Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-113/2025 20.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2279/2024 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçıya məxsus xx.xx.1989-cu il tarixdə verilmiş НЗ ******* nömrəli hərbi biletdə onun xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək N saylı hərbi hissədə xidmət etməsi barədə qeyd vardır. Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2004-cü il tarixli 11 saylı qərarı ilə İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı travma və yaralanma – diaqnoz “Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı vegetative damar davamsızlığı ilə keçən uzaq nəticələr, mərkəzi sinir sisteminin funksiyasının pozulmaması ilə. Ənsə, sol kürək və qoltuqda nahiyyələrin qəlpə yaralanmasından sonrakı çapıqlar” nə səbəbə ki, xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Şəmkir rayonu mərkəzi xəstəxanasında müayinə və müalicə olunmuşdur (Şəmkir RMX-nın xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, MN Arxivinin xx.xx.2003-cü il tarixli 26/2-138 saylı arayışı, Şəmkir RHK-nın xx.xx.2003-cü il tarixli 132 saylı arayışı, Gəncə hərbi prokurorluğunun xx.xx.2002-ci il tarixli amnistiya haqqında qərarı)”-nın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivin xx.xx.2003-cü il tarixli 26/2-138 nömrəli məktubunda qeyd edilmişdir ki, Gəncə Hərbi Prokurorluğunun xx.xx.2002-ci il tarixli qərarına və Şəmkir Mərkəzi Rayon Xəstəxanasının xx.xx.2002-ci il 140 nömrəli aktına əsasən, Şəmkir RHK-dan çağırılmış İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək N saylı hərbi hissədə xidmətdə olmuş və xx.xx.1992-ci il tarixdə sol çiyin kürək nahiyəsindən qəlpə yarası almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 983734 nömrəli arayışına əsasən İddiaçı “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli 1148 nömrəli cavab məktubunda bildirilmişdir ki, N () nömrəli hərbi hissə komandirinin aprel-dekabr 1993-cü il, N nömrəli hərbi hissə komandirinin yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar edilməmişdir. Qeyd edilir ki, N nömrəli hərbi hissə komandirinin 1992-ci il, yanvar mart 1993-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3-17-4/2-19166/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının 0346003AAQZ5, 0346003AAVZT və U00107549RFİ nömrəli göndərişləri və müraciəti əsasında müvafiq olaraq xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırlıq qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq hər üç halda diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətinə həmin orqanın xx.xx.2024-cü il tarixli 2/2-2146 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, döyüş əməliyyatları aparılan dövrdə N nömrəli hərbi hissənin tərkibində xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək xidmət təsdiqlənir, lakin sonuncu tarixdən sonrakı hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1992-ci ilin sentyabr ayında Şəmkir rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış və xx.xx.1992-ci il tarixdə Qarabağ uğrunda gedən döyüşlərə qatılaraq, xx.xx.1992-ci il tarixə kimi Laçın rayonunun kəndləri uğrunda gedən qanlı döyüşlərdə fəal iştirak etmiş, öndə gedən əsgər olmuşdur. O, xx.xx.1992-ci il tarixdə N nömrəli hərbi hissənin tərkibində ağır döyüşlər zamanı ağır kəlləbeyin travması almışdır. Onun müharibə veteranı zamanı aldığı travma və xəsarətlər Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının xx.xx.2004-cü il tarixli qərarı, Gəncə şəhəri 3 saylı Birləşmiş Xəstəxana və Şəmkir Rayon Mərkəzi Xəstəxanada aldığı müalicələri ilə bağlı tibbi sənədlərlə tam təsdiq olunur. 2004-cü ildə həebçi kimi İİİ dərəcə əlil, 2015-ci ildən isə İİ dərəcə əlil kimi pensiya almışdır, 2021-ci ildə əlillik pensiyası dayanmışdır. Onunla birlikdə döyüşlərdə iştirak etmiş şəxslər Qarabağ müharibəsi veteranıdırlar və veteran vəsiqəsi daşıyırlar. O, isə döyüş əməliyyatlarda iştirak etməsinə baxmayaraq, bununla bağlı dövlət tərəfindən müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə edə bilmir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2279/2024 saylı qərarı ilə (hakim G.Əliyeva) iddia tələbi təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb sonuncunun xx.xx.1992-ci il tarixdən sonrakı hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatın olmamasıdır. Belə olan halda məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, bunun müvafiq sənədlərdə əks edilməsi və həmin sənədlərin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsidir. Bu qaydadan istisna Əsanamənin “Qeyd” hissəsində göstərilən hallardır ki, İddiaçı hazırda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilməmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqanın İddiaçı “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb sonuncunun xx.xx.1992-ci il tarixdən sonrakı hərbi xidməti və ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmamasıdır ki, aparılmış məhkəmə araşdırmaları ilə də həmin hal öz təsdiqini tapmışdır. Belə ki, iddiaçının hərbi xidmətin başa çatması ilə hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması barədə sənədlər mövcud deyildir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2279/2024 saylı qərarının ləğv edilməsini, idddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı işə baxan məhkəmə yalnız cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin inzibati işə əlavə olunmuş imtinasına və etirazına əsaslanıb, barəsində tətbiq olunmalı qanunları deyil, tətbiq olunmamalı qanunları tətbiq edərək qanunsuz, yanlış qərar çıxarmış, məhkəmədə iddiaçı kimi onun məhkəmə prosesində göstərdiklərini, eləcə də iddia ərizəsinə əlavə etdiyi kifayət qədər sübutları, yəni SHXÇDX-nin Şəmkir rayon şöbəsinin arayışı, döyüşlər zamanı yaralandığını təsdiq edən AR MN Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2004-cü il tarixli Qərarını, müalicə həkiminin verdiyi xx.xx.2003-cü il tarixli 108 nömrəli arayışı, müharibə zamanı aldığı travmaları, onun xx.xx.1992-ci il tarixdə Qarabağ uğrunda gedən döyüşlərə qatılaraq xx.xx.1992-ci il tarixə kimi Laçın rayonunun kəndləri uğrunda gedən qanlı döyüşlərə fəal iştirak etdiyini nəzərə almamışdır. Hansı ki, o, öndə gedən əsgər olmuşdur. O, xx.xx.1992-ci il tarixdə N nömrəli hərbi hissənin tərkibində ağır döyüşlər zamanı ağır kəllə-beyin travması almışdır. Həmin vaxtı Gəncə və Şəmkir rayon xəstəxanalarında stasionar və ya ambulator müalicələr almışdır. Baş, boyun, kürək nahiyələrində, sol dirsəyinin yuxarı hissəsində, sol ayağının baldır hissəsindən qəlpə yaraları almışdır. Kürəyindən girən güllə qəlpəsi boynunun sinirinə dəyib dayanıb, bunu rentgen də təsdiq edir. Onun müharibə zamanı aldığı travma və xəsarətlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının xx.xx.2004-cü il tarixli, 11 saylı Qərarı, Gəncə şəhər 3 saylı Birləşmiş xəstəxanada və Şəmkir rayon mərkəzi xəstəxanasında aldığı müalicələrlə bağlı tibbi sənədlərlə də tam təsdiq olunur. 2004-cü ildə hərbiçi kimi İİİ qrup əlil, 2015-ci ilə kimi ömürlük, 2015-ci ildən isə İİ qrup əlil kimi pensiya almışdır. 2021-ci ildə onun əlil kimi pensiyası dayandırılmışdır. Üç ildən artıq vaxtdır ki, müharibə əlilliyinin bərpa edilməsi üçün qapısını döymədiyi dövlət orqanı qalmamışdır. Məcbur olub əlilliyi bərpa olunana kimi müharibə veteranı adı və vəsiqəsi verilməsindən ötrü məhkəmədə iddia qaldırmışdır. İddiaçı kimi hesab edir ki, ona münasibətdə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə əsasən 1994-cü ilin may ayında atəşkəs elan olunan vaxta kimi qüvvədə olmuş qanunlar tətbiq edilməli olduğu halda, həmin qanunların heç birinə istinad etməmişdir. Onun barəsində heç bir cinayət işi başlama qərarı və ya məhkəmə hökmü olmadığı halda, habelə göstərdikləri hərbi bileti, arxiv arayışı və arayışlarla tam təsdiq olunsa da, bunları nəzərə almadan, işin faktiki hallarına uyğun olmayan iddianın təmin edilməməsinə dair qanunsuz qərar qəbul etmişdir. Ümid edir ki, apellyasiya instansiyasında göstərdiyi hallar araşdırılacaqdır. Məhkəmə işə baxan zaman iddiaçı kimi işə əlavə etdiyi sübutlarına düzgün yanaşmamış, müharibədə iştirak etməklə, döyüşlər zamanı yaralanaraq müalicə olunduğuna, onun xeyrinə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Gəncə İnzibati Məhkəməsi cavabdehin subyektiv fikirlərinə əsaslanaraq işin faktiki hallarına uyğun olmayan əsassız qərar qəbul etmişdir. Hesab edir ki, obyektiv səbəblərdən, xəstəxanada yatmağı ilə bağlı, eləcə də 1994-cü ilin may ayında atəşkəs olduğundan yenidən döyüşlərə qatılmamışdır. Ona görə də bu xüsusata məhkəmənin yanaşması, qərarında açıqlama verməməsi başa düşülən deyil. Qanununvericiliyin tələbinə görə ümumi məlum olan halların sübut edilməsinə ehtiyac yoxdur. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) proses iştirakçılarının izahatları İş üzrə məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Prosessual məsələlər İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbin bildirməmişdir. Məhkəmə kollegiyası onun iştirak etməməsini üzrlü hesab etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq 25 dekabr 1991-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları,qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi xidmət haqqında” Əsasnamə:
16. Həqiqi hərbi xidmətin başlanğıcı aşağıdakı günlər sayılır: a) əsgərlərin, matrosların və çavuşların müddətli həqiqi hərbi xidmətində: [13] çağırışçılar üçün — hərbi hissəyə (hissələrə, gəmilərə, hərbi təhsil müəssisələrinə, Silahlı Qüvvələrin qərargahlarına, idarələrinə, müəssisələrinə və təşkilatlarına) göndərilmək üçün hərbi komissarlığa gəldikləri gün; intizamsızlığa, oxumaq istəmədiyinə və müvəffəqiyyətsizliyinə görə hərbi təhsil müəssisələrindən xaric edilən kursantlar üçün — hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olmaq haqqında əmr imza edilən gün; b) əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidmətində: müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün — müddətdən artıq həqiqi hərbi xidmətə daxil edilmə və vəzifəyə təyin olunma haqqında əmr imza edilən gün; hərbi vəzifəlilər və qadınlar üçün — hərbi komissarlığın sərəncamında göstərilmiş xidmət yerinə gedilən gün;
20. Hərbi xidmətin sonu aşağıdakı günlər sayılır: bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün — onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün;
“Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-). Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi: Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarınınverilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 7-ci yarımbənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılovvə Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. 2-ci bənd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. 3-cü bənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir...
İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonraqiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü
Apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apelyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur.
Apellyasiya məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciəti müsbət həll edilmədiyindən hazırkı tələblə məhkəmədə iddia qaldırmış və birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmədiyindən qərardan apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iddiaçıya məxsus xx.xx.1989-cu il tarixdə verilmiş НЗ ******* nömrəli hərbi biletdə onun xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək N saylı hərbi hissədə xidmət etməsi barədə qeyd vardır. Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2004-cü il tarixli 11 saylı qərarı ilə İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı travma və yaralanma – diaqnoz “Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı vegetative damar davamsızlığı ilə keçən uzaq nəticələr, mərkəzi sinir sisteminin funksiyasının pozulmaması ilə. Ənsə, sol kürək və qoltuqda nahiyələrin qəlpə yaralanmasından sonrakı çapıqlar” nə səbəbə ki, xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Şəmkir Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunmuşdur (Şəmkir RMX-nın xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, MN Arxivinin xx.xx.2003-cü il tarixli 26/2-138 saylı arayışı, Şəmkir RHK-nın xx.xx.2003-cü il tarixli 132 saylı arayışı, Gəncə hərbi prokurorluğunun xx.xx.2002-ci il tarixli amnistiya haqqında qərarı)”-nın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivin xx.xx.2003-cü il tarixli 26/2-138 nömrəli məktubunda qeyd edilmişdir ki, Gəncə hərbi prokurorluğunun xx.xx.2002-ci il tarixli qərarına və Şəmkir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2002-ci il 140 nömrəli aktına əsasən, Şəmkir RHK-dan çağırılmış İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək N saylı hərbi hissədə xidmətdə olmuş və xx.xx.1992-ci il tarixdə sol çiyin kürək nahiyəsindən qəlpə yarası almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli 1148 nömrəli cavab məktubunda bildirilmişdir ki, N () nömrəli hərbi hissə komandirinin aprel-dekabr 1993-cü il, N nömrəli hərbi hissə komandirinin yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar edilməmişdir. Qeyd edilir ki, N nömrəli hərbi hissə komandirinin 1992-ci il, yanvarmart 1993-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2024cü il tarixli 3-17-4/2-19166/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının 0346003AAQZ5, 0346003AAVZT və U00107549RFİ nömrəli göndərişləri və müraciəti əsasında müvafiq olaraq xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə Agentlikdə qəbulda olmuş və ona əlilliyin təyin edilməsindən imtina edilmişdir. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətinə həmin orqanın xx.xx.2024-cü il tarixli 2/2-2146 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, döyüş əməliyyatları aparılan dövrdə N nömrəli hərbi hissənin tərkibində xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək xidmət təsdiqlənir, lakin sonuncu tarixdən sonrakı hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Həmçinin məhkəmə kollegiyasına cavab olaraq göndərilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı Gəncə Hərbi Prokurorluğunun xx.xx.2002-ci il tarixli, HP-15/468 nömrəli məktubuna əsasən barəsində cinayət işin başlanılması rədd edildiyi üçün xx.xx.2002-ci il tarixdə keçmiş Şəmkir rayon hərbi komissarlığı tərəfindən hərbi qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixdə ehtiyatda olmağın son yaş həddinə çatması ilə əlaqədar istefaya keçirilmişdir. İş materiallarından göründüyü kimi İddiaçı qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar olunmamışdır. Belə ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsidir. Artıq oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də ondan ibarətdir ki, qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə, müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Başqa sözlə, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. Bundan başqa, nəzərə almaq lazımdır ki, şəxsin hərbi hissədə hərbi xidmətdə olma faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunmasını ehtiva edir. Məhkəmə kollegiyası qeyd edir ki, qanuni əsaslarla ehtiyata buraxılması işə əlavə olunmuş sənədlərlə təsdiqini tapmamışdır. İddiaçı özü də hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılmasını təsdiq edəcək mötəbər sənəd məhkəməyə təqdim etməmişdir. Həmçinin iş materiallarından görünür ki, Gəncə Hərbi Prokurorluğu tərəfindən xx.xx.2002-ci il tarixdə İddiaçı barəsində amnistiya aktına əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının “Veteranlar haqqında” Qanununun 3-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1997-ci il tarixli “Hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət müstəqilliyi günü münasibətilə” amnistiya qərarına əsasən cinayət məsuliyyətindən azad edilmiş və xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əlilliyi qiymətləndirilmiş və “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq hər üç halda iddiaçı barəsində diaqnozun əlillik əlaməti təyin etməməsi haqqında qərar qəbul edilmişdir. Beləliklə, hazırkı mübahisəyə münasibətdə hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılması (tərxis olunması) şərti iddiaçı tərəfindən ödənilməmişdir. İddiaçı özü də apellyasiya şikayətində qeyd etmişdir ki, “xəstəxanada yatmağı ilə bağlı, eləcə də 1994-cü ilin may ayında atəşkəs olduğundan yenidən döyüşlərə qatılmamışdır”. Göründüyü kimi iddiaçı özü də apellyasiya şikayətinin dəlillərində bu halı etiraf etmişdir. Bu baxımdan iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun sayılmalıdır. Yuxarıda qeyd olunan normaların tələblərini önəçəkən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvinə əsas vermir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2279/2024 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.