Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-11/2025 01.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: daşınmaz əmlaka dair hüquqların qeydə alınması Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil3, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “əmlak kompleksi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-17/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının 27 sentyabr 2006-cı il tarixli, 255 nömrəli sərəncamından görünür ki, Heydər Əliyev prospekti ilə Tağı Arani küçəsinin kəsişdiyi ərazidə, Gəncə çayının sağ sahilində şənlik evinin tikintisi üçün 0,2 ha torpaq sahəsinin İddiaçı təhkim edilməsi qərara alınmışdır.
2. Gəncə şəhər Kəpəz rayon Bələdiyyəsi sədrinin xx.xx.2007-ci il tarixli, 100 nömrəli sərəncamından görünür ki, Heydər Əliyev prospekti ilə Tağı Arani küçəsinin kəsişdiyi ərazidə, Gəncə çayının sağ sahilində Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının 27 sentyabr 2006-cı il tarixli, 255 nömrəli sərəncamına əsasən şənlik evinin tikintisi üçün təhkim edilmiş 0,2 ha torpaq sahəsinin İddiaçı 15 (on beş) il müddətinə icarəyə verilməsi qərara alınmışdır.
3. xx.xx.2007-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, Heydər Əliyev prospekti ilə Tağı Arani küçəsinin kəsişdiyi ərazidə, Gəncə çayının sağ sahilində yerləşən 0,2 ha torpaq sahəsi İddiaçı 15 (on beş) il müddətinə icarəyə verilmişdir.
4. 12.02 2019-cu il tarixli, 01 nömrəli “Tikinti obyektinin istismarına icazə”dən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan bayrağı (keçmiş T.Arani) küçəsi ilə Ş.İ.Xətai prospektinin kəsişməsində yerləşən şadlıq evinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyi və ondan istifadənin mümkünlüyü nəzərə alınaraq İddiaçı tikinti obyektinin istismarına icazə verilmişdir.
5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********1 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir.
6. Gəncə Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 63 nömrəli mütəxəssis rəyinin məzmunundan görünür ki, tərtib olunmuş Gəncə şəhəri Kəpəz bələdiyyəsi ərazisinin xəritəsinə istinadən İddiaçı təqdim etdiyi 0.20 ha mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 10/33 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Azərbaycan bayrağı küçəsinin kəsişməsində yerləşən əmlak kompleksinin mövcud vəziyyəti, planlı yerləşməsi (quruluşu), tikililərin texniki parametrləri "xxxx" MMC tərəfindən hazırlanmış və 04 yanvar 2007-ci il tarixdə Gəncə şəhərinin Baş memarı, Dövlət Ekspertizası Baş İdarəsinə razılaşdırılmış eskiz layihə sənədlərinə uyğun olduğu, eyni zamanda həmin əmlak kompleksinin Azərbayan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun inşa olunaraq şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə uyğun inşa edildiyi müəyyən olunmuşdur.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/4323 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, Gəncə şəhəri, H.Əliyev prospekti ilə T.Arani küçəsinin kəsişdiyi ərazidə, Gəncə çayının sağ sahilində İddiaçı Nurəddin oğluna təhkim edilmiş 0.2 ha torpaq sahəsi, habelə həmin sahədə inşa edilmiş əmlak kompleksi (“İmperial” şadlıq sarayı) Gəncə çayının 200 m-lik mühafizə zonasına düşdüyü müəyyən edilmişdir.
9. Azərbaycan Meliorasiya və X10 Səhmdar Cəmiyyəti X1 və Suların İstifadəsinə- Mühafizəsinə Nəzarət İdarəsinin məhkəməyə göndərilmiş xx.xx.2021-ci il tarixli, 01/34 nömrəli məktubunda Gəncə çayının uzunluğunun 99 km olması bildirilmişdir.
10. Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 658 saylı Sərəncamına əsasən Gəncə şəhəri, T.Arani küçəsi, “İmperial” şadlıq evinin cənub tərəfində 0,5 ha torpaq sahəsi X7 ayrılmışdır.
11. Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən X5 Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan bayrağı küçəsində yerləşən 673.9 kv.m ölçüdə olan fərdi yaşayış evinin üzərində xüsusi mülkiyyət, 0.0395 ha torpaq sahəsi üzərində isə istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
12. Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli Sərəncamına əsasən Gəncə şəhəri, Azərbaycan bayrağı (keçmiş T.Arani) küçəsində inşa edilmiş, X7 məxsus 395,0 kv.m.-tikinti sahəsində inşa edilmiş; 673,9 kv.m.-ümumi sahədən ibarət olan 2 mərtəbəli fərdi yaşayış evinin təyinatı dəyişdirilmiş və binadan qeyri-yaşayış sahəsi kimi istifadə olunmasına icazə verilmişdir.
13. Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən X5 Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan bayrağı küçəsində yerləşən 673.9 kv.m ölçüdə olan qeyri-yaşayış binasının üzərində xüsusi mülkiyyət, 0.0395 ha torpaq sahəsi üzərində isə istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-3483/2024 saylı məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, qərardadda mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə iddiaçı tərəfin və mütəxəssisin iştirakı ilə iddia olunan torpaq sahəsinin yerləşmə mövqeyi və ölçüləri yerində müəyyən edildikdən sonra, kameral şəraitdə Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirildi. Azərbaycan Melorasiya və X11 Səhmdar Cəmiyyəti Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə-Mühafizəsinə Nəzrət İdarəsi tərəfindən rəsmi olaraq əldə edilmiş məlumata istinadən, RX seriyalı ******* nömrəli Çıxarışa əsasən X5 istifadəsində olan, 0.0395 ha torpaq sahəsinin yaxınlığından keçən Gəncəçay çayının mühafizə zonası 200.0 (iki yüz) metr təşkil edir. Buna əsasən, RX seriyalı ******* nömrəli Çıxarışa əsasən X5 istifadəsində olan, 0.0395 ha torpaq sahəsi, Gəncəçay çayının mühafizə zonasında yerləşir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/3453 nömrəli rəydən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisi Elmar Aslanovun tərtib etdiyi xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-3483/2024 saylı mütəxəssis rəyinə əsasən, Azərbaycan Melorasiya və X11 Səhmdar Cəmiyyəti Hidrogeoloji- Meliorativ Xidmət və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsi tərəfindən rəsmi olaraq əldə edilmiş məlumata istinadən, RX seriyalı ******* nömrəli Çıxarışa əsasən X5 istifadəsində olan, 0,0395 ha torpaq sahəsinin yaxınlığından keçən Gəncəçay çayının mühafizə zonası 200 (iki yüz) metr təşkil edir. Buna əsasən, RX seriyalı ******* nömrəli Çıxarışa əsasən X5 istifadəsində olan, 0,0395 ha torpaq sahəsi, Gəncəçay çayının mühafizə zonasında yerləşir.
16. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-9029/2024 saylı məktubunda bildirilmişdir ki, Azərbaycan Melorasiya və X11 Səhmdar Cəmiyyəti Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə-Mühafizəsinə Nəzrət İdarəsi tərəfindən rəsmi olaraq əldə edilmiş məlumata istinadən, RX seriyalı ******* nömrəli Çıxarışa əsasən X5 istifadəsində olan 0.0395 ha torpaq sahəsinin yaxınlığından keçən Gəncəçay çayının mühafizə zonası 200.0 (iki yüz) metr təşkil edir. Buna əsasən, RX seriyalı ******* nömrəli Çıxarışa əsasən X5 istifadəsində olan 0.0395 ha torpaq sahəsi, Gəncəçay çayının mühafizə zonasında yerləşdiyi müəyyən olunmuşdur.
17. Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə 7772 saylı, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Azərbaycan Respublikasının lqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Gəncə şəhəri, Azərbaycan bayrağı prospekti ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 2000.0 kv.m torpaq sahəsi İddiaçı Nurəddin oğluna xx.xx.2026-cı il tarixədək icarəyə verilmişdir.
18. Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 5-1/2-522/2025 saylı məktubunda bildirilmişdir ki, su obyektlərinin istifadəsi və mühafizəsinə nəzarət orqanı ilə razılaşdırılmış layihə sənədləri olmadan suyun mühafizə zonasında tikinti işlərinin aparılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli, 56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları”nın tələblərinə uyğun deyil.
19. Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 5-1/2-848/2025 saylı məktubunda bildirilmişdir ki, Gəncə şəhəri ərazisindəki su mühafizə zonalarının ölçüləri və sərhədlərinin müəyyən edilməsi barədə ərazi planlaşdırılması sənədləri barədə məlumatlar Gəncə Şəhər İcra Hakimiyyətində mövcud deyildir.
20. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilən 25 iyun 2025-ci il tarixli, 3-21- 3-33/2-6577/2025 saylı məktubda qeyd edilmişdir ki, əraziyə keçirilən baxış zamanı naturada təqdim olunan 2.44 ha torpaq sahəsi, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AZCAD məlumatlarında, mülkiyyəti-dövlət, kateqoriyası-yaşayış məntəqələrinin torpaqları, sahibkarlıq məqsədlə istifadə təyinatı (uqodiyası)- tikinti altında olan sahibkarlıq sahəsi olaraq göstərilmişdir. Həmin torpaq sahəsinin 0.50 ha hissəsi **********49 reyestr nömrəli Çıxarışa əsasən dövlət mülkiyyətində olmaqla, X5 daimi istifadəsində, 0.20 ha hissəsi isə **********99 reyestr nömrəli Çıxarışa əsasən dövlət mülkiyyətində olmaqla, İddiaçı Nurəddin oğlunun icarəsindədir. Azərbaycan Melorasiya və X11 Səhmdar Cəmiyyəti Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsi tərəfindən rəsmi olaraq əldə edilmiş məlumata istinadən, naturada təqdim olunan 2.44 ha torpaq sahəsinin yaxınlığından keçən Gəncəçay çayının mühafizə zonası 200.0 (iki yüz) metr təşkil edir. Buna əsasən, naturada təqdim olunan 2.44 ha torpaq sahəsi bütünlüklə, Gəncəçay çayının mühafizə zonasında yerləşir. Naturada təqdim olunan torpaq sahəsilə Gəncəçay çayı arasında 6.5 (altı metrt əlli santı) metr enində, 392.0 (üç yüz doxsan iki) metr uzunluğunda yol mövcuddur. Naturada təqdim olunan torpaq sahəsi üzərində tikili və qurğular mövcuddur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
21. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Azərbaycan Bayrağı küçəsinin kəsişməsində yerləşən əmlak kompleksi üzərində mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
22. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının 27 sentyabr 2006-cı il tarixli, 255 nömrəli sərancamı ilə Gəncə şəhəri, Heydər Əliyev prospekti ilə Tağı Arani küçəsinin kəsişdiyi ərazidə Gəncə çayının sağ sahilində şənlik evinin tikintisi üçün iddiaçıya 0,2 ha torpaq sahəsi təhkim edilmişdir. xx.xx.2007-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Bələdiyyəsi sədrinin sərəncamı ilə İddiaçı Nurəddin oğluna şənlik evinin tikintisi üçün təhkim edilmiş torpaq sahəsinə icarə müqaviləsi bağlanması üçün ərizəsi, yerli iqtisadi inkişaf daimi komissiyasının təklifinə, Kəpəz Bələdiyyəsinin 18 fevral 2005-ci il tarixli qərarına (Ptotokol 2) əsasən Heydər Əliyev prospekti ilə T.Arani küçəsinin kəsişdiyi ərazidə Gəncə çayının sağ sahilində Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının 27 sentyabr 2006-cı il tarixli, 255 nömrəli sərəncamına əsasən şənlik evinin tikintisi üçün təhkim edilmiş 0,2 ha torpaq sahəsi 15 (on beş) il müddətinə icarəsinə verilmişdir. Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının 27 sentyabr 2006-cı il tarixli, 255 nömrəli sərəncamının 5-ci bəndində qeyd edilmişdir ki, Kəpəz Bələdiyyəsi ilə torpağa icarə müqaviləsi bağladıqdan sonra tikinti işlərinə başlanıla bilər. 04 yanvar 2007-ci il tarixdə Gəncə şəhərinin Baş memarı ilə razılaşdırıldıqdan sonra Gəncə şəhəri, Tağı Arani küçəsində şadlıq evinin işçi layihəsi "xxxx" MMC (lisenziya № 0154167- Bakı 2005) tərəfindən hazırlanmışdır. Bundan sonra obyektdə 5 il tikinti-inşaat işləri aparılmışdır. xx.xx.2017-ci il tarixdə sənədlər Dövlət Ekspertizası Baş İdarəsinə daxil olmuş və Gəncə şəhəri, Tağı Arani küçəsindəki şadlıq evinin işçi layihəsi Memarlıq-İnşaat hissəsi Dövlət Baş Ekspertiza Baş İdarəsi ilə razılaşdırılmışdır. Daha sonra 05 noyabr 2018-ci il tarixdə obyektin istismara hazırlıq aktı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin nümayəndəsi Elmidar Abdullayev, sifarişçinin nümayəndəsi İddiaçı, podratçının nümayəndəsi Şahin Mənmədov və layihəçinin nümayəndəsi Anar Həsənov tərəfindən imzalanaraq dairəvi mohürləri ilə təsdiqlənmişdir. Nəhayət, 12 fevral 2019-cu il tarixdə tikinti obyektinin istismarına icazə verilmişdir. Qeyd edilən obyektə 2-3 milyon manat pul vəsaiti xərclənmişdir. 2010-cu ildən obyekt fəaliyyət göstərir və obyektdə 70 nəfər işləyir. Hər il obyektin kommunal xərclərinə-işıq, su, zibil və vergi orqanlarına cəmi 100.000 manat pul ödənilir. İddiaçı sözügedən şadlıq evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir.
23. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, həmin ünvanda və həmin sırada onun arvadına mülkiyyət hüququna dair sənəd verilmişdirsə digər tikiliyə çıxarış verilməməsi qanun pozuntusudur.
24. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş iddiaçının vəkili Vəkil1 iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
25. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Cavabdeh2 iddianı qəbul etməyərək bildirmişdir ki, əmlak kompleksinə keçirilən müayinə baxışı zamanı tikilinin Gəncə çayının mühafizə zolağında inşa edildiyi (7 metr məsafə) və Ərazi İdarəsinin baza və xəritə məlumatlarına əsasən həmin torpaq sahəsinin dövlət torpağı olduğu aşkar edilmişdir. Həmçinin, təqdim edilmiş eskiz layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq olduğu, tikilidə əsaslı rekonstruktiv dəyişiklik aparıldığı, köməkçi tikililərin layihədə göstərilmədiyi müəyyən edilmişdir. Qeyd olunan uyğunsuzluqlar nəzərə alınaraq iddiaçının ərizəsinin icrasını təmin etmək mümkün olmamış və ərizənin icrasından imtina edilmişdir.
26. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-17/2023 saylı qərarı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı əmlak kompleksi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.
27. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə verilmiş mütəxəssis rəyi ilə müəyyən olunur ki, sözügedən əmlak kompleksi dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşir. Göründüyü kimi sözügedən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının 27 sentyabr 2006-cı il tarixli, 255 nömrəli sərəncamı əsasında iddiaçıya təhkim olunsa da, istifadə və ya icarə müddəti göstərilməmiş, müvafiq müqavilə bağlanmamış, eyni zamanda bələdiyyə tərəfindən qanunsuz olaraq öz mülkiyyəti kimi iddiaçının icarəsinə verilmişdir. Həmçinin iş üzrə verilmiş ekspert rəyi ilə müəyyən olunur ki, Gəncə şəhəri, H.Əliyev prospekti ilə T.Arani küçəsinin kəsişdiyi ərazidə, Gəncə çayının sağ sahilində İddiaçı Nurəddin oğluna təhkim edilmiş 0.2 ha torpaq sahəsi, habelə həmin sahədə inşa edilmiş əmlak kompleksi (“İmperial” şadlıq sarayı) Gəncə çayının 200 m-lik mühafizə zonasına düşür.
28. Məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli, 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları”nın 8-ci bəndinə istinadən qeyd etmişdir ki, Gəncə çayının uzunluğunun 99 km olması və vizual baxış zamanı da qeydə alınması tələb olunan obyektin çaydan təqribən 7-10 metr məsafədə yerləşməsi cavabdehin imtinasının əsaslı olmasını deməyə əsas verir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
29. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2-1(114)-17/2023 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir
30. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Azərbaycan bayrağı küçəsinin kəsişməsində yerləşən əmlak kompleksinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Heydər Əliyev prospekti ilə T.Arani küçəsinin kəsişdiyi ərazidə Gəncə çayının sağ sahilində Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının 27 sentyabr 2006-cı il tarixli, 255 nömrəli sərəncamına əsasən şənlik evinin tikintisi üçün təhkim edilmiş 0,2 ha torpaq sahəsinin 15 (on beş) il müddətinə icarəyə verilməsi barədə Kəpəz Bələdiyyəsinin 18 fevral 2005-ci il tarixli qərarını (Ptotokol 2), 04 yanvar 2007-ci il tarixli Gəncə şəhərinin Baş memarı ilə razılaşdırılmış şadlıq evinin işçi layihəsini, Gəncə şəhəri Tağı Arani küçəsindəki şadlıq evinin işçi layihəsi Memarlıq-İnşaat hissəsi Dövlət Baş Ekspertiza Baş İdarəsi ilə razılaşdırıması barədə sənədlərini, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X8 Qrupunun xx.xx.2018-ci il tarixli rəyini, Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli “Tikinti obyektinin istismarına” İcazəni cavabdeh təşkilata və məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə bu sənədlərlə kifayətlənməyərək xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin etmişdir. xx.xx.2020-ci il tarixli ekspert rəyi ilə məhkəmə tərəfindən qoyulan bütün sualara cavab verilərək, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Azərbaycan bayrağı küçəsinin kəsişməsində yerləşən əmlak kompleksinin mövcud vəziyyəti, planlı yerləşməsi (quruluşu), tikililərin texniki parametrləri "xxxx" MMC tərəfindən hazırlanmış və 04 yanvar 2007-ci il tarixdə Gəncə şəhərinin Baş memarı, Dövlət Ekspertizası Baş İdarəsinə razılaşdırılmış eskiz layihə sənədlərinə uyğun olduğu, eyni zamanda həmin əmlak kompleksinin Azərbayan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun inşa olunaraq şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə uyğun inşa edildiyi müəyyən olunduğu göstərilmişdir. Lakin məhkəmə bu kimi mötəbər sübutlarla da kifayətlənməyərək iki il sonra öz təşəbbüsü ilə heç bir əsas olmadan yeni ekspertiza təyin edir və xx.xx.2022-ci il tarixli, 10/4323 nömrəli ekspert rəyinin məzmunundan görür ki, Gəncə şəhəri, H.Əliyev prospekti ilə T.Arani küçəsinin kəsişdiyi ərazidə, Gəncə çayının sağ sahilində İddiaçı Nurəddin oğluna təhkim edilmiş 0.2 ha torpaq sahəsi, habelə həmin sahədə inşa edilmiş əmlak kompleksi (“İmperial” şadlıq sarayı) Gəncə çayının 200 m-lik mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. Məhkəmə bu prossesual hüquq normanı pozaraq iddia tələbindən kənara çıxmışdır. Belə ki, iddia tələbinin əsası Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Azərbaycan bayrağı küçəsinin kəsişməsində yerləşən əmlak kompleksinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması cavabdehin üzərinə vəzifə qoyulmasından ibarətdir. Cavabdeh isə əmlak kompleksi kimi müəssisənin layihəsi ilə faktiki vəziyyəti arasında uyğunsuzluq olduğunu, həmçinin torpaq sahəsinin ayrılması və tikintiyə icazə verilməsi barədə hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini əsas gətirərək imtina etmişdir. Cavabdehin imtinasından görünür ki, imtina üçün əmlak kompleksi kimi müəssisənin layihəsi ilə faktiki vəziyyəti arasında uyğunsuzluğun olması olmuşdur. Əmlak kompleksi kimi müəssisənin layihəsi ilə faktiki vəziyyəti arasında uyğunsuzluğun olmadığı xx.xx.2020-ci il tarixli məhkəmə mühəndis-texniki ekspertizasının rəyi ilə təkzib olunur. Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Azərbaycan bayrağı küçəsinin kəsişməsində yerləşən əmlak kompleksinin Gəncə çayının mühafizə zonasına yerləşdiyini cavabdeh imtinasında əks edilməmişdir. Lakin məhkəmə, imtinanın əsası olmadığı, eləcədə iddia edilməyən tələbdən kənara çıxaraq hüquqi əsası olmayan və heç bil lüzum görülməyən hallara toxunmuşdur. xx.xx.2022-ci il tarixli, 10/4323 nömrəli ekspert rəyi ilə Gəncə şəhəri, H.Əliyev prospekti ilə T.Arani küçəsinin kəsişdiyi ərazidə, Gəncə çayının sağ sahilində İddiaçı Nurəddin oğluna təhkim edilmiş 0.2 ha torpaq sahəsi, habelə həmin sahədə inşa edilmiş əmlak kompleksi (“İmperial” şadlıq sarayı) Gəncə çayının 200 m-lik mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. İş materiallarında bu ekspert rəyini təkzib edən kifayət qədər sübutlar vardır ki, məhkəmə onlara hərtərəfli araşdırmamışdır. Belə ki, iş materialarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinin xx.xx.2020-ci il tarixli, 507№-li məktubunda Gəncə çayının sağ sahilində H.Əliyev prospekti ilə Tağı Arani küçəsinin kəsişdiyi ərazidə 0.2 ha torpaq sahəsindəki qeyri-yaşayış binasının Gəncə çayının mühafizə zonasında yerləşmədiyi və həmin qeyri-yaşayış binasının üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına etiraz etmədiyi göstərilmişdir. Bundan başqa, “İmperial” şadlıq sarayı ilə eyni məkanda və zolaqda yerləşən X4 adına dövlət reyestrində qeydə alınan qeyri-yaşayş binasının aid çıxarışda torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri torpaqları kimi qeyd olunmuşdur. Həmin qeydi-yaşayış binasıda Gəncə çayının sağ sahilində yerləşir. Həmin obyekt onun obyektilə müqayisədə Gəncə çayına daha da yaxındır. Neçə mümkümdür ki, Gəncə çayının sağ sahilində yerləşən iki qeyri-yaşayış obyektərinin yeləşdiyi torpaq sahəsinin biri yaşayış məntəqələri torpaqları kateqoriyasına aiddir, onun istifadəsində olan torpaq sahəsi və onun üzərində yerləşən obyekt Çayın mühafizə zonasına düşür? X5 xüsusi mülkiyyətində olan qeyri-yaşayış binası xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Beləliklə qeyd edildiyi kimi, məhkəmə tərəfindən sübutlar tam və hərtərəfli araşdırılmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Apellyasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır.
Apellyasiya instansiyası məhkəməsində icraat Məhkəmə icraatı iştirakçılarının izahatları
32. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkil) Vəkil3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi.
33. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq normaları
34. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra- dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə- torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə- torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə- torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün- torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün- torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdətikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən X6 Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.1-1. Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər əsasında aparıldıqda, bu Qanunun 9-1-ci maddəsinin tələbləri tətbiq olunur. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
35. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarı.
36. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 dekabr 2024-cü il tarixli Qərardadı.
37. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.
38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
39. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
40. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
41. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
42. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
43. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
44. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
45. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
46. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
47. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
48. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür.
49. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.
50. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
52. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, iddiaçının apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
53. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olubolmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir.
54. Hazırkı iş üzrə məhkəmə kollegiyasının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə etdiyi müraciət əsasında qəbul edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 dekabr 2024-cü il tarixli Qərardadında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 28 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə müvafiq olaraq, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin, habelə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12ci maddəsinin tələblərinə müvafiq olaraq, inzibati orqan tərəfindən müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qəbul edilməsi yolverilməzdir.
55. İşin məhkəmələr tərəfindən araşdırılan halları ilə müəyyən edilir ki, Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının 27 sentyabr 2006-cı il tarixli, 255 nömrəli sərəncamına əsasən, Heydər Əliyev prospekti ilə Tağı Arani küçəsinin kəsişdiyi ərazidə, Gəncə çayının sağ sahilində şənlik evinin tikintisi üçün 0,2 ha torpaq sahəsi İddiaçı təhkim edilmiş və bununla yanaşı xx.xx.2007-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon Bələdiyyəsinin sədrinin sərəncamına əsasən iddiaçıya təhkim edilmiş 0,2 ha torpaq sahəsi 15 (on beş) il müddətinə onun icarəsinə verilmişdir. Bundan sonra iddiaçı tərəfindən sözügedən torpaq sahəsi üzərində əmlak kompleksi inşa etdirilmişdir. İddiaçı Gəncə şəhəri, H.Əliyev prospekti ilə T.Arani küçəsinin kəsişdiyi ərazidə, Gəncə çayının sağ sahilində İddiaçı Nurəddin oğluna təhkim edilmiş 0.2 ha torpaq sahəsində inşa edilmiş əmlak kompleksi (“İmperial” şadlıq sarayı) üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etsə də, cavabdeh inzibati orqan bundan imtina etmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, həmin əmlak kompleksi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir.
56. İddiaçı apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, əmlak kompleksinin (“İmperial” şadlıq sarayı) Gəncə çayının 200 m-lik mühafizə zonasına düşməsi həmin əmlaka dair hüquqların dövlət qeydiyyatından imtina üçün əsas deyil. Hərçənd ki, mübahisələndirilən əmlak kompleksinin Gəncə çayının mühafizə zonasında yerləşdiyini təkzib edən digər sübutlar da iş materiallarında mövcuddur.
57. Həmin dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hüquqların dövlət qeydiyyatının aparılması qaydası “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində öz əksini tapmışdır. Həmin maddənin 9.1.2 və 9.1.3-cü bəndlərinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməli olması nəzərdə tutulmuşdur. Göründüyü kimi hüquqların dövlət qeydiyyatı aparılması qaydalarında imtina edilməsi üçün digər əsasların mövcud olub-olmaması inzibati orqan tərəfindən müəyyən edilməlidir. Bununla yanaşı mübahisələndirilən əmlak kompleksinin Gəncə çayının mühafizə zonasında yerləşdiyini təkzib edən sübutların iş materiallarında mövcud olduğu bildirilsə də, bul halın mövcudluğu öz təsdiqini tapmamışdır. Bunun əksinə birinci instansiya məhkəməsindəki icraat zamanı əldə edilmiş xx.xx.2022-ci il tarixli, 10/4323 nömrəli ekspert rəyindən göründüyü kimi, Gəncə şəhəri, H.Əliyev prospekti ilə T.Arani küçəsinin kəsişdiyi ərazidə, Gəncə çayının sağ sahilində İddiaçı Nurəddin oğluna təhkim edilmiş 0.2 ha torpaq sahəsi, habelə həmin sahədə inşa edilmiş əmlak kompleksi (“İmperial” şadlıq sarayı) Gəncə çayının 200 m-lik mühafizə zonasına düşdüyü müəyyən edilmişdir.
58. Bundan başqa apellyasiya şikayətinin digər bir dəlilində bildirilmişdir ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Azərbaycan bayrağı küçəsinin kəsişməsində yerləşən əmlak kompleksinin Gəncə çayının mühafizə zonasına yerləşdiyi cavabdehin imtinasında əks edilməmişdir. Lakin məhkəmə, imtinanın əsası olmadığı, eləcədə iddia edilməyən tələbdən kənara çıxaraq hüquqi əsası olmayan və heç bir lüzum görülməyən hallara toxunmuşdur.
59. Həmin dəlilə münasibətdə qeyd edilməlidir ki, baxmayaraq ki, imtina məktubunda bu halın mövcudluğuna birbaşa istinad edilməmişdir, cavabdeh orqan birinci instansiya məhkəməsinə təqdim etdiyi iddiaya etiraz ərizəsində açıq şəkildə qeyd etmişdir ki, mübahisələndirilən əmlak kompleksi Gəncə çayının mühafizə zolağında, 7 metr məsafədə yerləşir, bu və imtina məktubunda qeyd olunan digər hallar iddiaçının müraciətindən imtina edilməsinə əsas olmuşdur. Göründüyü kimi apellyasiya şikayətində göstərilən bu xüsusa artıq birinci instansiya məhkəməsindəki icraat zamanı cavabdeh inzibati orqan iddia tələbinə etiraz ərizəsində öz münasibətini bildirdiyindən bu dəlil əsaslı sayıla bilməz. Digər tərəfdən, məhkəmələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması məsələlərini həll edərkən, bunu əsaslandıran və ya istisna edən halların mövcudluğunu kompleks şəkildə yoxlamalıdır.
60. Apellyasiya şikayətində irəli sürülmüş digər bir dəlilə əsasən iddiaçı göstərmişdir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 10/4323 nömrəli ekspert rəyində Gəncə şəhəri, Heydər Əliyev prospekti ilə Tağı Arani küçəsinin kəsişməsində yerləşən, İddiaçı Nurəddin oğluna təhkim edilmiş 0.2 ha torpaq sahəsi və həmin sahədə inşa edilmiş əmlak kompleksinin (“İmperial” şadlıq sarayı) Gəncə çayının 200 metrlik mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Apellyator hesab edir ki, bu rəyə zidd olan digər sübutlar – xüsusilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2020-ci il tarixli, 507 nömrəli məktubu – məhkəmə tərəfindən lazımi dərəcədə qiymətləndirilməmişdir.
61. Həmin dəlilə münasibətdə qeyd olunmalıdır ki, ETSN-in 10 saylı Regional idarəsinin təqdim etdiyi 507 nömrəli məktub hüquqi baxımdan rəsmi mövqe deyil, normativ qüvvəyə malik olmayan və konkret inzibati prosedura əsaslanmayan şifahi xarakterli mülahizədir. Həmin məktubda göstərilən “əmlakın mühafizə zonasında yerləşməməsi” və “mülkiyyət hüququnun qeydiyyatına etiraz edilməməsi” ifadələri hazırkı işin faktiki halların qiymətləndirilməsinə birbaşa təsir göstərə biləcək mötəbər sübut kimi qəbul edilə bilməz. Həmin idarənin qeyd olunan ərazidə hüquq və mənafeləri mübahisə predmetinə toxunmadığı üçün bu məsələyə münasibət bildirməsi hüquqi nəticələr doğurmur. Əksinə, işə əlavə edilmiş və aidiyyəti üzrə səlahiyyətli qurum tərəfindən hazırlanmış xx.xx.2022-ci il tarixli ekspert rəyi ərazinin Gəncə çayının 200 metrlik mühafizə zonasında yerləşdiyini xüsusi dəqiqliklə müəyyən etmiş, bu rəyin təkzib edilməsi üçün isə iş materialarında elmi, texniki və ya kartoqrafik əsaslara söykənən inandırıcı sübut təqdim edilməmişdir. Nəticə etibarilə, birinci instansiya məhkəməsinin ekspert rəyi və digər hüquqi əhəmiyyətli sənədləri mötəbər sübut kimi qəbul etməsinə dair gəldiyi nəticə qanuni və əsaslıdır. İddiaçının apellyasiya şikayətində bu məsələyə dair göstərdiyi dəlil işin obyektiv həllinə təsir edəcək mahiyyət daşımadığından qəbul edilə bilməz.
62. Həmçinin apellyasiya şikayətinin dəlillərindən biri də ondan ibarət olmuşdur ki, “İmperial” şadlıq sarayı ilə eyni ərazidə və zolaqda yerləşən, X5 adına dövlət reyestrində qeydə alınan qeyri-yaşayış binasının torpaq sahəsinin kateqoriyası “yaşayış məntəqələri torpaqları” olaraq göstərilmişdir. İddiaçı bu faktı nəzərə alaraq, iki qeyri-yaşayış obyekti arasındakı torpaq sahəsinin biri Gəncə çayının mühafizə zonasına düşərkən, digərinin mühafizə zonasında yerləşməməsi məsələsini irəli sürür və hesab edir ki, məhkəmə tərəfindən sübutlar tam və hərtərəfli araşdırılmamışdır.
63. Məhkəmə kollegiyası tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən X5 adına qeydə alınmış 0.0395 ha torpaq sahəsinin Gəncə çayının mühafizə zonasına və ya zolağına düşüb-düşməməsinin, düşdüyü təqdirdə hansı hissə(lər)də düşməsinin müəyyən edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/3453 nömrəli rəydə göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisi Elmar Aslanovun tərtib etdiyi xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-3483/2024 saylı mütəxəssis rəyinə əsasən, Azərbaycan Melorasiya və X11 Səhmdar Cəmiyyəti Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsi tərəfindən rəsmi olaraq əldə edilmiş məlumata istinadən, RX seriyalı ******* nömrəli Çıxarışa əsasən X5 istifadəsində olan, 0,0395 ha torpaq sahəsinin yaxınlığından keçən Gəncəçay çayının mühafizə zonası 200 (iki yüz) metr təşkil edir. Buna əsasən, RX seriyalı ******* nömrəli Çıxarışa əsasən X5 istifadəsində olan, 0,0395 ha torpaq sahəsi, Gəncəçay çayının mühafizə zonasında yerləşir.
64. Göründüyü kimi məhkəmə kollegiyası tərəfindən təyin edilmiş ekspertiza nəticəsində əldə edilmiş ekspert rəyinə əsasən, X5 adına qeydə alınan 0.0395 ha torpaq sahəsinin yerləşdiyi ərazi faktiki olaraq Gəncə çayının mühafizə zonasına aiddir.
65. Məhkəmə kollegiyası qeyd olunan dəlilə münasibətdə bildirir ki, “İnzibati İcraat haqqında” Qanunun 12-ci maddəsində müəyyən edilmiş bərabərlik prinsipi çərçivəsində, hamı qanun və inzibati orqan qarşısında bərabərdir və İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Bu prinsipə əsasən, hər bir şəxs və ya hüquqi qurum inzibati orqanların mövcud inzibati praktikasına etimad göstərmək hüququna malikdir. Lakin etimad hüququ yalnız qanunla əsaslandırılmış və düzgün həyata keçirilmiş inzibati hərəkətlərə etimad göstərilməsini nəzərdə tutur.
66. Bu hal, qanunsuz inzibati praktikaya etimad göstərilməsinin qeyrimümkünlüyünü təsdiqləyir. Çünki etimad hüququ yalnız düzgün və qanuni tətbiq edilən inzibati praktikaya əsaslana bilər və hər hansı bir inzibati akt hüquq və qanunla ziddiyyət təşkil etdiyi halda, həmin praktika qəbul edilə bilməz.
67. Məhkəmə kollegiyası mübahisə predmeti olan əmlak kompleksinə – “İmperial” şadlıq sarayına mütəxəssisin iştirakı ilə yerli baxış keçirərək, ərazinin faktiki vəziyyətini nəzərdən keçirmişdir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən inşa edilmiş əmlak kompleksi ilə Gəncə çayı arasında təqribən 6-7 metr məsafə mövcuddur. Yerli baxışın nəticələri, həmçinin, mübahisəli ərazinin Gəncə çayının mühafizə zonasına daxil olub-olmaması barədə məhkəməyə aydın və konkret məlumat verir. Məhkəmə, vizual qiymətləndirmə və faktiki vəziyyət əsasında qənaətə gəlmişdir ki, mübahisələndirilən əmlak kompleksi Gəncə çayının mühafizə zonasına aiddir.
68. Həmçinin yerli baxışın nəticələrinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilən 25 iyun 2025-ci il tarixli, 3-21-3-33/2-6577/2025 saylı məktubda qeyd edilmişdir ki, əraziyə keçirilən baxış zamanı naturada təqdim olunan 2.44 ha torpaq sahəsi, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AZCAD məlumatlarında, mülkiyyəti-dövlət, kateqoriyası-yaşayış məntəqələrinin torpaqları, sahibkarlıq məqsədlə istifadə təyinatı (uqodiyası)- tikinti altında olan sahibkarlıq sahəsi olaraq göstərilmişdir. Həmin torpaq sahəsinin 0.50 ha hissəsi **********49 reyestr nömrəli Çıxarışa əsasən dövlət mülkiyyətində olmaqla, X5 daimi istifadəsində, 0.20 ha hissəsi isə **********99 reyestr nömrəli Çıxarışa əsasən dövlət mülkiyyətində olmaqla, İddiaçı Nurəddin oğlunun icarəsindədir. Azərbaycan Melorasiya və X11 Səhmdar Cəmiyyəti Hidrogeoloji-Meliorativ Xidmət və X3 Nəzarət İdarəsi tərəfindən rəsmi olaraq əldə edilmiş məlumata istinadən, naturada təqdim olunan 2.44 ha torpaq sahəsinin yaxınlığından keçən Gəncəçay çayının mühafizə zonası 200.0 (iki yüz) metr təşkil edir. Buna əsasən, naturada təqdim olunan 2.44 ha torpaq sahəsi bütünlüklə, Gəncəçay çayının mühafizə zonasında yerləşir. Naturada təqdim olunan torpaq sahəsilə Gəncəçay çayı arasında 6.5 (altı metrt əlli santımetr) metr enində, 392.0 (üç yüz doxsan iki) metr uzunluğunda yol mövcuddur. Naturada təqdim olunan torpaq sahəsi üzərində tikili və qurğular mövcuddur.
69. Nəticə etibarilə, yerli baxışın nəticələri və digər tədqiq edilən sübutlar nəzərə alındıqda, əmlak kompleksinin Gəncə çayının mühafizə zonasında yerləşdiyi öz təsdiqini tapır.
70. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli, 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları”nın 8ci bəndində çayların başlanğıcından uzunluğu boyu su mühafizə zonalarının minimum eni onların ayrı-ayrı hissələri üzrə aşağıdakı hədlərdə qəbul edilir: uzunluğu 10 km-dək olduqda—50 m; uzunluğu 10 km-dən 50 km-dək olduqda—100 m; uzunluğu 50 km-dən 100 km-dək olduqda—200 m; uzunluğu 100 km-dən 200 km-dək olduqda—300 m; uzunluğu 200 km-dən 500 km-dək olduqda—400 m; uzunluğu 500 km-dən artıq olduqda—500 m.
71. Göründüyü kimi uzunluğu 50 km-dən - 100 km-dək olan çayların mühafizə zonalarının minimum eni 200 metr həddində müəyyən edilmişdir. Gəncə çayının isə uzunluğunun 99 km olması və yuxarıda qeyd olunan göstərilənə əsasən mübahisə predmeti olan əmlak kompleksinin çaydan təqribən 6-7 metr məsafədə yerləşməsi cavabdehin imtinasının əsaslı olmasını barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanuni və əsaslı olmasını təsdiq edir.
72. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticəni əsaslı sayır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin hazırkı qərarı dəyişdirilmədən saxlanmalıdır.
73. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-17/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 300 (üç yüz) manat pul vəsaiti iddiaçıya aid edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.