Məhkəmə qərarları › İş №2-1(104)-115/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-115/2023

05.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-115/2023 05.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, cavabdehin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, “şəhid ailəsi statusunun verilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2247/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, İşin halları:

1. xx.xx.1965-ci il tarixli, AZ 663921 nömrəli “doğum haqqında” şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə Kəlbəcər rayonunda doğulmuş, ata qrafasında X10, ana qrafasında X4 yazılmışdır.

2. xx.xx.1997-ci il tarixli Kəlbəcər Rayon Xalq Məhkəməsinin qətnaməsindən görünür ki, X2 və X3 xx.xx.1993-cü il tarixdə Kəlbəcər rayonun Ağqaya kəndi ərazisində erməni quldurları tərəfindən öldürülmələri faktı müəyyən edilmişdir.

3. AZ-İİ 269596 nömrəli, xx.xx.2022-ci il tarixli “ölüm haqqında” şəhadətnamədən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə ölmüşdür.

4. AZ-1 232379 nömrəli, xx.xx.2007-ci il tarixli “ölüm haqqında” şəhadətnamədən görünür ki, X10 xx.xx.1993-cü il tarixdə ölmüşdür.

5. AZ 089766 nömrəli, xx.xx.2002-ci il tarixli “ölüm haqqında” şəhadətnamədən görünür ki, X11 xx.xx.1993-cü il tarixdə ölmüşdür.

6. Cavabdeh başçısı aparatının xx.xx.2022-ci il tarixli, 3263 nömrəli məktubundan görünür ki, İddiaçı şəhid ailəsi statusunun verilməsinə dair müraciətinin təmin edilməsindən “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən imtina olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı Cavabdeh başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri işə işin təşkili şöbəsinə qarşı Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona şəhid ailəsi statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İ Qarabağ müharibəsində xx.xx.1993-cü il tarixdə Kəlbəcər rayonunun Ağqaya ərazisində erməni quldurları atası X5 və qardaşı X8 vəhşicəsinə öldürmüş, atası və qardaşı şəhid olmuşdur. Ölüm faktının müəyyən edilməsi ilə bağlı Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.1997-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi vardır və anası X4 cavabdeh tərəfindən şəhid ailəsi kimi tanınmışdır. Anası xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İddiaçı anasının ölümündən sonra ona şəhid ailəsi statusu verilməsini xahiş etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir.

9. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh əsl Cavabdeh ilə əvəz edilmişdir.

10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2247/2022 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı atası X2 şəhid olduğu zaman iddiaçının 28 yaşı olmuşdur. Yuxarıda qeyd edilən normalardan görünür ki, yalnız şəhidin 18 yaşına çatmamış və 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları şəhid ailəsinin üzvü hesab edilirlər. Buna görə də iddiaçı atası X6 münasibətdə şəhidin ailə üzvü hesab edilə bilməz. Məhkəmə iddiaçının qardaşı X7 münasibətdə qeyd edir ki, iddiaçının qardaşı da şəhid olan zaman onun 28 yaşı olmuşdur. Qanunvericilik qardaş və bacıların şəhid ailəsi üzvü hesab edilməsinin konkret dairəsini müəyyənləşdirmişdir. Belə ki, şəhidin yalnız uşaq evində tərbiyə olunan bacı və qardaşlar şəhid ailə üzvü hesab edilə bilər. Qeyd olunan əsasla iddiaçı qardaşı X7 münasibətdə də şəhidin ailə üzvü hesab edilə bilməz.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2247/2022 nömrəli qərarının ləğv edilməsini və iddia ərizənin təmin olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsi ilə eynilik təşkil etmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Apellyasiya şikayətinə qarşı tərəfin etiraz daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, şikayətin təmin olunmasını xahiş etdi.

16. Cavabdehin nümayəndəsi X9 məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etdir.

Tətbiq edilən hüquq:

17. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

18. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu:

1. Şəhid və şəhid ailəsi anlayışı. Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”:

1. Şəhid anlayışı. 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

2. Şəhid ailəsi 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

21. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir.

22. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

23. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

24. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanunun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır.

25. Hazırkı mübahisəyə münasibətdə iddiaçının iddia qaldırmaq səlahiyyətinə (subyektiv hüquqa) malik olması işdə olan sübutlarla təsdiq olunmur. Belə ki, iddiaçı 27 mart 1993-cü il tarixdə şəhid olmuş atası X6 və qardaşı X7 görə ona şəhid ailəsi statusunun verilməsini xahiş etmişdir.

26. İşin hallarından görünür ki, iddiaçı xx.xx.1965-ci il təvəllüdlü olmaqla, atası və qardaşı şəhid olduğu tarixdə-27 mart 1993-cü ildə 28 yaşı olmuşdur.

27. İş materiallarında olan 010621 rnömrəli vəsiqənin surətindən məlum olur ki, İddiaçı ikinci qrup əlildir.

28. Qeyd olunan dəlillə bağlı məhkəmə sorğusu əsasında əldə edilmiş sənədlərdən görünür ki, İddiaçı əlilliyi ilk dəfə xx.xx.1996-cı ildə qiymətləndirilmiş, ona ümumi xəstəliyə görə ikinci qrup əlillik təyin olunmuş, əlilliyi 18 yaşınadək müəyyən edilməmişdir.

29. Belə olan halda nəzərə almaq lazımdır ki, hazırkı qərarın 18-19-cu bəndlərində qeyd edilən normalara əsasən yalnız şəhidin 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları (peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), habelə, uşaq evlərində olan qardaş və bacıları şəhid ailəsi hesab olunurlar. Yəni iddiaçı qanunla müəyyən edilən tələblərə cavab vermir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia etməsi üçün, ən azından həmin hərəkətin (hərəkətsizliyin) onun hüquqlarını pozma ehtimalı mövcud olmalıdır. Lakin hazırkı mübahisəyə münasibətdə iddiaçı şəhid ailəsi hesab edilməsi üçün qanunla müəyyən edilən yaş həddində olmamış, onun qardaşı və atası şəhid olarkən 28 yaşı olmuş, əlliyi 18 yaşınadək təyin edilməmiş, qardaşına münasibətdə uşaq evində böyüməmişlər. Beləliklə iddiaçının şəhid ailəsi hesab edilməsi ilə bağlı hüquqlarının pozulması ehtimalının mövcudluğu istisna olunur.

31. Odur ki, birinci instansiya məhkəməsinin qərarı iddianın mümkünlük şərtlərinin müəyyən edilməməsi səbəbindən ləğv edilməli, yeni qərardad qəbul edilməklə iddia tələbi mümkün sayılmamalıdır.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı,

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2247/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı şəhid ailəsi statusunun verilməsi tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar