Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-111/2025 12.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2004/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2004/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilməmişdir. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 aprel 2024-cü il tarixli, 2- 1(104)-80/2024 nömrəli qərarı ilə (hakimlər: A.İsgəndərova – sədrlik edən və məruzəçi, R.Mamedov və A.Bayramov) apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, qərarı ləğv edilmiş, yeni qərar çıxarılaraq, iddia təmin edilmiş, İddiaçı 05 noyabr 2022-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2 il müddətinə orqanizmin funksiyalarının 35-60 faiz aralığında pozulması ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-2372/2024 syalı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 aprel 2024-cü il tarixli, 2-1(104)-80/2024 qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi, şikayətin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin əlilliyin təyin edilməsindən imtina olunması barədə 30 yanvar 2023-ci il tarixli qərarının ləğv edilməsi və xx.xx.2022-ci il tarixdən İİİ qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək Suqovuşan və Laçın istiqamətində Vətən müharibəsində iştirak etmiş, Suqovuşan qəsəbəsi istiqamətində Vətən Müharibəsi zamanı ağır yaralanaraq xəsarət almış, bir çox tibb müəssisələrində müalicə va müayinə olumuşdur. xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 8366 nömrəli şəhadətnamə ilə təmin edilmişdir. Bu baradə səhhətində olan ağırlaşmalarla bağlı ona əlillik təyin edilməsi üçün X2 tərəfindən xx.xx.2022-ci il tarixdə T00034657PTV nömrəli göndəriş Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmişdir. Lakin cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə T00034657PTV nömrəli göndərişə əsasən ona əlillik təyin olunmasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin T00034657PTV nömrəli göndərişə imtinası əsassızdır. Belə ki, səhhətində olan xəstəliklər, müalicə olduğu tibb müəssisələrinin onun barəsində müalicə vaxtı tərtib edilmiş epiqrizlər və T00034657PTV nömrəli göndərişdə qeyd edilmiş tibbi qeydiyyatlar əsas verir ki, ona əlillik təyin edilsin. Hal-hazırda müraciəti ondan ibarətdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Qərarının 3-cü (Əlillik səbəbinin dəyişdirlməsi və şikayət qaydası) bəndinə əsasən T00034657PTV nömrəli göndərişə imtinanın ləğv edilməsi və xəstəlik epiqrizlərinin nəzərə alınmaqla ona İİİ qrup Azərbaycan Respublikasının ərazi bütöylüyünün, müstəqitliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik təyin edilməlidir. Birinci apellyasiya baxışında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2 il müddətində orqanizm funksiyasının 35-60 faiz aralığında pozulması ilə əlaqədar olaraq əlilliyin təyin olunması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əllillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə şəxs ötürülmüş müddətdə daxil olmaqla, əllilliyi olan şəxs hesab edilir. İşə əlavə etdiyi tibbi arayışdan da göründüyü kimi şəxsin diaqnozu ağırdır və onun barəsində yenidən komissiya təyin olunmalıdır. Məhkəmədə isə əlilliyinin təyin olunmamaması qənaətinə gəlinmişdir. Halbuki xx.xx.2023-cü il tarixdə ona yeni rəy verilmişdir. Prosessual məsələlər: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPMnin 62.3-cü maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər və əsaslandırma: Məhkəmə kollegiyası işin halları barədə sədrlik edənin məruzəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2004/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümükünlüyü ilə bağlı qeyd edir ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur, ona görə də şikayət qəbul edilə bilən hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşin halları ilə aşağıdakılar müəyyən edilmişdir: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsi 04 oktyabr 2021-ci il tarixli, 8655 nömrəli arayışda Tovuz RMX xx.xx.2021-ci il tarixli göndərişinə cavab olaraq xx.xx.1995-ci il təvəllüdlü İddiaçı dioqnozu posttravmatik stress pozuntusu F43.1, postkommosion sindrom F07.2 kimi qeyd edilmişdir. - Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 8366 nömrəli İddiaçı xəstəlik haqqında şəhadətnaməsində aşağıdakılar qeyd edilmişdir: Diaqnoz: “partlayış travması (xx.xx.2020) keçirilmiş qapalı kəllə beyin travması, baş silkəllənməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş postkommosion sindrom. Mülayim dərəcədə ifadə olunmuş uzunmuddətli posttravmatik stress pozuntusu ... Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə beyin travması, baş silkəllənməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş vegetativ damar davamsızlığı. Sol baldırın ön səthinin aşağı 1/3-nin dəlib keçən güllə yaralanmasından sonrakı (xx.xx.2020) bərkimiş dəri çapığı. Başın ənsə nahiyəsinin yumşaq toxumaların yad cisimləri (metal qəlpələr)” Səbəbli əlaqə: Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır. Diaqnoz: L5-S1 fəqərələrarası diskin protruziyası. Büzdümün dermoid sisti remissiya mərhələsində. Vertebrogen lumbalqiya. Sağ qözün miopiyası MO.75D nəticəsində qörmə itiliyinin 0,6-ya qədər azalması, korreksiya 1.0 olmaqla. 36, 37-ci dişlərin olmaması Səbəbli əlaqə: "Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" - X1 T00034657PTV nömrəli göndərişində (Forma 88) iddiaçının Əsas diaqnozu- F43.1 - Posttravmatik stress pozuntusu yanaşı xəstəliklər - F07.0 - Üzvi mənşəli şəxsiyyət pozuntusu H52.1 – Miopiya, sağ gözün miopiyası qeyd edilmişdir - Həmin göndəriş əsasında iddiaçının xx.xx.2022-ci il tarixli müayinəsi nəticəsində “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Posttravmatik stress pozuntusu. Miopiya” diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlilliyin təyin olunmasından imtina verilmişdir. - TSEK-in 3-17-4/3-2390/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə əlilliyin qiymətləndirilməsindən verilmiş şikayət üzrə NK-nın xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş Meyarlara uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsi 25 may 2023-cü il tarixli, 361 nömrəli həkim psixiatr komissiyasının rəyinə əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3- 1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq İddiaçı öz müraciətinə əsasən Həkim Psixiatr Komissiyasında müayinədə olmuş, diaqnoz üzvi (kəllə-beyin travması nəticəsində) affektiv pozuntu, depressiv epizodlarla F06.3 qeyd edilmişdir. -“Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin T 108/2024 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial komissiyaları tərəfindən qiymətləndirilməsi üçün İddiaçı Nazirliyinin Baş klinik hospitalında adına tərtib edilmiş 4947 saylı epikrizə əsasən o, 17.05.-xx.xx.2023-cü il tarixlərdə hospitalın psixiatriya bölməsində “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli postravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı və mülayim dərəcədə ifadə olunmuş postkommotsion sindrom. Sol baldırın ön səthinin aşağı 1/3-nin dəlib keçən güllə yaralanmasından sonrakı (xx.xx.2020) bərkimiş dəri çapığı. Büzdümün dermoid sisti remissiya mərhələsində. Sağ gözdə miopiya. Refraksiya sağ gözdə M0.75D nəticəsində görmə itiliyinin 0,6-ya qədər azalmasi, korreksiya olmaqla. Hepatosteatoz.” Diaqnozu ilə müayinə və müalicədə olmuşdur. Qeyd edilən diaqnoz şəxsin hospitalda müalicəsi zamanı xəstənin anamnestik, kliniki laborator instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, xx.xx.2022-ci il tarixli həkim müayinəsi zamanı iddiaçıya qoyulmuş F43.1 posttravmatik stress pozuntusu diaqnozuna uyğun olaraq onun vəziyyəti “Bələdliyi bütün növlər üzrə saxlanılıb. Zahirən narahat və gərgindir. Əhval ruhiyyəsi dəyişkəndir. Yuxusuzluqdan və yaddaş zəifliyindən şikayətlənir. Emosional labildir. Özünə və öz vəziyyətinə tənqidi formaldır. Meyl və maraqları məhduddur, Diqqəti daim öz daxilinə yönəlib, öz şəxsiyyətinə bağlıdır. Olduqca hövsələsiz, əsəbi, narahatdır. Yaddaşı zəifdir, mexanikidir. Emosional reaksiyaları adekvat deyil, kiminsə, yaxın adamının belə, ölüm xəbərini eşidəndə laqeyid qalır, biganə münasibət bəsləyir, Yuxusu pozulub. gecələr yatmır.” kimi müəyyən edilmişdir. Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavə edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin 7.5.1-ci bəndinə əsasən iddiaçıya “posttravmatik stres pozuntusu” diaqnozu qoyulsa da, həmin diaqnozun qiymətləndirilməsi zamanı nəzərə alınan və cədvəlin 7.5.1.1 və 7.5.1.2-ci bəndlərində qeyd olunmuş halların onda olması iş materialları ilə öz təsdiqini tapmır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Həmin Qanunun 6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydas”ının 1.1-ci maddəsinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydalarının 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydalarının 1.4-cü maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Həmin Qaydalarının 1.6-cı maddəsinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Həmin Qaydalarının 2.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydalarının 2.2-ci maddəsinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydalarının 2.3-cü maddəsinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydalarının 2.4-cü maddəsinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 31-ci bəndinə əsasən Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: ... 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz.; ... Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti 7.5. Nеvrоtik, strеslə əlaqədar və sоmаtоfоrm pоzuntular 7.5.1. posttravmatik stres pozuntusu F43.1 7.5.1.1 2 il müddətində əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) – 35-60 %- 2 il 7.5.1.2. 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar, digərlərindən sosial təcrid və ya patoloji dərəcədə asılılıq, kəskin ifadə olunmuş passivlik və tez-tez tibb müəssisələrinə yardım üçün əsaslandırılmış müraciət – 65-80 % - 2 il Məhkəmə kollegiyası qeyd edir ki, tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Lakin hazırkı halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavə edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin 7.5.1-ci bəndinə əsasən iddiaçıya “posttravmatik stres pozuntusu” diaqnozu qoyulsa da, həmin diaqnozun qiymətləndirilməsi zamanı cədvəlin 7.5.1.1 və 7.5.1.2-ci bəndlərində qeyd olunmuş halların hal-hazırda onda olması qeyd olunmuş halların onda olması iş materialları ilə öz təsdiqini tapmamışdır. Beləliklə də kollegiya hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən, cavabdehin iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2 il müddətinə orqanizmin funksiyalarının 35-60 faiz aralığında pozulması ilə əlaqədar əlilliyin təyin edilməsindən imtina etməsi qanuni olmuşdur. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2004/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar ondan kassasiya şikayəti verilməzsə, tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-111/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-111/2025
12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver