Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-107/2025 02.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçı X2 iştirakı ilə, “müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1545/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətinə sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Barəsində təqdim olunmuş arayış-məlumatda qeyd olunmuş ərazi (Goranboy rayonu, Qaramusalı yaşayış məntəqəsi) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.
2. İddiaçı məxsus xx.xx.2017-ci il tarixli SX ******* nömrəli hərbi biletdəki qeydlərdən görünür ki, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Cəbrayıl, Qubadlı, Fizuli istiqamətlərində gedən döyüşlərdə N nömrəli hərbi hissədə mexanik-sürücü elektrik vəzifəsində xidmət etmişdir.
3. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 37 nömrəli və xx.xx.2024-cü il tarixli 3-43-25/2-72/24 nömrəli arayışlarından görünür ki, İddiaçı həqiqətən “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunlarının müvafiq maddələrinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada hərbi xidmətə cəlb edilmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri tərkibində hərbi xidmət keçmişdir. xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Cəbrayıl, Qubadlı, Fizuli istiqamətlərində gedən döyüşlərdə N saylı hərbi hissə tərkibində xidmət etmişdir.
4. N nömrəli hərbi hissənin “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqələrinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barəsində arayış-məlumatında qeyd edilmişdir ki, əsgər X5 döyüş əməliyyatları aparılan zaman (27.09.-xx.xx.2020-ci il tarixlərdə) 1-ci divizionun 3-cü batareyasının 1-ci ÖAQ heyətində mexaniksürücü elektrik vəzifəsində olmuş, xx.xx.2020-ci il tarixli, 342 nömrəli əmrlə xidmət etdiyi hərbi hissəyə daxil olmuş, xx.xx.2020-ci il tarixli, 450 nömrəli əmrlə xidmət etdiyi hərbi hissədən çıxmış, Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2020-ci il tarixli 0028 nömrəli döyüş sərəncamına əsasən hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunmuş, Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli 015 nömrəli əmrinə əsasən həmin dövrdə şəxsin hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş növbəsinə cəlb olunmuş, xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin 1-ci divizionun 3-cü batareyası, Qaramusalı ərazisində döyüşlərdə iştirak etmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı özüyeriyən atəş qurğusunun verilmiş əmr və tapşırıqlar əsasında göstərilmiş mövqelərə marşın həyata keçirilməsində heyət tərkibində fəal iştirak etmişdir.
5. N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 11676 nömrəli məktubunda qeyd edmişdir ki, X2 44 günlük “Vətən Müharibəsi” dövründəki fəaliyyəti nəzərə alınaraq “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsi üçün sənədləri “Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya təqdim edilmişdir. “Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən əlavələr (döyüş əməliyyatları zamanı hansı hərbi hissədə xidmətdə olubsa həmin hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olması və çıxması barədə nizami hissə üzrə əmrdən çıxarışlar, ezamiyyətdə olanların ezamiyyət vəsiqələrinin surəti, ezamiyyətə getməsi və qayıtması barədə nizami hissə üzrə əmrdən çıxarışlar, hansı hərbi hissəyə ezamiyyətə gediblərsə həmin hərbi hissəyə ezamiyyətə gəlmələri və qayıtmaları barədə nizami hissə üzrə əmrdən çıxarışlar, hər bir şəxs haqqında təfsilatlı arayış-məlumatlar) edilməsi məqsədi ilə bəzi şəxslərin sənədləri geri qaytarılmışdır. Həmin siyahıda onun da adı qeyd edilmişdir. N nömrəli hərbi hissənin “Vətən Müharibəsində iştirak etmiş şəxslərin sənədlərinin hazırlanması işinin təşkili və icrası üçün yaradılmış hərbi hissə üzrə daxili yoxlama komissiya”sı tərəfindən qısa müddət ərzində sənədlərinin tələb olunan nümunələrə uyğun tərtib edilərək qərar qəbul edilməsi məqsədi ilə yenidən “Müharibə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya təqdim edilməsi təmin ediləcəkdir.
6. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəyə ünvanladığı xx.xx.2023-cü il tarixli 2/2-10589 nömrəli məktubunda qeyd edilmişdir ki, təqdim olunmuş arayış-məlumatda qeyd olunmuş ərazi (Goranboy rayonu, Qaramusalı yaşayış məntəqəsi) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyinə görə xx.xx.2023-cü il tarixli iclas protokoluna əsasən komissiya tərəfindən vətəndaş “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir.
7. N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 596 nömrəli və xx.xx.2024-cü il tarixli 834 nömrəli məktublarında qeyd edilmişdir ki, İddiaçı N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatları aparılan dövrdə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Goranboy rayonu Qaramusalı kəndi ərazisində N nömrəli hərbi hissənin 1-ci divizionun 3-cü batareyasının 1-ci ÖAQ heyətində mexanik-sürücü elektrik vəzifəsində xidmət etmişdir. İddiaçı Fizuli, Cəbrayıl və Qubadlı rayonları ərazilərində gedən döyüş əməliyyatlarında iştirak etməmişdir.
8. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 342 nömrəli əmri ilə əsgər İddiaçı (1-ci zenit-raket divizionunun 3-cü zenit-raket batareyasının 1-ci zenit-raket heyətinin (özüyeriyən atış qurğusu) mexanik sürücü-elektriki vəzifəsinə (xx.xx.1996-cı il təvəllüdlü, Azərbaycanlı, orta təhsilli, hərbi təlim toplanışına 21 sentyabr 2020-ci il tarixdə SHXÇDX-nin Göygöl Rayon Şöbəsindən çağrılıb) 21 sentyabr 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmişdir.
9. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 450 nömrəli əmri ilə əsgər İddiaçı (1-ci zenit-raket divizionunun 3-cü zenit-raket batareyasının 1-ci zenit-raket heyətinin (özüyeriyən atış qurğusu) mexanik sürücüelektriki) Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2020-ci il tarixli 274 nömrəli əmrinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixdən səfərbərlikdən tərxis edilməsi, hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılması və çağrıldığı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə göndərilməsi əmr edilmişdir.
10. Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-25-2/2-75xx-xx/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-25-2/2-Ş-8974/2024 nömrəli məktublarında qeyd edilmişdir ki, 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək erməni silahlı birləşmələrinə qarşı əks hücum əməliyyatının keçirilməsi və işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiklərinə görə vətəndaşlar X7, X1, X12, X8 və X10 “Müharibə veteranı” adı verilmişdir. Adları qeyd olunan vətəndaşlara “Müharibə veteranı” adının verilməsinə əsas olan sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetindədir.
11. N nömrəli hərbi hissə komandirinin “Hərbi hissənin və bölmələrinin şəxsi heyətinin düşmən tərxibatının qarşısının alınması ilə əlaqədar döyüş tapşırığını yerinə yetirən və döyüş əməliyyatlarına cəlb olunan hərbi qulluqçuların siyahısının tərtib edilməsi haqqında xx.xx.2020-ci il tarixli 091 nömrəli əmrindən çıxarışdan görünür ki, hərbi hissənin şəxsi heyətinin xx.xx.2020-ci il tarixdən düşmən təxribatının qarşısının alınması və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı xidməti vəzifələrini layiqincə yerinə yetirən hərbi qulluqçuların siyahısında mexanik-sürücüelektrik - əsgər İddiaçı adı qeyd edilmişdir.
12. N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli, 652 nömrəli arayışında qeyd edilmişdir ki, X2 adı N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 091 nömrəli əmrində sıra sayı 1001-ci nömrəliyə, vəzifəsi isə mexanik-sürücü-elektrik kimi qeyd edilmişdir.
13. N nömrəli hərbi hissə komandirinin xx.xx.2025-ci il tarixli, 3-25-240/2-403/25 nömrəli məktubunda qeyd edilmişdir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X6 müharibə veteranı adı və vəsiqəsinin verilməsinə əsas olan sənədlər bir nüsxədə tərtib edilmişdir.
14. N nömrəli hərbi hissənin xx.xx.2017-ci il tarixli, 194 nömrəli əmrinə əsasən X7 1ci divizionun 3-cü batareyasının atıcı-doldurucu heyətinin mexaniki-sürücü-elektrik vəzifəsinə təyin edilmişdir.
15. “Zəfər” altsistemindən çıxarışdan görünür ki, X4 veteranlıq statusu vardır. X6 xx.xx.2022-ci il tarixli, 096369 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir.
16. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli, 3-25-229/2- 1755/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə “Vətən müharibəsi” dövründə döyüş əməliyyatlarında tam tərkibdə iştirak etmişdir.
Birinci instansiya məhkəməsində icraat:
17. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Cəbrayıl, Qubadlı, Fizuli istiqamətlərində gedən döyüşlərdə erməni işğalçılarına qarşı Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində iştirak etməyini nəzərə alıb ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsi tərəfindən müharibəyə səfərbər olunmuş və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək işğalçı ermənilərə qarşı N saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirak etmişdir. Hərbi biletinin 14-cü bəndində N saylı hərbi hissənin möhürü ilə təsdiq olunaraq göstərilmişdir ki, xx.xx.2020xx.xx.2020-ci il tarixlərdə Cəbrayıl, Qubadlı, Fizuli istiqamətlərində gedən döyüşlərdə N nömrəli hərbi hissədə mexanik-sürücü-elektrik vəzifəsində xidmət etmişdir. Vətən müharibəsindən 3 il keçməsinə baxmayaraq, ona hələ də veteran vəsiqəsi verilməmişdir. Ona Müdafiə Nazirliyinin imtina məktubunda bildirilmişdir ki, barəsində təqdim olunmuş arayış-məlumatda qeyd olunmuş ərazi (Goranboy rayonu Qaramusalı yaşayış məntəqəsi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmir. O, bunu əsasız hesab edir.
19. İddiaçı xx.xx.2024-cü il tarixdə tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə həmin ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
20. Cavabdeh iddia tələbinə dair xx.xx.2024-cü il tarixli, 3-25-4/2-550/2024 nömrəli etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının barəsində təqdim olunmuş arayışməlumatda qeyd olunmuş ərazi (Goranboy rayonu, Qaramusalı yaşayış məntəqəsi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il 216 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və müdallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz.
21. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1545/2024 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilmişdir.
22. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçının xidmət etdiyi hərbi hissə ölkənin ərazi bütövlüyünü hava hücumundan müdafiə etmək olmuş və Əsasnamədə hava hücumundan müdafiə bölmələrinin tərkibində xidmət keçmiş şəxslərin də məhz Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə döyüş əməliyyatlarında iştirak etməsi əks olunmamışdır. İddiaçı N saylı hərbi hissənin düşmən təxribatının qarşısının alınması ilə əlaqədar döyüş tapşırığını yerinə yetirən və döyüş əməliyyatlarına cəlb olunan hərbi qulluqçuların siyahısında olmuş və hava məkanının müdafiə edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişdir ki, bu halda onun adı müharibə veteranı vəsiqəsi veriləcək şəxslərin siyahısına daxil edilməli idi.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri
23. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
24. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə etirazın məzmunu ilə eynilik təşkil edir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
25. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, təmin olunmamasını xahiş etdi və əlavə olaraq qeyd etdi ki, onunla eyni vəzifədən olan X6 müharibə veteranı adı və vəsiqəsi verilmişdir.
27. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
28. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu:
3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə:
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. 2020-ci il sentyabrın 27- dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Qeyd (2) göstərilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur.
30. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. İş materialları ilə müəyyən olunur ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdehə müraciət etsə də, sonuncu tərəfindən müraciətin müsbət icrasından imtina edilmiş, imtina onunla əsaslandırılmışdır ki, təqdim olunmuş arayış-məlumatda qeyd olunmuş ərazi (Goranboy rayonu, Qaramusalı yaşayış məntəqəsi) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.
33. Birinci instansiya məhkəməsi iddianı əsaslı və qanuni hesab edərək təmin etmiş, qərarını iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 10-cu yarımbəndinə uyğun olaraq “hava hücumundan müdafiə” bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etməsi ilə əsaslandırmışdır. Belə ki, iddiaçı da Hərbi Hava Qüvvələrinə məxsus N nömrəli hərbi hissədə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı özüyeriyən atəş qurğusunun verilmiş əmr və tapşırıqlar əsasında göstərilmiş mövqelərə marşın həyata keçirilməsində heyət tərkibində fəal iştirak etmişdir.
34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və qeyd edir ki, Əsasnamənin qeyd edilən normasına əsasən, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.
35. Cavabdehin imtinasının və hazırki halda apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, arayış-məlumatda qeyd olunmuş ərazi (Goranboy rayonu, Qaramusalı yaşayış məntəqəsi) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmir və iddiaçının döyüş əməliyyatlarında iştirakı müvafiq sənədlərlə təsdiq edilmir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, N nömrəli hərbi hissənin “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqələrinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barəsində arayış-məlumatında qeyd edilmişdir ki, əsgər X5 döyüş əməliyyatları aparılan zaman (27.09.-xx.xx.2020-ci il tarixlərdə) 1-ci divizionun 3-cü batareyasının 1-ci ÖAQ heyətində mexaniksürücü elektrik vəzifəsində olmuş, xx.xx.2020ci il tarixli, 342 nömrəli əmrlə xidmət etdiyi hərbi hissəyə daxil olmuş, xx.xx.2020-ci il tarixli, 450 nömrəli əmrlə xidmət etdiyi hərbi hissədən çıxmış, Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2020-ci il tarixli 0028 nömrəli döyüş sərəncamına əsasən hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunmuş, Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli 015 nömrəli əmrinə əsasən həmin dövrdə şəxsin hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş növbəsinə cəlb olunmuş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin 1-ci divizionun 3-cü batareyası, Qaramusalı ərazisində döyüşlərdə iştirak etmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı özüyeriyən atəş qurğusunun verilmiş əmr və tapşırıqlar əsasında göstərilmiş mövqelərə marşın həyata keçirilməsində heyət tərkibində fəal iştirak etmişdir.
37. Həmçinin iş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin “Hərbi hissənin və bölmələrinin şəxsi heyətinin düşmən tərxibatının qarşısının alınması ilə əlaqədar döyüş tapşırığını yerinə yetirən və döyüş əməliyyatlarına cəlb olunan hərbi qulluqçuların siyahısının tərtib edilməsi haqqında xx.xx.2020-ci il tarixli 091 nömrəli əmrindən çıxarışdan görünür ki, hərbi hissənin şəxsi heyətinin xx.xx.2020-ci il tarixdən düşmən təxribatının qarşısının alınması və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı xidməti vəzifələrini layiqincə yerinə yetirən hərbi qulluqçuların siyahısında mexanik-sürücü-elektrik - əsgər İddiaçı adı qeyd edilmişdir.
38. Beləliklə, iddiaçının Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli 015 nömrəli əmri ilə həmin dövrdə hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş növbəsinə cəlb olunması, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı özüyeriyən atəş qurğusunun verilmiş əmr və tapşırıqlar əsasında göstərilmiş mövqelərə marşın həyata keçirilməsində heyət tərkibində fəal iştirak etməsi iş materialları ilə öz təsdiqini tapır. Belə olan halda apellyasiya şikayətinin iddiaçının döyüş əməliyyatlarında iştirak etməməsi ilə əlaqədar dəlilləri təkzib olunur.
39. Məhkəmə kollegiyası cavabdehin imtina dəlili- “arayış-məlumatda qeyd olunmuş ərazinin (Goranboy rayonu, Qaramusalı yaşayış məntəqəsi) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlməməsi”nə münasibətdə qeyd edir ki, iddiaçının xidmət etdiyi hərbi hissə ölkənin ərazi bütövlüyünü hava hücumundan müdafiə etməklə qorumuşdur və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamədə hava hücumundan müdafiə bölmələrinin tərkibində xidmət keçmiş şəxslərin də Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə döyüş əməliyyatlarında iştirak etməsi məcburi şərt kimi nəzərdə tutulmamışdır.
40. Bununla yanaşı iş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2025-ci il tarixli, 3-25-240/2-403/25 nömrəli məktubunda qeyd edilmişdir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X6 müharibə veteranı adı və vəsiqəsinin verilməsinə əsas olan sənədlər bir nüsxədə tərtib edilmişdir. “Zəfər” altsistemindən çıxarışdan da görünür ki, X4 veteranlıq statusu vardır.
41. Həmçinin, X6 “Müharibə veteranı” vəsiqəsi və adının verilməsi iş matriallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 096369 nömrəli “Müharibə veteranı” vəsiqəsi ilə təsdiq olunur. Həmin vəsiqə məhz cavabdeh orqan tərəfindən verilmişdir.
42. İş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2017-ci il tarixli, 194 nömrəli əmrindən görünür ki, X7 1-ci divizionun maddi-təminat taqımının texniki xidmət manqasının (zirehli tank texnikasının) ustası vəzifəsindən – 1-ci divizionunun 3-cü batareyasının atıcı-doldurucu heyətinə (atış-doldurma qurğusu) mexanik-sürücü-elektrik vəzifəsinə təyin edilmişdir.
43. Buna hüquqi qiymət verən məhkəmə tərkibi qeyd edir ki, etimadın qorunması prinsipinin mahiyyətinə əsasən maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktın qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək hüququna malikdir.
44. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1 və 13.2-ci maddələri).
45. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı).
46. Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur.
47. Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır.
48. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.
49. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin tətbiqi şərtləri ödənilmişdir. Belə olan halda imtinanın və apellyasiya şikayətinin dəlillərinin heç bir maddi hüquqi əsası yoxdur. Odur ki, iddianın təmin olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə
50. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1545/2024 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov