişdir. İşdə olan sübutlar: Kərkicahan Qəsəbə üzrə İHB nümayəndəsi tərəfidnən tərtib olunmuş, Xocalı Rayon İcra Hakimiyyəti başçısı və Xocalı rayon Polis şöbəsinin rəisi tərəfindən təsdiq edilmiş «Keçmiş 816 saylı Şuşa batalyonunun İV Kərkicahan rotasının ümumi adlı siyahısı»dan görünür ki, 157-ci sırada İddiaçı adı qeyd edilmişdir. Azərbaycan Respublikası Xocalı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 258 nömrəli məktubunda bildirilir ki, iddiaçı 1991-1992-ci illər ərzində Kərkicahan özünümüdafiə dəstəsinin tərkibində torpaqların müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. (əsas: Xocalı Rayon İcra Hakimiyyəti başçısı Aparatı tərəfindən təsdiq olunmuş Xocalı rayon özünümüdafiə batalyonunun adlı siyahısı) Azərbaycan Respublikası Xocalı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 08 nömrəli arayışından görünür ki, iddiaçı 1990-1991-ci illər ərzində Kərkicahan özünümüdafiə dəstəsinin tərkibində torpaqların müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 09 yanvar 2024-cü il tarixli, 24 nömrəli arayışından görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1992-ci il tarixli 07N №-li əmrində Şuşa Özünümüdafiə batalyonu N №-li hərbi hissənin N №-li hərbi hissənin tabeliyinə verilməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1992-ci il tarixli 0157 №-li əmrində N nömrəli hərbi hissə - Şuşa rayonunun Əlahiddə Ərazi Özünümüdafiə batalyonunun N №-li hərbi hissənin tabeliyinə verilməsi qeyd olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 1 nömrəli əmrində və Azərbaycan Respublikası Müdafiə nazirinin 1992-ci il tarixli əmrlərində qeyd olunmuş “X5” batalyonunun şəxsi heyətinin siyahısında İddiaçı barəsində məlumat aşkar olunmamışdır. Qeyd edirik ki, N nömrəli hərbi hissə komandirinin 1991-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1992-ci il tarixli nizami hissə üzrə əmrləri, şəxsi heyətinin əlifba qeydiyyatı kitabları və “X5” batalyon komandirinin və Kərkicahan Özünümüdafiə dəstəsinin sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Tətbiq edilən hüquq: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Maddə 7. Müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri haqqında Əsasnamə» 1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndi. Müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Hüquqi məsələlər və əsaslandırma: Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası ilk öncə cavabdehin 816 saylı Şuşa batalyonunun hərbiləşdirilmiş dəstə (hərbi hissə) olması, buna görə də iş üzrə cavabdehin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi olmalı olması ilə bağlı şikayətinin dəlilini əsassız hesab edərək qeyd edir ki, məhkəmənin sorğusu əsasın əldə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 09 yanvar 2024-cü il tarixli, 24 nömrəli arayışından göründüyü kimi, N №-li Şuşa özünümüdafiə batalyonu ilk dəfə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1992-ci il tarixli, 07N №-li əmri ilə N №-li hərbi hissənin tabeliyinə verilmişdir ki, iddiaçı 1990-1992-ci illər ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxs olmuşdur. Yəni, mümkün olan haldır ki, iddiaçı N №-li Şuşa özünümüdafiə batalyonu Müdafiə Nazirliyinin N №-li hərbi hissənin tabeliyinə verildikdən sonra hərbi qulluqçu qismində xidmət göstərməmiş olsun. Buna görə də məhkəmə kollegiyası cavabbdehin qeyd olunan şikayətinin dəlilini əsassız hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin döyüşlərdə iştirak etməməsinin sübut olunmaması ilə bağlı dəlillərini də əsassız hesab etmişdir. Belə ki, Kərkicahan Qəsəbə üzrə İHB nümayəndəsi tərəfindən tərtib olunmuş, Xocalı Rayon İcra Hakimiyyəti başçısı və Xocalı rayon Polis şöbəsinin rəisi tərəfindən təsdiq edilmiş Keçmiş 816 saylı Şuşa batalyonunun İV Kərkicahan rotasının ümumi adlı siyahısındakı 157-ci sırada İddiaçı adı qeyd edilmişdir ki, bu faktın özü onun döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən əsas sənəd kimi çıxış edir. Digər tərəfdən iddiaçı tərəfindən Azərbaycan Respublikası Xocalı Rayon İcra Hakimiyyəti başçısının arayışı və iddiaçıya ünvanlanmış məktubla onun N №-li Şuşa özünümüdafiə batalyonunun tərkibində döyüşməsi qeyd olunmuşdur ki, həmin sənədlər də hazırkı iş üzrə mötəbər sübut hesab olunur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Gəncə İnzibati Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2-1(114)-3049/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2-1(114)-3049/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar