Məhkəmə qərarları › İş №2-1(104)-123/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-123/2025

14.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-123/2025 14.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2017-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə müddətsiz əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-344/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “xx.xx.2017-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə müddətsiz əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, O, xx.xx.1964-cü il tarixində Ermənistan Respublikası Basarkeçər rayonunda anadan olmuşdur. İki il Sovet Ordusunda, 1992ci 1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, 1999-cu ildə hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar ona 2-ci qrup əlillik təyin edilmişdir. xx.xx.2009-cu ildən hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar ona təkrar müayinə zamanı 2-ci qrup müddətsiz əlillik təyin edilmişdir. Qeyd edir ki, hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı xx.xx.1916-cı ildə Müdafiə Nazirliyinin Mərkəzı Hərbı Həkim Komissiyasına müraciət etmiş, ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verilmişdir. xx.xx.2017-ci il tarixdə Səhiyyə müəssisəsının göndərişi (88 nömrəli forma) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyı yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən onun əlilliyinin səbəb əlaqəsi dəyişdirilmiş va 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir. Belə ki, 1999-cu ildən əlill olmağı haqqında məlumat Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemində (bundan sonra altsistem) yoxdur. Cavabdeh tərəfindən 1999-cu ildən 2009-cu ilədək hərbi əməlliyatlar keçirilən zonada olmaqla əlaqədar 2ci qrup əlillik müddətli, 2009-cu ildən 2017-ci ilədək hərbi əməlliyatlar keçirilən zonada olmaqla əlaqədar 2-ci qrup müddətsiz əlillik məlumatlarının Nazirliyin Mərkəzləşdırılmış elektron informasiya sisteminin Əlillik altsisteminə əlavə edilməsinə ehtiyac vardır. Hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza va Reabilitatsiya Agentliyının ona əlillik təyinatını xx.xx.2009-cu il tarixdən bərpa etməməsi əsassız va qanunsuzdur, belə ki, o, müharibədə yaranmış səbəbdən ağır xəsarət almış, bu səbəbdən də hesab edir ki, cavabdeh tərəfindən onun xx.xx.2009-cu il tarixdən hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar müddətsiz əlil olmağı bərpa edilməlidir. Onu da qeyd edir ki, onun əlilliyinin təyin edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki, o, əvvəl qiymətləndirilmiş və xx.xx.2009-cu il tarixdən hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar müddətsiz əlil olmuş, hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin ona qarşı etdiyi haqsızlıq tam əsassızdır, bu səbəbdən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən onun əlilliyinin bərpası məhkəmə qaydasında həll edilməsi məqsədi ilə hal-hazırda onun müraciətinin məhkəmə qaydasında həll olunmasını hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətindədir. Birinci instansiya məhkəməsindəki icraat zamanı İddiaçı ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılmadan iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-344/2024 saylı qərardadı ilə (hakim Z.Quliyev) İddiaçı ərizəsinin təmin olunması, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “xx.xx.2017-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə müddətsiz əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılaraq iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-344/2024 saylı qərardadının ləğv edilməsini və iddia tələbi üzrə icraatın davam etdiriliməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı birinci instansiya məhkəməsindəki icraat zamanı qeyd edilən ərizəni özünün yazdığını, lakin ərizənin mahiyətini başa düşmədiyini bildirdi. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirılmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Gəncə İnzibati Məhkəməsinin işə mahiyyəti üzrə baxılması üçün tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat vermişdir. İddiaçı şəxsən məhkəmə iclasında iştirak etmiş, ona prosessual hüquq və vəzifələri izah edilmiş, bununla da iddiaçının tələbinə baxılması üçün zəruri şərait yaradılmış, lakin iddiaçı ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Belə ki, həmin tarixə məhkəmə prosesini əks etdirən video çəkilişdən də görünür ki, sədrlik edən imtina etmənin hüquqi nəticələrini izah edərək, iddiaçıdan nəticənin ona aydın olub-olmadığını soruşmuş, iddiaçı imtinanın hüquqi nəticələrinin ona aydın olduğunu bildirərək, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Beləliklə, iddiaçının iddianın geri götürülməsinin mahiyyətini başa düşmədiyi və hüquqi nəticələrinin ona izah edilməməsi barədə dəlilləri əsaslı deyildir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının hazırda iddianı geri götürməsi onun gələcəkdə eyni tələblə məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Birinci instansiya məhkəməsi qərardadının nəticə hissəsində bu halı iddiaçıya izah etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 11-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verilməli qənaətinə gəlməkdə haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin hazırkı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 67.1, 67.3, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-344/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar