Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-102/2023 27.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Ağalarov Akif Rəşad oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili X1 iştirakları ilə, “qərarın qismən ləğv edilməsi və torpaq sahəsinin plan və ölçü haqqında sənədin qismən etibarsız sayılması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2-1(114)-2291/2022 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Cavabdeh Tovuz rayon Dövlət Arxivinin 07 iyun 2021-ci il tarixli, 107 nömrəli arxiv arayışından müəyyən olunur ki, Çatax kənd XDS icraiyyə Komitəsinin Tovuz rayon Dövlət arxivində saxlanılan 1980-1982-ci il tarixli 01 saylı təsərrüfatbaşına kitabın 15-ci şəxsi hesabında təsərrüfat X9 adına olmaqla 0.30 ha torpaq sahəsi, 1930-cu ildə tikilmiş yaşayış evi ümumi sahəsi 28 kv.metr olması göstərilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Cavabdeh Tovuz rayon Dövlət Arxivinin 13 iyul 2022-ci il tarixli, 114 nömrəli arxiv arayışından müəyyən olunur ki, Çatax kənd İcra Nümayəndəliyinin Tovuz rayon Dövlət arxivində saxlanılan 1996-2000-ci il tarixli 01 saylı təsərrüfatbaşına kitabın 11-ci şəxsi hesabında təsərrüfat X2 adına olmaqla 0.30 ha torpaq sahəsi, 1939-cu ildə tikilmiş yaşayış evi ümumi sahəsi 60 kv.metr o cümlədən yaşayış sahəsin 48 kv.metr olması göstərilmişdir. AN 095714 nömrəli Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq sahəsinin planı və ölçüsü sənədindən müəyyən olunur ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 25 mart 1999-cu il tarixli 31 nömrəli qərarı ilə 7410.17 kv.m torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 31 nömrəli qərarının mərhum əri X12 məxsus olan 0.30 ha hissədə ləğv edilməsinə və həmin qərar əsasında tərtib edilmiş A № 095716 saylı torpaq sahəsinin planı və ölçüsü haqqında sənədin həmin hissədə etibarsız sayılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsalandırılmışdır ki, Tovuz rayon keçmiş Çatax kənd XDS-nin İcraiyyə Komitəsinin Tovuz rayonu Dövlət Arxivində saxlanılan 1980-1982-ci il tarixli, 01 saylı təsərrüfatbaşına kitabın 15-ci şəxsi hesabına mərhum X9 adına olmaqla 0,30 ha torpaq sahəsi, 1930-cu ildə inşa edilmiş ümumi sahəsi 28 kv.m olan fərdi yaşayış evinin qeydə alınması göstərilmişdir. X8 və üç uşağı ilə birlikdə həmin evdə yaşamışlar. 1985-ci ildə Rusiya Federasiyasına köçmüşlər. Buna baxmayaraq mütəmadi olaraq Tovuz rayonu Çatax kəndinə gələrək, həmin evdə hər il bir neçə ay yaşamışlar və həmin təsərrüfatı idarə etmişlər. Famil Məmmədov 2019-cu ildə vəfat etmişdir. Bundan sonra üçüncü şəxs X5 qanunsuz yollarla onlara məxsus torpaq sahəsini və evi mənimsəmiş, həmin torpaq sahəsinə dair hazırda mübahisələndirdikləri saxta torpaq sahəsinin plan-ölçüsünü tərtib etdirərək, onlara məxsus olan 0,30 ha torpaq sahəsinə dair öz adına 23 iyul 2019-cu il tarixli, ********* saylı çıxarış almışdır. Bundan məlumatlı olduqdan sonra Tovuz Rayon Məhkəməsində cavabdeh X4 qarşı çıxarışın və torpaq sahəsinin planı və ölçüsünə dair sənədlərin etibarsız sayılması tələbinə dair iddia qaldırmışlar. Tovuz Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(062)-1662/2022 saylı qətnaməsinə əsasən iddiaları qismən təmin olunmuş, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli çıxarış, A№095716 saylı torpaq sahəsinin planı və ölçüsü haqqında sənəd və həmin sənəddə olan koordinatların döngə nöqtələrinin mülkiyyətçinin faktiki istifadəsinə uyğunluğunun yoxlanmasına dair 19 iyul 2019-cu il tarixli akt X3 adına dövlət qeydiyyatına alınmış, 0,74101717 ha həyətyanı torpaq sahəsinin arxiv sənədləri əsasında mərhum X9 adına qeydə alınması göstərilən 0,30 ha sahəsi ilə üst-üstə düşən 0,30 ha hissəsinə münasibətdə etibarsız hesab edilməsi qət edildi. Tovuz Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(062)-1662/2021 saylı qətnaməsindən cavabdeh X3 verdiyi apelyasiya şikayətinə Gəncə Apelyasiya Məhkəməsinin 03 mart 2022-ci il tarixli qərardadı ilə Tovuz Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli 2(062)-1662/2021 saylı qətnaməsi ləğv edilmiş, işə mülki qaydada baxılmalı olmadığından iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsində 24 may 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş Gəncə Apelyasiya Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(104)-976/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həm Gəncə Apelyasiya Məhkəməsinin 03 mart 2022-ci il tarixli 2(104)-976/2022 saylı qərardadında, həm də Azərbaycan Respublikası Ali Məhkəməsində 24 may 2022-ci il tarixli 2(102)-3053/2022 saylı qərarında qeyd edilmişdir ki, mübahisələndirdikləri Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli çıxarış A№095716 saylı torpaq sahəsinin planı və ölçüsü haqqında sənəd əsasında tərtib edilmişdir. Həmin A№095716 saylı torpaq sahəsinin planı və ölçüsü haqqında sənəd isə Tovuz rayon Aqrar İslahat Komissiyasının 25 mart 1999-cu il tarixli, 31 nömrəli qərarına əsasən verilmişdir. Ona görə də həmin mübahisəyə mülki mühakimə icraatında baxıla bilməzdi. Əldə etdikləri Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli çıxarışın verilməsinə əsas olmuş A№095716 saylı torpaq sahəsinin planı və ölçüsü haqqında sənəd imzasız, möhürsüz bir sənəddir. Nə vaxt tərtib edildiyi qeyd edilməyib. Amma buna baxmayaraq həmin sənəd əsasən hazırkı dövrdə asanlıqda tərtib oluna bilinəcək bir kağız parçası əsasında əmlakın qeydə alınması ən azında gülünc doğurur. Vəkilinin verdiyi sorğulara Tovuz rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi Cavabdehndən və DƏDRX-nin 15 saylı ərazi idarəsindən verilmiş cavablarda Tovuz rayon Aqrar İslahat Komissiyasının sənədlərinin təhvil verilmədiyindən Tovuz rayon Aqrar İslahat Komissiyasının 25 mart 1999-cu il tarixli 31 nömrəli qərarına əsasən X4 nə qədər torpaq sahəsi verilməsini müəyyən edilməmişdir. Çünki Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Cavabdeh Tovuz rayon Dövlət Arxivinin 13 iyul 2022-ci il tarixli 114 nömrəli arayışında 1996-2000-ci il tarixli 01 saylı təsərrüfatbaşına kitabın 11-ci şəxsi hesabında üçüncü şəxs X2 adına 0.30 ha torpaq sahəsi olması qeyd edildiyi halda Tovuz rayon Aqrar İslahat Komissiyasının 25 mart 1999-cu il tarixli 31 nömrəli qərarına əsasən X4 0,741 ha torpaq sahəsinin verilməsi iş üzrə həqiqəti ortaya çıxarır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2291/2022 nömrəli qərardadı ilə (hakim F.Hüseynov) iddia tələbi mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, baxılan iş üzrə Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 31 nömrəli qərarının ləğv edilməsi tələb edilsə də, həmin aktın məhkəmə qaydasında mübahisələndirilməsi imkanı artıq aradan qalxmışdır və qüvvədə olan İnzibati-Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanını istisna edir. İddiaçılar qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2291/2022 nömrəli qərardadının ləğv edilməsini və iddia ərizənin icraata qəbul edilməklə təmin edilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı qanunsuzdur. Məhkəmə qərardad qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Üçüncü şəxs X7 şikayətə etiraz verərək, şikayətin əsassız olduğunu bildirib təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 izahat verərək apellyasiya şikayətini müdafiə etdi, əlavə olaraq bildirdi ki, əri F.Məmmədovun mülkiyyətində 30 sot torpaq sahəsi olmuşdur və həmin torpaq sahəsinin mərhum ərinə verilməsinə dair təsərrüfatbaşına kitabdan çıxarış da verilmişdir. Həmin torpaq sahəsində ev olsa da hazırda üçüncü şəxs tərəfindən sökülmüşdür. Belə ki, torpaq sahəsi üçüncü şəxs tərəfindən zəbt edilmiş və həmin sahəyə plan və ölçü sənədi alınmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 digər iddiaçı ilə eyni məzmunlu izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini bildirib, şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçıların vəkili X6 izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini bildirib, şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və üçüncü şəxs iştirak etməmişlər. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən apelyasiya şikayətinə dair dəlillərə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətindən məlum olduğu kimi şikayətdə iddia tələbi mümkün sayılmaqla mahiyyəti üzrə baxılması xahiş olunur. Məhkəmə kollegiyası xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Göründüyü kimi iddia tələbi iki hissədən ibarətdir. Belə ki, iddiaçı Tovuz rayon Aqrar İslahat komissiyasının xx.xx.1999-cu il tarixli qərarının qismən ləğv edilməsini və həmin qərar əsasında üçüncü şəxsin adına verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədinin etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə tərkibi ilkin olaraq mübahisələndirilən inzibati akt olan aqrar islahat komissiyasının qərarı ilə bağlı birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016- 2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki, “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur”. Həmçinin “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qeyri-məhdud şəxslər dairəsi əhatə edən və həyata keçirildiyi inzibati ərazi dairəsində kifayət qədər subyektlərin mənafeyinə toxunan aqrar islahat komissiyalarının qərarlarının fərdi şəkildə təqdim edilməsi ilə bağlı hər hansı inzibati orqanın öhdəliyi olmamış, subyektlər onlara dair hissə ilə bağlı hüquqlarının realizə olunduğu andan məlumatlı olmuşdurlar. İddia tələbinin digər hissəsi- torpaq sahəsinin plan və ölçü sənədinin etibarsız hesab edilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, plan və ölçü sənədi inzibati akt deyildir və onun etibarsızlığı tələbi mümkün sayıla bilməz. Belə ki, plan və ölçü sənədi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, onlar arasındakı məsafələr, qonşu sərhədləri, kateqoriyası, hüquq sahibi və s. haqqında məlumatlar qeyd olunan texniki sənəddir və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsində qeyd olunan xüsusiyyətlərə malik deyildir. Qeyd olunan maddi hüquq nomasına əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bundan başqa, iddia tələbinin qeyd olunan hissəsi iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməmişdir. Başqa sözlə Cavabdeh qeyd edilən tələb üzrə cavabdeh deyildir. Məhkəmə kollegiyası iddiaçıya Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilərək iddia tələbinin qeyd olunan hissəsi üzrə mümkünlük şərtlərinin araşdırılmasının yenidən aparılması üçün hüquqi əsas müəyyən edilməmişdir. Belə ki, iş materiallarında qeyd olunan sənədin ləğv edilməsi ilə bağlı səlahiyyətli inzibati orqana ilkin müraciət mövcud deyildir. Belə olan halda iddiaçının torpaq sahəsinin plan və ölçüsü sənədi üzrə aparılmış qeydin ləğv edilməsi ilə bağlı ilkin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin müvafiq qurumuna, tələbi təmin olunmadığı təqdirdə qeyd olunan inzibati orqana qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ vardır. Hazırki halda isə verilmiş iddia tələbi üzrə mümkünlük şərtləri mövcud olmadığından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2291/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Bu qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov
Məhkəmə qərarları › İş №2-1(104)-102/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-102/2023
27.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver