Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-108/2023 02.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2155/2022 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı xx.xx.1981-ci il tarixdə Goranboy şəhərində anadan olmuşdur. Cavabdeh xx.xx.2018-ci il tarixli, 83 nömrəli sərəncamından Çıxarışa əsasən iddiaçı imtiyazlı şəxs kimi mənzil növbəsinə alınmışdır. İddiaçı “mənzillə təmin olunma ilə bağlı” xx.xx.2020-ci il tarixdə Nazirlər Kabinetinə müraciət etmiş, müraciətə aidiyyəti üzrə Cavabdehndə baxılmış və bildirilmişdir ki, mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inşa olunur və ciddi növbəlilik əsasında paylanılır. İddiaçı daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə, cavabdehə eyni məzmunlu ərizələrlə müraciət etmiş, sonuncuların müvafiq olaraq xx.xx.2020-ci il tarixli, **********11 nömrəli, xx.xx.2020-ci il tarixli, CX27-068 nömrəli məktubları ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli sərəncamı ilə əhatə olunan imtiyazlı şəxslər kateqoriyasından hesab edilmir. Cavabdeh xx.xx.2022-ci il tarixli, CX-11-068 nömrəli məktubunda bildirmişdir ki, iddiaçı Cavabdeh başçısının 19 iyul 2018-ci il tarixli 83 nömrəli sərəncamı ilə İl qrup Hərbi Xidmət Dövrü əlili kimi mənzil növbəsinə alınmışdır. Mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inşa olunur və ciddi növbəlilik əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və Şəhid ailələrinə paylanılır. Gələcəkdə digər imtiyazlar üzrə mənzil tikintisi nəzərdə tutularsa iddiaçının da müraciətinə baxıla bilər. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzillə təmin olunmanın cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2003-2011 ci illərdə Müdafiə Nazirliyinin 2 ci Ordu Korpusunun N saylı hərbi hissəsində sonuncu iş yeri kimi xidmət etmişdir. Xidmət dövründə X6 döyüş tapşırığını yetinə yetirərkən aldığı xəsarətlə əlaqədar əlil olmuş və 2-ci qrup hərbi əlil kimi təxris olunaraq ehtiyyata buraxılmışdır. Hal-hazırda 2-qrup əlildir. Azərbaycan Respublikası Əlillərin sosial X2 31-ci maddəsində Qeyd olunur ki, Azərbaycan Respublikasının Dövlət hakimiyyəti və İdarəetmə Orqanları, Müəssisələri, İdarələri və Təşkilatları (Mülkiyyət və Təsərrüfatçılıq Formalarından asılı olmayaraq) Soaial İnfrastruktur obyektlərinin, mənzillərin, ictimai, istehsal binalarının və qurğularının əlillərə maneəsiz müyəssər olması, ictimai nəqliyyatdan və nəqliyyat kommunikasiyalarından, rabitə və informasiya vasitələrindən, istirahət və asudə vaxt yerlərindən onların sərbəst istifadə etməsi üçün lazımi şəraiti təmin edirlər. Həmin qanunun 43-cü maddəsində deyilir ki, əlillər dövlət hesabına mənzillə təmin edilirlər. Fərdi bərpa proqramına uyğun olaraq əlillər binanın növünü, abadlıq vəziyyətinin və yaşayış üçün vacib olan digə şərtləri nəzərə almaqla yaşayış sahəsini seçmək hüququna malikdirlər. Birinci və ikinci qrup əlillərə yaşadıqları dövlət və ictimai mənzil fonduna məxsus mənzilləri pulsuz olaraq şəxsi mülkiyyətə keçirmək hüququ verilir. İddiaçı bu qanunun tələblərini rəhbər tutaraq müvafiq olaraq Cavabdehnə rəsmi ərizə ilə müraciət etmişdir. Cavabdeh məktubunda onu mənzil növbəsinə aldığını bildirsə də, sonradan müraciə etdiyi cavab məktublarında mənzil mənzil düşmədiyi açıq bəyan edilmişdir. Bununla da, Əlillərin Sosial Müdafiəsi haqqında Qanunun tələbləri cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2155/2022 saylı qərarı ilə (hakim Z.Quliyev) İddiaçı Cavabdehnə qarşı “mənzillə təmin olunmanın cavabdehə həvalə edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, yuxarıda sadalanan normalardan göründüyü kimi, cavabdeh inzibati orqan mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların rayon İcra Hakimiyyəti nəzdindəki ümumi və güzəştli mənzil növbəsi siyahılarına daxil edir,daha sonra həmin vətəndaşlar növbəlilik prinsipi əsasında mənzillə təmin olunurlar. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçının əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli sərəncamına əsasən mənzil və ya evlə təmin olunmasıdır. Lakin qeyd olunan sərəncam 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəxslərlə bağlıdır. İddiaçı isə xx.xx.2018-ci il tarixdə mənzil növbəsinə alınmışdır. Həmçinin, hazırkı vəziyyətdə cavabdehin iddiaçını mənzillə təmin etmək imkanı təsdiqini tapmır. İddiaçı da cavabdehin onu yaşayış sahəsi ilə təmin etmək üçün belə imkana malik olmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Digər tərəfdən, cavabdeh imtina məktubunda iddiaçını mənzillə təmin etməkdən birdəfəlik imtina etməmiş, məktubun məzmunundan müvafiq şəraitin yaranacağı təqdirdə iddiaçının mənzillə təmin olunması məsələsinə yenidən baxılacağı qənaətin gəlmək mümkündür. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli, 25 yanvar 2021 tarixli və 25 avqust 2021-ci il tarixli sərəncamları, həmçinin Azərbaycan Respublikası Nazirlər kabinetinin 16 avqust 2021-ci il tarixli sərəncamı ilə əhatə olunan imtiyazlı şəxslərin əmək və əhalinin Sosial müdafiə nazirliyi tərəfindən Sosial - məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulub. Çox təssüf ki, Gəncə İnzibati Məhkəməsi öz qərarında həmin sərəncamlarda əhatə olunan imtiyazlı şəxslərin təsnifatındakı 1 yanvar 2014-cü ildən 1 yanvar 2020 ci ilədək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmanı təhrif edərək 1 yanvar 2014-cü ilədək kimi qeyd etmişdir. Cavabdeh nümayəndəsi X4 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 16. Sosial inkişaf və dövlət 16.1. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Maddə 43. Mənzil hüququ ... 43.2. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. “Hərbi qulluqçuların statusu haqqında” Qanun Maddə 12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ ... 12.2 (5-ci bənd). Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. 12.2 (5-ci bənd). Hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir (19 may 2020-ci il tarixli dəyişikliyə qədər). Azərbaycan Respublikası Mənzil Məcəlləsi Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanı Həmin Fərmanın 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” Həmin əsasnamənin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamı Həmin Sərəncamla 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulan şəxslər siyahısına 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AESdə qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri daxil edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı “mənzillə təmin olunma ilə bağlı” xx.xx.2020-ci il tarixdə Nazirlər Kabinetinə müraciət etmiş, müraciətə aidiyyəti üzrə Cavabdehndə baxılmış və bildirilmişdir ki, mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inşa olunur və ciddi növbəlilik əsasında paylanılır. Cavabdeh xx.xx.2022-ci il tarixli, CX-11-068 nömrəli məktubunda bildirmişdir ki, iddiaçı Cavabdeh başçısının 19 iyul 2018-ci il tarixli 83 nömrəli sərəncamı ilə İl qrup Hərbi Xidmət Dövrü əlili kimi mənzil növbəsinə alınmışdır. Mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inşa olunur və ciddi növbəlilik əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə paylanılır. Gələcəkdə digər imtiyazlar üzrə mənzil tikintisi nəzərdə tutularsa iddiaçının da müraciətinə baxıla bilər. İşdə olan Cavabdeh xx.xx.2018-ci il tarixli, 83 nömrəli sərəncamından çıxarışa əsasən iddiaçı imtiyazlı şəxs kimi mənzil növbəsinə alınmışdır. Göründüyü kimi iddiaçının imtiyazlı şəxs kimi mənzil növbəsinə alınması mübahisəsiz haldır və iddiaçı hazırki iddia tələbində mənzillə təmin olunmanın cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Yuxarıda sadalanan normalardan göründüyü kimi, cavabdeh inzibati orqan mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların rayon İcra Hakimiyyəti nəzdindəki ümumi və güzəştli mənzil növbəsi siyahılarına daxil edir, daha sonra həmin vətəndaşlar növbəlilik prinsipi əsasında mənzillə təmin olunurlar. Cavabdeh imtina məktubunda iddiaçını mənzillə təmin etməkdən birdəfəlik imtina etməmiş, məktubun məzmununda da müəyyən olunur ki, müvafiq şəraitin yaranacağı təqdirdə iddiaçının mənzillə təmin olunması məsələsinə yenidən baxılacağı qənaətin gəlmək mümkündür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 69 saylı məktubdan da müəyyən olunur ki, hazırda Goranboy şəhər ərazisində Goranboy Mənzil Kommunal X1 balansında olan çoxmərtəbəli yaşayış binalarında sahibsiz mənzil yoxdur. Həmçinin Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan da görünür ki, Cavabdeh balansında asudə mənzil mövcud deyildir. Mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inşa edilir və ciddi növbəlilik əsasında şəhid ailələrinə və Azərbaycan Respublikasının ərazi bütövlüyü və konstitusiya quruluşu ilə alaqədar əlil olmuş şəxslərə paylanılır. Həmçinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamında yerli icra hakimiyyəti orqanlarının bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmələri, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən məqsədlər üçün torpaq sahələrinin ayrılmasını təmin etmələri və hər il görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermələri, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən tədbirlər planının həyata keçirilməsi üçün tələb olunan vəsaitin 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) bölgüsünün layihəsində, 2022–2025-ci illərdə isə hər il dövlət büdcəsinin tərtibi prosesində dövlət əsaslı vəsait qoyuluşunda (investisiya xərclərində) nəzərdə tutulmasını təmin etmələri göstərilmişdir. Göründüyü kimi güzəştli mənzillər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inşa edilir və yerli icra hakimiyyəti orqanları tərəfindən ciddi növbəlilik əsasında yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə paylanılır. Ümumi prosedur qaydalarından da müəyyən edilir ki, yuxarıda qeyd olunan şəxslər yerli icra hakimiyyəti orqanlarına imtiyazlı şəxs kimi mənzil növbəsinə alınmaq üçün müraciət edirlər, yerli icra hakimiyyəti orqanları başçılarının müvafiq sərəncamına əsasən imtiyazlı şəxs kimi mənzil növbəsinə alınırlar və onlar barəsində məlumatlar elektron informasiya sisteminə əlavə edilir. Daha sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən güzəştli mənzillər inşa edilərsə, yerli icra hakimiyyəti orqanlarına bu barədə məlumat verilir və imtiyazlı şəxs kimi mənzil növbəsinə alınanlar nazirlik tərəfindən mənzillə təmin olunurlar. Hazırki işin faktiki hallarından da müəyyən edilir ki, cavabdeh orqan məktubunda iddiaçını mənzillə təmin etməkdən birdəfəlik imtina etməmişdir. Belə ki, məktubun məzmununda da müəyyən olunur ki, müvafiq şəraitin yaranacağı təqdirdə iddiaçının mənzillə təmin olunması məsələsinə yenidən baxılacağı qənaətin gəlmək mümkündür. Kollegiya qeyd edir ki, iddiaçının mənzillə təmin edilməsi üçün Cavabdeh balansında mənzil mövcud deyildir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən güzəştli mənzillər inşa edilərsə, iddiaçı ərizə ilə mənzil və ya fərdi yaşayış evinin növbədənkənar verilməsi üçün müvafiq quruma müraciət edə bilər. Həmin orqan tərəfindən ərizənin təmin edilməsindən imtina ediləcəyi təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2155/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-108/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-108/2023
02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver