Məhkəmə qərarları › İş №2-1(104)-103/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-103/2025

23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-103/2025 23.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3948/2024 saylı qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Regional Ədliyyə İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Daşkəsən rayon Quşçu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli iclas qərarının ləğv edilməsi barədə məhkəməyə müraciət edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3948/2024 saylı qərardadı ilə (hakim R.Tağıyeva) iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh Daşkəsən rayon Quşçu Bələdiyyəsinə (üçüncü şəxslər X1 və X3) qarşı Gəncə İnzibati Məhkəməsində iddia qaldıraraq Daşkəsən rayon Quşçu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli qərar və protokolunun ləğv edilməsini xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1014/2023 nörməli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)- 681/2023 nömrəli qərardadı ilə qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin qeyd olunan qərarı ləğv edilmiş, iddia tələbi mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası qənaətinin əsası kimi iddiaçının iddia tələbi üzrə subyektiv hüquqa malik olmamasını qeyd etmişdir. Daha sonra qeyd olunan qərardan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-1229/2024 nömrəli qərarı ilə təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-681/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə İddiaçı Daşkəsən rayon Quşçu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli qərar və protokolunun ləğv edilməsi tələbi üzrə subyektiv hüququnun olmaması müəyyən edilmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası ədliyyə nazirinin «16» mart 2007-ci il tarixli 9-T №-li əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi haqqında Əsasnamənin 7.5-ci maddəsinə əsasən, “bələdiyyə aktının Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına zidd olması barədə kifayət qədər əsas olduqda aktın qanunvericiliklə müəyyən olunmuş müddətdə dəyişdirilməsi və ya ləğv edilməsi haqqında müvafiq bələdiyyəyə müraciət etmək və bələdiyyə tərəfindən qanunun tələbinə əməl edilmədikdə məhkəmə qarşısında iddia qaldırmaq” Mərkəzin hüquqlarından biridir. Yəni Mərkəzin müvafiq bələdiyyə aktının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı məhkəmə qarşısında iddia qaldırması onun vəzifəsi deyil, hüququdur. Ona görə də məhkəmə hesab edir ki, bələdiyyə tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi cavabdehin üzərinə vəzifə kimi qoyula bilməz. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3948/2024 saylı qərardadının ləğv edilməsini və iddianın mümkün sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin bu qərardadı qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qəbul etdiyi bu qərardadın əsaslandırıcı hissəsində mənim Quşçu bələdiyyəsinə qarşı Quşçu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli qərarının və protokolunun ləğv edilməsi ilə əlaqədar məhkəməyə müraciət etdiyini və bununla əlaqədar Gəncə inzibati məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının olduğunu və həmin qərarla onun iddiasının təmin edilməməsini göstərmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi bu nəticə tamamilə əsassız və qanunsuz bir yanaşmadır. Belə ki, inzibati işin materiallarından da görünür ki, onun Quşçu bələdiyyəsinə qarşı verdiyi iddia ərizəsində və hal-hazırda AR Ədliyyə Nazirliyinin Gəncə Regional İdarəsinə qarşı verdiyi iddia ərizəsində həm cavabdehlər başqadır, həm də iddianın predmeti başqadır. Eyni zamanda onun birinci dəfə verdiyi iddia ərizəsində iddiası ümumiyyətlə araşdırılmamış və onun belə bir iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmadığı əsası ilə iddia ərizəsinin icraata götürülməsindən imtina olunmuşdur. Həm də həmin iddiada o, Quşçu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli qərarının ləğvini xahiş etsə də, hal-hazırkı iddia ərizəsində bu qərarın ləğvi ilə əlaqədar Gəncə Regional Ədliyyə idarəsinin məhkəməyə müraciət etməsi öhdəliyinin onun üzərinə qoyulmasını xahiş etmişdir. Əfsuslar olsun ki, məhkəmə tərəfindən onun birinci dəfə yazdığı iddia ərizəsinin mahiyyəti və bununla əlaqədar qəbul edilmiş məhkəmə aktları düz tövsif olunmamış və onun hal-hazırkı iddiasına düzgün tətbiq olunmamışdır. Eyni zamanda bildirmək istəyir ki, məhkəmənin qəbul etdiyi bu qərardadın əsaslandırıcı hissəsində ikinci arqument kimi "Bələdiyyələrlə iş mərkəzi haqqında Əsasnamə"nin 7.5-ci maddəsinə əsasən bələdiyyələrdə müəyyən edilmiş qanunsuzluqlarla əlaqədar məhkəməyə müraciət etməyin regional ədliyyə idarəsinin vəzifəsi yox, hüququ olduğu bildirilmişdir. Hesab edir ki, məhkəmənin bu yanaşması da tamamilə qanunsuz və əsassızdır. Belə ki, "Normativ-hüquqi aktlar haqqında" AR Qanununa görə qanun əsasnamədən daha üstün qüvvəyə malikdir. Belə ki, “Bələdiyyəninə fəaliyyətinə inzibati nəzarət haqqında" AR Qanununun tələblərinə görə, bələdiyyənin fəaliyyətinə nəzarət edən orqan bələdiyyə aktında qanunsuzluq müəyyən etdikdə o, məhkəməyə müraciət etməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişlər. İş üzrə tərəflərə məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbin bildirməmişdir. Məhkəmə kollegiyası onun iştirak etməməsini üzrlü hesab etməmiş və Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Göründüyü kimi İddiaçı Daşkəsən rayon Quşçu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli iclas qərarının ləğv edilməsi barədə məhkəməyə müraciət edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Regional Ədliyyə İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı yuxarıda qeyd olunan tələblə məhkəməyə müraciət etsə də onun həmin tələb üzrə subyektiv hüquqa malik olması müəyyən edilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi İddiaçı cavabdeh Daşkəsən rayon Quşçu Bələdiyyəsinə (üçüncü şəxslər X1 və X3) qarşı Gəncə İnzibati Məhkəməsində iddia qaldıraraq Daşkəsən rayon Quşçu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli qərar və protokolunun ləğv edilməsini xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1014/2023 nörməli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-681/2023 nömrəli qərardadı ilə qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin qeyd olunan qərarı ləğv edilmiş, iddia tələbi mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası qənaətinin əsası kimi iddiaçının iddia tələbi üzrə subyektiv hüquqa malik olmaması qeyd edilmişdir. Daha sonra həmin qərardaddan kassasiya şikayəti verilmiş və şikayət təmin olunamayaraq qərardad dəyişdirilmədən qüvvədə saxlanmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “onun Quşçu bələdiyyəsinə qarşı verdiyi iddia ərizəsində və hal-hazırda AR Ədliyyə Nazirliyinin Gəncə Regional İdarəsinə qarşı verdiyi iddia ərizəsində həm cavabdehlərin başqa olması, həm də iddia predmetinin başqa olması” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, cavabdehlər fərqli şəxslər olsa da, mübahisə bələdiyyənin qərarı ilə bağlıdır. İddia predmeti formal olaraq fərqli görünə bilər, lakin hər iki halda əsas mübahisə mahiyyətcə eyni hüquqi münasibətdən, bələdiyyə qərarının qanuniliyinini yoxlanılmasından irəli gəlir. Bu baxımdan qanuni qüvvəsini almış əvvəlki məhkəmə qərarından da göründüyü kimi iddiaçının həmin mübahisəyə münasibətdə subyektiv hüququ mövcud olmamışdır. Beləliklə də, yuxarıda qeyd olunan hallar hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququ istisna edir. Bu da iddianın mümkün sayılmaması üçün əsaslardan biridir. Nəzərə alınmalıdır ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3948/2024 saylı qərardadı dəyişdirilmədən saxlansın. Bu qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar