Məhkəmə qərarları › İş №2-1(104)-103/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-103/2023

11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-103/2023 11.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə Zeynalov Yasin Namik oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, “Müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin əvvəlki illər üçün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1765/2022 saylı qərarından cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları 4/481 saylı, xx.xx.2001-ci il tarixli Gədəbəy Hərbi Komissarlığı (şöbə 4) tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı həqiqətən Azərbaycan Respublikasının Müharibə Veteranıdır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən imtiyazlardan istifadə etmək hüququna malikdir. Arayışın verilməsinə М/В № 050220 müharibə veteranı vəsiqəsi əsas olmuşdur. 089583 nömrəli müharibə veteranı (dublikat) surətindən görünür ki, İddiaçı 24 dekabr 2001-ci il tarixdə müharibə veteranı statusu verilmişdir. İddiaçı müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin əvvəlki illər üçün ödənilməsi üçün cavabdehə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********0 nömrəli məktubunun məzmunundan görünür ki, iddiaçıya əvvəlki illər üçün sosial müavinətin ödənilməsindən imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2001-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş sosial müavinətin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə xx.xx.2001-ci il tarixli M/V № 050220-li veteran vəsiqəsinin sahibi olmuşdur. X1 vilayətində olduğu vaxt avtoqəza keçirmiş və müharibə veteranı vəsiqəsi də daxil olmaqla üzərində olan sənədlər hadisə yerində yoxa çıxmışdır. Vəsiqənin yenisi ilə bərpa etmək üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmiş və ona 24 dekabr 2021-ci il tarixində dublikat M/V № 089583-li vəsiqə təqdim olunmuşdur. İddiaçı ona ödənilməmiş əvvəlki illər üçün sosial müavinətin ödənilməsi üçün müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1765/2022 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın qismən təmin edilməsi, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üzrə müharibə veteranları üçün qanunla müəyyən edilmiş ödənilməmiş sosial müavinətin, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üzrə müharibə veteranları üçün müəyyən edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, “Sosial müavinətlər haqqında” Qanun xx.xx.2006-cı il tarixdən qüvvəyə minmişdir. Ümumi qaydaya görə hüquq norması hüquqi müəyyənlik prinsipi baxımından qanuni qüvvəyə mindikdən sonra yaranan münasibətlərə tətbiq edildiyindən iddiaçıya müharibə veteranı üçün müəyyən edilmiş sosial müavinət xx.xx.2006-cı il tarixdən həmin müavinətin əvəzinə verilən prezident təqaüdünün ödənilməsinə başlananadək, yəni xx.xx.2019-cu il tarixədək ödənilməlidir. Bundan əlavə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanınında həmin təqaüdün 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinətin əvəzinə verilməsi birmənalı olaraq qeyd edilmişdir. İddiaçıya müharibə veteranı statusu 2001-ci il tarixdən verildiyindən xx.xx.2019-cu il tarixdən “Müharibə Veteranı” adı və vəsiqəsinin dublikatı verildiyi və müvafiq təqaüdün ödənilməsinin başlanğıcı, yəni xx.xx.2021-ci il tarixədək sözügedən təqaüdü ona ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh orqanın imtinası qismən əsassız olmuş, belə ki iddiaçıya xx.xx.2006-cı ildən xx.xx.2019-cu il tarixədək olan müddət üzrə müharibə veteranları üçün qanunla müəyyən edilmiş ödənilməmiş sosial müavinətin, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üzrə isə müharibə veteranları üçün müəyyən edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh nümayəndəsi həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Belə ki, vətəndaşa müvafiq müavinətə hüququ yaranmazdan, yəni müharibə veteranı statusu əldə etməmişdən əvvəlki dövr üzrə müavinətlərin ödənilməsi qanunvericiliyə ziddir. İş materiallarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2001-ci ildə veteran adı və vəsiqəsi verilmişdir. Rusiya Federasiyasının Altayskıkray vilayətində olduğu vaxt avtoqəza keçirmiş və müharibə veteranı vəsiqəsi də daxil olmaqla üzərində olan sənədlər hadisə yerində yoxa çıxmışdır. Bundan sonra İddiaçı Müdadfiə Nazirliyinə müraciət etmiş və ona 24 dekabr 2021-ci il tarixinde dublikat M/V № 089583-li vəsiqə təqdim olunmuşdur. İddiaçı həmin tarixdən müharibə veteranları üçün nəzərdə tutulmuş müavinət təyin edilmişdir. "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanına uyğun olaraq iddiaçıya təyin edilmiş müavinət 2019-cu il aprelin 1-dən 80 manat məbləğində Prezident təqaüdü ilə əvəz edilmişdir. İddiaçı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, müharibə veteranı kimi ona ödənilməyən xx.xx.2001-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əvvəlki dövrlər üçün nəzərdə tutulmuş müavinətin ödənilməsini xahiş etmiş, müvafiq filial isə əsaslı olaraq şəxsin müavinət almaq hüququnun yaranmasından əvvəlki dövrlər üçün müavinət ödəməkdən imtina etmişdir. Belə ki, "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 9.1- ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi qündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək xx.xx.2006xx.xx.2021-ci illərdə müvafiq müavinətin və Prezident təqaüdünün ödənilməsini Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə öhdəlik kimi qoymuşdur. Aşağıda göstərilən əsaslara görə Gəncə inzibati Məhkəməsində işə baxılarkən maddi hüquq normalarının tələbləri kobud şəkildə pozulmuşdur. 1. "Sosial müavinətlər haqqqında" Azərbaycan Respublikası Qanununun 9.1- ci maddəsində əvvəlki illər üzrə ödənilməmiş müavinətin həmin illər üzrə ödənilməsini yalnız 3 illə məhdudlaşdırmışdır. Beləliklə sözü gedən məhkəmə qərarında xx.xx.2006-cı ildən xx.xx.2019-cu il tarixə qədər təmin edərkən göstərilən normanın tələblərini pozmuşdur. 2. "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019- cu il 15 aprel tarixli 641 nömrəli Fərmanında müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin yalnız veteran vəsiqəsinin verildiyi tarixdən sonra ödənilməsi nəzərdə tutulmuş və İddiaçı xx.xx.2021-ci il tarixdə müharibə veteranı vəsiqəsinin dublikatı verildiyi tarixdən ödəniş edilmişdir. Göründüyü kimi həmin fərmanda ödənilməmiş müharibə veteranları üçün nəzərədə tutulmuş təqaüdün əvvəlki tarixlər üzrə ödənilməsi nəzərdə tutulmamışdır. Lakin işə baxan məhkəmə bu faktı nəzərə almamış və xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə qədər Prezident təqaüdünün ödənilməsini cavabdehin üzərinə öhdəlik kimi qoyulmuşdur. 3. İddiaçı 2001-2021-ci illərdə ödənilməmiş müavinətin ödənilməsi qanunvericiliyin tələbinə əsasən mümkün deyildir. Belə ki, "Sosial müavinətlər haqqqında" Azərbaycan Respublikası Qanunununda nəzərədə tutulmuş müharibə veteranları üçün nəzərdə tutlmuş müavinət xx.xx.2019-cu ildən ləğv edilmişdir və hazırda qüvvədə deyildir. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı Zeynalov X2 və Hərbi xidmətə cağrış üzrə Dövlət xidmətinin Gəncə şəhər Nizami rayonun Hərbi komisarlığından 02 mart 1993-cü il tarixində Hərbi xidmətə cağrılmış, xidmət etdiyi illərdə Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəxsi heyətlə birlikdə döyüşlərdə iştirak etmişdir. Xidməti zamanı nöqsanlara yol vermiyərək müddətdən artıq qulluq etmiş və Ali Baş komandanın 07 yanvar 1997-ci il tarixli 3 №-li əmrinə əsasən ordudan təxris olmuşdur. Azərbaycan Respublikasının Ali Baş Komandanın 1994-cü il tarixli Fərmanına əsasən Birinci qarabağ vətən müharibəsi uğrunda aparılan döyüş əməliyyatında iştirak edən şəxslərə Müharibə veteranı adı verilsin, xidmətini təsdiq edən N3 No-li 6137151-li hərbi bileti təsdiq edə bilər. 14 may 2001-ci il tarixində Veteran adının daşınması üçün Gədəbəy rayonunun hərbi komisarlığından 4/481-li qeydiyyata alınaraq Müdafiə Nazirliyin № 050220-li vəsiqənin sahibi olmuşdur. Yuxarıda qeyd edilən nömrəli veteranlıq vəsiqəsini Rusiya Federasiyasında avto qəza keçirmiş, üzərində olan sənədlərlə yanaşı veteranlıq vəsiqəsi də yoxa çıxmışdır. İllər keçdikdən sonra sənədlərini bərpa etmək üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə hüququnun bərpası üçün müraciət etmişdir. Arxivdən araşdırılaraq bildirilmişdir ki, həmin şəxsin adına olan veteranlıq vəsiqə yenisi ilə dublikat sözü yazılmaqla veteranlıq vəsiqə Müdafiə Nazirliyin Şəxsi Heyyət Baş idarəsindən təqdim olunmuşdur. c) apellyasiya icraatı iştirakçılarının izahatları Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən prezident təqaüdü ödənilir, həmin təqaüdün əvvəlki illər üçün ödənilməsi şamil edilmir. Prosessual məsələlər İş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirak etməməsini üzrlü hesab etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Veteranlar haqqında” Qanun: Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanun: Maddə 1.0.1. Sosial müavinətlər bu qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Maddə 10-1.5. Keçmiş müddət üçün alınmamış müavinətin məbləği müddətindən asılı olmayaraq ödənilir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanı Həmin fərmanın 1, 2 və 5-ci hissələrində qeyd olunmuşdur ki: - 1. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun.

2. Müəyyən edilsin ki: bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir.

5. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir.

İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası(-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonraqiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü

Apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apellyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur.

Apellyasiya məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbi qismən təmin edilməlidir. İddiaçı müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin əvvəlki illər üçün ödənilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdehin şikayətinin dəlillərinə əsasən iş üzrə birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək xx.xx.2006-xx.xx.2021-ci illərdə müvafiq müavinətin və Prezident təqaüdünün ödənilməsini Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə öhdəlik kimi qoymuşdur. Aşağıda göstərilən əsaslara görə Gəncə inzibati Məhkəməsində işə baxılarkən maddi hüquq normalarının tələbləri kobud şəkildə pozulmuşdur. 1. "Sosial müavinətlər haqqqında" Azərbaycan Respublikası Qanununun 9.1- ci maddəsində əvvəlki illər üzrə ödənilməmiş müavinətin həmin illər üzrə ödənilməsini yalnız 3 illə məhdudlaşdırmışdır. Beləliklə sözü gedən məhkəmə qərarında xx.xx.2006-cı ildən xx.xx.2019-cu il tarixə qədər təmin edərkən göstərilən normanın tələblərini pozmuşdur. 2. "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019- cu il 15 aprel tarixli 641 nömrəli Fərmanında müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin yalnız veteran vəsiqəsinin verildiyi tarixdən sonra ödənilməsi nəzərdə tutulmuş və İddiaçı xx.xx.2021-ci il tarixdə müharibə veteranı vəsiqəsinin dublikatı verildiyi tarixdən ödəniş edilmişdir. Göründüyü kimi həmin fərmanda ödənilməmiş müharibə veteranları üçün nəzərədə tutulmuş təqaüdün əvvəlki tarixlər üzrə ödənilməsi nəzərdə tutulmamışdır. Lakin işə baxan məhkəmə bu faktı nəzərə almamış və xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə qədər Prezident təqaüdünün ödənilməsini cavabdehin üzərinə öhdəlik kimi qoyulmuşdur. 3. İddiaçı 2001-2021-ci illərdə ödənilməmiş müavinətin ödənilməsi qanunvericiliyin tələbinə əsasən mümkün deyildir. Belə ki, "Sosial müavinətlər haqqqında" Azərbaycan Respublikası Qanunununda nəzərədə tutulmuş müharibə veteranları üçün nəzərdə tutlmuş müavinət xx.xx.2019-cu ildən ləğv edilmişdir və hazırda qüvvədə deyildir. Apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üzrə müharibə veteranları üçün qanunla müəyyən edilmiş ödənilməmiş sosial müavinətin verilməsi hissəsində təmin etməkdə haqlı olmamışdır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı sənədlərinə Müdafiə Nazirliyinin Aparati nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”-nın iclasında baxılmış və ona xx.xx.2021- ci il tarixli 817 nömrəli protokol ilə "Müharibə Veteranı” adı və vəsiqəsinin dublikatı verilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixədək "Müharibə Veteranı” adı və vəsiqəsi Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən verilməmişdir. Həmçinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 1121 nömrəli məktubunda bildirilmişdir ki, 1974-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində müharibə veteranı adı və müvafiq vəsiqələrin verilməsi üzrə fəaliyyət göstərən komissiya tərəfindən xx.xx.2001-ci il tarixli 111 saylı protokolla müharibə veteranı adı və M/V 050220 nömrəli vəsiqə verilmişdir. Doğrudur ki, iddiaçıya xx.xx.2001-ci il tarixli 111 saylı protokolla müharibə veteranı adı və M/V 050220 nömrəli vəsiqə verilmiş, lakin iş materiallarından da müəyyən edilir ki, iddiaçı müharibə veteranları üçün müəyyən edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi ilə bağlı inzibati orqana müraciət etməmişdir. Yəni, iddiaçı şəxsiyyət vəsiqəsinin və veteran vəsiqələrinin surətləri əlavə edilməklə ərizə ilə cavabdeh inzibati orqana müraciət etməli idi. Göründüyü kimi birinci instansiya məhkəməsi iddia tələbini xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üzrə müharibə veteranları üçün qanunla müəyyən edilmiş ödənilməmiş sosial müavinətin verilməsi hissəsində təmin etməklə yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini pozmuşdur. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üzrə müharibə veteranları üçün müəyyən edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi ilə bağlı imtinası qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli, 311 nömrəli qərarı ilə təsdiqlənmiş «Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması» Qaydalırının 1.3-cü maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla) müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin edilir. Yuxarıda qeyd olunan normaların tələblərini önəçəkən kollegiya hesab edir ki, iddia tələbi İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üzrə müharibə veteranları üçün müəyyən edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi hissəsində əsaslıdır. Beləliklə, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1765/2022 saylı qərarı ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üzrə müharibə veteranları üçün müəyyən edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar