Məhkəmə qərarları › İş №2-1(104)-114/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-114/2025

04.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-114/2025 04.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) qarşı iş üzrə QƏRARİ Açar sözlər: Mənzilin özəlləşdirilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) qarşı “mənzilin özəlləşdirilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-922/2024 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin verdiyi xx.xx.1990-cı il tarixli, 181 nömrəli talon orderindən məlum olur ki, ünvan 7 ünvanında yerləşən mənzili tutmaq hüququ İddiaçı və ailə üzvlərinə verilmişdir.

2. 1 saylı Gəncə regional “Asan xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 05/09İS/123482-23 nömrəli arayışında göstərilmişdir ki, “Vətəndaşlıq vəzihyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.1959-cu il təvəllüdlü İddiaçı aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: Əri (arvadı) – X14 (xx.xx.1953); Oğlu – X11 (xx.xx.1979).

3. Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışına əsasən İddiaçı, X14 və X4 şəhəri, DOS-6, ev 47 ünvanında qeydiyyatdadır.

4. X11 xx.xx.2023-cü il tarixli ərizəsində ünvan 1 ünvanda yerləşən evin İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmişdir.

5. Azərbaycan Respublikası Dövlət X8 xx.xx.2023-cü il tarixli, 3-48-DA-4F/2-O- 1178//8/2023 nömrəli məktubunda göstərilmişdir ki, X9 tərəfindən verilmiş mənzillərin orderləri X15 Filialına təhvil verilməmişdir. Bu səbəbdən sorğunun müsbət cavablandırılması mümkün olmamışdır.

6. Gəncə rayon Mənzil İstismar İdarəsi 2 nömrəli Mənzil-İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 229 nömrəli arayışından məlum olur ki, İddiaçı həqiqətən ünvan 2 ünvanında yaşayır.

7. İddiaçı ünvan 3rilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş və İdarənin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, qeyd olunan mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məxsus xidməti mənzil olduğu üçün həmin mənzilin özəlləşdirilməsi qanunamüvafiq hesab edilmir.

8. Məhkəmənin sorğusuna Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin xx.xx.2023cü il tarixli, 5446 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı yaşadığı ünvan 7 ünvanı Müdafiə Nazirliyinin balansındadır və mənzilin yerləşdiyi hərbi şəhərcik açıq hərbi şəhərcik statusuna malikdir.

9. Məhkəmənin sorğusuna Gəncə Rayon Mənzil-İstismar Hissəsinin xx.xx.2023-cü il tarixli, 1421 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gəncə şəhəri, DOS-6 nömrəli hərbi şəhəcik, 47 ünvanında yerləşən evə Gəncə rayon Mənzil-İstismar hissəsi tərəfindən xx.xx.1990-cı il tarixli 181 nömrəli order verilmiş və orderə əsasən vətəndaş İddiaçı adına şəxsi hesab açılmışdır.

10. Məhkəmənin sorğusuna Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinin xx.xx.2024-cü il tarixli, 1316 nömrəli cavab məktubunda bildirilmişdir ki, sözügedən mənzil Müdafiə Nazirliyinin balansındadır və İddiaçı verilmiş order daimi orderdir və həmin mənzilin xüsusi təyinatlı yaşayış fondundan çıxarılması üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməmişdir.

11. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə Rayon Mənzil-İstismar Hissəsinin xx.xx.2025-ci il tarixli, 168 nömrəli məktubundan görünür ki, İddiaçı yaşadığı ünvan 7 ünvanında yerləşən mənzil xx.xx.1990-cı ildə 181 nömrəli xidməti orderə əsasən Gəncə rayon Mənzil-İstismar hissəsi tərəfindən təmin olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə ünvan 6 ünvanda yerləşən mənzilin onun adına keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Tələb onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Novaİvanovka kəndində yaşamışdır. Erməni faşistlərinin 1990-cı ildə yaşadıqları kəndə ağır artilleriya zərbələri nəticəsində kənd sakinləri məcburi köçürülmüşdür. Düşmənin ağır artilleriya zərbələri nəticəsində əmisi Həsən Orucov və onun azyaşlı nəvəsi şəhid olmuşdur. Həmin dövrdə ailə üzvüləri ilə birlikdə bir müddət Gəncə şəhərində atasıgildə müvəqqəti məskunlaşmışlar. Müvəqqəti məskunlaşdıqları ev darısqal olduğundan məcbur qalıb Gəncə şəhərində ev almaq qərarına gəlmişlər. Qardaşı onların qonşularında ev satıldığını bildirmişdir. O və həyat yoldaşı Arif Orucov ilə birlikdə Gəncə şəhəri (Kirovabad) DOS-6, ev 47 saylı binanın 1-ci mənzilində yerləşən və ümumi sahəsi 25.6 kv.m olan mənzili almaq üçün baxmağa getmişlər. Qeyd olunan ünvanda yerləşən mənzilin sahibi rus əsilli Fedor Fedoroviç və onun həyat yoldaşı rus əsilli Polina Yemelyanovna ilə görüşərək mənzili onlara satmaqlarına dair ümumi razılığa gəlmişlər. Ümumi razılıq əsasında qonşuları X3, X2, X7 və X6 şahid qismində iştirakı ilə mülkün sahibi Fedor Fedoroviçə 12.000 (on iki min) rubl məbləğində pul ödəyərək mənzili almışlar. Dediklərini yuxarıda qeyd etdiyi şəxslər məhkəmə iclasında təsdiq edə bilərlər. O və ailə üzvləri 33 ilə yaxındır ki, həmin ünvanda yaşamaqla yanaşı həmin mənzildə kommunal xərclər (qaz, işıq və su pulu) ailə üzvlərinin adına qeydiyyata alınaq tərəflərindən ödənilir. İddiaçı olaraq o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə rəsmi müraciətinə baxılmışdır. Müraciətinə cavab olaraq bildirilmişdir ki, ərizəyə əlavə edilmiş sənədlərin mənzilin özəlləşdirilməsi üçün əsas olmadığı, belə ki, ünvan 7 ünvanında yerləşən mənzilin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsus xidməti mənzil olduğu müəyyən edilmişdir və ərizənin icrasından imtina edilmişdir. Onu da qeyd edir ki, həmin binada qonşuluqda yerləşən mənzillər özəlləşdirilmişdir. Bu barədə aidiyyəti üzrə dövlət orqanlarına müraciət etsə də, onun məsələsinə qanunla edilmiş qaydada baxılmır və o get-gələ salınaraq konstitusion hüquqları pozulur. Bir vətəndaş olaraq çox narahatdır, ona görə də yeganə ümid yeri olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2-1(114)-4762/2023 saylı qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi adı cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

15. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 7 ünvanında yerləşən mənzilin onun adına özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

16. Sonradan iddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 7 ünvanında yerləşən mənzilin onun adına özəlləşdirilməklə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.

17. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

18. Gəncə İnzibati Məhkəməsinin (hakim G.Əliyeva) xx.xx.2024-cü tarixli, 2-1(114)- 922/2024 saylı qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.

19. Məhkəmə hesab etmişdir ki, Gəncə şəhəri, DOS-6 ünvanında yerləşən 47 nömrəli mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xidməti mənzil sahəsi kimi xüsusi təyinatlı mənzil fonduna aid olduğundan və qanunvericilik normalarına əsasən xidməti mənzillərin özəlləşdirilməsi yol verilməzdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

20. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024cü tarixli, 2-1(114)-922/2024 saylı qərarının ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan bütün hallar araşdırmamışdır. Belə ki, hazırda qüvvədə olan Azərbaycan Respublikası MM-nin 178.6-cı maddəsində nəzərdə tutulan 30 illik əldəetmə müddətinin məhz Mülki Məcəllənin qüvvəyə mindiyi tarixdən, yəni 2000-ci ildən sonra yaranan münasibətlərə şamil edilməsinə dair qanunvericilikdə heç bir məhdudiyyət yoxdur. Məhkəmə araşdırılması tam hərtərəfli aparılmadığı üçün məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyildir. Hesab edir ki, Mülki Məcəllənin 2005-ci il 24 iyun tarixinədək qüvvədə olan 179.1-ci maddəsində nəzərdə tutulmuş əldəetmə müddətinin Mülki Məcəllənin qüvvəyə minməsi tarixindən etibarən hesablanmasına dair Konstitusiya Məhkəməsinin mövqeyi şəxsin istifadə hüququnun mövcud olduğu əvvəlki illərin ümumən nəzərə alınmaması anlamına gəlmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsivə bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin təhlilindən görünür ki, həmin Məcəllənin 179-cu maddəsinin müddəalarının hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən əvvəlki müddətlərə şamil edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-922/2024 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X5 birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

25. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8.0.2 və 8.0.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı, qanunvericiliklə müəyyən edilmiş digər sənədlər və qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar hesab olunur.

27. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsi: Maddə 6. Yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçün, habelə müəyyən edilmiş qaydada xidməti yaşayış sahələri və yataqxanalar kimi istifadə olunmaq üçündür. Maddə 48. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Maddə 100. Xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. Maddə 103. Xidməti yaşayış sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir. Qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir. Xidməti yaşayış sahəsini tutmaq üçün orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir.

28. Qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 91.3. Sosial və xüsusi təyinatlı mənzil sahələrinin özəlləşdirilməsinə yol verilmir. Maddə 92. Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir.

29. “Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi haqqında” Qanun: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerləri mülkiyyətçilərin ümumi mülkiyyətinə verilir. Maddə 6. Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən kec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Maddə 9. İkinci hissəsinə əsasən vətəndaş saxta sənədlər, təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

31. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

32. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

33. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

34. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

35. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

36. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

37. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

38. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

39. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

40. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

41. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

42. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, iddiaçının apelyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. İşin faktiki halları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin verdiyi xx.xx.1990-cı il tarixli, 181 nömrəli orderi ilə ünvan 7 ünvanında yerləşən mənzili tutmaq hüququ İddiaçı və ailə üzvlərinə verilmiş, həmin orderə əsasən vətəndaş İddiaçı adına şəxsi hesab açılmışdır. Həmin tarixdən həmin mənzil iddiaçının istifadəsindədir. İddiaçı sözügedən mənzilin adına özəlləşdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan isə mənzilin xidməti mənzil kimi Azəbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olduğunu əsas gətirərək, hüquqların qeydiyyatından imtina etmişdir.

46. Göründüyü kimi, mübahisəli mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansındadır və xidməti mənzil fonduna aiddir. Məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı yaşadığı ünvan 7 ünvanında yerləşən mənzil ona xidməti order əsasında istifadəsinə verilmiş və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xidməti mənzil sahəsi kimi xüsusi təyinatlı mənzil fonduna aiddir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, mənzilin yerləşdiyi hərbi şəhərciyin açıq hərbi şəhərcik olması onun təyinatını dəyişdirmir, yəni xüsusi təyinatlı mənzilin özəlləşdirilməsinə əsas vermir.

48. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın 1.8-ci bəndinə görə, yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir.

49. Beləliklə aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən ünvanda yerləşən yaşayış sahəsi xidməti mənzildir. Mənzil qanunvericiliyinin tələbinə əsasən, xüsusi təyinatlı mənzil sahələrinin özəlləşdirilməsinə yol verilmir. Odur ki, məhkəmə kollegiyası iddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsinin hüquqi mövqeyini əsaslı hesab edir.

50. İddiaçının adı çəkilən hərbi şəhərcikdə bəzi mənzillərin özəlləşdirilməsi ilə bağlı dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bununla bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir.

51. Beləliklə, apellyasiya məhkəməsi yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsi inzibati mübahisəni işin faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin etməklə, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.

52. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-922/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar