Məhkəmə qərarları › İş №2-1(104)-103/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-103/2024

18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-103/2024 18.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı doğum haqqında şəhadətnamənin verilməsi tələbinə dair inzibati iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(114)-2117/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçının iddia ərizəsinə əsasən o, xx.xx.1964-cü ildə Ermənistan Respublikasının Amasiya rayonunun Oxçuoğlu kəndində anadan olmuşdur. 2000-ci ildə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum olunmuş, həbs edilərkən şəxsiyyətini təsdiq edən sənəd kimi keçmiş SSRİ pasportu ondan alınmışdır. 2011-ci ildə cəzasını çəkib qurtardıqdan sonra 2013-cü ildə yenidən tutulmuş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə məhkum olunmuşdur. 22 mart 2022-ci il tarixdən cəzasını çəkib qurtarmışdır. Onun şəxsiyyətini təsdiq edən sənəd olan SSRİ pasportu 2000-ci ildə Ağır Cinayətlər Məhkəməsində iş materiallarına əlavə edildikdən sonra ona qaytarılmamışdır. X1 müraciət edərək şəxsiyyət vəsiqəsi almaq üçün ona doğum haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, Cavabdeh xx.xx.2023-cü il tarixli məktubu ilə ona doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Odur ki, iddiaçı qərarla razılaşmayaraq iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.1964-cü il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunun Oxçuoğlu kəndində anadan olması barədə doğum haqqında şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1964-cü ildə Ermənistan Respublikasının Amasiya rayonunun Oxçuoğlu kəndində anadan olmuşdur, 1986-cı ildən Azərbaycan Respublikasının Gəncə şəhərində yaşamışdır. Barəsində olan cinayət işi ilə əlaqədar 2000-ci ildə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum olunmuş, həbs edilərkən şəxsiyyətini təsdiq edən sənəd kimi keçmiş SSRİ pasportu ondan alınmışdır. Bundan sonra 2011-ci ildə həbsdən azad edilmiş, digər bir cinayət hadisəsinə görə 2013cü ildə yenidən Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum olunmuşdur. Hazırda xx.xx.2023-cü il tarixdən azadlığa buraxılmışdır. Həbsdə olduğu üçün onun şəxsiyyətini təsdiq edən sənəd olan SSRİ pasportu 2000-ci ildə Ağır Cinayətlər Məhkəməsində iş materiallarına əlavə edildikdən sonra ona qaytarılmamışdır. Azadlığa çıxandan sonra onun heç bir sənədi yoxdur. X1 müraciət edərək şəxsiyyət vəsiqəsi almaq üçün ona doğum şəhadətnaməsinin verilməsini xahiş etmiş, Cavabdeh xx.xx.2023-cü il tarixli məktubu ilə ona doğum şəhadətnaməsi verməkdən imtina etmiş və məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2117/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydası ilə müəyyən edilmişdir. İstinad olunan normaların tələbinə əsasən doğum akt qeydi qeydiyyat şöbəsində və ya vətəndaşlıq vəziyyəti aktlarının arxivində olduqda həmin akt qeydi əsasında təkrar şəhadətnamə verilir, həmin sənəd qeydiyyat şöbəsində və arxivdə aşkar olunmadıqda isə Qeydiyyat şöbəsi müraciət etmiş şəxsə bu barədə arayış verir. Beləliklə müəyyən olunur ki, iddiaçının doğumu haqqında akt qeydi aşkar edilmədiyindən ona təkrar doğum haqqında şəhadətnamənin verilməsi də mümkün deyil. Həmçinin qeyd edilməlidir ki, hazırki iddianın “Doğum akt qeydinin bərpa edilməsi” tələbinə dəyişdirilməsi halında da valideynlərinə məxsus sənədlər olmadığından iddianın uğurluluq ehtimalı yoxdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, məhkəmənin qərarı ilə razılaşmır. O səbəbdən ki, onun şəxsiyyət vəsiqəsi olmadığı üçün məhkəmədə "doğum faktının müəyyən edilməsi" tələbi ilə iddia qaldıra bilmir. Rüsum ödəmək üçün şəxsiyyət vəsiqəsinin Fin kodu tələb olunur. Hətta hazırki qərardan apellyasiya şikayəti vermək üçün elektron məhkəmə portalından şikayət verməyi də mümkün deyil. Şəxsiyyət vəsiqəsi olmadığı üçün asan imza ala bilmir və ya təmsilçilik üçün etibarnamə verə bilmir. Bu mənada məhkəmə tək qanunvericiliyin formal tələblərini sadalamaq əvəzinə vətəndaşa çıxış yolu müəyyən etməlidir. O, cinayət etdiyinə görə məhkum olunmuşdur, onun anket məlumatları, doğum yeri, tarix, ad soyad, ata adı hamsı müəyyənləşdirilmişdir. Artıq ona aid anket məlumatlarının bir daha dəqiqləşdirilməsi üçün daha bir məhkəmə araşdırması aparılmasına zərurət yoxdur. Əgər o, həqiqətən də məhkəmənin hökmü ilə məhkum olunmuşsa və ona dair çıxarılmış məhkəmə hökmündə göstərilən məlumatların ona aid olması dövlət tərəfindən qəbul olunubsa belə olan halda məhkəmənin onun şəxsiyyətini təsdiq edən hallara uyğun doğum şəhadətnaməsinin verilməsindən imtinanın əsaslı hesab edilməsi tam olaraq əsassızdır. Məhkəmənin istinad etdiyi maddənin tələblərinin onun vəziyyətinə aidiyyəti yoxdur. O, SSRİ zamanında Ermənistan Respublikasında doğulmuşdur. Qeydiyyatı da Ermənistanda var. Ancaq o məlumatlar Azərbaycan Respublikası üçün hazırda əlçatan deyil. O demir ki, onun doğumu haqda Azərbaycan Respublikasında qeydiyyat var amma ona doğum şəhadətnaməsi verilmir. Onun doğum faktı özünün varlığı ilə həm də barəsində olan məhkəmə hökmü ilə təsdiqini tapır. Bu baxımdan qaydaların 9.1 maddəsinin formal tələbləri düzgün tətəbiq edilməmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdəfiə edərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbin bildirməmişdir. Məhkəmə kollegiyası AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Repsublikası Ailə Məcəlləsi: Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması: ... 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı: -9.1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindəki məlumatların vətəndaşlıq vəziyyəti akt qeydlərindəki məlumatlara uyğunluğu yoxlanılmaqla şəxslərə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. -9.2-ci bəndinə əsasən təkrar şəhadətnamənin verilməsi üçün maraqlı şəxslər tərəfindən seçdiyi qeydiyyat şöbəsinə, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə və ya akt qeydinin olduğu konsulluq idarəsinə müraciət olunur. -9.3-cü bəndinə əsasən təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir: 9.3.1. ərizəçinin adı, soyadı və atasının adı; 9.3.2. ünvanı; 9.3.3. haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı; 9.3.4. təkrar tələb olunan şəhadətnamənin növü; 9.3.5. vətəndaşlıq vəziyyəti aktının qeydini aparan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə aparılma tarixi və yerli barədə məlumatlar. 9.3-1. təkrar şəhadətnamənin alınması üçün elektron qaydada müraciət daxil olduqda zəruri olan məlumatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən əldə edilir. Müvafiq məlumatlar informasiya sistemində aşkar olunmadıqda onları əks etdirən sənədlər qeydiyyat orqanlarına bilavasitə təqdim edilməlidir. -9.5. Vətəndaşlıq vəziyyəti akt qeydləri qeydiyyat şöbəsində və konsulluq idarəsində olmadıqda təkrar şəhadətnamənin verilməsi haqqında müraciəti qəbul etmiş qeydiyyat şöbəsi və ya konsulluq idarəsi müvafiq akt qeydinin əldə edilməsi üçün Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə və ya Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə elektron sorğu göndərir. -9.6. sorğu edilən akt qeydi Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivində olduqda akt qeydi skan edilərək sorğu edən qeydiyyat şöbəsinə və konsulluq idarəsinə elektron qaydada göndərilir. Sorğu edən qeydiyyat şöbəsi və konsulluq idarəsi elektron formada daxil olmuş akt qeydi əsasında təkrar şəhadətnamə verir. Sorğu edilən akt qeydi Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmadıqda sorğu edən qeydiyyat şöbəsinə və konsulluq idarəsinə akt qeydinin aşkar edilməməsi barədə məlumat göndərilir. Qeydiyyat şöbəsi və konsulluq idarəsi həmin məlumat əsasında müraciət etmiş şəxsə bu barədə arayış verir. Vətəndaşlıq vəziyyəti akt qeydi qeydiyyat şöbəsində və konsulluq idarəsində aşkar edilmədiyi halda şəxs bu barədə arayışı təqdim etməklə təkrar şəhadətnamənin əldə edilməsi üçün bilavasitə Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə müraciət edə bilər. Vətəndaşlıq vəziyyəti aktlarının reyestr xidmətinin, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivində vətəndaşlıq vəziyyəti haqqında akt qeydi barədə məlumatlar olmadıqda, ərizəçiyə vətəndaşlıq vəziyyəti haqqında akt qeydinin olmaması barədə arayış verilir və ya göndərilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, İddiaçı təkrar doğum haqqında şəhadətnamənin verilməsinə dair müraciətinə cavabdeh Gəncə rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-16-5/8-230/2023 nömrəli məktubu ilə İddiaçı təkrar doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ona görə də, hazırda iddiaçı müvafiq tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası iddiaçının təkrar doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı istər iddia ərizəsində, istərsə də apellyasiya şikayətində göstərilmiş dəlillərini əsaslı hesab etmir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda əks olunmuş qanunvericilik normaları ilə doğum haqqında şəhadətnamənin təkrar verilməsinin konkret olaraq hansı hallarda yol verilən olması təsbit edilmişdir. Həmin hallar Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarının yuxarıda istinad olunan müvafiq maddələrində göstərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən də, hazırkı işdə həmin Qərarın maddələrində nəzərdə tutulmuş hallar qiymətləndirilərək iddiaçının tələbini təmin etməkdən imtina edilmişdir. Yuxarıda istinad olunan həmin Qərarın tələbinə əsasən doğum akt qeydi qeydiyyat şöbəsində və ya vətəndaşlıq vəziyyəti aktlarının arxivində olduqda həmin akt qeydi əsasında təkrar şəhadətnamə verilir, həmin sənəd qeydiyyat şöbəsində və arxivdə aşkar olunmadıqda isə Qeydiyyat şöbəsi müraciət etmiş şəxsə bu barədə arayış verir. Qeyd olunanları nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, iddiaçının doğum haqqında şəhadətnamənin təkrar verilməsindən imtina ilə bağlı cavabdeh inzibati orqanın qərarı qanuni və əsaslı olmuşdur. İş materiallarından görünür ki, iddiaçının doğum haqqında akt qeydi aşkar edilməmişdir və bu səbəb ona təkrar doğum haqqında şəhadətnamənin verilməsini istisna edir. Həmçinin məhkəmə tərəfindən verilmiş müvafiq sorğular nəticəsində 8 saylı Çəzaçəkmə Müəssisəsi və Gəncə Şəhər Məhkəməsi tərəfindən təqdim edilən sənədlərdən də görünür ki, iddiaçının şəxsiyyətini təsdiq edən sənəd mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2117/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar