Məhkəmə qərarları › İş №2-1(104)-117/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-117/2023

01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-117/2023 01.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Əliyev Rafiq Çingiz oğlunun katibliyi, İddiaçı vəkili X4 və cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-87/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından cavabdeh Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, inzibati orqanın qanunsuz hərəkəti nəticəsində ona məxsus ünvan 1 ünvanda yerləşən mağazanın (qeyri-yaşayış obyektinin) uçurulması nəticəsində dəymiş 500.000 manat maddi zərərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili X7 ərizə ilə məhkəməyə müraciət edərək Gəncə şəhər İcra Hakimiyyətinin əlavə cavabdeh qismində məhkəmə icraatına cəlb edilməsini və vurulmuş ziyanın müştərək qaydada cavabdehlər tərəfindən ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2020- ci il tarixli qərardadı ilə Gəncə şəhər İcra Hakimiyyəti cavabdeh qismində məhkəmə icraatına cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-14/2021 nömrəli qərarı ilə İddiaçı cavabdehlər Gəncə şəhər İcra Hakimiyyətinə və Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinə (Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(104)-408/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-14/2021 nömrəli qərarı ləğv edilmiş və İddiaçı cavabdehlər Gəncə şəhər İcra Hakimiyyətinə və Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinə (Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair inzibati iş yenidən baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi X7 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, tərəf olaraq Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətini Gəncə Şəhər İcra Hakimiyyəti ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş və xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Bundan sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi X7 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Gəncə Şəhər İcra Hakimiyyətindən və Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətindən 500.000 (beş yüz min) manat dəymiş maddi zərərin tutulmasına dair qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2022ci il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-87/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə (hakim E.Axundov) iddianın qismən təmin edilməsi, cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətindən 350.400 (üçü yüz əlli min dörd yüz) manat məbləğində maddi ziyanın tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat pulun cavabdehdən alınaraq SAP (XİİS), X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab № AZ34CTRE ******************** hesaba keçirilməsi qərara alınmışdır. Cavabdeh Gəncə şəhər İcra Hakimiyyəti apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-87/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarını ləğv edib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin hallari: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində ünvan 1 ünvanda mağaza olmuşdur. Həmin mağazanı Dövlət Əmlakının özəlləşdirilməsi proqramına uyğun olaraq almış və qeyd olunan mağazanı icarəyə verərək ailəsinin maddi təminatını həyata keçirmək istəmişdir. Həmin mağaza 2018-ci ilin yaz aylarında cavabdeh Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyətinin qanunsuz tapşırığı əsasında dağıdılmışdır. Onun tərəfindən həmin mağazanın dağıdılmasının qanunsuzluğu barədə dəfələrlə cavabdehə xəbərdarlıq edilsə də, onun xəbərdarlığına məhəl qoyulmamışdır. Mağazanın hansı əsasla dağıdılması barədə ona heç bir məlumat və qanuni əsas bildirilməmişdir. İş üzrə cavabdeh Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin qanunsuz hərəkətləri nəticəsində mağazanın dağıdılması ilə bağlı ona ümumilikdə 500.000 manat maddi zərər vurulmuşdur. Belə ki, ona məxsus olan mağaza əvvəlcə cavabdehin sərəncamı və tapşırığı əsasında yenidən qurulmuş və quruculuq işlərinə xeyli miqdarda vəsait xərclənmişdir. Həmin tikilinin sahələri iddia ərizəsinə əlavə etdiyi sərəncamda və sənədlərdə öz əksini tapmışdır. Sonradan isə ona məxsus olan qeyd etdiyi mağaza əsassız olaraq uçurulmuşdur. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdeh Gəncə şəhər İcra Hakimiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işi tam və hərtərəfli araşdırmamış, işə yalnız iddiaçının təqdim etdiyi sənədlərə istinadən baxaraq qərar qəbul etmişdir. İddiaçıya məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı bir qərar verilməmiş, söküntü işləri aparılmamışdır. Həm iddiaçı öz iddia ərizəsində, həm də birinci instansiya məhkəməsi qərarının əsaslandırma hissəsində qeyd ki, qeyri-yaşayış sahəsi Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti tərəfindən sökülmüşdür və dolayı yolla o nəticəyə gəlinir ki, guya rayon icra hakimiyyəti bu əməli Gəncə Şəhər İcra Hakimiyyətinin tapşırığı əsasında həyata keçirib, halbuki bunu təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim olunmayıb. Cavabdeh qismində Gəncə Şəhər İcra Hakimiyyətinin cəlb edilməsi və kompensasiyanın İcra Hakimiyyətindən tələb edilməsi qanunauyğun hesab edilə bilməz, hərəkətlə nəticə arasında səbəbli əlaqə mövcud deyildir, çünki vurulmuş zərərin yaranmasının əsasında cavabdeh şəxsin təqsirli hərəkəti dayanmalı və məsuliyyət də bu təqsirə görə yaranmalıdır. Məhkəmə qərannda söküntünün cavabdeh tərəfindən həyata keçirildiyini vurğulasa da, buna dair iş materiallarında hər hansı mötəbər sübut mövcud deyildir. Birinci instansiya məhkəməsi qərarında dəfələrlə vətəndaşa məxsus daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması qaydalarına istinad etsə də, həmin əmlakın dövlət ehtiyacları üçün alındığmı nə cavabdeh tərəf, nə də ki iddiaçı tərəf qeyd etməmişdir. Belə olan halda cavabdeh qismində Gəncə Şəhər İcra Hakimiyyətinin cəlb edilməsi və kompensasiyanın Gəncə Şəhər İcra Hakimiyyətindən tələb edilməsi qanunauyğun hesab edilə bilməz. Buna görə də, hesab edir ki, qərar ləğv edilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X7 apellyasiya şikayətinə etiraz edərək həmin şikayətin rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin göstərdi ki, qeyd olunan ünvandakı qeyri-yaşayış binası alındıqdan sonra 2007-2008-ci illərdə həmin qeyri-yaşayış binası sökdürülərək yerində bir mərtəbəli qeyri-yaşayış binası inşa etdirilmiş, daha sonra isə ikinci mərtəbəsi də inşa etdirilmiş və tikinti işləri 2017-ci ildə başa çatdırılmışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı cavabdehin nümayəndəsini və iddiaçının vəkilini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tədqiq edib, iş üzrə toplanmış sübutları hərtərəfli araşdıraraq belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-87/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli və iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmalıdır. Apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı kollegiya qeyd edir ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur, ona görə də qəbul edilə bilən hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, torpaq sahəsinin alınmasına dair qanuna müvafiq qaydada qərar qəbul edilmədiyindən iddiaçının mülkiyyətindən məhrum edilməsi qanunsuz olmuşdur. Belə ki, cavabdehin sözügedən torpaq sahəsində abadlıq işlərinin aparılmasına dair göstərdiyi dəlillərin qanunla müəyyən edilmiş əsasları olmamış və qanunda tələb edildiyi kimi Nazirlər Kabineti tərəfindən torpaq sahəsinin alınmasına dair heç bir normativ akt qəbul edilməmişdir. Hazırki işdə iddiaçının mülkiyyətindən məhrum edilməsi zamanı qanunla nəzərdə tutulmuş şərtlərin heç birinə əməl olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh iddiaçının şikayətinə baxmayaraq həmin qanunvericilik aktlarının tətbiq olunması məsələsini ümumiyyətlə müzakirə etməmiş, məhkəməyə təqdim etdiyi etiraz ərizəsində iddiaçıya məxsus əmlakın cavabdeh tərəfindən sökülmədiyini göstərmişdir. Həmçinin “Yerli İcra Hakimiyyəti haqqında” əsasnamənin müddəalarına əsasən rayon ərazisində abadlıq və yaşıllaşdırılmaların aparılması şəhər rayonlarının icra hakimiyyəti başçılarının səlahiyyətinə aid edilməmişdir. Hazırki işdə müdaxilə qanunla nəzərdə tutulmuş şərtlərə uyğun şəkildə həyata keçirilməmişdir. İddiaçı öz mülkiyyətindən cavabdehin hərəkəti nəticəsində qanunsuz olaraq məhrum olunmuşdur və iddiaçı öz mülkiyyətindən məhrum edildiyinə görə kompensasiya hüququna malikdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən aşağıdakılara istinad etmişdir: - Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2006-cı il tarixli 000420 qeydiyyat nömrəli şəhadətnamə - həmin şəhadətnamədən görünür ki, ünvan 1 ünvanda yerləşən mağaza (ümumi sahəsi 94,8 kv.m.) İddiaçı satılmışdır. - Azərbaycan Respublikası Auditorlar Palatası Gəncə şəhər Auditor Təşkilatı tərəfindən aparılmış X6 məxsus Hacıkənd qəsəbəsində yerləşən obyektin qiymətləndirilməsinə dair rəy – həmin rəydən görünür ki, qeyd edilən obyektin xx.xx.2012ci il tarixə uyğun olaraq bazar dəyəri 350 400 (üç yüz əlli min dörd yüz) manat təşkil edir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********50 nömrəli məktubu – həmin məktubdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsi, 162/167 ünvanda yerləşən mağazanın özgəninkiləşdirilib-özgəninkiləşdirilməməsinə dair 3 saylı Gəncə Ərazi İdarəsinə hər hansı rəsmi sənəd daxil olmamışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsində yerləşən 94.8 kv.m. qeyriyaşayış bina İddiaçı məxsusdur, lakin həmin qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi (0.0129 ha) dövlət mülkiyyətindədir. - Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 03/359 nömrəli məktubu – həmin məktubdan görünür ki, Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti tərəfindən Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsində hər hansı tikinti-söküntü, abadlıq və quruculuq işləri aparılmamış və bu barədə heç bir normativ akt (sərəncam) olmamışdır. - Gəncə şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 03/771 nömrəli məktubu – həmin məktubdan görünür ki, Gəncə şəhər İcra Hakimiyyəti və onun tabeli qurumları tərəfindən tərəfindən Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsində tikinti-söküntü, abadlıq və quruculuq işlərinin aparılmasına dair hər hansı akt verilməmişdir. - Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 03/467 nömrəli məktubu – həmin məktubdan görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən obyektdə və ya torpaq sahəsində Kəpəz rayon İcra Hakimiyyəti başçısı Aparatının işçiləri tərəfindən hər hansı söküntü işləri aparılmamış və bu barədə heç bir tapşırıq və ya normativ akt (sərəncam) olmamışdır. - Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 1651 nömrəli sərəncamı – həmin sərəncamdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsində aparılan abadlıq və quruculuq işləri ilə əlaqədar X5 məxsus mağazanın yenidən qurulması ilə əlaqədar inşa edilmiş ümumi sahəsi 135,8 kv.m. olan, o cümlədən yaşayış sahəsi 73,1 kv.m., satış zalı 139,6 kv.m., həyət tikililəri 22,5 kv.m. olan tikililərin qeydiyyata alınması və İddiaçı istifadəsində olan 314 kv.m. torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunan sənədlərdən göründüyü kimi cavabdeh iddiaçının əmlakından məhrum edilməsinin qanunun tələblərinə müvafiq olduğunun yoxlanılmasına heç bir səy göstərməmişdir. Halbuki, “Yerli İcra Hakimiyyəti haqqında” Əsasnamənin 4.16.3-cü maddəsinə əsasən xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək yerli icra hakimiyəti başçısının səlahiyyətlərinə aid edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması); 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Kollegiya həmçinin qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2006-cı il tarixli 000420 qeydiyyat nömrəli şəhadətnamədən görünür ki, ünvan 4 ünvanda yerləşən mağaza (ümumi sahəsi 94,8 kv.m.) 1301 (bir min üç yüz bir) manata İddiaçı satılmışdır. İşdəki sənədlərdən eləcə də görünür ki, iddiaçıya qanuni əsaslarla satılmış ünvan 4 ünvanda yerləşən mağaza binasının yerləşdiyi 129,0 kv.m torpaq sahəsi dövlət mülkiyyətində olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********06- 06301, qeydiyyat tarixi xx.xx.2019-cu il olan çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsində 0,0129 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsində yerləşən sahəsi 94,8 kv.m olan qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Kollegiya qeyd edir ki, iddiaçı iddia ərizəsində mülkiyyətində ünvan 1 ünvanda yerləşən mağazanın olduğunu qeyd etmiş olsa da, iddia ərizəsinə əlavə etmiş olduğu Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2006-cı il tarixli 000420 qeydiyyat nömrəli şəhadətnamədə iddiaçıya Azərbaycan küçəsi, 162/267 saylı mağazanın satıldığı göstərildiyinə görə iddia ərizəsindəki 162/167 qeydini texniki səhv kimi qəbul edir. Məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, iddiaçıya məxsus qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsi iddiaçının özü tərəfindən uçurdulmuş, əvəzində daha böyük ölçüdə qarışıq təyinatlı (birinci mərtəbəsi mağaza, ikinci mərtəbəsi yaşayış evi) yeni bina inşa etdirilmişdir ki, onun da tikintisi 2017-ci ildə başa çatdırılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunmasıüçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratınıöz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü шəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Mülki Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Mülki Məcəllənin 560.3-cü maddəsinə əsasən hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: - qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi (maddə 560.3.1.); - şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi (maddə 560.3.2.); Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçı mülkiyyətçisi olduğu ünvan 4 ünvanda yerləşən mağazanın uçurdulması (sökülməsi) nəticəsində ona vurulmuş zərərin əvəzinin ona ödənilməsini xahiş edir. İşin məhkəmə iclasında müəyyən olunan hallarından isə görünür ki, mülkiyyətində olmuş ünvan 5 ünvanda yerləşən sahəsi 94,8 kv.m olan mağaza binasını iddiaçı özü sökdürmüşdür və hazırkı iddia tələbi də həmin mağaza binasının uçurulmasına görə ona dəymiş zərərin ödənilməsi ilə bağlıdır. Hazırkı iş üzrə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları - cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri və ya hərəkətsizliyi, həmin hərəkət və ya hərəkətsizlik nəticəsində çəkdiyi zərər, bu zərərin nədə ifadə olunması, maddi zərərlə bağlılığına dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetməmişdir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. Məhkəmə qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkəti nəticəsində vurulması, iddiaçının hüquqi vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur. Göründüyü kimi iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən sökülməsi iş materialları ilə istisna olunur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və yeni qərar qəbul edilərək iddia tələbi rədd edilməli, 100 manat ekspertiza xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Odur ki, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasы İnzibati Prosessual Məcəllənin 68, 69, 82, 83, 86, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutub Qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-87/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin və yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat pul İddiaçı alınaraq SAP (XİİS), X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab № AZ34CTRE ******************** hesaba keçirilsin. Qərardan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilməzsə və ya o geri götürülməzsə, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar