Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-118/2025 09.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-361/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. xx.xx.2022-ci il tarixli SX ******* nömrəli hərbi biletdə aparılmış qeydlərdən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hərbi xidmət keçmişdir.
2. Çağırışçının uçot kartasına əsasən xx.xx.2004-cü il təvəllüdlü İddiaçı həm xx.xx.2019-cu ildə ilkin hərbi qeydiyyata alınan zaman, həm də xx.xx.2022-ci ildə hərbi xidmətə çağırış zamanı şəhadətləndirilən zaman sağlam hesab edilmişdir.
3. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 19N nömrəli əmrindən çıxarışa əsasən İddiaçı 2-ci təlim artilleriya taqımının 3-cü təlim artilleriya divizionunun 7-ci təlim artilleriya batareyasının (82 mm minaatanlar hazırlığı üzrə) 2-ci təlim artilleriya taqımının 3-cü təlim artilleriya manqasının dəyişən heyətin siyahısına daxil edilməsi və bütün növ təminatlara qoyulması, “əsgər” rütbəsi verilməsi və ümumqoşun hazırlığı keçmək üçün təlim taborların siyahısına daxil edilməsi əmr edilmişdir.
4. N nömrəli hərb hissə komandirinin xx.xx.2022-ci il tarixli 276 nömrəli əmrindən çıxarışa əsasən əsgər İddiaçı, 2-ci təlim artilleriya divizionunun 7-ci təlim artilleriya batareyasının (82 mm minaatanlar hazırlığı üzrə) 2-ci təlim artilleriya taqımının 3-cü təlim artilleriya manqasının dəyişən heyətinin 28 sentyabr 2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılması, xidmətlərini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmiş hesab edilməsi əmr edilmişdir.
5. xx.xx.2023-cü il tarixli 131 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı qoyulmuş “Anadangəlmə inkişaf qüsuru. Sol böyrəyin ləyən-sidik axarı seqmentinin strikturası nəticəsində soltərəfli hidronefroz, İİİ (üçüncü) mərhələ, sol böyrəyin ifrazat funksiyasının mülayim dərəcədə pozulması ilə. Tranzitor proteinuriya” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi, “Sol gözün keçirilmiş virus konyuktivitindən sonrakı buynuz qişanın nöqtəşəkilli bulanması nəticəsində görmə itiliyinin 0.8-ə qədər azalması, korreksiya olunmur. Sağ gözün görmə itiliyi 1.0 (vahid) olmaqla” xəstəliyinin səbəb əlaqəsi isə “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyən edilərək, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli əmri ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin 72 “b” maddəsinin İİ qrafasına və ƏTC-yə əsasən Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir.
6. N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli 2499 nömrəli göndərişində diaqnoz “Nut-kraker sindromu, sol böyrəyin terminal mərhələ hidronefrozu, böyrəyin ifrazat funksiyasının pozulması ilə. Sağ böyrəyin ekstrarenal ləyən variantı” kimi müəyyən edilmişdir.
7. N nömrəli hərbi hissənin köçürmə epikrizində İddiaçı diaqnozu “Nut-kraker sindromu, sol böyrəyin terminal mərhələ hidronefrozu, böyrəyin ifrazat funksiyasının pozulması ilə. Sağ böyrəyin ekstrarenal ləyən variantı” kimi qeyd edilmişdir.
8. Xəstəlik tarixindən 1011 nömrəli çıxarışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Müdafiə Nazirliyinin Baş X2 şöbəsində “Anadangəlmə inkişaf qüsuru Sol böyrəyin ləyənsidik axarı seqmentinin strikturası nəticəsində soltərəfli hidronefroz, İİİ (üçüncü) mərhələ, sol böyrəyin ifrazat funksiyasının mülayim dərəcədə pozulması ilə. Tranzitor proteinuriya” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur.
9. xx.xx.2023-cü il tarixli 131 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı qoyulmuş “Anadangəlmə inkişaf qüsuru. Sol böyrəyin ləyən-sidik axarı seqmentinin strikturası nəticəsində soltərəfli hidronefroz, İİİ (üçüncü) mərhələ, sol böyrəyin ifrazat funksiyasının mülayim dərəcədə pozulması ilə. Tranzitor proteinuriya” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi, “Sol gözün keçirilmiş virus konyuktivitindən sonrakı buynuz qişanın nöqtəşəkilli bulanması nəticəsində görmə itiliyinin 0.8-ə qədər azalması, korreksiya olunmur. Sağ gözün görmə itiliyi 1.0 (vahid) olmaqla” xəstəliyinin səbəb əlaqəsi isə “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyən edilərək, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli əmri ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin 72 “b” maddəsinin İİ qrafasına və ƏTC-yə əsasən Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir.
10. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-43/2-M-28xx/xx/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, 2022-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar İddiaçı Xidmətin Ağdam rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan, çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş və xx.xx.2022-ci il tarixdə X6 Dispanserinə əlavə müayinə göndərilmişdir. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin "Xəstəliklər cədvəli"nin İ qrafasının tələblərinə əsasən "hərbi xidmətə yararlıdır" hesab edilmiş və müddətli həqiqi hərbi xidmət keçmək üçün Müdafiə Nazirliyinin hərbi hissəsinə göndərilmişdir. Hərbi xidmət dövründə səhhəti ilə bağlı xx.xx.2023-cü il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndərilmişdir. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin "Xəstəliklər cədvəli"nin İl qrafasına əsasən "sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır" hesab edilmiş və hərbi hissədən vaxtından əvvəl ehtiyata buraxılmışdır. Xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi "Ümumi xəstəlikdir" və "Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" kimi müəyyən edilmişdir. Əlavə olaraq bildirilir ki, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən sığorta hadisələri və ödənişləri baş vermə səbəbindən (hərbi qulluqçu xidmətdə olduğu zaman həlak olduqda, yaralandıqda, xidməti vəzifəsini yerinə yetirərkən xəstələndikdə və s.) asılı olaraq üç il müddətində sığorta olunana əlillik təyin olunduqda verilir. Pensiya təminatı sosial təminat orqanları tərəfindən həyata keçirilir. Əlillik qrupları, əlilliyin, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Bu səbəbdən onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ərazi üzrə tibbi-sosial ekspert komissiyasına müraciət etməyi məqsədəuyğundur.
11. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 3-43-2/2- 1453/2023 nömrəli və xx.xx.2024-cü il tarixli 3-43-2/2-239/2024 nömrəli məktublarında qeyd edilmişdir ki, İddiaçı Ağdam rayon Mərkəzi Xəstəxanasında tibbi müayinə keçən zaman toplanmış müvafiq sənədləri (ultrasəs müayinələrinin nəticələri, döş qəfəsinin flüoqrafiyası, ürəyin elektrokardioqramması, qanın ümumi analizi, sidiyin ümumi analizi və hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilmə kartası – 3 nömrəli qoşma) çağırışçı N nömrəli hərbi hissəyə təhvil verilərkən həmin hərbi hissəyə təqdim edilmişdir. N. N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 1444 nömrəli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu əsgər İddiaçı aid heç bir tibbi arayış və ya şəhadətnamə yoxdur.
13. “Ağdam Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2025-ci il tarixli, 18-1-21/2- 67/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarxində “Ağdam Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsində “Sol tərəfli hidronefroz lll mərhələ” ( XBT N13.1 )diaqnozu ilə qeydiyyatdadır. Həmçinin, İddiaçı “Ağdam Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin e-tebib portalının reysterində qeydə alınmış məlumatlarına əsasən, o, xx.xx.2024- xx.xx.2024-cü il tarixlərində bir neçə dəfə Xəstəxanaya müraciət etmiş, ona “Diaqnoz: Q62.0 – Anadangəlmə hidronefroz, Yanaşı diaqnoz: Z48.0 – Cərrahi sarğılara və tikişlərə qulluq, Diaqnoz: N20.0 – Böyrək daşları, Diaqnoz: Z02.0 – Təhsil müəssisələrinə daxil olma ilə bağlı müayinə, Diaqnoz: B88 – Digər infestasiyalar” diaqnozları təyin edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
14. İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin təqsirli hərəkətləri nəticəsində 8 ay ərzində qanunsuz və əsassız hərbi xidmət keçməsi ilə bağlı sağlamlığına vurulmuş zərərin əvəzi olaraq 50.000 manat məbləğində pulun ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam şöbəsinin çağırış əmri ilə xx.xx.2022-ci ildə hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə göndərilmişdir. Həmin ərizəyə əlavə edilmiş hərbi biletin surətindən görünür ki, xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək N nömrəli və N nömrəli hərbi hissədə hərbi xidmətdə olmuşdur. Ancaq xx.xx.2023-cü ildə MN-nin Baş Klinik Hospitalının rəisinin sərəncamı ilə müayinəyə göndərilmişdir. Müayinə zamanı onda "Nut-krater sindromu, sol böyrəyin terminal mərhələ hidronefrozu, böyrəyin ifrazat funksiyasının pozulması ilə. Sağ böyrəyin ekstrarenal ləyən variantı" ilkin diaqnozu ilə o, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilərək həqiqi hərbi xidmətdən geri qaytarılmışdır. Həmin ərizəyə əlavə edilmiş Hərbi Həkim Komissiyasının xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, o, xəstəliklər cədvəlinin 72b maddəsinin 2-ci qrafası ilə (sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı) bilinməklə ehtiyyata buraxılmışdır. Göründüyü kimi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam şöbəsinin təqsiri nəticəsində, yəni anadangəlmə hərbi xidmətə yararsız olduğu halda hərbi xidmətə çağırılmışdır. Hərbi xidmət zamanı hərbi xidmətə yararsız olduğu müəyyən olunduğu üçün hərbi xidmətdən təxris olunmuşdur. Hospitalın rəisi bu xəstəliyin anadangəlmə olduğunu, bu xəstəliyə görə onun hərbi xidmətə yararsız olduğunu və hərbi xidmətə aparılmağının qanunsuz olduğunu bildirmişdir. Məhz ona bu diaqnoz qoyulduqdan sonra onu hərbi xidmətə qəbul etməkdən imtina etmişlər. Bu xəbəri eşitdikdən sonra çox möhkəm sarsılmışdır. Göründüyü kimi, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin təqsirli hərəkətləri nəticəsində hərbi xidmətə yararsız olduğu halda hərbi xidmətə yararlı hesab edilərək hərbi xidmətə çağırılmış və xx.xx.2022- ci ildən xx.xx.2023cü il tarixədək hərbi xidmətdə olmuşdur. Müayinə zamanı ona qoyulmuş "nut-krater sindromu, sol böyrəyin terminal mərhələ hidronefrozu, böyrəyin ifrazat funksiyasının pozulması ilə Sağ böyrəyin ekstrarenal ləyən variantı" diaqnozunun ciddi xəstəlik olduğunu və daimi müalicəyə ehtiyac olduğunu bildirdilər. Belə olan halda cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinə həmin təşkilatın təqsiri ucbatından sağlamlığıma vurulmuş zərərin əvəzinin ödənilməsini xahiş etmişdir. Ərizəyə əlavə edilmiş cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinə müraciət məktubu və poçt qəbzindən görünür ki, müraciətinə heç bir cavab verilməmişdir. Bu səbəbdən əlacsız qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon Şöbəsinin bu təqsirli hərəkətləri nəticəsində səhhətimə vurulmuş zərərin əvəzi olaraq 50.000 manat pul cavabdehdən alınaraq ona verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.
16. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, itirdiyi vaxta görə 10000 manat maddi və təxris olunduqdan sonra sol böyrəyindən məcburi əməliyyat keçirdiyi üçün 5000 manat mənəvi zərərin ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
17. Cavabdeh iddia tələbinə dair xx.xx.2023-cü il tarixli etiraz təqdim edərək bildirmişdir ki, xx.xx.2004-cü il təvəllüdlü İddiaçı tibbi şəhadətləndirmə zamanı xx.xx.2022ci il tarixdə Ağdam çağırış komissiyası tərəfindən müddətli həqiqi hərbi xidmətə yararlı sayılaraq hərbi xidmətə göndərilmiş, lakin xx.xx.2023-cü il tarixdə vaxtından əvvəl tərxis olunaraq ehtiyata buraxılmışdır. Tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyası hərbi-həkim ekspertizası haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Əsasnamə üzrə aşağıdakılar barəsirdə qərar çıxarıb çağırışçıya elan edir: - həqiqi hərbi xidmətə yararlılıq haqqında; - səhhətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa bir ilədək müddətə möhlət verilməsi haqqında; - dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq ehtiyata daxil edilmə haqqında; və - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarları ilə razılaşmadıqda çağırışçının Mərkəzi çağırış komissiyasına və (və ya) məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında" Əsasnamənin 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin göndərişinə əsasən vətəndaşlar şəhadətləndirilməyə qədər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müəyyən etdiyi qaydada və həcmdə məcburi diaqnostik müayinələrdən keçirlər. "Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında" Təlimatın 62-ci maddəsinə əsasən, ilkin hərbi uçota götürülən və hərbi xidmətə çağırılan vətəndaşlara şəhadətləndirilmədən əvvəl, bir aydan tez olmayaraq aşağıdakı müayinələr aparılır: olduqda planlı profilaktiki peyvəndlər aparılır. - döş qəfəsi orqanlarının flüoroqrafiya (rentgenoloji) müayinəsi, - qanın ümumi analizi (EÇS-nin, hemoqlobinin, leykositlərin təyini), - sidiyin ümumi analizi (xüsusi çəkisi, zülal). Şəhadətləndirilmə günündə isə bədən çəkisi və boyu ölçülür. Hərbi xidmətə çağırılanlara bundan əlavə elektrokardioqrafiya müayinəsi keçirilir, zərurət Həmçinin çağırışçılar müddətli həqiqi hərbi xidmətə göndərməkdən əvvəl ruhi-əsəb, narkoloji, vərəm, dərizöhrəvi, cuzəm, QİÇS-lə mübarizə, Respublika Talassemiya Mərkəzindən və digər dispanserlərdən qeydiyyatda olan, digər tibb müəssisələrindən dispanser qeydiyyatında olan və son N ay müddətində yoluxucu və parazitar xəstəliklər keçirmiş çağırışçıların siyahılarını, ambulator xəstələrin tibbi vərəqələrini, stasionar xəstələrin tibbi vərəqələrindən çıxarışları və vətəndaşların səhhətini xarakterizə edən digər tibbi sənədlər və Əhalinin Sosial Müdafiəsi Mərkəzindən (ƏSMM) əliliyə görə təqaüd alan və tibbi-sosial ekspert komissiyasından (TSEK) əlillik dərəcəsi verilmiş çağırışçıların siyahıları alınması üçün hərbi komissarlıqlar tərəfindən sorğu edilirdi. Çağırışçıların tibbi müayinəsi keçirdikdən əvvəl dispanserlər, tibb müəssisələrdən, Əhalinin Sosial Müdafiəsi Mərkəzindən və tibbi-sosial ekspert komissiyasından alınan cavablar rayon hərbi həkim komissiyaları tərəfindən öyrənilir, şəxsi işlərində qeydlər aparılır və tibbi müayinələr zamanı nəzərə alınırdı. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq, ümumi tibbi müayinədən keçirilmiş, sağlamlığından şikayəti olmadığı, həmçinin dispanser və ya tibb müəssisələrində qeydiyyatda olmadığı üçün hərbi xidmətə yararlı sayılaraq müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Əlavə olaraq bildirilir ki, çağırışçının qolunda döymə olduğu üçün xx.xx.2022-ci il tarixdə X6 Dispanserində müayinə edilmiş və heç bir psixi xəstəlik aşkar edilməmişdir. Əlavə olaraq bildirilir ki, xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən həqiqi hərbi xidmətə çağırılanlar hərbi hissələrə təhvil verilərkən müvafiq olaraq xidmət etdikləri hərbi hissələrin tərkibində olan hərbi-həkim komissiyaları tərəfindən hərbi xidmətə yararlılıqlarının yoxlanılması üçün təkrar müayinədən keçirlər. Səhhətlərində hər hansı problemlər aşkar olunduqda çağırıldığı Xidmətin yerli idarə, şöbə və bölmələrinə geri qaytarılırlar. Qanunvericiliyin tələbinə əsasən mülki hüquq pozuntusu ilə bağlı məsuliyyətin yaranması üçün zərərçəkən şəxsə ziyan vurulması, həmin ziyanın üzərinə məsuliyyət qoyulan şəxs tərəfindən yetirilməsi, yetirilmiş ziyanla üzərinə məsuliyyət qoyulan şəxsin hərəkəti arasında səbəbli əlaqənin olması və vurulmuş ziyanla bağlı şəxsin təqsirinin olması zəruridir. Bu baxımdan hazırkı iş üzrə qeyd olunan xüsusatların heç biri təsdiq olunmur, bu isə mülki hüquq pozuntusu ilə bağlı Xidmətin Ağdam rayon şöbəsinin məsuliyyətinin yaranmamasını göstərir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı ona vurulmuş ziyanla bağlı cavabdehin təqsirinin olmasına dair hər hansı sübut təqdim etməmişdir, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranmasının əsaslarından biri məhz təqsirin olmasıdır, hazırki iş üzrə 50000 (əlli min) manat vurulmuş maddi zərərə görə cavabdehin təqsirini müəyyən edən heç bir hal və sübut olmadığından mövcud olmamış zərərə görə cavabdehin üzərinə məsuliyyət qoyula bilməz.
18. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-361/2024 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia qismən təmin edilmiş, cavabdeh orqandan 2.555,50 (iki min beş yüz əlli beş manat əlli qəpik) manat məbləğində maddi ziyan, 500 (beş yüz) manat məbləğində mənəvi zərər tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır.
19. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 131 nömrəli xəstəlik haqqında şəhadətnaməsində iddiaçının əsas diaqnozu kimi “Anadangəlmə inkişaf qüsuru. Sol böyrəyin ləyən-sidik axarı seqmentinin strikturası nəticəsində soltərəfli hidronefroz, İİİ (üçüncü) mərhələ, sol böyrəyin ifrazat funksiyasının mülayim dərəcədə pozulması ilə. Tranzitor proteinuriya” kimi qeyd edilmişdir. Bu isə həmin xəstəliyin iddiaçının hərbi xidmətə çağırışa qədər (anadangəlmə) onda yaranmış olmasına dəlalət edir ki, cavabdeh orqan da iddiaçının həqiqi hərbi xidmətə çağırış zamanı yararlılığını yoxlayan zaman bunu aşkar etməli və bununla da o, hərbi xidmətə yararsız olduğu üçün hərbi xidmət keçməməli idi. Maddi ziyanla bağlı cavabdehdən tutulacaq məbləğ - 2022-ci ilin iyul ayı üzrə 170 manat (1 gün üçün 10 manat; 17gün x 10man), avqust, sentyabr, noyabr, dekabr ayları üzrə 300 manat, 2023-cü ilin yanvar, fevral ayları üzrə 345 manat, mart ayı üzrə isə 195,50 (1 gün üçün 11,50 manat; 17gün x 11,50man) olmaqla, ümumilikdə 2.555,50 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, maddi ziyanla bağlı cavabdehdən tutulacaq məbləğ iddiaçının hərbi xidmət keçdiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə nəzərdə tutulmuş minimum əmək haqqı məbləğində hesablanmalıdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri
20. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
21. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə etirazın məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının Xidmətin Ağdam rayon şöbəsi tərəfindən hərbi hissəyə təhvil verilərkən geri qaytarılmaması, hərbi hissənin həkim mütəxəssislərinə təqdim olunan zəruri müayinələrə həkim mütəxəssislər tərəfindən baxılması, həmçinin iddiaçının və yaxınlarının Ağdam rayon çağırış komissiyası tərəfindən barəsində hərbi xidmətə yararlı olması ilə əlaqədar qəbul edilən qərara etirazın bildirilməməsi onun hərbi hissəyə sağlam olaraq təhvil verilməsi faktını təsdiqləyir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının 131 nömrəli “xəstəlik haqqında şəhadətnamə”nin anamnezi bölməsində qeyd edilir ki, özünü 6 (altı) aydır ki, xəstə hesab edir. Hərbi xidmətdən öncə xəstəliyinə görə müayinə olunmamış və heç bir müalicə almamışdır. Hərbi xidmətə çağırış zamanı şikayət etməmiş və hərbi xidmətə yararlı sayılmışdır. Bu sənədlə şəxsdə əvvəllər bu xəstəliyinin olmaması birbaşa sübut edilir. Həmçinin, müddətli həqiqi hərbi xidmətə qəbul edilmiş əsgərlərə tibbi dəftərçə (tibbi karta) açılır və əsgərin sağlamlığı ilə bağlı bütün məlumatlar həmin tibbi sənəddə öz əksini tapır. Odur ki, məhkəmə işinin ətraflı araşdırılması və yuxarıda qeyd olunan məsələlərə tam aydınlıq gətirilməsi məqsədilə iddiaçının müddətli həqiqi hərbi xidmət keçdiyi hərbi hissəyə sorğu verilərək həmin tibbi Sənədin alınması zəruridir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
22. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
24. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da gəlməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
25. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 68. Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ İİİ. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiqlənmiş «Hərbi–həkim ekspertizası haqqında» Əsasnamə: 1.1. Bu Əsasnamə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına, “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. 1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. 1.5. Tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. 2.1. İlkin hərbi qeydiyyata alınan, müddətli həqiqi xidmətə çağırılan və ehtiyatda olan vətəndaşların şəhadətləndirilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir. 2.4. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin göndərişinə əsasən vətəndaşlar şəhadətləndirilmə prosesində tələb olunan müayinələrdən keçirlər. 2.5. Tibb müəssisələrinin rəhbərləri və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin rəhbərləri vətəndaşların vaxtında müayinə (müalicə) olunmasını təmin edirlər. 2.6. Çağırışaqədər yaş həddində olanların sağlamlıq vəziyyətinə dair məlumatlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin elektron informasiya sistemlərindən əldə olunaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırışçının uçot kartına əlavə olunur. 2.15. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A - hərbi xidmətə yararlıdır; B - sıradankənar hərbi xidmətə yararlıdır; C - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç - hərbi xidmətə müvəqqəti yararsızdır; D - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün “Xəstəliklər cədvəli”nə və ƏTC-yə uyğun olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir. Anadangəlmə anomaliyalar, deformasiyalar və xromosom pozulmaları
72. Orqanların və sistemlərin anadəngəlmə inkişaf anomaliyaları: b) funksiyaların mülayim dərəcədə pozulması ilə İİ qrafa-“C” Bu maddə anadangəlmə inkişaf qüsurlarının müalicəsinin mümkün olmadığı hallarda müalicədən imtina edildikdə və ya onun nəticələri qeyri-qənaətbəxş olduqda tətbiq edilir.
28. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.7. İnzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh orqan tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, həkim komissiyasının müayinəsindən keçmiş, həm xx.xx.2019-cu ildə ilkin hərbi qeydiyyata alınan zaman, həm də xx.xx.2022-ci ildə hərbi xidmətə çağırış zamanı şəhadətləndirilərkən sağlam hesab edilmişdir. Buna baxmayaraq, hərbi xidmətdə olarkən sağ bel nahiyyəsindən şikayətlə N saylı hərbi hissəyə müraciət etmiş və ona “Nut-kraker sindromu, sol böyrəyin terminal mərhələ hidronefrozu, böyrəyin ifrazat funksiyasının pozulması ilə. Sağ böyrəyin ekstrarenal ləyən variantı” diaqnozu qoyulmaqla, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 131 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır. Belə ki, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə İddiaçı “Anadangəlmə inkişaf qüsuru. Sol böyrəyin ləyənsidik axarı seqmentinin strikturası nəticəsində soltərəfli hidronefroz, İİİ (üçüncü) mərhələ, sol böyrəyin ifrazat funksiyasının mülayim dərəcədə pozulması ilə. Tranzitor proteinuriya” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi, “Sol gözün keçirilmiş virus konyuktivitindən sonrakı buynuz qişanın nöqtəşəkilli bulanması nəticəsində görmə itiliyinin 0.8-ə qədər azalması, korreksiya olunmur. Sağ gözün görmə itiliyi 1.0 (vahid) olmaqla” xəstəliyinin səbəb əlaqəsi isə “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyən edilərək, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli əmri ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin 72 “b” maddəsinin İİ qrafasına və ƏTC-yə əsasən Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir.
31. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehin təqsirli hərəkətləri nəticəsində 8 ay ərzində qanunsuz və əsassız hərbi xidmət keçməyilə bağlı itirdiyi vaxta görə 10000 manat maddi və təxris olunduqdan sonra sol böyrəyindən məcburi əməliyyat keçirdiyi üçün 5000 manat mənəvi zərərin ödənilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, cavabdeh orqandan 2.555,50 (iki min beş yüz əlli beş manat əlli qəpik) manat məbləğində maddi ziyan, 500 (beş yüz) manat məbləğində mənəvi zərər tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır.
32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşır və qeyd edir ki, hazırki iş üzrə mübahisələndirilən və məhkəmə araşdırılmasının predmeti iddiaçıda hərbi xidmətə çağırılmazdan əvvəl “Xəstəliklər cədvəlinin 72 “b” maddəsinin İİ qrafasına və ƏTC-yə əsasən Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməsinə əsas olan xəstəliyin olubolmamasıdır.
33. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023- cü il tarixli, 131 nömrəli xəstəlik haqqında şəhadətnaməsində iddiaçının əsas diaqnozu kimi Anadangəlmə inkişaf qüsuru. Sol böyrəyin ləyən-sidik axarı seqmentinin strikturası nəticəsində soltərəfli hidronefroz, İİİ (üçüncü) mərhələ, sol böyrəyin ifrazat funksiyasının mülayim dərəcədə pozulması ilə. Tranzitor proteinuriya” kimi qeyd edilmişdir. Göründüyü kimi, qeyd olunan xəstəlik iddiaçıda hərbi xidmətə çağırışa qədər (anadangəlmə) mövcud olmuşdur. Buna baxmayaraq, cavabdeh orqan iddiaçının hərbi xidmətə yollanarkən hərbi xidmətə yararlı olduğunu əsas gətirərək zərərin əvəzinin ödənilməsindən imtina etmişdir.
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının hərbi xidmətə çağırış zamanı şəhadətləndirilməsi nəticəsində hərbi hissəyə sağlam təhvil verilməsinə etiraz etməməsi cavabdehin imtinasını əsaslı edən hal deyildir. Belə ki, iddiaçının özündə mövcud olan xəstəlik barəsində əvvəlcədən məlumatlı olması iş materialları ilə təsdiq olunmur. Həmçinin, iddiaçı xəstəliyi barədə əvvəlcədən məlumatlı olduğu halda belə, bu xəstəliyi həqiqi hərbi xidmətə çağırış zamanı aşkar etmək hazırki qərarın 27-ci bəndində qeyd olunan normalara əsasən cavabdeh orqanın vəzifəsi idi.
35. Məhkəmə kollegiyası iddiaçıya ödənilməli olan maddi zərərin məbləğinin minimum əmək haqqı ilə əlaqəli şəkildə hesablanması, eyni zamanda mənəvi zərərin məbləğinin ağlabatan miqdarda təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyini qanuni və əsaslı hesab edir.
36. Belə ki, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından da göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
37. Belə olan halda iş üzrə toplanılmış sübutların məcmusuna əsasən, iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşır.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında göstərilmişdi ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.
39. Qərardan göründüyü kimi, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
40. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi).
41. Məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkən keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalı, bir tərəfi həddən artıq varlandırmamalı, digər tərəfi isə müflis etməməlidir.
42. Buna müvafiq olaraq məhkəmə kollegiyası işin sadalanan hallarını, o cümlədən iddiaçının anadangəlmə xəstə olmasına baxmayaraq cavabdeh qurum tərəfindən onun tibbi müayinələrinin tam aparılmamasını, bütün bu faktların iş materialları ilə təsdiq olunduğunu, nəticədə iddiaçının cavabdeh qurumun təqsiri üzündən 8 ay həqiqi hərbi xidmət keçdiyini və səhhətində yaranmış dəyişikliklərlə bağlı həqiqi hərbi xidməti başa çatmadan barəsində “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarının qəbul edilməsi ilə şəhadətləndirildiyini, buna görə də onun mənəvi iztirab və sarsıntı keçirdiyinin istisna olunmadığını, həmin mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlılığını nəzərə alaraq mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə 500 manat pulun tutulmasını ağlabatan və ədalətli hesab edir.
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi dəlilinə münasibətdə isə qeyd edir ki, İnzibati Prosessual Məcəlləyə əsasən cavabdehin belə bir hüququ yoxdur.
44. Beləliklə iddianın qismən təmin edilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə
45. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-361/2024 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov