Məhkəmə qərarları › İş №2-1(104)-100/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-100/2025

12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-100/2025 12.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-392/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, DOS-6, ev 3- də yerləşən 2 saylı mənzil üzərində onun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-392/2023 saylı qərarı ilə (hakim E.Axundov) İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarın ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2023-cü il tarixli, 2- 1(104)-143/2024 nömrəli qərarı ilə (hakimlər: R.Mamedov - sədrlik edən və məruzəçi, A.İsgəndərova və A.Bayramov) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-2292/2024 saylı qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 2- 1(104)-143/2024 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərar alınmışdır. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, DOS-6, ev 3-də yerləşən 2 saylı mənzil order əsasında mülkiyyətçisi olan əri X8 verilmiş, sonuncu xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. Bundan sonra X5 qanuni vərəsəsi olaraq o, Gəncə şəhəri, DOS-6, ev 3-də yerləşən 2 saylı həmin mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçının vəkili Vəkil ərizəsinə əsasən iddia tələbi “Gəncə şəhəri, DOS-6, ev 3-də yerləşən 2 saylı mənzil üzərində X5 mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum əri X1 Federassiyasının silahlı qüvvələrində zabit heyyətində xidmət ediyi zaman 2-ci Qarabağ müharibəsində iştirak etmək üçün orada olan mənzilini hazırkı mübahisəli mənzillə dəyişərək müharibəyə qatılmışdır. Mənzilin dəyişməsi Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 43 nömrəli order əsasında İrkutsk şəhəri, XDS İcraiyyə komitəsinin xx.xx.1992-ci il tarixli 63 nömrəli razılıqla aparılmışdır. Müharibə zamanı mərhum X11 yaralanmış və sonradan xx.xx.2004-cü ildə vəfat etmişdir. Vəfat edənədək yeganə yaşayış yeri olan mübahisəli mənzildə yaşamışdır. Hazırda həmin mənzildə ailə ilə üzvləri yaşayırlar. İddiaçı cavabdehə qarşı müvafiq tələblə iddia qaldıraraq qərar qəbul edilməsini xahiş etmişdir. Yekunda İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, aparılan araşdırma zamanı müraciətə əlavə olunmuş sənədlər mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmədiyi müəyyən edilmişdir. Belə ki, X5 vərəsəsi X3 müraciətində qeyd etdiyi Gəncə şəhəri, DOS-6, ev 3 ünvanında yerləşən, 2 saylı mənzilin hərbi şəhərcikdə yerləşdiyi müəyyən edilmişdir. Mənzil fondunun özəlləşdirilməsinin ümumi qaydaları, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu ilə tənzimlənir. Həmin Qanununun 6-cı maddəsinə əsasən, təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Qeyd olunan mənzil qapalı hərbi şəhərciyin evlərinə aid olduğu üçün həmin mənzilin özəlləşdirilməsi qanunauyğun hesab edilmir. Müdafiə Nazirliyinin xx.xx.2023-cü i tarixli 2049 nömrəli məktubundan görünür ki, Gəncə şəhəri, DOS-6, ev 3 ünvanında yerləşən, 2 saylı mənzilin açıq hərbi şəhərcikdə yerləşməsi nəzərə alınmamışdır. Eyni zamanda mübahisəli mənzilə order Gəncə şəhər İcra hakimiyyəti tərəfindən verilməsi faktına hüquqi qiymət verilməmişdir. Məhkəmənin gəldiyi nəticə tamamilə əsassızdır. İddiaçının hüquqları pozulmuşdur. Bununla da məhkəmə çəkişmə prinsipini pozmaqla ədalətsiz qərar qəbul etmişdir. Hesab edir ki, qərar ləğv edilərək iddia tələbi təmin edilməklə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə Gəncə şəhəri, DOS-6, ev 3-də yerləşən 2 saylı mənzil üzərində onun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir Tərəflərin izahatları və prosessual məsələlər: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin və üçüncü şəxs Müdafiəı Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPMnin 62.3-cü maddəsinə əsasən, işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək həmin şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi isə təmin edilməlidir. Məhkəmə kollegiyası iddaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümükünlüyü ilə bağlı qeyd edir ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümükün sayılmaması üçün əsaslar yoxdur, ona görə də şikayət qəbul edilə bilən hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. İş materiallarında olan Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1992ci il tarixli, 43 nömrəli orderdən görünür ki, ünvan 1 ünvanındakı yaşayış sahəsi X4 dəyişdirilərək X5 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş **********84 saylı, xx.xx.2022-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə göstərilir ki, aparılan araşdırma zamanı Gəncə şəhəri, DOS-6, ev 3 ünvanında yerləşən 2 saylı mənzilin hərbi şəhərçikdə yerləşdiyi müəyyən edilmişdir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinin xx.xx.2024-cü il tarixli, 1384 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanındakı yaşayış sahəsi Müdafiə Nazirliyinin balansındadır və xx.xx.1992-ci il tarixli 43 nömrəli dəyişmə orderinə əsasən Rusiya Federasiyası, İrkutsk şəhərində yaşayan vətəndaş X4 dəyişdirilərək vəfat etmiş X5 adına qeydiyyata alınmışdır. Məhkəmə sorğusu əsasında Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar Hissəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 169 nömrəli məktubdan görünür ki, vətəndaş İddiaçı yaşadığı Gəncə şəhəri, DOS-6, ev 3 ünvanda yerləşən 2 nömrəli mənzil açıq hərbi şəhərcikdə yerləşir. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin verdiyi 23 yanvar 2025-ci il tarixli 3-21-3- 33/2-876/2025 nömrəli məktubunda göstərilir ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən Gəncə şəhəri, DOS-6, ev 3 ünvanında yerləşən binaya aid mənzillər üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkarlanmadığı üçün müraciətiniz icrası tərəfimizdən mümkün olmamışdır. İddiaçı tərəfindən məhkəmə kollegiyasının iclasında təqdim edilərək iş materiallarına əlkavə edilmiş qeydiyyat vəsiqəsinin surətindən və ona əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, Gəncə şəhəri, DOS-6, ev 3 ünvanında yerləşən 3 saylı mənzil xüsusi mülkiyyət kimi X2 adına qeydə alınmışdır. İddiaçı tərəfindən məhkəmə kollegiyasının iclasında təqdim edilərək iş materiallarına əlkavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 9 saylı mənzil xüsusi mülkiyyət kimi X6 adına qeydə alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Gəncə şəhəri, DOS-6, ev 3-də yerləşən 2 saylı mənzil order əsasında əvvəllər X7 verilmiş, iddiaçının hazırda mərhum əri Rusiya Federasiyası, İrkutsk şəhərində yaşayan X10 özünə məxsus mənzili xx.xx.1992-ci il tarixli 43 nömrəli dəyişmə orderinə əsasən həmin mənzillə dəyişdirmiş sonuncu xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. Bundan sonra X5 arvadı olan iddiaçı digər ailə üzvlərinin razılığı ilə həmin mənzilin özəlləşdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqan həmin mənzilin hərbi şəhərcikdə yerləşməsinə istinad edərək mənzilin özəlləşdirilməsindən imtina etmişdir. Halbuki həmin binada, həmçinin qonşu binada özəlləşdirilmiş mənzillər vardır. İddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının özəlləşdirilməsini tələb etdiyi Gəncə şəhəri, DOS-6, ev 3-də yerləşən 2 saylı mənzil hərbi şəhərciklərin evlərinə aid mənzildir. Həmin mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müddətsiz istifadəsindədir və Gəncə rayon Mənzil-İstismar Hissəsinin balansındadır. Beləliklə məhkəmə hesab edir ki, Gəncə şəhəri, DOS-6, ev 3-də yerləşən 2 saylı mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xidməti mənzil fonduna aid olduğundan və yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmədiyindən iddia tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsinin qənaəti ilə, həmçinin cavabdehin qeyd olunan ünvandakı mənzili iddiaçının adına özəlləşdirməkdən imtinası ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin tələblərinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası MülkimMəcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin Maddə 139-1.1-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatmm arayışı (2 nömrəli forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (xx.xx.2009-cu il tarixədək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Məhkəmə kollegiyası cavabdehin imtina əsasları ilə bağlı qeyd edir ki, müvafiq mənzilə dair iddiaçının adına verilmiş orderin məzmununda xidməti sözü yazılmamışdır. Həmçinin, həmin mənzilin hazırda balansında olduğu müvafiq inzibati orqanın qurumu tərəfindən verilmiş məktubun məzmunundan görünür ki, qeyd edilən orderin xidməti mənzil kimi qeydiyyata alınmadığı bildirilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həmin mənzilin xidməti mənzil olması halı iş materialları əsasında təkzib olunur. Bu baxımından cavabdehin həmin əsasa istinad etməklə, iddiaçının müraciətindən imtina etməsi qanuni olmamışdır. Belə ki, mənzillərin özəlləşdirilməsini istisna edən hallar “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsi ilə müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçının yaşadığı mənzilin xidməti mənzil hesab edilərək özəlləşdirilməsindən imtina edilməsi əsassızdır, ona görə ki, iddiaçının mərhum ərinin adına olan order xidməti mənzil üçün olan order deyildir. İddiaçının yaşadığı mənzilin hərbi şəhərcikdə yerləşməsi əsası ilə özəlləşdirilməsindən imtina edilməsi isə qanunvericiliyin normasının cavabdeh tərəfindən genişləndirici təfsiridir ki, bu da yolverilməzdir. Çünki qanunvericiliyin istinad olunan 6-cı maddəsində qapalı hərbi şəhərciklərin evlərində mənzillərin özəlləşdirilməsinin yolverilməz olduğu təsbit edilmişdir. İddiaçının özəlləşdirilməsini (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını) xahiş etdiyi mənzil qapalı hərbi şəhərcikdə yox, açıq hərbi şəhərcikdə yerləşir. Həm də nəzərə alınmalıdır ki, Müdafiə nazirliyi tərəfindən də iddia ərizəsinə qarşı hər hansı etiraz daxil olmamışdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, sözügedən mənzilin xidməti mənzil olması halı müəyyən edilmədiyindən, habelə həmin mənzil açıq hərbi şəhərcikdə yerləşdiyindən, mənzilin verilməsinə dair order qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququnun qeydiyyatına alınmasına əsas olan sənəd kimi çıxış etdyindən, həmin mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilmədiyindən, iddiaçının iddia tələbi əsaslı olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam araşdırılmamış, cavabdehin imtina əsaslarının dəlilləri ətraflı aydınlaşdırılmamış, bununla da iş üzrə gəldiyi nəticə yalnış olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 33.1-ci maddəsinin tələblərinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin maddənin 2-ci bəndinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikasının İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmədiyindən, bununla da iş üzrə gəldiyi nəticə düzgün olmadığından, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunduğundan və apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-392/2023 saylı qərarı ləğv edilsin və yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Gəncə şəhəri, DOS-6, ev 3-də yerləşən 2 saylı mənzilin üzərində X5 mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinə üzərinə qoyulsun. Qərar ondan kassasiya şikayəti verilməzsə, tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar