Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-109/2024 31.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiya ödənilməsi” tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, “kompensasiya ödənilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-326/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 297 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Dəmiryolualtı yaşayış ərazisi, 6a saylı evdə yaşayan təqaüdçü X2 Nizami küçəsi ilə N.Nərimanov küçəsinin kəsişməsinin cənub hissəsində müasir dizayn tərtibatlı dayanacaq quraşdırılmaqla bir hissəsində 6,0 kv.m ölçüdə çörək satışı köşkü təşkil etməsinə icazə verilmişdir.
2. Mədaxil orderinin surətindən məlum olur ki, X3 tərəfindən Gəncə şəhər İcra Hakimiyyətinin hesabına 3.000 (üç min) manat ödənilmişdir.
3. 12 saylı Ərazi Vergilər İdarəsi tərəfindən X2 verilmiş arayışdan görünür ki, Gəncə şəhəri Nizami küçəsi ilə N.Nərimanov küçələrinin kəsişməsində yerləşən çörək mağazası olduğu yer üzrə uçota alınmışdır.
4. 12 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı verilmiş arayışdan görünür ki, Gəncə şəhəri Nizami küçəsi ilə N.Nərimanov prospektinin kəsişməsində yerləşən köşk olduğu yer üzrə uçota alınmışdır.
5. Gəncə şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 03/388 nömrəli məktubunda qeyd edilmişdir ki, Gəncə şəhər İcra Hakimiyyəti başçısının 2001-ci il 14 may tarixli, 297 nömrəli sərəncamına əsasən N.Gəncəvi prospekti ilə N.Nərimanov küçəsinin kəsişməsinin cənub hissəsində nəqliyyat dayanacağı quraşdırılmasına və onun bir hissəsində çörək satışı köşkü təşkil edilməsinə icazə verilmişdir. Müraciət müəllifi iddia etdiyi torpaq sahəsinə dair hər hansı hüquqverici, həmçinin bu əmlakın sökülməsini təsdiq edəcək sənəd təqdim edə bilməmişdir. Odur ki, Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı hüquqları pozulmadığı üçün ona kompensasiya ödənilməsi nəzərdə tutulmamışdır.
6. Gəncə şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, H-110/2-150/2-t/1 nömrəli məktubunda qeyd edilmişdir ki, sözügedən köşkün sökülməsi ilə əlaqədar Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı bir qərar verilməmiş və söküntü işləri aparılmamışdır.
7. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 067/Mİ/23 nömrəli qiymətləndirmə rəyinə əsasən ünvan 1 ünvanında yerləşən sökülmüş qeyri-yaşayış binasının (köşkün) 2015-ci ilə bərpa dəyəri 7.500-8.500 (yeddi min beş yüz-səkkiz min beş yüz) manat müəyyən olunmuşdur.
8. Şəmkir rayon notariat ofisinin 10 dekabr 2021-ci il tarixli, 1462 nömrəli məktubundan görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X1 qalmış mirasa dair Şəmkir rayon 1 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə 8v-1001 saylı reyestrdə qeydə alınmış vərəsəlik işi üzrə vərəsəsi nəvəsi İddiaçıdur.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 mart 2024-cü il tarixli, 3-16-16/2-10/9246 nömrəli məktubu ilə təqdim edilən məlumatdan görünür ki, ekspert baxışı zamanı obyektin faktiki olaraq söküldüyü müəyyən edilmiş, bu səbəbdən qərardad üzrə qoyulmuş suallara cavab verilməsi mümkün olmamışdır.
Birinci instansiya məhkəməsində icraat:
10. İddiaçı cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə qarşı xx.xx.2022-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vəzifəli şəxslərin hərəkət və ya hərəkətsizliyinə görə obyektin qeyri-qanuni sökülməsinin nəticəsi olaraq sahibkar kimi ona və ailə üzvlərinə vurulmuş zərərin əvəzində 11.000 (on bir min) manat kompensasiyanın ödənilməsi qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2001-ci il tarixdə Cavabdeh başçısı E.Babayevin imzası ilə 297 saylı sərəncam imzalanaraq Gəncə şəhəri, Dəmiryolaltı yaşayış ərazisi, 6 A saylı evdə yaşayan mərhum nənəsi X2 Gəncə şəhəri N.Nərimanov prospekti ilə Nizami küçəsinin kəsişməsinin cənub tərəfində köşklü dayanacağın inşa etdirilməsinə dair icazə vermişdir. Müvafiq olaraq Gəncə şəhəri üzrə baş memar M.İbrahimovun imzası ilə təsdiqlənmiş layihə əsasında həmin köşklü dayanacaq ailənin vəsaiti hesabına inşa edilmiş və Cavabdeh tərəfindən təqdim olunmuş şəxsi hesaba 3.000 (üç min) manat pul köçürülmüşdür. Obyektin işə düşməsi ilə əlaqədar olaraq obyekt 12 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qeydiyyata alınmış və müvafiq qaydada nəzarət-kassa aparatı ilə təmin edilmişdir. Beləliklə də obyekt işlək vəziyyətdə olarakən 2008-ci ildə Cavabdeh keçmiş başçısı E.Əzizovun tələbi əsasında yenidən layihələndirilərək, Gəncə şəhərinin baş memarı M.İbrahimovun təqdim etdiyi layihə əsasında yenidən qurulmuş və obyektin yenidən dizayn edilməsinə 8.000 (səkkiz min) manat vəsait xərclənmişdir. 2015-ci ildə obyekt sahibləri olaraq onlara heç bir xəbərdarlıq olunmadan və qanunvericiliklə nəzərdə tutulmuş qaydada kompensasiya ödənilmədən Cavabdeh başçısının şifahi göstərişi əsasında obyekt dağıdılmışdır. Bundan sonra ailəsi tərəfindən Gəncə şəhəri Nizami Rayonu İcra hakimiyyətinin başçısı işləmiş M.Mustafayevlə əlaqə qurulmuş və onlara müvafiq qaydada kompensasiyanın ödəmiləcəyi vədi verilmişdir. Lakin bir müddət keçdikdən sonra müəyyən olunmuş ki, kompensasiya barəsində verilmiş vəd aldadıcı xarakter daşıyır. Hal-hazırda həmin köşklü dayanacağın yerində başqa bir köşk dayanacaq inşa olunmuşdur. Deməli öz şəxsi vəsaitləri hesabına inşa edilmiş köşklü dayanacağın qanunsuz sökülməsinin nəticəsində xərclədiyi 11.000 (on bir min) manat hədər getmişdir. İddiaçı hazırki tələblə cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, sosial və psixoloji anlamlarına toxunmasa da heç olmasa nağd formada xərclədiyi pul vəsaiti kompensasiya formasında qaytarılmalıdır.
12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-326/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia qismən təmin edilmiş, cavabdeh Gəncə şəhər İcra Hakimiyyətindən 7.500 (yeddi min beş yüz) manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi qərara alınmışdır.
13. Məhkəmə hesab etmişdir ki, hazırki işdə iddiaçının mülkiyyətinə müdaxilə olmuşdur. Bu müdaxilə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolun 1-ci maddəsinin 2-ci cümləsinin məzmunu baxımından mülkiyyətdən məhrum etməyə bərabərdir.
Apellyasiya instansiyası məhkəməsində icraat:
14. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları.
15. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus qeyri-yaşayış sahasinin sökülməsi ila əlaqədar Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı bir qərar verilməmiş, söküntü işləri aparılmamışdır. Birinci instansiya məhkəməsi qərarının təsvir hissəsində qeyd edilir ki, 2015-ci ildə obyekt sahibləri heç bir xəbərdarliq olmadan və qanunvericilikdə nəzərdə tutulmuş qaydada kompensasiya ödənilmədən Gəncə şəhər İcra Hakimiyyəti başçısının şifahi göstərişi əsasında obyekt dağıdılmışdır. Bundan sonra iddiaçının ailəsi tərəfindən Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin başçısı işləmiş M.Mustafayevlə əlaqə qurulmuş və onların müvafiq qaydada kompensasiyanın ödəniləcəyi vəd verilmişdir. Cavabdeh qismində Gəncə şəhər İcra Hakimiyyətinin cəlb edilməsi və kompensasiyanin İcra Hakimiyyətindən tələb edilməsi qanunauyğun hesab edilə bilməz, hərəkətlə nəticə arasında səbəbli əlaqə mövcud deyildir, çünki vurulmuş zərərin yaranmasının əsasında cavabdeh şəxsin təqsirli hərəkəti dayanmalı və məsuliyyət də bu təqsirə görə yaranmalıdır. Məhkəmə qərarında söküntünün cavabdeh tərəfindən həyata keçirildiyinu qeyd etsə də, buna dair iş materiallarında hər hansı möhtəbər sübut mövcud deyildir.
16. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verdi, iddiaçıya məxsus tikilinin tərəflərindən sökülmədiyini bildirdi, şikayətin təmin olunmasını xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.
18. Cavabdeh hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apelyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi. Tətbiq olunan hüquq:
19. Azərbaycan Respublikası Konstitusiyası:
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
20. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.3. torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
23. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu: 1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur: 1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; 1.1.5. alınan torpaq-bu Qanunun 19-cu maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün alınması barədə müvafiq qərar qəbul edilmiş torpaq; 1.1.6. kompensasiya-bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz; 1.1.7. siyahıya alınma tarixi-bu Qanunun 11-ci maddəsinə müvafiq olaraq kompensasiya almaq hüququnun verilməsi və köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarix; 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür.
24. “Qiymətləndirmə haqqında” Azərbaycan Respublikası Qanunu:
7. Qiymətləndirmənin nəticələri haqqında hesabat Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər.
8. Qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumatın barəsində mübahisələr Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır.
25. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və tərəfin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır.
27. İşin halları ilə müəyyən olunur ki, xx.xx.2001-ci il tarixdə Cavabdeh başçısı E.Babayevin imzası ilə 297 saylı sərəncam imzalanaraq Gəncə şəhəri, Dəmiryolaltı yaşayış ərazisi, 6 A saylı evdə yaşayan mərhum X2 Gəncə şəhəri N.Nərimanov prospekti ilə Nizami küçəsinin kəsişməsinin cənub tərəfində köşklü dayanacağın inşa etdirilməsinə dair icazə verilmişdir. Gəncə şəhəri üzrə baş memar M.İbrahimovun imzası ilə təsdiqlənmiş layihə əsasında həmin köşklü dayanacaq ailənin vəsaiti hesabına inşa edilmiş və Cavabdeh tərəfindən təqdim olunmuş şəxsi hesaba 3.000 (üç min) manat pul köçürülmüşdür. Obyektin işə düşməsi ilə əlaqədar olaraq obyekt 12 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qeydiyyata alınmış və müvafiq qaydada nəzarət-kassa aparatı ilə təmin edilmişdir. Bundan sonra obyekt işlək vəziyyətdə olarakən 2008-ci ildə Cavabdeh keçmiş başçısı E.Əzizovun tələbi əsasında yenidən layihələndirilərək, Gəncə şəhərinin baş memarı M.İbrahimovun təqdim etdiyi layihə əsasında yenidən qurulmuş və obyektin yenidən dizayn edilməsinə 8.000 (səkkiz min) manat vəsait xərclənmişdir.
28. İddiaçı 2015-ci ildə şəhər ərazisində aparılan yenidənqurma işləri zamanı ona məxsus qeyri-yaşayış obyektinin sökülməsi nəticəsində hər hansı kompensasiya məbləğinin ödənilmədiyini bildirmiş və bu əsasla 11 000 manat məbləğində maddi ziyan tələb etmişdir.
29. Cavabdeh inzibati orqan isə iddiaçının mərhum nənəsinə köşkün inşa edilməsi ilə balğı icazənin verilməsini və köşkün mövcudluğunu mübahisələndirməmiş, yalnız mübahisəli köşkün sökülməsi ilə bağlı tərəfindən hər hansı qərar və ya sərəncam qəbul edilmədiyini bildirərək müraciətin təmin olunmasından imtina etmişdir.
30. Birinci instansiya məhkəməsi iddia tələbini qismən əsaslı hesab edərək təmin etmiş, qərar cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmişdir.
31. İş materiallarında olan Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 297 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Dəmiryolualtı yaşayış ərazisi, 6a saylı evdə yaşayan təqaüdçü X2 Nizami küçəsi ilə N.Nərimanov küçəsinin kəsişməsinin cənub hissəsində müasir dizayn tərtibatlı dayanacaq quraşdırılmaqla bir hissəsində 6,0 kv.m ölçüdə çörək satışı köşkü təşkil etməsinə icazə verilmişdir.
32. 12 saylı Ərazi Vergilər İdarəsi tərəfindən X2 verilmiş arayışdan görünür ki, Gəncə şəhəri Nizami küçəsi ilə N.Nərimanov küçələrinin kəsişməsində yerləşən çörək mağazası olduğu yer üzrə uçota alınmışdır.
33. 12 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı verilmiş arayışdan görünür ki, Gəncə şəhəri Nizami küçəsi ilə N.Nərimanov prospektinin kəsişməsində yerləşən köşk olduğu yer üzrə uçota alınmışdır.
34. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 067/Mİ/23 nömrəli qiymətləndirmə rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən sökülmüş qeyri-yaşayış binasının (köşkün) 2015-ci ilə bərpa dəyəri 7.500-8.500 (yeddi min beş yüz-səkkiz min beş yüz) manat müəyyən olunmuşdur.
35. İlkin olaraq məhkəmə tərkibi qeyd edir ki, tələb üzrə mübahisə predmeti olan əmlakın iddiaçının mərhum nənəsinə məxsus olması və sökülməsi işin mübahisəsiz halıdır. Belə ki, iddiaçının mülkiyyətində olan əmlakın hazırki vəziyyətdə sökülmüş olması, onun bütövlüyünün pozulması sübut olunmuşdur və qeyd olunan dövrlər üzrə söküntü işlərinin məhz cavabdeh tərəfindən aparılması işin mübahisəsiz halıdır.
36. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə yerli icra hakimiyyətlərinin başçılarının fəaliyyətini tənzimləyən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin:
37. 1.2. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin İ hissəsinə uyğun olaraq, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər.
38. 1.3. yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını və qanunlarını, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin fərman və sərəncamlarını, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tuturlar.
39. Qeyd olunan Əsasnamənin 3.11-ci və 4.11-ci bəndlərində yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrindəki vəzifələri və səlahiyyətləri öz əksini tapmışdır. Həmin müddəların məzmunundan da aydın olur ki, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək, eləcə də şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin etmək və təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirmək birbaşa yerli icra hakimiyyətlərinin başçılarının vəzifəsi kimi təsdiq edilmişdir.
40. Xüsusi olaraq vurğulanmalıdır ki, zərər ilə təqsirli hesab olunan subyektin əməli arasında səbəbli əlaqə olmalıdır. Belə ki, zərərə görə təqsirli hesab ediləcək subyektin hərəkət və ya hərəkətsizliyi zərərin baş verməsinə birbaşa zəmin yaratmalıdır.
41. Hazırki halda iddiaçının mülkiyyət hüququnun pozulması ilə nəticələnən zərər ilə inzibati orqanın əməli arasında səbəbli əlaqə mövcuddur. Məhkəmə kollegiyası vurğulayır ki, dövlət ehtiyacları üçün tələb olunan hər hansı əmlak alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir.
42. Vurulmuş ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu torpaq sahəsinin real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır.
43. Kompensasiya şərtləri ədalətli balansın qiymətləndirilməsi üçün və xüsusən mübahisələndirilən tədbirin ərizəçilərin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığının müəyyənləşdirilməsi üçün önəmlidir (Müqəddəs monastırlar Yunanıstana qarşı iş, Plataku Yunanıstana qarşı iş). Əmlakın dəyərinə uyğun ağlabatan məbləğ ödənilmədən mülkiyyətçidən alınması, bir qayda olaraq, mülkiyyət hüququna qeyri-mütənasib müdaxilə təşkil edir və heç bir kompensasiya ödənilmədən əmlakın alınmasına 1 saylı Protokolun 1ci maddəsinə əsasən yalnız müstəsna hallarda haqq qazandırıla bilər.
44. Hər hansı məbləğin ağlabatan olması konkret işin hallarından asılıdır, lakin kompensasiya məbləğinin müəyyənləşdirilməsində dövlətə geniş qiymətləndirmə sərbəstliyi verilir.
45. Cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin təməl hüquqlarının qorunması tələbləri arasında olan balansa, bir qayda olaraq, o halda nail olunur ki, mülkiyyəti alınmış şəxsə ödənilən kompensasiyanın məbləği həmin mülkiyyət alındığı andan onun “bazar” dəyəri ilə ağlabatan dərəcədə əlaqəli olsun (Pinkova və Pink Çex Respublikasına qarşı iş, Qaşı Xorvatiyaya qarşı iş).
46. Mülkiyyətin dəyərini artıran müxtəlif hallar varsa, misal üçün, müsadirə olunan əmlak yalnız torpaq sahəsindən ibarət deyilsə, onun ərazisində həm də kommersiya fəaliyyəti həyata keçirilibsə, məsələn, daş karxanası işlədilibsə, belə halları nəzərə almadan kompensasiya ödənildikdə kompensasiyanın adekvatlılığına xələl gətirilmiş olur (Azas Yunanıstana qarşı iş, Afanasiu və başqaları Yunanıstana qarşı iş).
47. Birinci instansiya məhkəməsində aparılmış araşdırılma zamanı təqdim edilən "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 067/Mİ/23 nömrəli qiymətləndirmə rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən sökülmüş qeyri-yaşayış binasının (köşkün) 2015ci ilə bərpa dəyəri 7.500-8.500 (yeddi min beş yüz-səkkiz min beş yüz) manat müəyyən olunmuşdur.
48. Apellyasiya icraatı zamanı vurulmuş zərərin qiymətləndirilməsinə dair məhkəmə ekspertizası təyin olunsa da əmlak faktiki mövcud olmadığından ekspertizanın aparılması mümkün olmamışdır.
49. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi hüquqi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün heç bir qanuni əsas yoxdur.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-326/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov