Məhkəmə qərarları › İş №2-1(104)-121/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-121/2023

09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-121/2023 09.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzin nümayəndəsi X1 iştirakları ilə, «Ümumi müsahibədə iştirakın təmin edilməsi» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2464/2022 saylı qərarından və cavabdeh Azərbaycan Respublikası X3 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı xx.xx.2013-cü ildə, 29 №-li əmrlə Şəmkir rayon İcra Hakimiyyəti başçısı aparatında “baş mütəxəssis” vəzifəsinə təyin edilmiş, xx.xx.2014-cü il tarixdə, 155 №-li əmrlə başqa işə keçdiyinə görə Şəmkir rayon İcra Hakimiyyəti başçısı aparatında “baş mütəxəssis” vəzifəsindən azad edilmiş və həmin tarixdən 156 №-li əmrlə Şəmkir rayon İcra Hakimiyyəti başçısı aparatında ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində “baş məsləhətçi” vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu il tarixdə, 04 №-li əmrlə ona 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş və xx.xx.2019-cu il tarixdə, 527 №-li əmrlə Şəmkir rayon İcra Hakimiyyəti başçısı aparatında ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində “baş məsləhətçi” vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikası X3 xx.xx.2022-ci il tarixli, PHŞ/3-2-2022-2085 nömrəli məktubu ilə iddiaçıya bildirilmişdir ki, iddiaçının yerli icra hakimiyyəti orqanları və yerli icra hakimiyyəti başçısının nümayəndəliklərində qulluğa qəbul ilə məsələni tənzimləyən normanın qüvvəyə mindiyi tarixdən, yəni xx.xx.2008-ci il tarixdən sonra yerli icra hakimiyyəti orqanında qulluğa qəbul edildiyi üçün müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası X2rşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.2014-cü ildən xx.xx.2019-cu il tarixədək Şəmkir rayon İcra Hakimiyyətində qulluq keçdiyini və dövlət qulluğunda inzibati vəzifələr üzrə 6 il 8 ay 18 gün qulluq stajının olduğunu nəzərə alaraq onun ümumi müsahibədə iştirak hüququnun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu il tarixədək Şəmkir rayon İcra Hakimiyyətində (xx.xx.2013-cü il tarixdə Şəmkir Rayon İcra Hakimiyyəti Aparatında mütəxəssis, xx.xx.2014-cü ildən xx.xx.2019-cu ilə kimi Şəmkir Rayon İcra Hakimiyyəti Aparatının Ərazi idarəetmə və yerli özünüidarə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində) qulluq keçmişdir. Ümumilikdə dövlət qulluğunda inzibati vəzifələr üzrə 6 il 8 ay 18 gün qulluq stajı var və xx.xx.2014-cü il tarixdə 04 nömrəli əmrlə ona 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. Müvafiq olaraq aparılmış təyinatlar və verilmiş ixtisas dərəcəsi barədə məlumatlar rəsmi qaydada “Dövlət Qulluqçularının Reyestri”nə (bundan sonra - Reyestr) təqdim edilmiş və Reyestr aparan səlahiyyətli qurum tərəfindən həmin məlumatlar Reyestrə daxil edilmişdir. Qulluq keçdiyi müddətdə dövlət qulluqçularına aid olan bütün təminatlar, o cümlədən mükafatlandırma, qulluq stajına görə əlavələr və s. ona da şamil edilmişdir. İddiaçı dövlət qulluğunda 5 ildən artıq qulluq stajının olduğunu və ixtisas dərəcəsinin verildiyini nəzərə alaraq ümumi müsahibədə iştirakı ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh ona icazə verməkdən imtina etmişdir. İddiaçı hesab edir ki, onun ümumi müsahibəyə buraxılmaması barədə cavabdehin mövqeyi əsassız və qanunsuzdur. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək etiraz təqdim etmiş və bildirmişdir ki, Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinə daxil edilmiş məlumatlara əsasən, İddiaçı xx.xx.2014-cü il tarixindən xx.xx.2019-cu il tarixinədək Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Aparatında inzibati vəzifələrin Vİİ təsnifatına aid olan baş məsləhətçi vəzifəsində qulluq keçmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə əsasən, 1-5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin dördüncüyeddinci təsnifatlarına uyğun olan vəzifələrin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq staiı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış, eləcə də dövlət qulluğunun xüsusi növündə qulluq keçən və xüsusi rütbəsi olan, habelə həmin orqanlarda azı 5 il qulluq staiı olan və xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər tərəfindən tutulması ümumi müsahibə yolu ilə həyata keçirilir. "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa 1 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən, yuxarıda göstərilən maddənin müddəaları həmin Qanunun 29.2-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq dövlət qulluğuna qəbul edilmiş dövlət qulluqçuları barəsində tətbiq edilmir. Həmin Qanunun 29.2-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq dövlət qulluğuna qəbul edilmiş dövlət qulluqçuları dedikdə, yerli icra hakimiyyəti orqanları və yerli icra hakimiyyəti başçısının nümayəndəliklərində qulluq keçən şəxslər nəzərdə tutulur. Yerli icra hakimiyyəti orqanları və yerli icra hakimiyyəti başçısının nümayəndəliklərində qulluğa qəbul edilmə ilə bağlı məsələlər 12 fevral 2008-ci il tarixdə qanunvericiliyə yeni müddəanın daxil edilməsi ilə tənzimlənmişdir. Belə ki, yerli icra hakimiyyəti orqanları və yerli icra hakimiyyəti başçısının nümayəndəliklərində inzibati dövlət qulluğu vəzifələrinin tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında yalnız müsahibə yolu ilə həyata keçirilir. Göstərilən müddəa 14 may 2008-ci il tarixdə qüvvəyə minmişdir. Qeyd edilən müddəa 14 may 2008-ci il tarixdə qüvvəyə mindiyi üçün həmin tarixdən etibarən yerli icra hakimiyyəti orqanları və yerli icra hakimiyyəti başçısının nümayəndəliklərində qulluğa qəbul edilən şəxslərin dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə keçirilən ümumi müsahibədə iştirakı qanunvericiliklə mümkün deyil. Qeyd edilənlərə əsasən, İddiaçı 14 may 2006-ci il tarixindən sonra müvafiq dövlət qulluğu vəzifəsinə qulluğa qəbul edildiyi üçün “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanu unun 29.3-cü maddəsinə uyğun olaraq onun ümumi müsahibədə iştirak etmək hüququ yoxdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2464/2022 saylı qərarı ilə (hakim F.Hüseynov) iddia tələbinin təmin edilməsi, İddiaçı ümumi müsahibədə iştirakının təmin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, İddiaçı Rayon İcra Hakimiyyətində xx.xx.2013-cü ildən xx.xx.2019-cu il tarixədək inzibati vəzifədə qulluq keçməsi, yəni iddiaçının ümumi müsahibədə iştirak üçün tələb olunan 5 il dövlət qulluğu stajına malik olması işin mübahisələndirilməyən halı olduğundan, cavabdeh inzibati orqanın imtina məktubunda və iddiaya dair yazılı etirazında istinad etdiyi qanunvericiliyin normaları xx.xx.2018-ci il tarixdən sonra qüvvəyə mindiyindən və həmin müddəalar iddiaçının vəziyyətini ağırlaşdırdığından, Azərbaycan Respublikası Konstitusiyasının 149- cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq isə hüquqi və ya fiziki şəxsin vəziyyətini pisləşdirən heç bir normativ hüquqi aktın, o cümlədən qanunun hüquqi qüvvəsi geriyə şamil edilmədiyindən, hazırkı iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə mövqeyini “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikasının Prezidentinin ““Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 29 dekabr 2000-ci il tarixli 435 nömrəli Fərmanı, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiyası Qanunu ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası X3 nümayəndəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarın tam ləğv edilməsi və iddiaçının dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə elən edilən ümumi müsahibədə iştirak etmək hüququnun olmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin əsaslandırmasına dair bildirilir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 149cu maddəsinin Vİİ hissəsində qeyd edilmişdir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Müvafiq müddəa normativ hüquqi aktların geriyə şamil edildiyi halları müəyyən etmiş, normativ hüquqi aktların geriyə şamil edilmədiyi halları dəqiqləşdirməmişdir. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87.3-cü maddəsinə əsasən törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir. Konstitusiya Qanununun müvafiq maddəsinə əsasən, normativ hüquqi aktın geriyə şamil edilməməsi iki hal ilə şərtləndirilir: fiziki və hüquqi şəxslərin məsuliyyətinin (1) yaranması və ya (2) ağırlaşdırılması. Qeyd edilən müddəalara uyğun olaraq nəzərə alınmalıdır ki, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununa 1 may 2018-ci il tarixdə edilmiş dəyişiklik fiziki və hüquqi şəxslər üçün hansısa məsuliyyət yaratmır və ya mövcud məsuliyyəti ağırlaşdırmır. Həmin dəyişiklik "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa 14 fevral 2008-ci il tarixində edilən dəyişiklik əsasında dövlət qulluğuna qəbul edilən şəxslərin ümumi müsahibədə iştirak etmək hüququ olmadığını dəqiqləşdirir. Belə ki, 14 may 2008-ci il tarixdə qüvvəyə minmiş dəyişikliyə əsasən yerli icra hakimiyyəti orqanları və yerli icra hakimiyyəti başçısının nümayəndəliklərində inzibati dövlət qulluğu vəzifələrinin tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında yalnız müsahibə yolu ilə həyata keçirilir. Müvafiq müddəaya əsasən yerli icra hakimiyyəti orqanlarında dövlət qulluğuna qəbul mexanizmi fəqləndirilmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası X3 nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiyası Qanunun 87.1-ci maddəsinə əsasən normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Həmin Qanunun 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu Həmin Qanunun 2.1-ci maddəsinə əsasən dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Həmin Qanunun 4-cü maddəsinə əsasən qanunçuluq və vətəndaşların dövlət qulluğuna müsabiqə və müsahibə əsasında qəbul edilməsi dövlət qulluğunun prinsiplərindəndir. Həmin Qanunun 29.2-ci maddəsinin 4-cü hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında bu qanunun 29.4-cü, 29.6-29.8-ci maddələrinə uyğun olaraq yalnız müsahibə yolu ilə həyata keçirilir. 1 may 2018-ci il tarixli 1114-VQD nömrəli “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən 29.3-cü maddənin birinci hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilmişdir: “Bu maddənin müddəaları bu Qanunun 29.2-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq dövlət qulluğuna qəbul edilmiş dövlət qulluqçuları (şəxslər) barəsində tətbiq edilmir.”. Azərbaycan Respublikasının Prezidentinin ““Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 29 dekabr 2000-ci il tarixli 435 nömrəli Fərmanı Həmin Fərmanın 3.23-cü bəndinə əsasən həmin Qanunun 28.12-ci maddəsinin birinci cümləsində, 29.2-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, üçüncü və dördüncü hissələrində, 29.3-cü maddəsinin birinci və ikinci hissələrinin birinci cümlələrində müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları, Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanlar, yerli icra hakimiyyəti başçılarının yanında avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələri, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri həyata keçirirlər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu il tarixədək Şəmkir rayon İcra Hakimiyyəti başçısı aparatında “baş mütəxəssis” və “baş məsləhətçi” vəzifələrində çalışmış və ona xx.xx.2019-cu il tarixdə 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. İddiaçı ümumi müsahibədə iştirak etməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən xx.xx.2008-ci il tarixdən sonra yerli icra hakimiyyəti orqanında qulluğa qəbul edildiyi üçün müraciətinin təmin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqanın imtinasında və iddiaya dair etirazında istinad etdiyi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq müddəaları xx.xx.2018-ci il tarixdən sonra qəbul edildiyindən həmin müddəaların iddiaçıya münasibətdə şamil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Kollegiya hesa edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Belə ki, iddiaçının yerli icra hakimimiyyəti orqanında xx.xx.2013-cü ildən xx.xx.2019-cu il tarixədək inzibati vəzifədə qulluq keçməsi, yəni “Dövlət qulluğu haqqında” Qanuna müvafiq müddəa (29.3-cü maddənin birinci hissəsinin ikinci cümləsi) əlavə olunandək (xx.xx.2018-ci ilədək) iddiaçının ümumi müsahibədə iştirak üçün tələb olunan 5 il dövlət qulluğu stajına malik olması işin mübahisələndirilməyən halı kimi qiymətləndirilməlidir. İş materiallarından da müəyyən edilir ki, iddiaçı xx.xx.2013-cü ildən xx.xx.2019-cu il tarixədək Şəmkir rayon İcra Hakimiyyəti başçısı aparatında “baş mütəxəssis” və “baş məsləhətçi” vəzifələrində çalışmış və ona xx.xx.2019-cu il tarixdə 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa isə qeyd olunan məsələ ilə bağlı 1 may 2018-ci il tarixdə dəyişiklik edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiyası Qanunun 87.1-ci maddəsinə əsasən normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Həmin Qanunun 87.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Qəbul olunmuş normativ hüquqi aktların ümumi qaydaya görə geriyə qüvvəsi yoxdur. İstisna olaraq şəxsin hüquqi vəziyyətini yaxşılışdıran, onun hüquq və azadlıqlarını daha yüksək səviyyədə müdafiə edən normativ hüquqi aktların geriyə qüvvəsi vardır. Məhkəmə kollegiyası qeyd edir ki, cəmiyyətin inkişafı yeni normativ hüquqi aktların, o cümlədən qanunların qəbul edilməsinə və ya dəyişdirilməsinə ehtiyac yaradır. Ümumi qaydaya görə qəbul olunmuş normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur və həmin aktlar yalnız qüvvəyə mindikdən sonra yaranan münasibətlərə tətbiq edilir. Göründüyü kimi iddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu il tarixədək Şəmkir rayon İcra Hakimiyyəti başçısı aparatında “baş mütəxəssis” və “baş məsləhətçi” vəzifələrində çalışmış və ona xx.xx.2019-cu il tarixdə 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. Yəni, iddiaçının “Dövlət qulluğu haqqında” Qanuna müvafiq müddəa (29.3-cü maddənin birinci hissəsinin ikinci cümləsi) əlavə olunandək (xx.xx.2018-ci ilədək) ümumi müsahibədə iştirak üçün tələb olunan 5 il dövlət qulluğu stajına malik olması öz təsdiqini tapmışdır. Beləliklə də, İddiaçı Rayon İcra Hakimiyyətində xx.xx.2013-cü ildən xx.xx.2019-cu il tarixədək inzibati vəzifədə qulluq keçməsi, yəni iddiaçının ümumi müsahibədə iştirak üçün tələb olunan 5 il dövlət qulluğu stajına malik olması işin mübahisələndirilməyən halı olduğundan, cavabdeh inzibati orqanın imtina məktubunda və iddiaya dair yazılı etirazında istinad etdiyi qanunvericiliyin normaları xx.xx.2018-ci il tarixdən sonra qüvvəyə mindiyindən və həmin müddəalar iddiaçının vəziyyətini ağırlaşdırdığından, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq isə hüquqi və ya fiziki şəxsin vəziyyətini pisləşdirən heç bir normativ hüquqi aktın, o cümlədən qanunun hüquqi qüvvəsi geriyə şamil edilmədiyindən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş şəxsin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktın geriyə qüvvəsinin təminatı hüququn bütün sahələrini əhatə edir və qəbul olunan normativ hüquqi aktlara şamil olunur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2464/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar