Məhkəmə qərarları › İş №2-1(104)-120/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-120/2025

16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-120/2025 16.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və X1 ibarət tərkibdə, Zeyanlov Yasin Namik oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3089/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Pedaqoji Universitetinin Şəki Filialına qarşı xx.xx.2024cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhsil haqqından azad olunma öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi X3 xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbi üzrə cavabdeh Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki Filialına qarşı “ödənilmiş təhsil haqqının geri qaytarılması” öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair dəqiqləşdirmə ərizəsi Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3089/2024 saylı qərardadı ilə icraata qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3089/2024 saylı qərardadı ilə (hakim E.Axundov) iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəblərin bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, prosess iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərardadı ləğv olunmalı və iş materialları baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu qayda eynilə iddianın mümkünlüyü ilə bağlı şərtlərin yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması, iddianın düzgün cavabdehə qarşı qaldırılması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Bu mənada obyektiv araşdırma prinsipinin tələbinə əsasən, iddianın mümkünlük şərtlərinin yoxlanılması çərçivəsində birinci instansiya məhkəməsi iddiaçının hüquqi marağının nəyə yönəldiyini, onun həqiqətdə nail olmaq istədiyi məqsədi və bunun üzərindən iddiaçının hüquqi marağı ilə əhatə olunan məqsədə çatmaq üçün uyğun iddia növündən istifadəni və düzgün cavabdehi müəyyən etməlidir. Eyni zamanda zərurət olduğu təqdirdə, arzuladığı məqsədə çatmaq üçün düzgün cavabdehin qeyd olunması iddiaçıya məhkəmə tərəfindən yardım edilməlidir. İPM-in 13-cü maddəsinə görə, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-nin 48.1-ci maddəsində isə deyilir ki, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Göründüyü kimi, İPM-in 13 və 48-ci maddələrində təsbit edilmiş müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Kollegiya göstərir ki, yardım etmək vəzifəsi tələb edir ki, iddianın düzgün cavabdehə yönəlməməsi hallarını aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. İşin hallarından görünür ki iddiaçının hüquqi marağı onun tərəfindən “ödənilmiş təhsil haqqının geri qaytarılması” öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, məhəkəm ilk öncə iddia tələbinin mümkün sayılmamasını onunla əsaslandırmışdır ki, iddiaçı hazırda ona təhsil verən təhsil müəssisəsinə ödədiyi pulun geri qaytarılmasını xahiş edir. Məhkəmə hesab etmişdir ki, bu tələb təhsil xidmətinin göstərilməsi üzrə tərəflər arasında olan müqavilə münasibətlərindən yaranmışdır. Bu münasibətlərdə cavabdeh inzibati orqan statusunda çıxış etmir və ona qarşı yönəlmiş hazırkı tələb inzibati hüquqla (publik hüquq) bağlı deyildir. Tərəflər arasında olan bu münasibətlər müqavilə vasitəsilə tənzimlənməklə yaranan öhdəliklər bilavasitə mülki hüquq normaları ilə tənzimlənir. Buna görə də məhkəmə hesab etmişdir ki, ödənilmiş təhsil haqqının geri qaytarılmasına yönəlmiş tələb inzibati hüquqdan irəli gələn tələb, mübahisə isə inzibati mübahisə hesab olunmadığından hazırkı iddiaya inzibati məhkəmə icraatında baxıla bilməz. Daha sonra isə digər bir əsas kimi birinci instansiya məhkəməsi qeyd etmişdir ki, dövlət sifarişi ilə ali təhsil müəssisələrində təhsil alan şəxslərdə olduğu kimi, ödənişli əsaslarla təhsil alan məcburi köçkün statusuna malik şəxslərin təhsil xərcləri qanunvericiliklə müəyyən edilmiş miqdarda ali təhsil müəssisəsi ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi arasında bağlanmış müqaviləyə əsasən sonuncu tərəfindən ödənilir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçı ödənilmiş təhsil haqqının geri qaytarılması ilə bağlı Universitetə deyil, müvafiq ödənişi həyata keçirmək vəzifəsi daşıyan dövlət orqanına müraciət edə, imtina olunduqda isə məhkəmə müdafiəsindən istifadə edə bilər. Yuxarıda qeyd olunanları nəzərdən keçirərək məhkəmə kollegiyası qeyd edir ki, “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 1308 saylı Sərəncamına əsasən, Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları 2002/2003-cü tədris ilindən etibarən təhsillərini başa çatdıranadək təhsil haqqını ödəməkdən azad edilmişlər. “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 1722 saylı Sərəncamına əsasən, 2011/2012-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat, magistratura, doktorantura (dissertantlıq istisna olmaqla), əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları”na 1 nömrəli Əlavə olan “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası arasında nümunəvi çərçivə müqaviləsi”nin 2.1-ci bəndindən isə görünür ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi illik təhsil xərclərini Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına uyğun olaraq, bu Müqavilənin 3-cü bəndində nəzərdə tutulmuş qaydada dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanan şəxsin seçdiyi ali təhsil müəssisəsinə və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasına ödəməyi öhdəsinə götürür. Yuxarıda istinad edilən qanunvericilik aktlarının tələbinə görə, ödənişli əsaslarla təhsil alan şəxs məcburi köçkün statusuna malikdirsə, ali təhsil müəssisəsinə təhsil haqqı yenə ödənilir, lakin bu təhsil haqqını ali təhsil müəssisəsinə təhsil alan deyil, dövlət büdcəsinin vəsaiti hesabına müvafiq dövlət orqanı ödəyir. Odur ki, dövlət sifarişi ilə ali təhsil müəssisələrində təhsil alan şəxslərdə olduğu kimi, ödənişli əsaslarla təhsil alan məcburi köçkün statusuna malik şəxslərin də təhsil xərcləri qanunvericiliklə müəyyən edilmiş miqdarda ali təhsil müəssisəsi ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi arasında bağlanmış müqaviləyə əsasən sonuncu tərəfindən ödənilir. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin o mövqeyi ilə razılaşır ki, iddiaçı ödədiyi təhsil haqqının geri qaytarılması ilə bağlı hazırkı iş üzrə cavabdehə deyil, müvafiq ödənişi həyata keçirmək vəzifəsi daşıyan dövlət orqanına - Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə müraciət edə, imtina olunduqda isə məhkəmə müdafiəsindən istifadə edə bilər. Göründüyü kimi hazırkı iş üzrə cavabdeh qismində Azərbaycan Pedaqoji Universitetinin Şəki Filialı deyil, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi olmalı idi. Belə olduğu təqdirdə isə birinci instansiya məhkəməsinin qeyd etdiyi işin mülki məhkəmə aidiyyəti ilə bağlı olmasına dair arqumentlər işin hallarına uyğun olmamışdır. Belə ki, bu mübahisə inzibati hüquq münasibətləri çərçivəsində yaranmışdır, çünki iddianın əsası dövlət orqanının (Elm və Təhsil Nazirliyinin) fəaliyyəti və məcburi köçkün statusuna malik şəxslərə dövlət tərəfindən göstərilən güzəştlərin tətbiqi ilə bağlıdır. İş materiallarından göründüyü kimi iddiaçıya məhkəmə tərəfindən İPM-in 13-cü maddəsinin müddalarına uyğun hüquqi yardım edilməmişdir və ona görə də iş təkrar baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, işə yenidən baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən iş üzrə cavabdehin əsl cavabdeh «Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə» dəyişdirilməsi ilə bağlı iddiaçıya müvafiq hüquqi yardım edilməli, cavabdeh dəyişdirildikdə isə həmçinin prosessual qənaət prinsipinə əsasən məhkəmə icraatı zamanı əsl cavabdeh Elm və Təhsil Nazirliyinə hazırkı tələblə müraciət etməsi üçün iddiaçıya vaxt verilməli və cavabdehin həmin müraciətə verəcəyi müvafiq cavaba əsasən bundan sonra tələbin əsaslılığına hüquqi qiymət verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 13, 48, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3089/2024 saylı qərardadı ləğv edilsin. İş materialları yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qətidir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar