Məhkəmə qərarları › İş №2-1(104)-101/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-101/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-101/2024 30.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hərbi xidmətdə olduğu və işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)- 1636/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinin xx.xx.2014-cü il tarixli 424 nömrəli arayışında İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olduğu bildirilmişdir. İddiaçıya məxsus xx.xx.1975-ci il tarixli əmək kitabçasında onun xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək 3 nömrəli X4, xx.xx.1980-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Trolleybus İdarəsində işləməsi, habelə xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək Sovet ordusunda xidmət keçməsi qeyd olunmuşdur. İddiaçıya məxsus xx.xx.1979-cu il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında onun xx.xx.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixədək X5 birliyində işləməsi qeyd olunmuşdur. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2022-ci il tarixli məktubu ilə müraciətin təmin edilməsindən imtina edilərək bildirilmişdir ki, təqdim etdiyi əmək kitabçasına, təhsil haqqında diplomun surətinə və hərbi xidmət haqqında arayışa əsasən sığorta stajı (xx.xx.1972-ci il tarixindən xx.xx.1975-ci il tarixinədək əyani təhsil aldığı illər, xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınaraq) 24 il 9 ay 7 gün təşkil edir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçasında qeyd edilmiş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1978-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək və xx.xx.1980-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. X2 Filialının xx.xx.2022-ci il tarixli № 1247(360)/3 saylı arxiv arayışına əsasən əmək kitabçasında qeyd edilmiş X5 Birliyinin xx.xx.1978-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək olan arxiv sənədləri X2 Filialına təhvil verilmədiyi üçün həmin müəssisədən əmək haqqı alıb-almadığını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda əmək kitabçasında qeyd edilmiş Trolleybus idarəsindəki xx.xx.1980-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək olan əmək fəaliyyəti zamanı 1995-ci il tarixində 12 ay, 1996-cı il tarixində 12 ay, 1997-ci il tarixində 12 ay, 1998ci il tarixində 10 ay, 1999-cu il tarixində 9 ay adına əməkhaqqı hesablanıb. Bu səbəblə adına əməkhaqqı hesablanmayan dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən ümumi sığorta stajı qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə müavinət təyin edilib. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 18 saylı Regional Ərazi Filialına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsində tərəfindən məhkəməyə təqdim edilən sübutları nəzərə alıb, onun həm həqiqi hərbi xidmət dövrünü (1976-1978), eləcə də 27 saylı Texniki Peşə Məktəbində (1972-1975) müddət ərzində təhsil dövrünü sığorta stajına hesablanması vəzifəsinin cavabdehlərin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, pensiya yaşı ilə əlaqəli cavabdehlərə müraciəti olmuş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli məktuba əsasən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Məktubda cavabdehlərin özləri onun iş stajını işlədiyi dövrləri tam doğru etiraf etsələr də, onun həm həqiqi hərbi xidmət dövrünü (1976-1978), eləcə də 27 saylı Texniki Peşə Məktəbində (1972-1975) müddət ərzində təhsil dövrünü sığorta stajına hesablamamışlar. Əmək kitabçasında həmin illərdə əmək fəaliyyətinin olması, möhürlə təsdiqlənərək sübuta yetirilsə də, qanunvericiliyin tələblərinə zidd olaraq, cavabdehlər əsassız olaraq, onun rəsmi müraciətlərinə imtina etmişdir. İmtina məktubuna nəzər salınan zaman görünür ki, cavabdeh öz vəzifə borcunu layiqincə yerinə yetirmir. Vətəndaşlara sənədləşmə işlərində maarifçilik işini həyata keçirilməsində qərəzli süründürməçiliklər yaradırlar, nəticədə məhkəməyə müraciət etmək hüquqlarından istifadə etməli olurlar. Bu qədər ədalətsizliklər onun Konstitusiya ilə qorunan hüquq və azadlıqlarının cavabdeh tərəfindən kobud surətdə pozulması ilə nəticələnmişdir. Məhkəmənin hüquqi yardımından sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yenilənmiş iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun həm həqiqi hərbi xidmət dövrünün (1976-1978), eləcə də 27 saylı Texniki Peşə Məktəbində (1972-1975) təhsil dövrünün sığorta stajına hesablanması vəzifəsinin cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixədək X5 birliyində, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək Trolleybus idarəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə həmin tarixli məhkəmə qərardadı ilə məhkəmənin icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1636/2023 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu və xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək Trolleybus İdarəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə, ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd əmək kitabçası hesab edilir və iddiaçının əmək kitabçasında onun xx.xx.1980- ci il tarixli 97 nömrəli əmrlə Trolleybus idarəsinə sürücü işinə qəbul edildiyi və xx.xx.2000- ci il tarixli 28 nömrəli əmrlə proqul etdiyinə görə işdən çıxarıldığı qeyd edilmişdir. Trolleybus idarəsinin arxivə təhvil verilmiş 1999-2000-ci illər üzrə əmr kitablarında İddiaçı işdən azad olunma əmrinin aşkar olunmamasında isə onun onun təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən, iddiaçının pensiya təyin olunması üçün mübahisələndirilən stajı qazandığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69- cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndi iş stajını sübut edən əsas sənədin əmək kitabçası olduğunu təsbit edirdi. Əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Yəni, adıçəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. İddiaçının əmək kitabçasında həmin dövrlə bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir. İddiaçının xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək olan müddətdə iddiaçının əmək haqqı almaması barədə cavabdehin dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X2) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir, 3.6-cı bəndinə görə isə, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minənədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçası əsasında müəyyən olunduğunu təsbit etmişdir. İddiaçı isə qeyd edilən müddətlərdə işləməsinə dair əmək kitabçasını cavabdeh orqana təqdim etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1999-cu il tarixdən xx.xx.2000ci il tarixədək olan iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Cavabdeh orqanın növbəti mübahisələndirdiyi məsələ iddiaçının hərbi xidmət dövrü ilə bağlıdır. Məhkəmə iddiaçının hərbi xidmət dövrü ilə bağlı cavabdeh orqanın gətirdiyi arqumentləri əsassız sayır və qeyd edir ki, hərbi xidmət dövrünün yalnız hərbi bilet əsasında müəyyən edilməli olmasına dair qanunvericilikdə mütləq göstəriş yoxdur. iddiaçının hərbi xidmətlə bağlı stajı qazandığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin v) yarımbəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 6-cı bəndində hərbi xidmət dövrünün hərbi biletlər, hərbi komissarlıqların, hərbi hissələrin, Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidməti, Prezidenti Mühafizə xidməti orqanlarının arayışları, arxiv və hərbi müalicə müəssisələrinin arayışları, hərbi qulluq barədə sənədlərə əsasən əmək kitabçasında aparılan qeydlər və s. müəyyən edildiyi təsbit edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının əmək kitabçasında qeyd edilmiş mübahisələndirilən əmək fəaliyyəti dövrləri (20 il 5 ay 25 gün), eləcə də xx.xx.1972-ci il tarixdən xx.xx.1975-ci il tarixədək əyani təhsil aldığı müddət (2 il 8 ay 6 gün) və xx.xx.1976-xx.xx.1978-ci illərdə hərbi xidmət müddəti (2 il 25 gün) nəzərə alındıqda, iddiaçıya münasibətdə qanunvericiliklə nəzərdə tutulmuş dispozisiya şərtlərinin, yəni həm 25 il sığorta stajı və həm də yaş həddi ilə bağlı şərtlərin mövcudluğu müəyyən olunur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının nümayəndəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı təqdim etdiyi təhsil haqqında sənədin (diplom) surətinə əsasən xx.xx.1972-ci il tarixdən xx.xx.1975-ci il tarixədək 2 il 8 ay 6 gün təhsil aldığı dövr, hərbi biletin surətinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək 2 il 24 gün hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1999-cu il tarixədək ümumi 24 il 6 ay 28 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. Əlavə olaraq bildiririk ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd edilmiş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1980-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun Gəncə-Daşkəsən regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən iddiaçıya xx.xx.1980-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Troleybus idarəsində işlədiyi dövr üzrə 1998-ci il tarixdə 10 ay, 1999-cu il tarixdə 9 ay adına əməkhaqqı hesablanmış və ödənilmiş, 2000-ci il üzrə yanvar-mart ayları əməkhaqqı cədvəllərində İddiaçı adı qeyd olunmuş lakin əməkhaqqı hesablanmamışdır. Bu səbəbdən əməkhaqqı almadığı dövrləri onun sığorta stajına daxil etmək mümkün olmamışdır. İddiaçı fərdi hesabının sığorta hissəsində 2006-2018-ci il tarixlərdə pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsidə mümkün olmamışdır. Apellyasiya şikayəti qarşı etiraz təqdim olunmamışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, “xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilədək X3 işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə hüququ yarandığı vaxtdan ona yaşa görə əmək pensiyanın təyin edilməsini” xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi həmin tələbə dəyişdirilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətində qeyd olunan dəlillərə uyğun izahat verdi, şikayəti müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. ... 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir.

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları 3.1. sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

6. Hərbi xidmət, milli təhlükəsizlik, daxili işlər, Dövlət Sərhəd Xidməti və Prezidenti mühafizə orqanlarında xidmət dövrünü, eləcə də əsirlikdə olma müddətini təsdiq üçün aşağıdakılar qəbul edilir: hərbi biletlər; əsgər kitabçaları; hərbi komissarlıqların, hərbi hissələrin, Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidməti, Prezidenti Mühafizə xidməti orqanlarının arayışları;

“İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etsə də, xx.xx.2022-ci il tarixli, **********2 nömrəli imtina məktubu ilə bunun mümkün hesab edilmədiyi bildirilmişdir. Cavabdeh orqan xx.xx.2022-ci il tarixli imtina məktubunda iddiaçıya sığorta stajının 24 il 9 ay 7 gün təşkil etdiyini qeyd etmişdir. İddiaya yazılı etirazda isə iddiaçının təqdim etdiyi əmək kitabçasına, təhsil haqqında sənədin surətinə (diplom) və hərbi biletinin surətinə əsasən onun 24 il 10 ay 28 gün sığorta stajının mövcud olduğu göstərilmişdir. Bundan sonra apellyasiya şikayətində isə iddiaçının təqdim etdiyi əmək kitabçasına, təhsil haqqında sənədin surətinə (diplom) və hərbi biletinin surətinə əsasən onun 24 il 6 ay 28 gün sığorta stajının mövcud olduğu göstərilmişdir. Cavabdehin imtinasına əsas kimi əmək kitabçasında qeyd edilmiş X5 Birliyinin xx.xx.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixinədək olan arxiv sənədlərinin X2 Filialına təhvil verilmədiyi üçün həmin müəssisədən əmək haqqı alıb-almadığını müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2023-cü il tarixli qərardaddan da görünür ki, iddiaçının tələbi xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilədək X3 işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə hüququ yarandığı vaxtdan ona yaşa görə əmək pensiyanın təyin edilməsi olduğundan, məhz elə həmin dövrlər araşdırılmalıdır. Cavabdeh orqan tərəfindən sonuncu dəfə apellyasiya şikayətində iddiaçının qəbul edilən sığorta stajının 24 il 6 ay 28 gün təşkil etməsi göstərilmişdir. Məhkəmə kollegiyası buna münasibətdə qeyd edir ki, cavabdeh nəzərə almalıdır ki, şəxsin müraciətinin təmin edilməsindən imtina ilə bağlı hər dəfə yeni dəlillərə istinad etməkdə haqlı sayıla bilməz və belə hal bir tərəfdən şəxsin səmərəli müdafiə hüququnun təmin olunması, digər tərəfdən isə, prosessual qənaət prinsipinin tələbləri baxımından yolverilməzdir. Obyektiv araşdırma prinsipinin tələbinə görə, inzibati orqan inzibati icraat çərçivəsində şəxsin müraciətinin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur və işin bütün hallarının araşdırılması onun xidməti vəzifəsindən irəli gəlir. Şəxsin müraciətinin təmin edilibedilməməsi qənaətinə gələrkən, cavabdeh məhz qanunvericiliyin tələblərinə uyğun aparılmış inzibati icraatın nəticəsinə əsaslanmalıdır. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1979-cu il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, o, xx.xx.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixədək X5 birliyində işləmişdir. Məhkəmə sorğusuna cavab olaraq “X1 və Koordinasiya Mərkəzi” PHŞ-i tərəfindən göndərilmiş əmr kitablarından çıxarışlardan görünür ki, iddiaçı xx.xx.1978-ci il tarixli, №100-ЛС əmrlə 18 saylı yeməkxana yanında 47 saylı yeməkxanaya bufetçi vəzifəsinə qəbul edilmiş və xx.xx.1982-ci il tarixli, №64-ЛС ərmlə işdən azad olunmuşdur. Beləliklə iddiaçının cavabdeh tərəfindən qəbul edilən sosial sığorta stajına hesablanan dövrlərini və mübahisələndirilən xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək X5 birliyində işlədiyi dövrü də nəzərə aldıqda onun tələb olunan 25 il sosial sığorta stajını toplamış olduğu müəyyən edilir. Məhkəmə kollegiyası iddiaçının əmək haqqı almasının aşkar edilməməsi ilə bağlı hissədə qeyd edir ki, bu hal iddiaçının təqsiri kimi hesab edilə bilməz və təkcə bu hal özüözlüyündə qanunvericilikdə sosial təminat hüququnun növü kimi tanınan pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Başqa sözlə əmək haqqı almasının müəyyən edilməməsi iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar deyildir və həmin illərlə bağlı iddiaçının stajının hesablanmaması onun konstitusion hüququ olan - sosial təminat hüququnun əsassız olaraq pozulmasına səbəb olar. Bundan başqa, pensiya qanunvericiliyində əmək stajını təsdiq edən sənədlər üzrə əmək haqqı almasını təsdiq edən hər hansısa sənədin mütləq təqdim edilməsi ilə bağlı müddəa da nəzərdə tutulmamış, yalnız əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçası və qeydləri təqdim edilmədiyi halda əlaqəli məlumat kimi əmək haqqı cədvəllərinin və s. sənədlərin nəzərə alınmasının mümkünlüyü müəyyən edilmişdir. Əmək kitabçasında gösərilən illərin sosial sığorta stajına daxil edilməsi ilə bağlı məhkəmə kollegiyası göstərir ki, işçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də deyilirdi ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçasıdır. Qeyd olunan məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cu bəndində də öz əksini tapmışdır. Məhkəmə kollegiyası sadalanan maddi normalara əsasən hesab edir ki, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Yuxarıda qeyd edilən maddi normalardan göründüyü kimi əmək kitabçası şəxsin əmək stajını müəyyən edən mənbələr sırasındadır. İddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Belə ki, mötəbər hesab edilmiş sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Hazırki tələb üzrə cavabdeh iddiaçıya məxsus əmək kitabçasının özünün və oradakı qeydlərinin mötəbərliyini istisna edən hər hansı bir sənəd təqdim etməmişdir. Göründüyü kimi toplanmış sübutlardan müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə (65 yaş) xx.xx.2022-ci il tarixdə çatmış, tələb olunan 25 il sosial sığorta stajını toplamışdır. Onun əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası və digər sənədlər ilə təsdiq olunur. Odur ki, yuxarıda istinad olunan normalara görə və qeydedilən səbəblərdən cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməlidir.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1636/2023 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilədək X3 işlədiyi illər sosial sığorta stajına daxil edilməklə hüququ yarandığı vaxtdan ona yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar