Məhkəmə qərarları › İş №2-1(104)-12/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-12/2024

19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-12/2024 19.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər X4 və X5) pasport qeydiyyatından çıxarılma tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2126/2022 saylı qərarından İddiaçı və üçüncü şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, X4 və X1 ünvan 1 ünvandan pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanı mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Qeyd olunan mənzildə üçüncü şəxslər qeydiyyatdadır. Həmin şəxslərin iddiaçıya məxsus mənzildə pasport qeydiyyatında olması iddiaçının əlavə kommunal xərclər ödəməsinə səbəb olmaqla, hüquqlarının pozulması ilə nəticələnir. İddiaçı həmin şəxslərin pasport qeydiyyatından çıxarılması məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Gəncə İnzibati Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2126/2022 nömrəli qərardı ilə (hakim F.Hüseynov) iddianın qismən təmin edilməsi, X2 ünvan 1 ünvandan pasport qeydiyyatından çıxarılması öhdəliyinin Cavabdehnə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərarın iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam həcmdə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddia qismən təmin edilmiş və üçüncü şəxslərdən biri qeydiyyatda çıxarılsa da, digəri çıxarılmamışdır. Məhkəmə heç bir əlavə araşdırma aparmadan və iş üzrə təqdim edilmiş şahidləri dindirmədən, üçüncü şəxsin həmin ünvanda formal passport qeydiyyatını nəzərə alaraq, orada yaşamadığı halda onun pasport qeydiyyatını ləğv etməmişdir. Daha sonra birinci instansiya məhkəməsini qərarının dəlilləri ilə razılaşmayan üçüncü şəxs X6 apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın tam olaraq rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil onların ata evidir. Onlar həmin mənzildə doğulmuş, böyümüşdür. Ona görə də iddiaçı hələ mülkiyyətçi olmadan əvvəl onların münahisəli mənzildən istifadə hüququları olub və hazırda da var. Qeyd olunan mənzil Göygöl Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(066)- 1277/2017 saylı qətnaməsi əsasında iddiaçının adına rəsmiləşdirilmişdir. Onlar hazırda həmin qətnamədən apellyasiya şikayəti vermişlər. Məhkəmə isə bunların heç birinə qiymət vermədən üçüncü şəxsin hüquqlarını pozan qərar çıxarmışdır. Məhkəmə mübahisəyə qiymət verərkən ilk növbədə Mülki Məcəllənin 228-ci maddəsinin tələblərini rəhbər tutmalı idi. Çünki mübahisədən görünür ki, mübahisəli mənzil onların ata evi olub, onlar orada doğulmuş və boyümüşlər. Bundan başqa ilk öncə üçüncü şəxsin qeyd olunan mənzildən istifadə hüququnun itirilib-itirilməməsi məsələsi həll olunmalıdır ki, qeyd olunan məsələnin də aidiyyəti rayon məhkəməsinə aiddir. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxslər isə iclasda iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, prosess iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi mümkün sayılmamalıdır. Kollegiya qeyd edir ki, məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Belə ki, bu hüququn təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız inzibati orqanların hərəkət və hərəkətsizliyindən müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi isə məhdudlaşıdırıla bilməz. Bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bu səbəbdən də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Kollegiya qeyd edir ki, iddianı fərdiləşdirən iki element vardır - iddianın predmeti və onun əsası. Göstərilən elementlər iddianı konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. İddianın predmeti iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsasını isə irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, o, ünvan 1-də pasport qeydiyyatında olmaqla həmin orada yaşayır. Həmin mənzil xx.xx.2017-ci il tarixdən onun mülkiyyətindədir və daşınmaz əmlakın Dövlət reyestrindən adına çıxarış verilmişdir. Məhkəmə kollegiyasının sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Göygöl şəhəri, A.Hacıyev küçəsi, ev 44 ünvanında yerləşən 3 saylı mənzilə dair iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasına əsas Göygöl Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(066)- 1277/2017 saylı qətnaməsi olmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-471/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, cavabdeh X3 Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 mart 2023-cü il tarixli, 2(104)-471/2023 nömrəli qətnaməsi əsasında Göygöl Rayon Məhkəməsinin 14 iyul 2017-ci il tarixli 2(066)-1277/2017 nömrəli qətnaməsinin icrasının dönüşü ilə bağlı ərizəsinin təmin edilməsi, Göygöl Rayon Məhkəməsinin 14 iyul 2017-ci il tarixli 2(066)-1277/2017 nömrəli qətnaməsinin icrasında dönüşü edilməsi və həmin qətnamə əsasında İddiaçı adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri xidməti tərəfindən verilmiş 19 oktyabr 2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi qərara alınmışdır. Qeyd olunanlardan müəyyən olunur ki, artıq iddiaçının iddiasının hüquqi əsasını təşkil edən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış məhkəmənin qərardadı ilə ləğv edilmişdir. Göründüyü kimi üçüncü şəxslərin pasport qeydiyyatından çıxarılması tələb olunan mənzil ilə iddiaçının hər hansı hüquqi bağlılığı yoxdur. Belə ki, həmin mənzil nə mülkiyyət hüququ əsasında, nə də ki, əqdlərdən doğan hüquqi nəticə üzrə onun istifadəsində deyildir. Nəzərə alınmalıdır ki, hazırda iddiaçının məqsədi mülkiyyət hüquqlarından yaranan bir tələb olsa da, mənzilin özü qanuni əsaslarla ona məxsus olmadığından iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında hüquqi müstəvidə həlli mümkün deyildir. Qeyd olunmalıdır ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 saylı Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələblərinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi iddiaçının sözügedən mənzilə dair subyektiv hüququnun olması hər hansı bir mötəbər sübutla təsdiq olunmur. Beləliklə də, sözügedən mənzilin hər bir halda iddiaçıya aid olması barədə hüquq müəyyənedici sənədlər yoxdur, yəni bir növ iddiaçı mənzilə dair özünün titul sahibliyini aşkara çıxarda bilməmişdir ki, hazırda da üçüncü şəxslərin həmin mənzildən pasport qeydiyyatından çıxarılmasını xahiş etsin. Yuxarıda qeyd olunan hallar hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququnu istisna edir. Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilərək X2 ünvan 1 ünvandan pasport qeydiyyatından çıxarılması öhdəliyinin Cavabdehnə həvalə edilməsi qərara alınsa da, kollegiya tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən üçüncü şəxsin adı texniki səhv olaraq “Oktyabr” kimi qeyd edilmişdir. Belə ki, ona məxsus şəxsiyyət vəsiqəsinin seriya və nömrəsinə əsasən elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən üçüncü şəxsin adı “Oktyabr” yox “Oktiyar” olduğu müəyyən edilmişdir. Həmçinin apellyasiya icraatı zamanı iddiaçının qeyd olunan mənzilə dair artıq subyektiv hüququnun olmasını təsdiq edən hər hansı sənədin mövcud olması müəyyən edilmədiyindən və iddiaçının iddiasının hüquqi əsasını təşkil edən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-471/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ləğv edildiyindən X1 da apellyasiya şikayəti qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayətləri qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2126/2022 saylı qərarı ləğv edilsin. İddia tələbi mümkün sayılmasın. Bu qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar