Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-119/2023 09.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-85/2022 saylı qərarından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən verilən MH seriyalı ******* nömrəli çıxarışa əsasən Gəncə şəhəri, 1-ci mikrorayon, F.Əliyev küçəsində yerləşən ümumi sahəsi 149.3 kv.m olan 3 girişli, 1 mərtəbəli qeyriyaşayış binası (çayxana) tam mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2006-cı il tarixdə ********* nömrə ilə qeydiyyata alınmışdır. xx.xx.2011-ci il tarixli, M-6034 nömrəli ərizədən görünür ki, İddiaçı Cavabdeh başçısına müraciət edərək, 1-ci mikrorayonda aparılan abadlıq işləri zamanı 43 saylı orta məktəbin qarşısında yerləşən ona məxsus ticarət obyektinin sökülməsi ilə bağlı şəhərin tikintiyə münasib yerində torpaq sahəsinin ayırlmasını xahiş etmişdir. Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 341 nömrəli Gəncə şəhəri, 1-ci mikrorayon, 43 nömrəli tam orta məktəbin qarşısında şəhərsalma norma və qaydalarını pozmaqla İddiaçı tərəfindən inşa edilmiş ticarət obyektinin ərazidə aparılan abadlıq işləri ilə əlaqədar 1-ci mikrorayon, F.Əliyev küçəsinin şimal tərəfindəki 160.0 kv.m torpaq sahəsində yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. Cavabdeh iddiaçıya ünvanlandığı xx.xx.2021-ci il tarixli, M161-150 göstərmişdir ki, qeyd edilən qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar Cavabdeh tərəfindən hər hansı bir qərar verilməmiş, söküntü işləri aparılmamışdır. Cavabdeh məhkəməyə ünvanlandığı xx.xx.2021-ci il tarixli 03/833 nömrəli məktubunda göstərmişdir ki, İddiaçı məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar Cavabdeh tərəfindən hər hansı qərar verilməmişdir. Həmin obyektin kimin tərəfindən sökülməsi barədə Cavabdehndə məlumat yoxdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehnə qarşı “Daşınmaz əmlakın dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən seriya MH ******* saylı çıxarışa əsasən Gəncə şəhəri, 1-ci mikrorayon, F.Əliyev küçəsində istifadəsində olan 0.01402 ha torpaq sahəsində yerləşən 3 girişli, 149.3 kv.m ümumi, 71.4 kv.m əsas, 60.8 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının sökülməsinə görə 200.000 (iki yüz min) manat məbləğində pulun kompensasiya şəklində cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Daşınmaz əmlakın dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən seriya MH ******* saylı çıxarışa əsasən Gəncə şəhəri, 1-ci mikrorayon, F.Əliyev küçəsində istifadəsində olan 0.01402 ha torpaq sahəsinində yerləşən 3 girişli, 149.3 kv.m ümumi, 71.4 kv.m əsas, 60,8 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (çayxana) tam mülkiyyət hüququ ilə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh 2011-ci ilin sentyabr ayının 27-də ona məxsus qeyri-yaşayış binasını qanunsuz olaraq sökmüş və bunun qarşılığında ona heç bir kompensasiya ödəməmişdir. Dəfələrlə müraciətinə baxmayaraq cavabsız qalmışdır. Halbuki, onlara məxsus torpaq sahəsinin hüquqmüəyyənedici sənədi vardır, həmin sənəddə bütün koordinatlar qeyd edilib və “Daşınmaz əmlakın dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən seriya MH N ******* saylı çıxarışla onun adına qeydiyyatdadır. Lakin o, bu illər ərzində kompensasiyanın verilməsini tələb etsə də, bir nəticə əldə edə bilməmişdir. Cavabdehin qeyd edilən hərəkətləri maraqlarına toxunur, konstitusion mülkiyyət hüquqlarını realizə edilməsinə maneədir, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-85/2022 saylı qərarı ilə (hakim E.Axundov) iddianın qismən təmin edilməsi, Cavabdehndən 164000 (bir yüz altmış dörd min) manat məbləğində maddi ziyanın tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 126 (bir yüz iyirmi altı) manat pulun cavabdehdən alınaraq SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab № AZ34CTRE******************** hesaba keçirilməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, torpaq sahəsinin alınmasına dair qanuna müvafiq qaydada qərar qəbul edilmədiyindən iddiaçının mülkiyyətindən məhrum edilməsi qanunsuz olmuşdur. Belə ki, cavabdehin sözügedən torpaq sahəsində abadlıq işlərinin aparılmasına dair göstərdiyi dəlillərin qanunla müəyyən edilmiş əsasları olmamış və qanunda tələb edildiyi kimi Nazirlər Kabineti tərəfindən torpaq sahəsinin alınmasına dair heç bir normativ akt qəbul edilməmişdir. Məhkəmə qeyd edir ki, mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini də nəzərdə tutur. Məhkəmə mövqeyini “Yerli İcra Hakimiyyəti haqqında” Əsasnaməsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh nümayəndəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarın tam ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar Cavabdeh tərəfindən hər hansı bir qərar verilməmiş, söküntü işləri aparılmamışdır. Birinci instansiya məhkəməsi qərarının əsaslandırma hissəsində qeyd ki, qeyri-yaşayış sahəsi Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının Sərəncamına əsasən sökülüb başqa ərazidə yerləşdirilməsinə icazə verilib. Məhkəmə dolayı yolla o nəticəyə gəlir ki, guya rayon icra hakimiyyəti bu əməli Cavabdeh tapşırığı əsasında həyata keçirib, halbuki bunu təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim olunmayıb. Bildirmək istəyirlər ki, cavabdeh qismində Cavabdeh cəlb edilməsi və kompensasiyanın İcra Hakimiyyətindən tələb edilməsi qanunauyğun hesab edilə bilməz, hərəkətlə nəticə arasında səbəbli əlaqə mövcud deyildir, çünki vurulmuş zərərin yaranmasının əsasında cavabdeh şəxsin təqsirli hərəkəti dayanmalı və məsuliyyət də bu təqsirə görə yaranmalıdır. Məhkəmə qərarında söküntünün cavabdeh tərəfindən həyata keçirildiyini vurğulasa da, buna dair iş materiallarında hər hansı mötəbər sübut mövcud deyildir. Həmçinin birinci instansiya məhkəməsi qərarında dəfələrlə vətəndaşa məxsus daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması qaydalarına istinad etsə də, həmin əmlakın dövlət ehtiyacları üçün alındığını nə cavabdeh tərəf, nə də ki iddiaçı tərəf qeyd etməmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1 Zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Prezidentinin 138 nömrəli, 16 iyun 1999-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş "Yerli İcra Hakimiyyətləri haqqında" Əsasnamə Həmin Əsasnamənin 32-ci maddəsinin 8-ci bəndinə əsasən, yaşayış məntəqələrində abadlıq işlərini təşkil etmək, müqavilə əsasında bu işlərin aparılmasına müəssisə, idarə və təşkilatların, habelə əhalinin vəsaitlərini cəlb etmək, istehsalat ərazilərində abadlıq işlərinin aparılmasına nəzarət etmək, yaşıllaşdırma işini həyata keçirmək, yaşıllıqların qorunmasını, vətəndaşların istirahət yerlərini təşkil etmək rayon icra hakimiyyəti başçılarının səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 648 nömrəli, 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Yerli İcra Hakimiyyətləri haqqında" Əsasnamə Həmin Əsasnaməyə görə isə (həmin Fərmanla əvvəlki Əsasnamə qüvvəsini itirmişdir) rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısının yanında olan qurumların və tabeliyində olan hüquqi şəxslərin müvafiq şəhər rayonunun ərazisində mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən struktur bölmələri (mənzilkommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) ikili tabelikdədir - onlar həm şəhər icra hakimiyyətinin başçısına, həm də müvafiq şəhər rayonunun icra hakimiyyətinin başçısına tabedirlər (1.6); Yerli icra hakimiyyətinin başçısı yaşayış məntəqələri ərazilərinin abadlaşdırılması və yaşıllaşdırılması işini və yaşıllıqların mühafizəsini təşkil edir (3.9.10); Müvafiq ərazidə mənzil- kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumlara (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) icrası məcburi olan göstərişlər verir (4.9.3); yaşayış məntəqələrində məhəllə ərazilərinın abadlaşdırılması üçün ünvanlı abadlaşdırma proqramlarını və müvafiq ərazilərin kompleks abadlaşdırılması proqramlarını hazırlamaq və həyata keçirmək səlahiyyətinə malikdir (4.9.14) Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək yei qərar qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından da müəyyən edilir ki, “Daşınmaz əmlakın dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən seriya MH ******* saylı çıxarışa əsasən Gəncə şəhəri, 1-ci mikrorayon, F.Əliyev küçəsində istifadəsində olan 0.01402 ha torpaq sahəsinində yerləşən 3 girişli, 149.3 kv.m ümumi, 71.4 kv.m əsas, 60,8 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (çayxana) tam mülkiyyət hüququ ilə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh 2011-ci ilin sentyabr ayının 27-də ona məxsus qeyri-yaşayış binasını qanunsuz olaraq sökmüş və bunun qarşılığında ona heç bir kompensasiya ödəməmişdir. İddiaçı isə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi isə iddia tələbini qismən təmin edərkən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması qaydalarına istinad etmişdir. Belə ki, birinci instansiya məhkəməsi qərarında dəfələrlə iddiaçıya məxsus daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması qaydalarına istinad etsə də, həmin əmlakın dövlət ehtiyacları üçün alındığını nə cavabdeh tərəf, nə də ki, iddiaçı tərəf qeyd etməmişdir. Lakin həmin məhkəmə yetərincə araşdırma aparmamışdır. Yəni, hazırki mübahisə ilə bağlı qeyd olunan torpaq sahəsində hər hansı ictimai əhəmiyyətli abadlıq işlərinin aparılıb-aparılmamasını araşdırmamışdır. Məhkəmə kollegiyası qeyd olunan torpaq sahəsinə baxış keçirmiş və müəyyən edilmişdir ki, həmin torpaq sahəsində digər şəxs tərəfindən tikili inşaa edilmişdir (foto şəkilləri iş materiallarına əlavə edilmişdir). Göründüyü kimi hazırda həmin ərazidə hər hansı dövlət və ya ictimai əhəmiyyətli abadlıq işlərinin aparılması müəyyən edilmir. Halbuki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsində qeyd edilir ki, bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; 3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; 3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; 3.1.4. dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi; 3.1.5. dəniz limanının ərazisinin artırılması. Həmin qanunun 5.2-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlar üzərində istifadə və icarə hüquqları dövlət ehtiyacları üçün geri alınır. Həmin qanunun İİ fəsilində torpaqların dövlət ehtiyacları üçün alınmasına qədər olan icraat qaydaları sadalanmışdır. Həmin qanunun 19.1-ci maddəsində deyilir ki, müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 18-ci maddəsinə uyğun olaraq təqdim edilmiş torpağın alınması təklifi və bununla bağlı sənədləri, habelə məqsədəuyğun hesab etdiyi digər sənədləri araşdırdıqdan sonra alan orqanın təklifini tam və ya qismən nəzərə almaqla, torpağın dövlət ehtiyacları üçün alınması barədə qərar qəbul edə bilər. Yuxarıda qeyd olunan qanunun normalarından da müəyyən edilir ki, iddiaçıya məxsus Gəncə şəhəri, 1-ci mikrorayon, F.Əliyev küçəsində istifadəsində olan 0.01402 ha torpaq sahəsinində yerləşən 3 girişli, 149.3 kv.m ümumi, 71.4 kv.m əsas, 60,8 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası dövlət ehtiyacları üçün deyil, icra hakimiyyəti tərəfindən qanunsuz olaraq sökülmüş və bunun qarşılığında iddiaçıya heç bir kompensasiya ödənilməmişdir. Göründüyü kimi hazırki mübahisə ilə bağlı birinci instansiya məhkəməsi əmlakın dövlət ehtiyacları üçün alınmasına dair mülki qanunvericliyin normalarına istinad etsə də, işin faktiki hallarından da müəyyən edilir ki, iddiaçının mülkiyyət hüquqlarına müdaxilə edilən zaman yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə riayət edilməmiş və iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. İddiaçının mülkiyyət hüquqlarına müdaxilə isə qanunsuz həyata keçirilmişdir. Məhkəmə kollegiyası göstərir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı maddi ziyana uğramışdır. Belə ki, o mülkiyyətində olan əmlakdan məhrum edilmişdir. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 1.2-ci maddəsində göstərilir ki, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Adı çəkilən Qanunun preambulasına əsasən, bu Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Göründüyü kimi «İnzibati icraat haqqında» Qanunun 89.1-ci maddəsi blanket norma olaraq vurulmuş zərərə görə inzibati orqanın cavabdehliyini müəyyən edir və zərərin ödənilməsini qaydaları üçün Mülki Məcəllənin normalarına göndərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsində deyilir ki, əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. Bu normada əksini tapmış “əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa” müddəası, ümumi (publik) hüquq münasibətlərində mülki qanunvericiliyin tətbiqinin tam istisna edilmədiyini təsdiq edir və bu, yalnız qanunvericinin birbaşa göstərişinin olduğu halda mümkündür. Ona görə də hazırki inzibati işin həllində zərərərin ödənilməsi qaydaları ilə bağlı Mülki Məcəllənin normalarına istinad olunması mümkündür. Məhkəmə kollegiyası tərəfindən inzibati işin həllində zərərərin ödənilməsi ilə bağlı Mülki Məcəllənin müvafiq maddələri yuxarıda sadalanmışdır. Məhkəmə kollegiyası göstərir ki, maddi ziyanın ödənilməsi əsaslıdır və tələb olunan məbləğlə bağlı isə göstərilməlidir ki, qeyri-yaşayış binasının 2011-ci il ərzində dəyəri ilə bağlı iş materiallarında rəylər mövcuddur. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2022-ci il tarixli, 153/Mİ/22 nömrəli qiymətləndirmə rəyindən görünür ki, İddiaçı məxsus Gəncə şəhəri, 1-ci mikrorayon, F.Əliyev küçəsində yerləşən istifadəsində olan 0.014 ha torpaq sahəsində sökülmüş qeyri-yaşayış binasının bərpa edilməsi üçün tələb olunan vəsaitin dəyəri 164.000 (bir yüz altmış dörd min) manat təşkil edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin daşınmaz əmlakın qiymətləndirilməsinə dair xx.xx.2023-cü il tarixli, 001-03/22 saylı rəyindən də görünür ki, Gəncə şəhəri, 1-ci mikrorayon, F.Əliyev küçəsində yerləşən qeyri yaşayış binasının 2011-ci il ərzində bazar dəyəri 170,000 manat təşkil etmişdir. Hazırki işdə iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən kollegiya hesab edir ki, "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2022-ci il tarixli, 153/Mİ/22 nömrəli qiymətləndirmə rəyi əsas götürülməlidir. Odur ki, kollegiya Gəncə şəhəri, 1-ci mikrorayon, F.Əliyev küçəsində yerləşən qeyri yaşayış binasının qiymətinin 2011-ci il üçün bazar qiyməti üzrə müəyyən edilməsini qanuni və əsaslı hesab edir. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı məxsus olan qeyri-yaşayış sahəsinin qanunsuz sökülməsinə görə 164,000 (bir yüz altmış dörd min) manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Kompensasiya şərtləri ədalətli balansın qiymətləndirilməsi üçün və xüsusən mübahisələndirilən tədbirin ərizəçilərin üzərinə qeyri-mütənasib yük qoymadığının müəyyənləşdirilməsi üçün önəmlidir (Müqəddəs monastırlar Yunanistana qarşı iş, 71ci bənd; Plataku Yunanistana qarşı iş, 55 ci bənd). Əmlakın dəyərinə uyğun ağlabatan məbləğ ödənilmədən mülkiyyətçidən alınması, bir qayda olaraq, mülkiyyət hüququna qeyri-mütənasib müdaxilə təşkil edir. Cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin təməl hüquqlarının qorunması tələbləri arasında balansa bir qayda olaraq, o halda nail olunur ki, mülkiyyəti alınmış şəxsə ödənilən kompensasiyanın məbləği həmin mülkiyyət alındığı anda onun “bazar” dəyəri ilə ağlabatan dərəcədə əlaqəli olsun (Pinkova və Pink Çex Respublikasına qarşı iş, 53-cü bənd; Qaşi Xorvatiyaya qarşı iş, 41-ci bənd; Vistinş və Perepyolkin Latviyaya qarşı iş, 111-ci bənd; QuizoQallizai İtaliyaya qarşı, 103-cü bənd; X4 və başqaları Portuqaliyaya qarşı, 76-cı bənd). Kompensasiyanın ödənilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, bu barədə 1-ci maddədə hər hansı norma olmasa da, hər halda 1-ci maddə mülkiyyətin özgəninkiləşdirilməsi zamanı kompensasiyanın ödənilməsini tələb edir. Razılığa gələn Dövlətlərin hüquq sistemlərində kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər, əks təqdirdə mülkiyyət hüququ “xəyali” və “səmərəsiz” hüquq olaraq qalardı. Kompensasiyanın məbləğinə gəldikdə isə, mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyri-mütənasib tədbirdir. Lakin 1-ci maddə heç də bütün hallarda tam kompensasiyanı təmin etmir: “cəmiyyətin maraqlarına xidmət edən, yəni qanuni məqsədlər daşıyan tədbirlərin, məsələn, iqtisadi islahatların, yaxud daha çox sosial ədalətə nail olmağa yönəlmiş tədbirlərin həyata keçirilməsi zamanı qarşıya qoyulan qanuni məqsədlər tam bazar dəyərindən aşağı məbləğdə kompensasiya ödənilməsinə haqq qazandıra bilər”. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək yei qərar qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-85/2022 saylı qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdehndən 164000 (bir yüz altmış dörd min) manat məbləğində maddi ziyan tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 126 (bir yüz iyirmi altı) manat pul cavabdehdən alınaraq SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab № AZ34CTRE******************** hesaba keçirilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-119/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-119/2023
09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver