Məhkəmə qərarları › İş №2-1(104)-11/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-11/2023

12.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-11/2023 12.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrliyi və məruzəsi ilə), Hüseynzadə Afiq Hüseyn oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı dəymiş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-41/2021 nömrəli qərarından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “Gəncə şəhəri, Kəpəz rayonu Sadıllı qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinin hasarının uçurulması, darvazanın yararsız hala salınması və 380 kv.m torpaq sahəsinin zəbt edilməsi nəticəsində kompensasiya tələbi kimi uçurulmuş hasara görə 9521 manat, yararsız hala salınmış darvazaya görə 1300 manat, zəbt edilmiş 380 kv.m torpaq sahəsinin hazırki real bazar qiyməti 33000 manat olmaqla, cəmi 43821 manat pulun Cavabdehndən tutularaq ödənilməsi” qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının Cavabdehnə qarşı “Gəncə şəhəri, Kəpəz rayonu Sadıllı qəsəbəsində yerləşən qeyri yaşayış sahəsinin hasarının uçurulması nəticəsində dəymiş maddi zərər kimi 20000 manat, zəbt edilmiş 380 kv.m torpaq sahəsinin əvəzi olaraq 19000 manat kompensasiyanın, 20000 manat mənəvi zərər olmaqla ümumilikdə 59000 manat pulun Cavabdehndən tutularaq ödənilməsi” barədə iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Həmçinin məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının Cavabdehnə qarşı “Gəncə şəhəri, Kəpəz rayonu Sadıllı qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinin hasarının uçurulması, darvazanın yararsız hala salınması və 380 kv.m torpaq sahəsinin zəbt edilməsi nəticəsində kompensasiya tələbi kimi uçurulmuş hasara görə 9521 manat, yararsız hala salınmış darvazaya görə 1300 manat, zəbt edilmiş 380 kv.m torpaq sahəsinin hazırki real bazar qiyməti 33000 manat olmaqla, cəmi 43821 manat pulun Cavabdehndən tutularaq ödənilməsi” barədə iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-41/2021 nömrəli qərarı (hakim F.Hüseynov) ilə iddianın təmin edilməsi, Cavabdehndən 43.821 (qırx üç min səkkiz yüz iyirmi bir) manat pulun tutularaq İddiaçı ödənilməsi, Cavabdehndən 350.0 (üç yüz əlli manat) məbləğində məhkəmə xərci tutularaq “X2 və Ekspertiza Mərkəzi” MMC, VÖEN **********, AZ40ACAB********************, AccessBank QSC Həzi Aslanov filialı, KOD 511038, VÖEN **********, müxbir hesab AZ10NABZ********************, SWİFT ACABAZ22 saylı hesaba ödənilməsi qərara alınmışdır. Qərardan narazı qalan Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirinin birinci müavini İ.Fətizadə apellyasiya şikayətləri verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-41/2021 nömrəli qərarını ləğv edərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Ə.Abdullayev məruzəçi, A.Bayramov və R.Mamedov) 07 iyun 2021-ci il tarixli 2-1(103)-387/2021 saylı qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-1710/2021 nömrəli qərarı ilə (hakimlər R.Nəbizadə - sədrlik edən və məruzəçi, Z.Quliyev və S.Kərimov) kassasiya şikayətlərinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(104)-387/2021 saylı 07 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, kassasiya şikayətlərinin qalan hissədə təmin olunmaması qərara alınmışdır. İşin halları: İddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsində 0,288 ha torpaq sahəsi üzərində yerləşən 83,3 kv.m qeyri-yaşayış sahəsi torpaq sahəsi ilə birlikdə iddiaçının xüsusi mülkiyyətindədir. Bununla bağlı xx.xx.2010-cu il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı vardır. 18 iyul 2014-cü il tarixdə şəhərin abadlaşdırılması işləri gedərkən onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yola baxan hissəsinin hasarları icra hakimiyyəti tərəfindən heç bir xəbərdarlıq edilmədən və əvəzi ödənilmədən sökülmüş və onun xüsusi mülkiyyətində olan torpaq sahəsinin 380 kv.m hissəsində yol salınmışdır. Uçurulma nəticəsində 2.5 metr hündürlüyündə və 130 metr uzunluğunda hasarla yanaşı, 3x3 m ölçüdə darvazanı, habelə hasarın arxasında olan satış üçün nəzərdə tutulmuş 400 kv.m İspaniya istehsalı olan kafel məhv edilərək tamamilə yararsız vəziyyətə salınmışdır. Uçurulmuş hasarın yenidən bərpa edilməsi üçün material və əl muzdu daxil olmaqla 8500 manat, yeni darvazanın qiyməti 1500 manat, kafelin isə 1 kv.m-nin həmin dövrdə bazar qiyməti 25 manat olmuşdur. Göründüyü kimi İcra Hakimiyyətinin qanunsuz hərəkətləri nəticəsində ona ümumilikdə 20.000 manat (8500 manat hasarın yenidən bərpası üçün, 1500 manat yeni darvazanın alınıb quraşdırılması üçün, 10.000 manat isə kafelin ümumi qiyməti olmaqla) maddi zərər dəyməklə 380 kv.m torpaq sahəsi isə zəbt edilmişdir. (xx.xx.2015-ci il tarixdə DƏDRX tərəfindən keçirilmiş müayinə baxışı zamanı təsdiqini tapmışdır). O, baş vermiş qanunsuzluğun nəticələrinin aradan qaldırılması ilə bağlı dəfələrlə icra hakimiyyətinə müraciət etsə də, müxtəlif vədlərlə aldadılmışdır. Aradan keçən 5 ildən artıq müddətdə isə onun xüsusi mülkiyyətinə vurulan ziyanın aradan qaldırılması ilə bağlı keçirdiyi mənəvi sarsıntı və iztirablara görə ona 20.000 manat mənəvi zərər dəymişdir. Danışıqların heç bir nəticə vermədiyini anlayaraq sonda məcbur olub ona dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ilə yanaşı zəbt edilmiş torpaq sahəsinin zəbtdən azad edilməsi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı əsassızdır, qanuna ziddir və ləğv edilməlidir. Belə ki, qərarın nə təsviri, nə də ki, əsaslandırma hissəsində tikilinin Cavabdeh tərəfindən dağıdılması barədə heç bir mötəbər sübuta istinad edilməmiş və məhkəmə bu məsələdən yan keçmişdir. Cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsində söküntü işlərinin aparılmasına dair heç bir qərarı olmamış və söküntü aparılmamışdır. İddiaçının təqdim etdiyi video görüntüdə də görsəndiyi kimi bu söküntü işlərini Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi Məharət Mustafayev şəxsi maraqları üçün aparmış, dövlət qurumlarının bu məsələyə hər hansı marağı olmamış və qeyd edilən işlərin aparılmasına dair büdcədən hər hansı vəsait ayrılmamışdır. Ona görə də Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-41/2021 nömrəli qərarını ləğv edərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirinin birinci müavini İ.Fətizadə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərar əsassız hesab edilməli və aşağıda göstərilən səbəblərə görə ləğv olunaraq iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə İddiaçı məxsus torpaq sahəsinin hansı hissəsinin zəbt edilməsi ilə bağlı araşdırma aparmamış, iddiaçının mülahizəsinə əsaslanaraq 380 kv.m torpaq sahəsinin zəbt edildiyi qənaətinə gəlmişdir. Halbuki, inzibati və prosessual qanunvericiliyin tələblərinə əsasən hər bir tərəf istinad etdiyi halı sübut etməlidir. Belə olan halda məhkəmə ekspertiza təyin edərək, iddiaçıya məxsus torpaq sahəsinin hansı hissəsinin zəbt etdiyini öyrənməli idi. Bundan başqa, məhkəmə iddiaçıya dəymiş ziyanın hesablanması üçün «X2 və Ekspertiza Mərkəzi» MMC-yə müraciət etmişdir. Həmin Cəmiyyətin rəyinə əsasən sökülmüş hasarın bərpa edilməsi üçün kompensasiya 9521 manat, darvazanın qiyməti 1300 manat, 380 kv.m torpaq sahəsinə görə komensasiya 33000 manat dəyərində müəyyən olunmuşdur. Bununla bağlı bildirirlər ki, «X2 və Ekspertiza Mərkəzi» MMC hasarın və darvazanın hansı vəziyyətdə olmasını araşdırmadan kompensasiya məbləğini şişirdərək müəyyən etmişdir. Hesab edirlər ki, torpaq sahəsinə görə müəyyən edilən kompensasiya şişirdilərək hesablanmışdır. Göründüyü kimi məhkəmə tərəfindən qərar qəbul edilərkən əsaslı və iş üçün əhəmiyyət kəsb edən sübutlara və müvafiq normativ hüquqi aktlara istinad olunmamış, işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 1(104)-11/2023 saylı qəradadı ilə İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) dəymiş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-41/2021 nömrəli qərarından üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirinin birinci müavini İ.Fətizadə tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilərək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İddiaçı Cavabdehnə qarşı kompensasiya tələbinə dair inzibati iş üzrə icraatda iştirakına xitam verilmişdir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: İş üzrə tərəflərə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən gəlməmiş şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətlərinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, apellyasiya şikayətlərində göstərilmiş xüsusatları araşdırıb, habelə kassasiya instansiyası məhkəməsinin qərarında ifadə olunmuş mövqeyi nəzərə alaraq aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddianın qismən təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası ilk növbədə iddia tələbi, habelə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı qeyd edir ki, iddiaçının verdiyi iddia tələbi mümkün tələbdir, iddianın qeyri-mümkün sayılması üçün əsaslar yoxdur. Həmçinin cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti də qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur, ona görə də şikayət qəbul edilə bilən hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İş materiallarında olan Cavabdeh xx.xx.2019-cu il tarixli, S-56-149 nömrəli məktubundan görünür ki, İddiaçı dəymiş zərərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan ********** qeydiyyat nömrəli, xx.xx.2010-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu Sadıllı qəsəbəsində yerləşən ümumi sahəsi 83.3 kv.m qeyri-yaşayış binası və 0.288 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, 130 m-lik daş hasarın tikilməsi üçün 7200 manat, bir ədəd darvazanın dəyərinin 1500 manat, 380 kv.m torpaq sahəsinin dəyərinin 34200 manat (cəmi 42970) olması qeyd olunmuşdur. İş materiallarında olan “X2 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2020-ci il tarixli, 11 nömrəli mütəxəssis rəyindən görünür ki, tədqiq olunan sahəyə baxış keçirilən zaman daş hasarın sökülən hissəsində qalan izlərdən müəyyən edildi ki, 380 kv.m torpaq sahəsində həmin daş hasar bünövrəsi çay daşından və qalınlığı 0,4 m olmaqla mişar daşından inşa edilmişdir. Sökülmüş 2.5 metr hündürlükdə, 130 metr uzunluqda hasarın bərpa edilməsi üçün (tikinti materialları və əmək haqqı nəzərə alınmaqla) təqribən 9521.0 (doqquz min beş yüz iyirmi bir) manat tələb olunduğu, orta ölçüdə bir ədəd darvazanın bazar qiymətinin 1300.0 manat, Gəncə şəhəri, Sadıllı qəsəbəsində 380.0 kv.m torpaq sahəsinin həmin ərazidə digər eyni ölçülü və eyni təyinatlı torpaq sahəsinin dəyəri ilə müqayisəli hazırki bazar qiymətlərinə uyğun dəyərinin təqribən 33000.0 (otuz üç min) manat olduğu müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********62 nömrəli məktubundan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsində qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə 27 may 2021-ci il tarixdə iddiaçının iştirakı ilə baxış keçirilmiş, baxış zamanı halhazırda iddiaçıya məxsus əmlakın sənəd üzrə 0,288 ha olmasına baxmayaraq naturada faktiki istifadəsində olan sahə 0,249 ha (2490,0 kv.m) təşkil edir. Məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 30 dekabr 2022-ci il tarixli 10/6048 nömrəli rəyindən görünür ki, Gəncə şəhəri, Sadıllı qəsəbəsində 380 kv.m torpaq sahəsinin ətrafında olmuş və 2014-cü ilin iyul ayında sökülmüş, mişar daşından olan 2,50 metr hündürlükdə, 130 metr uzunluqda hasarın və orta ölçüdə 1 ədəd dəmir darvazanın bərpa edilməsi üçün aparılmalı tikinti-təmir işlərinin 2014-cü ilin iyul ayına olan bazar qiymətlərinə uyğun olaraq 8363,0 manat məbləğində olduğu müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə kollegiyasının qərardadı əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 001-03/22 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəydən görünür ki, Gəncə şəhəri, Sadıllı qəsəbəsi İstehsal sexi ünvanında yerləşən qeyriyaşayış binasının 380.0 kv.m olan torpaq sahəsinin bazar dəyəri 2014-cü ildə və halhazırda 30.000 manat təşkil edir. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı xüsusi mülkiyyətində olan Gəncə şəhəri Sadıllı qəsəbəsində ümumi sahəsi 83.3 kv.m qeyri-yaşayış binasının yerləşdiyi 0.288 ha torpaq sahəsinə həmin torpaq sahəsinin ətrafındakı mişar daşından olan 2,50 metr hündürlükdə, 130 metr uzunluqda hasar, habelə həmin torpaq sahəsinə giriş-çıxış darvazası sökülmüş, torpaq sahəsinin 380.0 kv.m hissəsi ümumi istifadədə olan yola əlavə edilməklə gediş-gəliş yolu genişləndirilmiş, əvəzində iddiaçıya hər-hansı məbləğdə vəsait ödənilməmişdir. Beləliklə də iddiaçının mülkiyyətinə cavabdeh tərəfindən qanunsuz müdaxilə olmuş və nəticədə iddiaçı mülkiyyətindən məhrum olmuşdur. Halbuki Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1 və 6.1.4-cü maddələrinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.9-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 207.1-ci maddəsinə əsasən, torpaq sahəsində olan binalara, qurğulara və ya digər daşınmaz əmlaka mülkiyyət hüququna xitam verilmədən həmin sahənin dövlət ehtiyacları üçün alınmasının mümkün olmadığı hallarda dövlət bu əmlakı satınalma yolu ilə ala bilər. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 55.1-ci maddəsinə əsasən, bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: - bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; - torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. Həmin Qanunun 55.2-ci maddəsinə əsasən, bu Qanunun 55.1-ci maddəsində göstərilən qiymətləndirmə üsullarından hər ikisi tətbiq edilə biləcəyi hallarda ödəniləcək kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün torpağın daha yüksək qiymətini verən üsul tətbiq edilir. Göründüyü kimi, milli qanunvericilik şəxsin mülkiyyət hüquqlarına dövlət ehtiyacları tələb etdiyi hallarda qanunda nəzərdə tutulmuş qaydada müdaxilənin hüquqi prosedurlarını aydın formada müəyyən etmişdir. Mülkiyyətə xitam verilməsi mülkiyyətçiyə həmin əmlaka münasibətdə onun ədalətli bazar dəyərinin ödənilməsi yolu ilə mümkündür. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcüd olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Əmlakdan maneəsiz istifadə hüququnun mahiyyətini açıqlayan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 1979-cu il tarixli Marks Belçikaya qarşı qərarında göstərilir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Yuxarıda sadalanan normaların mahiyyəti, Avropa Məhkəməsinin president hüququndan və hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvericilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirdə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə kollegiyası işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, iddiaçının mülkiyyətinə cavabdeh inzibati orqan tərəfindən müdaxilə olmuş və bu müdaxilə qanunla nəzərdə tutulmuş qaydada həyata keçirilməmişdir. Nəticədə iddiaçı özünə məxsus əmlakından istifadə, sahiblik və sərəncam hüquqlarından məhrum olmuşdur. Bu hal mülkiyyət hüquqlarının məhdudlaşdırılmasının yolverilməzliyi prinsipi baxımından qanunsuzdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığı, dövlət tərəfindən müdafiə olunduğu və xüsusi mülkiyyət hüququnun qanunla qorunması təsbit edilmişdir. Göründüyü kimi, istənilən inzibati orqan və ya inzibati akt qəbul etməyə səlahiyyət olan hüquqi şəxs konstitusion prinsiplərə hörmət etməli, mülkiyyətin toxunulmazlığını və mülkiyyətçilərin hüquqlarının qorunmasını təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Axverdiyev Azərbaycana qarşı” xx.xx.2015-ci il tarixli qərarında qeyd etmişdir ki, mülkiyyətin alınmasının 1 saylı Protokolun 1-ci maddəsinə müvafiq olması üçün üç sərtə əməl olunmalıdır: o, milli orqanlar tərəfindən qanunsuz hərəkətləri istisna edən, “qanunla nəzərdə tutulmus sərtlərə” uygun olaraq həyata keçirilməlidir; “ictimai maraga” uygun olmalıdır və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında ədalətli tarazlıgı müəyyən etməlidir. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100-ci maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 3.1.1-ci maddəsinə əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. Həmin Qanunun torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətlərindən bəhs edən 4.1-ci maddəsinə əssən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Həmin Qanun 5.1-ci maddəsinə əsasən istifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq xüsusi mülkiyyətdə olan torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər. Həmin Qanunun 23-cü maddəsinə əsasən salınan torpağın qiymətləndirilməsi bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası komissiyası tərəfindən həyata keçirilir. Həmin Qanunun 58-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Həmin Qanunun 58.2-ci maddəsinə əsasən torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Həmin Qanunun 58.3-cü maddəsinə əsasən torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. Həmin Qanunun 58.4-c maddəsinə əsasən torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. Həmin Qanunun 58.4-cü maddəsinə əsasən torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. “Qiymətləndirmə haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmənin nəticələri haqqında hesabat Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 2.0 və 2.0.8-ci maddələrinə əsasən daşınmaz əmlakın, o cümlədən torpaqların, tikililərin, binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış və bağ evlərinin, habelə özəlləşdirilən müəssisələrin qiymətləndirilməsini təşkil etmək xidmətin əsas fəaliyyət istiqamətlərinə daxil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.4-cü maddəsinə əsasən daşınmaz əmlakın, o cümlədən torpaqların, tikililərin, binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış və bağ evlərinin, habelə müəssisələrin qiymətləndirilməsinin təşkil edilməsi xidmətin fəaliyyət istiqamətləri kimi müəyyən edilmişdir. Məhkəmə kollegiyası tərəfindən işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iş materiallarında olan ********** qeydiyyat nömrəli, xx.xx.2010-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında Gəncə şəhəri, Kəpəz rayonu Sadıllı qəsəbəsində yerləşən ümumi sahəsi 83.3 kv.m qeyri-yaşayış binası və 0.288 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdeh inzibati orqanın qanunazidd hərəkətinin nəticəsi olaraq iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin hasarı sökdürülərək bir hissəsi ümumi istifadə olunan yolun genişləndirilmiş, bununla da iddiaçıya maddi ziyan vurulmuşdur. Şəxsin mülkiyyətinə vurulmuş ziyan isə əgər ziyanın vurulması sübut olunarsa ödənilməlidir. İşin hallarından göründüyü kimi iddiaçı cavabdehin qanunazidd hərəkətləri nəticəsində ona məxsus torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsindən mərhum olmuşdur. İş üzrə zəruri ekspertizalar keçirilmiş və Gəncə şəhəri, Sadıllı qəsəbəsi İstehsal sexi ünvanında yerləşən qeyriyaşayış binasının 380.0 kv.m olan torpaq sahəsinin bazar dəyərinin 2014-cü ildə və halhazırda 30.000 manat təşkil etdiyi və Gəncə şəhəri, Sadıllı qəsəbəsində 380 kv.m torpaq sahəsinin ətrafıənda olmuş və 2014-cü ilin iyul ayında sökülmüş, mişar daşından olan 2,50 metr hündürlükdə, 130 metr uzunluqda hasarın və orta ölçüdə 1 ədəd dəmir darvazanın bərpa edilməsi üçün aparılmalı tikinti-təmir işlərinin 2014-cü ilin iyul ayına olan bazar qiymətlərinə uyğun olaraq 8363,0 manat məbləğində olduğu müəyyən olunmuşdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini tam təmin etmiş birinci instansiya məhkəməsi qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini kifayət qədər nəzərə almamış, nəticədə vurulmuş ziyanın məbləği ilə bağlı düzgün olmayan nəticəyə gəlmişdir. Ona görə də hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməsli və iddia tələbi qismən təmin edilərək Gəncə şəhəri, Sadıllı qəsəbəsi İstehsal sexi ünvanında yerləşən qeyri-yaşayış binasının 380.0 kv.m olan torpaq sahəsinin bazar dəyəri olan 30000 manat və əmlaka vurulmuş zərərin əvəzi olaraq 8363 manat vəsaitin Cavabdehndən tutularaq İddiaçı ödənilməli, ekspertiza xərci cavabdehdən tutulmalıdır. Kollegiya apellyasiya şikayətinin söküntü işlərinin Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi Məharət Mustafayev tərəfindən şəxsi maraqları üçün apardığı, dövlət qurumlarının bu məsələyə hər hansı marağının olmadığı və qeyd edilən işlərin aparılmasına dair büdcədən hər hansı vəsaitin ayrılmadığı kimi dəlilləri ilə razılaşmır. Çünki həmin söküntü işləri Məharət Mustafayev tərəfindən aparılmışdırsa da, göstərilən şəxs inzibati orqan - Cavabdeh Memarlıq və Şəhərsalma İdarəsinin rəisi vəzifəsində çalışmış, həm də iddiaçıya məxsus torpaq sahəsinin söküntü aparılmış hissəsi həmin ərazidən keçən avtomobil yolunun genişləndirilməsi üçün istifadə edilmişdir. Yəni Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin hazırda sabiq rəisi Məharət Mustafayev həmin torpaq sahəsindən şəxsi məqsədləri üçün istifadə etməmişdir və söküntü işləri aparılarkən cavabdeh inzibati orqanı təmsil etmişdir. Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)- 41/2021 saylı qərarı ləğv edilsin və yeni qərar çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdehndən Gəncə şəhəri, Sadıllı qəsəbəsi İstehsal sexi ünvanında yerləşən qeyri-yaşayış binasının 380.0 kv.m olan torpaq sahəsinin bazar dəyəri olan 30000 manat və 2014-cü ilin iyul ayında sökülmüş, mişar daşından olan 2,50 metr hündürlükdə, 130 metr uzunluqda hasarın və orta ölçüdə 1 ədəd dəmir darvazanın bərpa edilməsi üçün aparılmalı tikinti-təmir işlərinin 2014-cü ilin iyul ayına olan bazar qiymətlərinə uyğun olaraq 8363,0 manat, ümumilikdə 38363 (otuz səkkiz min üç yüz altmış üç) manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul Cavabdehndən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ013601 **********3944 SWİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qərardan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülməzsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar