Məhkəmə qərarları › İş №2-1(104)-107/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-107/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-107/2024 22.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) X2, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)- 1537/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1421 nömrəli, xx.xx.1976-cı il tarixli attestatdan görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək texniki peşə məktəbində “elektrikqaynaqçısı” peşəsi üzrə iki il təhsil almışdır. 705 nömrəli, xx.xx.1978-ci il tarixli attestatdan görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək 20 nömrəli texniki peşə məktəbində “motorlu qazma mühəndisi” peşəsi üzrə təhsil almışdır. ИТ ******* nömrəli, xx.xx.1977-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1976-ci il tarixdən xx.xx.2002- ci il tarixədək müxtəlif müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bərdə rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 258 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Bərdə rayon 4 saylı PMK-da xx.xx.1979-cu il tarixdən 4-cü dərəcəli qaynaqçı işinə qəbul edilmiş, xx.xx.1979-cu il tarixdən Sovet Hərbi hissələrinə çağırış ilə əlaqədar elektroqaynaqçı işindən azad edilmiş, xx.xx.1981-ci il tarixdən 5-ci dərəcəli qaynaqçı işinə qəbul edilmiş və xx.xx.1984-cü il tarixdən 5-ci dərəcəli qaynaqçı vəzifəsindən azad edilmişdir, həmçinin İddiaçı Bərdə rayon sabiq 9 nömrəli X11 Zavodunda 28 iyul 1986-cı il tarixdə 5- ci dərəcəli qaynaqçı işinə qəbul edilmiş, xx.xx.1996-cı il tarixdən qaynaqçı kranovşik vəzifəsindən öz xahişi ilə işindən azad edilmişdir. ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubundan görünür ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün müvafiq sənədləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fonduna təqdim etməklə ona pensiya hesablanmasını xahiş etmişdir. Onun ərizəsi DSMFnin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialda baxılmış və cavabdehin 29 dekabr 2022- ci il tarixli məktubu ilə güzəştli şərtlərlə ona pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtina məktubundan görünür ki, iddiaçıya əmək pensiyasının təyin edilməsinin mümkünsüzlüyü onun əmək kitabçasında iş stajının yalnız 1 il 3 ay 4 gün olmaqla 12 il 6 ay iş stajı normasından az olması, onun əmək kitabçasında "əl ilə qaynaq aparan elektrik qaynaqçısı" sözlərinin yazılmaması və s. səbəblərlə əlaqələndirilmişdir. İddiaçı hesab edir ki, cavabdehin bu əsasla onun ərizəsinin təmin edilməsindən imtina etməsi güzəştli şərtlərlə əmək pensiyası almaqla bağlı hüquqlarını əsassız olaraq məhdudlaşdırır. Belə ki, əmək kitabçasında " əl ilə qaynaqçı" sözlərinin yazılması tələbi cavabdehin də imtina məktubunda bildirdiyi kimi 2007-ci ildə Nazirlər Kabinetinin qərarı ilə təqsdiq edilmiş qaydalarda öz əksini tapmışdır. İddiaçının iş stajı isə 2007-ci ilədək olan dövrü əhatə edir. Əvvəlki dövrdə "əl ilə qaynaq aparan qaynaqçı" sözlərinin əmr və ya əmək kitabçasında göstərilməməsi onun təqsiri deyil. Belə ki, o "əl ilə qaynaq edən" qaynaqçı kimi fəaliyyət göstərmişdır. İşlədiyi müəssisələrin adlarından da görünür ki, həmin sahələrdə əl ilə olmayan qaynaq işləri mövcud olmamışdır. İşlədiyi 9 saylı X9 Zavodunda beton plitələr, tikinti işləri aparılan sahələr üçün armatur karkaslar hazırlamış, lentlərin birləşdirilməsi, kəsilməsi kimi işləri əllə qaynaq etməklə icra etmişdir. Eləcə də onun əmək kitabçasında qeyd edilmiş əmrlərdə qaynaqçı ("suvarşik") kimi işə götürüldüyü qeyd edilib və qaynaqçı işinin əllə qaynaq edən qaynaqçı olmamasını, Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq siyahıya aid olmayan qaynaqçı işi olmasını göstərən bir hal da mövcud deyil. Bundan başqa, iddiaçının (pensiya təyin edilməsi elektronlaşdırıldığından) 57 yaşdan güzəştli şərtlərə görə əmək pensiyası almaq hüququ əsassız olaraq təmin edilməmişdir. Artıq 5 ildir ki, onun güzəştli pensiya almaq hüququ pozulubdur. Ona görə onun 57 yaşı tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdehin nümayəndəsi iddiaya yazılı etiraz edərək bildirmişdir ki, filiala təqdim edilən sənədlərdə iddiaçının xx.xx.1976-xx.xx.1976-cı il, xx.xx.1979-xx.xx.1979-cu il, xx.xx.1981-xx.xx.1984-cü il tarixləri arasındakı dövrlər ərzində qaynaqçı, xx.xx.1986xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində isə qaynaqçı-kranovşik vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nda nəzərdə tutulan əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları vəzifələrinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (1 il 3 ay 4 gün (xx.xx.1978- xx.xx.1979-cu il, xx.xx.1984xx.xx.1985-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1537/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, İddiaçı hüququ yarandığı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq iddiaçının pensiya hüququnun yaranması üçün 3 şərt tələb olunur: 1) qanunla tələb edilən pensiya yaşına çatması; 2) qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş müvafiq siyahıda göstərilməsi. Yaş tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı xx.xx.1961-ci ildə doğulmuşdur. Deməli onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ artıq xx.xx.2018-ci il tarixdə yaranmışdır. Tələb olunan 25 il ümumi iş stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilir. İddiaçının güzəştli iş stajı ilə bağlı müəyyən olunur ki, cavabdeh orqan iddiaçının xx.xx.1978-xx.xx.1979-cu il, xx.xx.1984-xx.xx.1985-ci il tarixləri arasındakı dövrlər üzrə 1 il 3 ay 4 gün stajını güzəştli staj kimi nəzərə almışdır. Cavabdehin imtinasına münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında olan Bərdə rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 258 nömrəli arxiv arayışı ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək və xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Bərdə rayon 4 saylı PMK-da qaynaqçı, 28 iyul 1986-cı il tarixdən xx.xx.1996-cı il tarixədək Bərdə rayon sabiq 9 nömrəli X1ynaqçı kranovşik vəzifəsində işləmişdir və həmin peşə üzrə iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li siyahısında olan 1010300a—19906 koda əsasən “əl ilə qaynaqda elektrik qaynaqçıları” zərərli və ağır hesab edilərək güzəştli şərtlərlə pensiya hüququ verir. Beləliklə, müəyyən olunur ki, müvafiq siyahıda iddiaçının işlədiyi qaynaqçı vəzifəsi nəzərdə tutulmuşdur. Odur ki, qeyd olunan müddətlər üzrə iddiaçının 12 il 6 ay 26 gün güzəştli sığorta stajı öz təsdiqini tapmışdır. Həmçinin cavabdeh tərəfindən nəzərə alınan müddətlər (xx.xx.1978xx.xx.1979-cu il, xx.xx.1984-xx.xx.1985-ci il tarixləri arasındakı dövrlər üzrə 1 il 3 ay 4 gün) də nəzərə alındıqda iddiaçının güzəştli stajı qanunvericilikdə nəzərdə tutulan müddətdən artıqdır. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Beləliklə müəyyən olunur ki, iddiaçının 1 yanvar 2006-cı il tarixədək iş stajı ümumilikdə 25 ildən, eyni zamanda tələb olunan güzəştli sığorta stajı 12 il 6 aydan çoxdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati Məhkəməsi hüququn tətbiqində səhvə yol verdiyindən hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmişdir. Aşağıda göstərilənlərə əsasən hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddiaçının iddia tələbi təmin edilməməlidir. 28 aprel 2022-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası'nın 4.1.20-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışa əsasən müəyyən edilir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi filiala təqdim edilən sənədlərdə iddiaçının xx.xx.1976xx.xx.1976-cı il, xx.xx.1979-xx.xx.1979-cu il, xx.xx.1981-xx.xx.1984-cü il tarixləri arasındakı dövrlər ərzində qaynaqçı, xx.xx.1986-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində isə qaynaqçı-kranovşik vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifələr yuxarıda göstərilən müvafiq Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları vəzifələrinə uyğun deyil. Bu səbəbdən də, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (1 il 3 ay 4 gün (xx.xx.1978-xx.xx.1979-cu il, xx.xx.1984-xx.xx.1985-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Göründüyü kimi birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol vermişdir. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətində qeyd olunan dəlillərə uyğun izahat verdi, şikayəti müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, işlədiyi müəssisədə qaynaq vasitəsilə kəsilmiş dəmir boruların çəkiləri ağır olduğundan onların qaldırılması üçün kran kimi adlandırdıqları, uzaqdan idarə olunan texniki vasitə köməkliyilə qaldıraraq arabaların içərisənə yerləşdirilərək daşınması təmin edilirdi. Ola bilsin ki, bu səbəbdən onun əmək kitabçasında “qaynaqçı-kranovşik” kimi qeyd olunmuşdur. Onun özü qaynaqçı vəzifəsini icra etmişdir həmin müəssidədə. İddiaçının vəkili X4 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir.

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 9.1. Xüsusi işlərə görə əmək pensiyası əldə etmək hüququ qazanc əldə etmək hüququ olan amillərin, yeraltı, əmək şəraiti və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və dəyişikliklərin) qrupda saxlanılan işlərdə az 12 il 6 ay işləmiş kişilərin və azi 10 il işləmiş qadınların bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş əlavə olaraq yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.

“Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür). Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: ... Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: ... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; ... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən, 13-cü maddədə nəzərdə tutulmuş yaş həddinin 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı” İ. Dağ-mədən işləri 1010300a—19906 əl ilə qaynaqda elektrik qaynaqçıları

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, İddiaçı pensiya yaşına çatdığına görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının güzəştli iş stajının xx.xx.1978-xx.xx.1979-cu il, xx.xx.1984- xx.xx.1985-ci il tarixləri arasındakı dövrləri nəzərə almaqla 12 il 6 aydan az olmaqla 1 il 3 ay 4 gün olduğuna görə ona güzəştli şərtlərlə müvafiq əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın imtinası əsassızdır və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Bu normanın yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə pensiyanın təyin edilməsi ilə bağlı müddəaları həm də iş stajına sayılan dövrlərə və ya müddətlərə münasibətdə də şamil olunmalıdır. Kollegiya qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə həll olunarkən iddiaçının hüququ yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları və yuxarıda qeyd olunan normaların müddəlarına istinad edilməlidir. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ən azı 25 il ümumi, 12 il 6 ay xüsusi iş stajı olarsa, onun “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən 57 yaşdan güzəştli şərtlərlə pensiya çıxmaq hüququ yaranır. Ona görə də, hazırkı iş üzrə iddiaçının ümumi və xüsusi iş stajının məhz xx.xx.2006cı il tarixə qədər yaranıb-yaranmamasının əsasları yoxlanılmalıdır. Cavabdeh iddiaçının müvafiq pensiya yaşına çatması və tələb olunan minimum ümumi əmək stajının mövcudluğu ilə bağlı hər hansı bir mübahisə açmadığından artıq bu hissə işin mübahisələndirilməyən halıdır. Belə olan halda, iddiaçının xx.xx.1979-xx.xx.1979-cu il, xx.xx.1981-xx.xx.1984-cü il tarixlərdə işlədiyi Bərdə rayon 4 saylı PMK-da qaynaqçı vəzifəsi, xx.xx.1986-xx.xx.1996-cı il tarixlərdə işlədiyi Bərdə rayon sabiq 9 nömrəli X1ynaqçı-kranovşik vəzifələrinin ona güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrə aid olub olmaması yoxlanılmalıdır. Qeyd olunan xüsusat birinci instansiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmış, iddiaçının həmin illərdə işlədiyi peşələrin güzəştli pensiya hüququna əsas verən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına 1 nömrəli əlavədə verilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın İ bölməsinin alt bölmə 1010300a—19906 əl ilə qaynaqda elektrik qaynaqçıları peşələrinə uyğun olması öz təsdiqi tapmışdır. Həmçinin iş materiallarında olan Bərdə rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 258 nömrəli arxiv arayışı iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına 1 nömrəli əlavədə verilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”na uyğun olması müəyyən edilir. Bundan başqa iddiaçıya məxsus hərbi biletdə, ona əlavə edilmiş kartoçkada və SSSR Silahlı Qüvvələrinin sinif mütəxəssisi vəsiqəsində iddiaçı ixtisası elektrik qaynaqçısı kimi qeyd edilmişdir. Yuxarıda sadalananlarla yanaşı kollegiya tərəfindən mübahisəli məsələnin yaranmasına səbəb olmuş xüsusatların araşdırılması məqsədilə “X12 – 9” ASC-yə müvafiq sorğu verilsə də, müəssisə fəaliyyət göstərmədiyindən qeyd olunan istiqamətdə araşdırmaların aparılması mümkün olmamışdır. Başqa sözlə - müəssisənin fəalliyyətinin nədən ibarət olmasını, iddiaçının məhz hansı vəzifəni icra etməsi barədə məlumatların əldə edilə bilməməsi oxşar istiqamətdə fəaliyyət göstərən müəssisəyə müvafiq sorğu verilməsi imkanının da qarşısını almışdır. Bununla yanaşı cavabdehin imtinasının əsası özündə yalnız iddiaçının icra etdiyi vəzifə adında uyğunsuzluğun olmasını ehtiva etmişdir. Kollegiya hesab edir ki, bu hal iddiaçının konstitusion hüququ olan - sosial təminat hüququnun məhdudlaşdırılmasına gətirib çıxarır ki buda yol verilməz bir haldır. Belə ki, iddiaçıya məxsus sənədlərin məcmusundan onun peşəsinin “qaynaqçı” olması öz təsdiqini tapmış və iddiaçının məhkəmə iclasında verdiyi izahatı ilə də müəyyən edilmişdir ki, o həmin müəssisədə qaynaqçı vəzifəsini icra etmişdir. Beləliklə, iddiaçı xx.xx.2006-cı il tarixədək azı 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajını tamamladığından, yəni tələb edilən hər iki şərt - ümumi və xüsusi (güzəştli) iş stajı ona münasibətdə ödənildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən onun 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Odur ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1537/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar