Məhkəmə qərarları › İş №2-1(104)-109/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-109/2023

17.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-109/2023 17.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X1, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, “xx.xx.2022-ci il tarixli, 2307-001-22 nömrəli əmrin ləğv edilərək tutduğu vəzifəyə bərpa olunması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2031/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, 2307- 001- 22 nömrəli əmri ilə Gəncə şəhər BPİ 1-ci PŞ-nin Təminat hissəsinin polis nəfərisürücüsü, polis baş serjantı İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Əmr onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində DİN-nin Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Kliniki Diaqnostika Laboratoriyasında “ekspert-test” üsulu ilə tibbi müayinə zamanı iddiaçı tərəfindən narkotik vasitədən istifadə edilməsi aşkarlanmışdır. Əmrin verilməsinə bu faktın müəyyən edilməsi barədə müvafiq aktlar əsas olmuşdur.

2. DİN-nin Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Kliniki Diaqnostika Laboratoriyasında “ekspert-test” üsulu ilə tibbi müayinə aparılmış, komissiya üzvlərinin iştirakı ilə iddiaçının sidiyinin tərkibində ekspress – test üsulu ilə piy və marixuana alkoloidlərinin olub-olmaması yoxlanılmış, müayinə zamanı iddiaçının sidiyinin tərkibində piy qrupuna aid olan narkotik maddə aşkar olunmuş, ekspert-test üsulu nəticəsinə müvafiq olaraq müayinəsi keçirilən iddiaçının sidiyinin tərkibində “çətənə” qrupuna aid (“THC” pozitiv) narkotik vasitə aşkar edilmişdir.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3- Təcrübi və Tədris Birliyi tərəfindən dərinləşdirilmiş tibbi müayinədən keçirilmiş, məhkəməkimyəvi tədqiqat nəticəsində götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik hesab edilən “Kannabinoid” aşkar olunmuş və bu barədə xx.xx.2022-ci il tarixli 1354/K nömrəli akt tərtib edilmişdir.

4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin 08 iyul 2022-ci il tarixli, 120-22434-1222 nömrəli məktubunda qeyd olunur ki, daxili işlər orqanlarından xaric olunma barədə əmr 1-ci Polis şöbəsinin rəhbərliyi tərəfindən İddiaçı elan edilmişdir.

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyi” publik hüquqi şəxs tərəfindən verilən 13 fevral 2023-ü il tarixli, 570 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, hər hansı narkotik maddənin narkotik istifadəçisinin orqanizmdə qalma müddəti və bədəndən ifraz olunma vaxtı fərqlidir və narkotik maddənin kimyəvi tərkibindən, qəbul qaydasından, qəbul müddətindən, narkotik aludəçisinin orqanizminin xüsusiyyətlərindən və s asılıdır. Narkotik vasitənin qəbulu nə qədər uzun olarsa narkotik də orqanizmdə bir o qədər çox qalar. Sidikdə immunoferment üsul ilə kannabinoidlərin metabolitləri xroniki istifadəçilərdə son qəbuldan sonra 46-77 gün ərzində, epizotik istifadədə isə 29 gün ərzində aşkar edilir.

6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin 08 may 2023-cü il tarixli, 1820 nömrəli məktubundan görünür ki, təhqiqat zərurəti ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalmm rəisi İ.Babaxanovun xx.xx.2022-ci il tarixli, 238-1007-1222 saylı göndəriş məktubunda vətəndaş İddiaçı qan və sidik nümunələrində narkotik, psixotrop, uyuşdurucu və kefləndirici maddələrin olub-olmamasının yoxlanaraq, nəticəsi barədə məlumat verilməsi göstərilmişdir. Həmin göndəriş əsasında “MTE və PAB” phş-nin Məhkəmə-kimya şöbəsində 15 aprel 2022-ci il tarixdə öz razılığı ilə İddiaçı götürülmüş qan və sidik nümunələrinin ekspert-kimyaçı tərəfindən məhkəmə-kimyəvi tədqiqatı aparılmışdır. Aparılmış məhkəmə-kimyəvi tədqiqatı nəticəsində İddiaçı götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alman və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” aşkar edilmiş və tədqiqatın nəticəsi 1354/K nömrəli “Maddi sübutların ekspertizası aktı’nda təsbit edilərək, aidiyyəti üzrə göndərilmişdir. Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsi, eləcə də Birliyin Məhkəmə-kimyəvi şöbəsi məhkəmə-tibbi ekspertizaların icrasını həyata keçirən məhkəmə ekspertiza qurumu olub Daxili İşlər Nazirliyi və Prokurorluq orqanlarının, Məhkəmələr və digər müvafiq orqanların qərar və göndərişləri, eləcə də Birliyin bütün rayon və şəhər şöbələrinin göndərişləri əsasında insan orqanizmində və bioloji materiallarda bütün toksiki maddələrlə yanaşı narkotik, psixotrop və digər güclü təsiredici maddələrin olub-olmamasını təyin edir. Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi və eləcə də digər narkoloji müəssisələr isə xroniki alkoqolizm və xroniki narkomaniya xəstəliklərinə düçar olmuş şəxslərdə bu xəstəliklərin diaqnostikası, müayinə və müalicəsi ilə məşğul olur.

Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, 2307-001-22 nömrəli əmrini ləğv edilərək tutduğu vəzifəyə bərpa olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir ki, polis əməkdaşı olaraq işləmişdir. Sonradan onu əsassız olaraq işdən çıxarmışdırlar. Ona bildirilmişdir ki, guya o marixuana qəbul etməklə narkotik vasitə istifadə etmişdir. Lakin iddiaçı heç vaxt narkotik vasitə qəbul etməmişdir. Belə ki, narkotik vasitə qəbul etməsi xx.xx.2022-ci il tarixdə müayinədən keçməsi nəticəsində guya analiz müayinələri təsdiq etmişdir. Hazırda xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə keçirilmiş analizlərin nəticəsindən də görünür ki, onun narkotik vasitə qəbul etməsi absurtdur. Onun narkotik vasitə qəbul etmədiyi halda barəsində absurt və təyziqlə verilmiş rəyi qəbul etməməsi qeyri-səmimi kimi qəbul edilə bilməz. Hazırda iddiaçının narkotik vasitə qəbul edən şəxs olaraq işdən azad olunması ona böyük mənəvi iztirab keçirməsinə və ailə üzvləri qarşısında utandırıcı hisslər yaratdığından mənəvi zərərin ödənilməsinə əsas verir. İddiaçıya qarşı olan əsassız ittihamın qarşılığı olaraq keçirilmiş analizləri və tibbi müayinələri onun əsassız ittihama məruz qaldığını göstərir. Bu baxımdan onun polis vəzifəsindən azad olunması ilə bağlı Daşkəsən rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli əmrini əsassız hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətindədir. Bildirir ki, cavabdehin hazırki, həm hərəkəti və həmçinin qəbul etdiyi əmr qanusuzdur. Buna əsasən ona tətbiq edilən dövlət qulluğu haqqında qanunun 33.1.6- cı maddəsi ilə dövlət qulluğu ilə bağlı fəaliyyətinə xitam verilməsinin səbəbi ilə maraqlanan zaman müəyyən etdi ki, ona aid olmayan maddə ilə işdən qanunsuz olaraq çıxarılmışdır. O, heç zaman cinayət məsuliyyətinə cəlb edilməmiş, əmək fəaliyyəti ilə bağlı bir dəfədə olsun belə qanun pozuntusuna yol verməmişdir.

9. Cavabdeh inzibati orqanın etiraz ərizəsində qeyd olunmuşdur ki, iddiaçının əsas məqsədi cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, Ə 307-001 -22 saylı əmrin ləğv edilməsi, yəni iddiaçının polis orqanlarında işə bərpa olunmasıdır. Bildirilir ki, Gəncə şəhəri BPİ-nin 1-ci X4 hissəsinin polis nəfəri-sürücüsü İddiaçı xx.xx.2022-ci il tarixdə DİN-in Tibbi İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalının Kliniki Diaqnostika Laboratoriyasında "ekspress-test" üsulu ilə tibbi müayinədən keçirilərkən sidik nümunəsinin tərkibində narkotik vasitə olan marixuana aşkar edilərək bu barədə müvafiq akt tərtib edilmişdir. Həmin gün İddiaçı "Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya" Elmi-Təcrübi və Tədris Birliyində dərinləşdirilmiş tibbi müayinədən keçirilmiş, ondan götürülmüş müvafiq nümunələrin tərkibində məhkəməkimyəvi tədqiqat nəticəsində narkotik vasitə olan "Kannabinoid" aşkar edilərək bu barədə xx.xx.2022-ci il tarixli 1354/K nömrəli ekspert aktı tərtib olunmuşdur. Polis nəfəri İddiaçı intizam məsuliyyətindən yayınmaq məqsədi ilə xidməti təhqiqat prosesində qeyri-səmimi mövqe tutmuşdur. İddiaçının hərəkətləri daxili işlər orqanları əməkdaşlarının adına və polisin nüfuzuna ləkə gətirdiyinə görə "Azərbaycan Respublikasının Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 135-ci maddəsinin 9-cu bəndinə uyğun olaraq daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İddiaçının "xx.xx.2022-ci il tarixli Ə 307-001 -22 saylı əmrin ləğv edilməsi" tələbi əsassızdır və işdə olan sübutlarda bu öz əksini tapmışdır.

10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2031/2022 nömrəli qərarı ilə (hakim Z.Quliyev) iddia tələbi təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, narkotik vasitə qəbulu daxili işlər orqanı əməkdaşının nüfuzunu aşağı sala biləcək hərəkət olduğu və etik davranış qaydalarına uyğun olmayan davranış sayıla bildiyi, eyni zamanda əməkdaşın xidmətdənkənar fəaliyyətində də ictimai davranış normalarına zidd bir hərəkət kimi qiymətləndirildiyi və qanunvericiliyə uyğun olaraq kobud pozuntu hesab olunduğu üçün daxili işlər orqanlarından xaric edilməyə əsas ola bilər.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına və iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının davranışında pozuntu mövcud olmamışdır. Məhkəmənin əsaslandırdığı və iddiaçının verdiyi analiz nümunələri ilə cavabdehin təqdim etdiyi analiz nümunələri arasında 15-20 gün müddətində vaxt intervalı vardır. Rəydə görünür ki, rəy vermiş tibbi müəssisə cavabdeh orqana tabe qurumdur, bu halda həmin rəyinin mötəbərliyi özlüyündə yalnız şübhədən ibarət olmalıdır. İddiaçı həqiqətən narkoloji xəstəliyə düçar olduğu halda onun müayinəsini həkim narkoloq həyata keçirməli idi. Müayinə cavabdeh orqandan asılı olmayan qurum tərəfindən aparılmalı idi.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

15. İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o, əvvəllər Daşkəsən rayonunda işləmişdir. Lakin sonra səbəbini bilmədiyi halda onu oradan Gəncəyə təyin etdilər. Gedib-gəlməkdə çətinlik çəkdiyi üçün atası dəfələrlə şikayət və müraciətlər yazaraq onun Daşkəsən rayonuna yenidən geri qaytarılmasını xahiş etmişdir. Bundan sonra onu dəfələrlə çağıraraq, atasının müraciətləri dayandırması ilə bağlı təhdid etdilər. Bunun da səbəbi ona aydın olmamışdır. Çünki atası sadəcə onun rayona geri qaytarılmağını xahiş edir və gedib-gəlməyi ona çətin olduğunu bildirirdi. Bundan sonra onu DİN binasına apardılar və orada da ondan analiz götürdülər. Elə həmin gün də onu başqa bir yerə apararaq orada da ondan analiz götürdülər. Sonra onlar nə vaxtsa marixuana qəbul etmiş olduğunu bildirdilər. Analiz götürüldükdən sonra 2 gün onu polis bölməsində saxladılar. Ondan sadəcə sidik analizi götürüldü. Sonradan o, özü qandan və sidikdən analiz vermiş və təmiz çıxmışdır.

16. Cavabdehin nümayəndəsi Vəkil məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinə etiraz etmiş, əlavə olaraq bildirmişdir ki, tərəfin analiz vermiş olduğu zaman analiz nəticələrində narkotik vasitəsindən istifadə etmiş olduğu məlum olmuşdur. Lakin buna baxmayaraq, onun nə vaxt narkotik vasitəsinin istifadə etməsi məlum deyildir. Ona görə də belə hesab edilir ki, iddiaçı qəsdən yenidən analizi gec vermiş və bu səbəbdən də onun analiz cavablarında narkotik vasitəsinin izlərinə rastlanılmamışdır. Belə olan halda iddiaçının apellyasiya şikayəti əsassız olduğu məlum olur.

Tətbiq edilən hüquq:

17. “Polis haqqında” Azəbaycan Respublikası Qanunu:

13. Polis əməkdaşının ümumi vəzifələri aşağıdakılardır: 7) səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək.

18. Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 08 aprel 2005-ci il tarixli 130 saylı əmri ilə təsdiq edilmiş "Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi":

1. Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır.

2. Anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər.

11. Sağlam həyat tərzi keçirməli, həkim təyinatı istisna olmaqla, sərbəst dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış narkotik vasitələr və psixotrop maddələr qəbul etməməli, xidmət vaxtı, habelə xidmətdə olmadığı hallarda belə, xidməti geyim formasında olarkən spirtli içkilər içməməli, onları xidmət yerinə gətirməməlidir. Xidmətdən kənar vaxtlarda spirtli içkilər qəbul edərkən özünü idarə etməyi bacarmalı, həddini bilməli, şərəf və ləyaqəti alçaldan, eləcə də ertəsi gün xidməti vəzifələrin layiqincə yerinə yetirilməsinə mane ola biləcək dərəcədə spirtli içkilər qəbul etməməli, xidmətə gələrkən alkoqolun təsirindən tam azad olmalıdır.

13. Müxtəlif məsələlərlə bağlı keçirilən xidməti təhqiqat və ya yoxlama zamanı verilən sualları tam və səmimi cavablandırmalı, obyektivliyin təmin edilməsinə köməklik göstərməlidir.

22. Davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və "Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi"ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 1.1. Bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

21. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

22. İşin hallarından görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, 2307-001- 22 nömrəli əmri ilə Gəncə şəhər BPİ 1-ci PŞ-nin Təminat hissəsinin polis nəfəri-sürücüsü, polis baş serjantı İddiaçı (bundan sonra mətndə - iddiaçı) “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Əmr onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində DİN-nin Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Kliniki Diaqnostika Laboratoriyasında “ekspert-test” üsulu ilə tibbi müayinə zamanı iddiaçı tərəfindən narkotik vasitədən istifadə edilməsi aşkarlanmışdır. Əmrin verilməsinə bu faktın müəyyən edilməsi barədə müvafiq aktlar əsas olmuşdur.

23. Bununla bağlı iddiaçının müayinəsi aparılmış, DİN-nin Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Kliniki Diaqnostika Laboratoriyasında “ekspert-test” üsulu ilə tibbi müayinə aparılmış, komissiya üzvlərinin iştirakı ilə iddiaçının sidiyinin tərkibində ekspress – test üsulu ilə piy və marixuana alkoloidlərinin olub-olmaması yoxlanılmış, müayinə zamanı iddiaçının sidiyinin tərkibində piy qrupuna aid olan narkotik maddə aşkar olunmuş, ekspert-test üsulu nəticəsinə müvafiq olaraq müayinəsi keçirilən iddiaçının sidiyinin tərkibində “çətənə” qrupuna aid (“THC” pozitiv) narkotik vasitə aşkar edilmişdir.

24. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyi tərəfindən dərinləşdirilmiş tibbi müayinədən keçirilmiş, məhkəmə-kimyəvi tədqiqat nəticəsində götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik hesab edilən “Kannabinoid” aşkar olunmuş və bu barədə xx.xx.2022-ci il tarixli 1354/K nömrəli akt tərtib edilmişdir.

25. İddiaçı hazırki iddia tələbi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, 2307-001- 22 nömrəli əmrini mübahisələndirmişdir.

26. İddia ərizəsinin və apellyasiya şikayətinin əsası kimi qeyd olunmuşdur ki, o heç vaxt narkotik vasitə istifadəçisi olmamışdır, onun narkotik vasitə istifadəsi ilə bağlı verilmiş rəy əsassızdır. İddiaçı tələbini xx.xx.2022-ci il tarixli müayinə aktı ilə əsaslandırmışdır.

27. Belə ki, 19 may 2022-ci il tarixdə tərtib edilən “36.6 MED” Gəncə tibbi müəssisəsi tərəfindən verilmiş labarator analiz nəticəsində metamfetamin,amfetamin, kokain, barbituratlar, benzodiazepin, marixuana kimi elementlərin olmadığı qeyd edilmişdir.

28. Habelə, 19 may 2022-ci il tarixli “Sağlam Ailə” Ultra Lab tərəfindən verilən labarator müayinə nəticəsində metamfetamin,amfetamin, kokain, barbituratlar, benzodiazepin, marixuana kimi elementlərin olmadığı qeyd edilmişdir.

29. Müayinə nəticələrinə qiymət verərkən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ilkin müayinə olunduğu 15 aprel 2022-ci il tarixlə qeyd edilən müayinə tarixləri arasında kifayət qədər zaman kəsiyi mövcuddur və iddiaçının daha yaxın zamanda yenidən müayinədən keçməməsi müddət axımına təsir kimi nəzərə alınmalıdır.

30. Belə ki, iddiaçının müayinədən keçən gün dərhal və ya daha yaxın zaman kəsiyində müayinədən keçmək imkanı olmuşdur.

31. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyi” publik hüquqi şəxs tərəfindən verilən 13 fevral 2023-ü il tarixli, 570 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki,hər hansı narkotik maddənin narkotik istifadəçisinin orqanizmdə qalma müddəti və bədəndən ifraz olunma vaxtı fərqlidir və narkotik maddənin kimyəvi tərkibindən, qəbul qaydasından, qəbul müddətindən, narkotik aludəçisinin orqanizminin xüsusiyyətlərindən və s asılıdır. Narkotik vasitənin qəbulu nə qədər uzun olarsa narkotik də orqanizmdə bir o qədər çox qalar. Sidikdə immunoferment üsul ilə kannabinoidlərin metabolitləri xroniki istifadəçilərdə son qəbuldan sonra 46-77 gün ərzində, epizotik istifadədə isə 29 gün ərzində aşkar edilir.

32. Göründüyü kimi şəxsin epizotik narkotik vasitə istifadəçisi olması təqdirində təxmini keçmiş bir ay zaman kəsiyində onun ifrazında hər hansı elementin mövcudluğu müəyyən edilməsi mümkün olmur.

33. Qeyd edilənlərə əsaslanaraq iddiaçının irəli sürdüyü halları sübut etmədiyi müəyyən olunmuşdur.

34. Bundan başqa şikayətdə ekspert rəyinin səlahiyyətli orqan tərəfindən verilmədiyi mübahisələndirilmişdir.

35. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin 08 may 2023-cü il tarixli, 1820 nömrəli məktubundan görünür ki, təhqiqat zərurəti ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalmm rəisi İ.Babaxanovun xx.xx.2022-ci il tarixli, 238-1007-1222 saylı göndəriş məktubunda vətəndaş İddiaçı qan və sidik nümunələrində narkotik, psixotrop, uyuşdurucu və kefləndirici maddələrin olub-olmamasının yoxlanaraq, nəticəsi barədə məlumat verilməsi göstərilmişdir. Həmin göndəriş əsasında “MTE və PAB” phş-nin Məhkəmə-kimya şöbəsində 15 aprel 2022-ci il tarixdə öz razılığı ilə İddiaçı götürülmüş qan və sidik nümunələrinin ekspert-kimyaçı tərəfindən məhkəmə-kimyəvi tədqiqatı aparılmışdır. Aparılmış məhkəmə-kimyəvi tədqiqatı nəticəsində İddiaçı götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alman və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” aşkar edilmiş və tədqiqatın nəticəsi 1354/K nömrəli “Maddi sübutların ekspertizası aktı’nda təsbit edilərək, aidiyyəti üzrə göndərilmişdir. Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsi, eləcə də Birliyin Məhkəmə-kimyəvi şöbəsi məhkəmə-tibbi ekspertizaların icrasını həyata keçirən məhkəmə ekspertiza qurumu olub Daxili İşlər Nazirliyi və Prokurorluq orqanlarının, Məhkəmələr və digər müvafiq orqanların qərar və göndərişləri, eləcə də Birliyin bütün rayon və şəhər şöbələrinin göndərişləri əsasında insan orqanizmində və bioloji materiallarda bütün toksiki maddələrlə yanaşı narkotik, psixotrop və digər güclü təsiredici maddələrin olub-olmamasını təyin edir. Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi və eləcə də digər narkoloji müəssisələr isə xroniki alkoqolizm və xroniki narkomaniya xəstəliklərinə düçar olmuş şəxslərdə bu xəstəliklərin diaqnostikası, müayinə və müalicəsi ilə məşğul olur.

36. Göründüyü kimi rəyi vermək Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsi səlahiyyətinə aid olmuşdur və yalnız narkoloji xəstəliklərin müayinə və müalicəsinin aparılması narkoloji dispanserə həvalə edilmişdir.

37. Belə olan halda yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən cavabdeh inzibati orqan tərəfindən qəbul edilən əmr əsaslı hesab edilir.

38. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2031/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə ssaxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar