Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-102/2024 16.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)- 2460/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı ehtiyatda olan baş leytenant rütbəsində olan zabitdir. xx.xx.2020-ci il tarixdə İİ Qarabağ müharibəsində çağırılmışdır. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etsə də, lakin sonuncu onun açıq döyüşlərdə iştirak etmədiyindən bundan imtina etmişdir. Ona görə də iddiaçı mübahisə ilə bağlı hazırki tələblə məhkəməyə müraciət etmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, N nömrəli hərbi hissənin tərkibində xidmət etməklə döyüş əməliyyatlarında iştirak etdiyindən ona müharibə veteranı adının və vəsiqəsini verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, ehtiyatda olan baş leytenant rütbəsində olan zabitdir. İİ Qarabağ müharibəsində xx.xx.2020-ci il tarixdə çağırılmışdır. N saylı hərbi hissənin tamamlanma bölüyü N saylı hərbi hissədə 6-cı bölük 1-ci tağım komandiri vəzifəsində olmuşdur. xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək Qubadlı rayonunun mühafizəsində antiterror əməliyyatlarında iştirak etmişdir. Cavabdeh orqana müraciət edərək ona müharibə veteranı statusunun və vəsiqənin verilməsi barədə müraciət etmiş, lakin sonuncu onun açıq döyüşlərdə iştirak etmədiyindən bundan imtina etmişdir. İmtinanı əsassız hesab etməklə iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə xx.xx.2023-cü il tarixli, 3-25-11/2-2600/2023 nömrəli etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı xidmət etdiyi N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrinin siyahısında olmadığına görə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2460/2023 saylı qərarı ilə (hakim E.Axundov) iddia tələbi təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə nazirinin Katibliyinin xx.xx.2022-ci il tarixli, 4/3-10886 nömrəli məktubundan görünür ki, iddiaçının N nömrəli hərbi hissə xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə döyüş əməliyatlarında iştirak edən hərbi hissələrinin siyahısında olmamışdır və N nömrəli hərbi hissədə döyüş əməliyyatlarının dayandırılması dövrünə təsadüf etmişdir. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəxdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.2023-cü il tarixli 4/3-1838 nömrəli məktubundan görünür ki, 282(281,N) nömrəli hissə döyüş əməliyyatlarında iştirak etməyibdir. Göründüyü kimi, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb sonuncunun xidmət etmiş olduğu hərbi hissələrinin döyüş əməliyyatlarında iştirak etməməsidir. Odur ki, məhkəmə inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olduğunu hesab edir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri İddiaçı Gəncə İnzibati Məhkəməsinin qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə "Veteranlar haqqında "Azərbaycan Respublikası Qanunun 3-cü və 7-ci maddəsinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi haqqında Əsasnamənin 1-ci və 8-ci yarımbəndinə, Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar 1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş "müharibə veteranı", Silahlı Qüvvələr veteranı” və “Əmək Veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında Əsasnanmənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə və Azərbaycan Respublikası İnzibati Prosessul Məcəlləsinin 14.3, 58.7, 68.1,68.2, 69.4 və 69.5-ci maddələrinə istinad etsədə qanunu düzgün tətbiq etməmiş və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12,48 və 58-ci maddələrinin tələblərinə əməl etməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci bəndinin 9-cu və 10-cu yarımbəndlərinə istinad etməli olduğu halda bunu etməmişdir. İddiaçı yuxarıda qeyd etdiyi kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində (N saylı hərbi hissənin tamamlanma bölüyündə) Müdafiə Nazirliyinin müvafiq əmri ilə Motoatıcı Taqımının komandiri (6-cı bölük 1-ci tağım komandiri) vəzifəsinə təyin olunmaqla xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N saylı hərbi hissədə xidmət etmiş və hərbi hissənin vermiş olduğu döyüş əməliyyatları aparılan ərazilərdə təminat ilə əlaqədar verilmiş tapşırıqları yerinə yetirmişəmdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Qubadlı rayonun ərazisində yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Motoatıcı Taqımının komandiri vəzifəsində (mühafizəsində) antiterror əməliyyatlarında iştirak etmişdir (həmin xidmət barədə hərbi biletinin 8-ci səhifəsinin 11-ci bəndində qeyd edilən Döyüş əməliyyatlarında, yürüşlərində və partizan dəstələrində iştirak (harada, nə vaxt və hansı vəzifədə)-xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Qubadlı rayonun müdafiə və mühafizəsində iştirak etmişdir). Eyni zamanda xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdək Azərbaycan Respublikası Dövlət Sərhəd Qoşunlarında "Qubadlı" Sərhəd Körpüsündə xidmət etmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisinin xx.xx.2021-ci il tarixli 1648 nömrəli əmri ilə "Hərbi Xidmət Keçmə Haqqında " Əsasnamənin 197-ci maddəsinə əsasən Səfərbərlikdən ehtiyata tərxis edilmiş və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətini Şəmkir rayon Şöbəsində hərbi xidmət qeydiyyatına alınmışdır. (Döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslər). Eyni zamanda həmin hərbi hissələrdə verilmiş əmrlər məxfi olduğundan müraciət etsədə ona verilməmişdir və məhkəməyə də bu barədə bildirmişdir ki, sorğlur verilsin. Odur ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)- 2460/2023 nömrəli qərarı ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteran adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbinin təmin edilməsi barədə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasında yeni qərar qəbul edilməlidir. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Prosessual məsələlər İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblərin bildirməmişdirlər. Məhkəmə kollegiyası tərəflərin iştirak etməməsini üzrlü hesab etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPMnin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq 25 dekabr 1991-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları,qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-). Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarınınverilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 9-cu yarımbənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. 10-cu yarımbənd. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. 1-ci hissəsinin 1-ci bəndinin Qeyd hissəsi (2): bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. -1-ci hissəsinin 4-cü bəndinə əsasən, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. -1-ci hissəsinin 4-cü bəndinin Qeyd hissəsində göstərilmişdir ki, bu Əsasnamənin 1ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası(-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonraqiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü Apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apelyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Qubadlı rayonunun mühafizəsində, antiterror əməliyyatlarında iştirak etdiyini bildirib ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə nazirinin Katibliyinin xx.xx.2022ci il tarixli, 4/3-10886 nömrəli məktubu ilə iddiaçının müraciətindən N nömrəli hərbi hissə xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə döyüş əməliyatlarında iştirak edən hərbi hissələrinin siyahısında olmadığına və N nömrəli hərbi hissədə döyüş əməliyyatlarının dayandırılması dövrünə təsadüf etdiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 3- 43-57/2-1075/2023 nömrəli məktubundan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü ehtiyatda olan baş leytenant İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Qubadlı rayonunun müdafiə və mühafizəsində iştirak etmişdir. İş materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.2023-cü il tarixli 4/3-1838 nömrəli məktubundan görünür ki, N (, N) nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməyib. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin xx.xx.2024-cü il tarixli, 458 saylı məktubundan görünür ki, İddiaçı adlı hərbi qulluqçunun 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etməsi barədə hərbi hissədə rəsmi məlumat yoxdur. Bundan başqa iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin xx.xx.2024-cü il tarixli, 465 saylı məktubundan görünür ki, İddiaçı adlı, soyadlı hərbi qulluqçunun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etməsi barədə hərbi hissədə rəsmi məlumat yoxdur. Həmçinin İddiaçı N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatları zamanı hər hansı növ təminat tapşırığının yerinə yetirməsi barədə rəsmi və qeyri-rəsmi məlumat yoxdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Göründüyü kimi, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb N nömrəli hərbi hissə xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə döyüş əməliyatlarında iştirak edən hərbi hissələrinin siyahısında olmaması və N nömrəli hərbi hissədə döyüş əməliyyatlarının dayandırılması dövrünə təsadüf etməsi olmuşdur. Belə ki, məhkəmə tərəfindən əldə edilmiş sorğuların cavablarından görünür ki, İddiaçı Vətən müharibəsi zamanı N və N saylı hərbi hissələrin tərkibində xidmət etməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Lakin bununla yanaşı N saylı hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməməsi faktı və N saylı hərbi hissədə xidmət etdiyi dövrün döyüş əməliyyatlarının dayandırılmasından sonrakı dövrə təsadüf etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qeyd edilən hərbi hissələrdə xidmət etsə də, o ümumqoşun ehtiyyatını təşkil etmişdir, başqa sözlə döyüş əməliyyatlarında birbaşa iştirak etməmişdir. Ona görə də inzibati orqan tərəfindən iddiaçıya «Müharibə veteranı» adının və vəsiqənin verilməsindən imtina olunması qanuni olmuşdur. Yuxarıda qeyd olunan normaların tələblərini önəçəkən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvinə əsas vermir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2460/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-102/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-102/2024
16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver