Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-104/2024 31.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və qey. cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı2 iştirakı ilə, “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli,2-1(114)-922/2023 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. X12 Komissiyasının xx.xx.1999-cu il tarixli, 6 nömrəli iclas protokolunun qərar hissəsindən çıxarışa əsasən İddiaçı2 155 nömrəli konturdan pay torpağına uyğun olaraq 7.55 ha torpaq payının verilməsi qərar alınmışdır.
2. Qaratəpə bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 03 saylı iclas protokolundan çıxarışdan görünür ki, Qaratəpə bələdiyyəsi İddiaçı2 və ailə üzvlərinə “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının verilməsinə etiraz etmir və yerli islahat komissiyası tərəfindən ayrılmış 7,55 ha torpaq sahəsinin 115 saylı konturdan verilməsini məqsədəmüvafiq hesab edir.
3. Qaratəpə bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 11 nömrəli arayışından görünür ki, həqiqətən Qaratəpə yerli aqrar islahat komissiyasının qərarı ilə İddiaçı2 və ailə üzvlərinə 7,55 ha torpaq sahəsi verilmişdir, lakin həmin pay torpaq sahəsi üçün “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı verilməmişdir, hazırda həmin şəxslər İslahat Komissiyasının qərarında qeyd olunan torpaq sahəsindən istifadə edirlər, bələdiyyə həmin şəxslərin mülkiyyət hüquqlarının tanınmasına etiraz etmir.
4. DT və XK-nin Bərdə rayon şöbəsinin müvafiq rəyindən görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsi İddiaçı2 istifadəsində olan 7.55 ha pay torpağına mülkiyyət hüququna dair müvafiq sənəd hazırlanmasına etiraz etməmişdir.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli, **********17 nömrəli məktubundan görünür ki, İddiaçı2 və qey. müvafiq müraciətinin təmin edilməsində 7,55 ha torpaq sahəsinin ayrılmasına dair Rayon Aqrar İslahat komissiyasının qərarının olmaması səbəbindən imtina edilmişdir.
6. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, **********75 nömrəli məktubunda bildirilir ki, Mərkəzin arxivində aparılmış araşdırma nəticəsində Bərdə rayonu, Qaratəpə kəndi üzrə yerli aqrar islahat komissiyasının xx.xx.1999-cu il tarixli, 6 saylı Qərarı aşkar edilməmişdir.
7. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 3-21-3-60/2-715/2023 nömrəli məktubuna əsasən Bərdə rayonu, Qaratəpə kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı2, İddiaçı3, X7, X3 və İddiaçı1 adları aşkar edilməmişdir.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin "xxxx" MMCnin 20 sentyabr 2023-cü il tarixli, 3-21-3-60/2-2239/2023 nömrəli məktubuna əlavə edilmiş subyektlərin siyahsından məlum olur ki, X5 və 4 nəfər ailə üzvünün adına 0,14 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir.
9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 08 yanvar 2024-cü il tarixli, 3-21-3-46/2-88/2024 nömrəli məktubu ilə təqdim edilən mütəxəssis rəyinə əsasən iddiaçılar İddiaçı2 və qey. Bərdə rayonu Qaratəpə kəndində hal-hazırda faktiki olaraq 7.10 ha torpaq sahəsindən istifadə edirlər və həmin torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən bələdiyyə mülkiyyətinə aiddir. İddiaçı2 tərəfindən naturada sərhədləri göstərilən torpaq sahəsi, TEKUİS məlumat bazasına əsasən, kənd təsərrüfatı təyinatlı, qamışlı örüş sahəsidir. İddiaçı2 tərəfindən naturada sərhədləri göstərilən torpaq sahəsinin, digər şəxslərin istifadəsində olub-olmamasını təyin etmək mümkün olmamışdır. İddiaçı2 tərəfindən naturada sərhədləri göstərilən torpaq sahəsi, TEKUİS məlumat bazasına əsasən digər üçüncü şəxslərin hüquqları qeydə alınmamışdır. İddiaçı2 tərəfindən naturada sərhədləri göstərilən torpaq sahəsi üzərində hal-hazırda heç bir mühəndis kommunikasiya xətti mövcud olmadığından elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağına və sürüşmə zonasına düşmür.
10. “Torpağın mülkiyyətə verilməsinə dair” JN066A, KOD 61017028 nömrəli şəhadətnamənin surətindən görünür ki, Bərdə RAİK qərarı ilə Bərdə rayonu, Qaratəpə kənd sakini X6 və 4 nəfər ailə üzvünə 0,14 ha həyətyanı torpaq sahəsi ayrılmışdır.
11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 30 aprel 2024-cü il tarixli, 3-21-3-46/2-2047/24 nömrəli məktubunda qeyd olunmuşdur ki, Bərdə rayonu, Qaratəpə kəndində yerləşən iddiaçılar X2, İddiaçı3, X4, X1, İddiaçı1 Nurmaxammat oğlunun faktiki naturada istifadəsində olan 7,10 ha həyətyanı torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən sağ(şərq) tərəfdən, bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatı qamışlı örüş sahəsi ilə, sol (qərb) və yuxarı (şimal) tərəfdən bələdiyyə mülkiyyətinə aid su arxa ilə və aşağı (cənub) tərəfdən isə dövlət mülkiyyətində saxlanılan kollektor ilə qonşuluq sərhəddi vardır.
12. Bərdə rayon Dövlət Arxivinin 16 iyul 2024-cü il tarixli, 91 nömrəli məktubu ilə təqdim edilən Bərdə rayon Nazirli KİƏD üzrə 1996-2000-ci illərə dair Qaratəpə kəndi üzrə 8 saylı təsərrüfatbaşına kitabın 590 saylı şəxsi hesabından görünür ki, X2 və ailə tərkibi qeyd edilmiş, torpaq sahasi qrafası isə boşdur.
Birinci instansiya məhkəməsində icraat:
13. İddiaçılar İddiaçı2, İddiaçı3, X7, X3, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 7.55 ha həyətyanı torpaq sahəsinə “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16 iyun 1989-cu ildə uzun zaman yaşadığı Özbəkistan Respublikasından Azərbaycana gəlmişlər. Azərbaycana gəldikləri zaman ünvan 1i adlanan ərazidə məskunlaşmışlar. 1996-cı ildə həmin kənddə islahat gedərkən onlara pay torpaq sahəsi verilmişdir. Ailə üzvləri çox olduğundan onlara islahat zamanı 7.55 ha pay torpaq sahəsi verildi. Lakin torpaq sahəsi verilsə də onlara torpaq sahəsi üçün verilən Dövlət aktı verilməmişdir. İddiaçılar 1996-cı ildən onlara verilmiş 7.55 ha pay torpaq sahəsini yararlı hala salaraq istifadə edirlər. Hazırda 7.55 ha torpaq sahəsi üçün Dövlət aktı almaq istəyir. Bununla bağlı cavabdeh orqana müraciət etsələr də, sonuncu bundan imtina etmişdir.
15. İddiaçılar İddiaçı2 və İddiaçı1 müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “ünvan 1 ünvanında yerləşən 7.55 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dəyişdirilmişdir.
16. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli,2-1(114)-922/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi rədd edilmişdir.
17. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıların istinad etdiyi Bərdə rayonu, Qaratəpə kəndi üzrə yerli Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 6 saylı Qərarı müvafiq arxivdə mövcud deyil. Bu səbəbdən də məhkəmə həmin sənədi mötəbər sübut kimi qəbul etmir. Məhkəmə bu qənaətini həm də onunla əsaslandırır ki, Bərdə rayonu, Qaratəpə kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı2, İddiaçı3, X7, X3 və İddiaçı1 adları aşkar edilməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
18. İddiaçılar qeyd olunan qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
19. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsi ilə eynilik təşkil etmişdir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
20. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyası iclasında izahat verən iddiaçı apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, təmin olunmasını xahiş etdi.
22. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi məlumat verilsə də, cavabdehin nümayəndəsi və digər iddiaçılar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikası Konstitusiyası:
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
24. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu 23.1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
26. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanunu:
1. İslahatın məqsədi aqrar bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır. İslahatın vəzifələri torpaq və əmlak üzərində yeni mülkiyyət münasibətlərinin formalaşdırılmasından, bazar iqtisadiyyatına uyğun istehsal və infrastruktur sahələrində müxtəlifnövlü təsərrüfatların yaradılması və inkişafı ilə istehsal münasibətlərinin dəyişdirilməsindən və təkmilləşdirilməsindən ibarətdir.
5. İslahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Torpaq islahatı zamanı ərazinin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı və kənd təsərrüfatı istehsalında iştirakı, torpaqların keyfiyyəti, torpaqdan istifadənin yerli xüsusiyyətləri nəzərə alınır, torpaqlardan təyinatına görə istifadə olunması və ətraf mühiti mühafizə tələbləri közlənilir.
27. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: 1.Torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. 4 . Torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. 5 . Torpaq islahatı aparılarkən aşağıdakı şərtlərə əməl edilir: ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınması; torpaqlardan təyinatı üzrə istifadə edilməsi; ətraf mühitin mühafizəsinin təyin edilməsi; torpaq islahatının yerquruluşu layihələri əsasında aparılması. 9 . Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 1 0 . Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. 1 3 . Torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir.
28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
29. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Tələbin dəlillərinə əsasən iddiaçılar X12 Komissiyasının xx.xx.1999-cu il tarixli, 6 nömrəli iclas protokolu ilə onlara 7,55 ha torpaq sahəsi verildiyini, lakin həmin torpaq sahəsinə dair “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının verilmədiyini iddia etmiş, bu əsasla da həmin torpaq sahəsi üzərində onların mülkiyyət hüquqlarını təsdiq edən sənədin verilməsi ilə bağlı cavabdehə müraciət etsə də sonuncu tərəfindən təmin edilməmişdir.
32. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli, **********17 nömrəli məktubundan görünür ki, müvafiq müraciətin təmin edilməsindən 7,55 h torpaq sahəsinin iddiaçılara ayrılmasına dair Rayon Aqrar İslahat komissiyasının qərarının olmaması səbəbindən imtina edilmişdir.
33. İddiaçıların tələbinin əsası, başqa sözlə desək hüquqların qeydə alınmasına əsas kimi X12 Komissiyasının xx.xx.1999-cu il tarixli, 6 nömrəli iclas protokolunun qərar hissəsindən çıxarış təqdim edilmişdir.
34. İş materiallarında olan X12 Komissiyasının xx.xx.1999-cu il tarixli, 6 nömrəli iclas protokolunun qərar hissəsindən çıxarışdan məlum olur ki, İddiaçı2 155 nömrəli konturdan pay torpağına uyğun olaraq 7.55 ha torpaq payının verilməsi qərara alınmışdır.
35. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi Bərdə rayonu, Qaratəpə kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısında iddiaçıların adlarının aşkar edilməməsi və qeyd olunan qərarın arxiv nüsxəsinin olmaması səbəbindən təmin edilməmişdir.
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, **********75 nömrəli məktubunda bildirilir ki, Mərkəzin arxivində aparılmış araşdırma nəticəsində Bərdə rayonu, Qaratəpə kəndi üzrə yerli aqrar islahat komissiyasının xx.xx.1999-cu il tarixli, 6 saylı Qərarı aşkar edilməmişdir.
37. Bərdə rayon Dövlət Arxivinin 19 sentyabr 2023-cü il tarixli, 212 nömrəli məktubunda qeyd olunmuşdur ki, Bərdə rayonu X13 Təsərrüfatın İslahat Komissiyası 1999-cu ilə aid sənəd materiallarını rayon Dövlət Arxivinin mühafizəsinə təhvil verməmişdir.
38. Bununla yanaşı Bərdə rayon Dövlət Arxivinin 16 iyul 2024-cü il tarixli, 91 nömrəli məktubu ilə təqdim edilən Bərdə rayon Nazirli KİƏD üzrə 1996-2000-ci illərə dair Qaratəpə kəndi üzrə 8 saylı təsərrüfatbaşına kitabın 590 saylı şəxsi hesabından görünür ki, X2 və ailə tərkibi qeyd edilmiş, torpaq sahasi qrafası isə boşdur.
39. “Torpaq islahatı haqqında” Qanunun 9 və 10-cu maddələrində, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndində qeyd edilmişdir ki, vətəndaşların qanuni istifadəsində olan torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir və fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
40. Hazırki halda iddiaçıların istifadəsinə Bərdə rayonu, Qaratəpə kəndində təsərrüfat təyinatlı torpaq sahəsinin ayrılmasına dair hər hansı sənəd aşkar edilməmişdir. Belə olan halda iddia edilən ünvan 1ində yerləşən 7.55 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair hər hansı hüquqi əsas mövcud deyildir.
41. Göründüyü kimi məhkəmə araşdırılması zamanı təqdim olunan subyektlərin siyahısında da iddiaçılara yalnız həyətyanı torpaq sahəsinin verilməsinə dair qeydiyyat aparılmış, 7.55 ha torpaq sahəsinin verilməsi ilə bağlı hər hansı məlumat və təqdim olunan qərarın arxiv nüsxəsi aşkarlanmamış, həmçinin iddiaçıların islahat zamanı qanuni istifadələrində də adıçəkilən torpaq sahəsi qeyd olunmamışdır.
42. Konstitusiya Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı).
43. Məhkəmə tərkibi hesab edir ki, inzibati orqanın hərəkəti qanunamüvafiq olduğundan iddianın təmin edilməsinə dair heç bir hüquqi və ya faktiki əsas mövcud deyildir.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli,2-1(114)-922/2023 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov