Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-125/2024 03.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 14 nömrəli qərarı ilə Tərtər rayonu, Kəngərli kəndində yerləşən torpaq sahəsi ilə “Torpağa mülkiyyət hüququna dair” JN:809, KOD61106038 saylı dövlət aktında düzəliş edilərək 1,98 ha torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-54/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları:
1. X11 ilə X6 nikahları xx.xx.1992-ci il tarixdə 11 nömrə ilə nikahın bağlanması haqqında akt qeydləri kitabında qeyd olunmuş, nikah bağlandıqdan sonra ərə Səmədov, arvada Səmədova soyadı verilmişdir.
2. Tərtər rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 14 saylı qərarı ilə X12 və onun ailə üzvləri X2, X11, X13, X7, X4 0,98 ha torpaq sahəsi verilmiş, bu barədə tərtib edilmiş JN:809 nömrəli, 61106038 kodlu dövlət aktı xx.xx.2000-ci il tarixdə 5765 nömrə ilə qeydiyyat kitabında qeydiyyata alınmışdır.
3. Tərtər rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 14 saylı qərarı ilə verilmiş torpaq sahəsinin qaiməsi /sertifikatı/na əsasən torpaq sahəsinin ölçüsü 9800,01 kv.m; keyfiyyət qrupu – İİ; bonitet balı 77-dir.
4. X14 xx.xx.2004-cü il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixdə 04 nömrə ilə qeyd aparılmışdır.
5. X11 xx.xx.2017-ci il tarixdə ölmüş, bu barədə akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 07 nömrə ilə qeyd aparılmışdır.
6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********20 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı və ailə üzvlərinə məxsus Tərtər rayonu, Kəngərli kəndində yerləşən torpağa mülkiyyət hüququna dair Dövlət aktı üzrə hansı səbəbdən 1,98 ha əvəzinə 0,98 ha torpaq sahəsinin mülkiyyətə verilməsi məlum deyildir. Həmin yanlışlığın araşdırılaraq düzəldilməsi İdarənin səlahiyyətinə aid deyildir.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 09 aprel 2024-cü il tarixli, 3-21-3-46/2-1703/2024 nömrəli məktubu ilə təqdim edilən mütəxəssis rəyində qeyd olunmuşdur ki, İddiaçı Tərtər rayonu, Kəngərli kəndində faktiki istifadəsində olan torpaq sahəsi 1.92 hektardır, TEKUİS məlumat bazasına əsasən istifadəsində olan torpaq sahəsinin 0.98 hektarı xüsusi mülkiyyət formasına, 1.06 ha isə pay torpaqlarından artıq qalan zəbt kimi göstərilən torpaq sahəsinə aiddir. Qeyd olunan torpaq sahəsinin kateqoriyası Kənd təsərrüfatı təyinatlı, pay torpaq sahəsidir. Qeyd olunan torpaq sahəsi elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağına və ya sürüşmə zonasına düşmür. Qeyd olunan torpaq sahəsi üçüncü şəxslərin istifadəsində və ya sahibliyində deyil. Fakiki olaraq öz istifadəsindədir. İddiaçı Tərtər rayonu, Kəngərli kəndində faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları TEKUİS məlumat bazasında JN-809 saylı Dövlət aktı ilə ayrılmış 0.98 ha torpaq sahəsinin 0.85 ha hissəsinin koordinatları ilə, 1.06 ha hissəsi isə zəbt kimi göstərilən torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Qeyd olunan Dövlət aktından kənar İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü 1.06 hektardır. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş plan əlavə olunur.
Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 14 nömrəli qərarı ilə Tərtər rayonu, Kəngərli kəndində mülkiyyət verilmiş 1,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin “Torpağa mülkiyyət hüququna dair” JN:809, KOD61106038 saylı dövlət aktında səhvən 0,98 ha kimi göstərilməsi halının düzəldilməsi, eyni zamanda həmin torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməklə ölçülüb təhvil verilməsi”tələbi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı daha sonra “iddianın dəqiqləşdirilməsi və cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi” barədə ərizə təqdim edərək məhkəmədən “iddia ərizəsindən üçüncü şəxsin çıxarılmasını, cavabdehin əsl cavabdeh ilə əvəz edilərək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi əvəzinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi göstərilməsini, iddia tələbi və predmetinin Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 14 nömrəli qərarı ilə Tərtər rayonu, Kəngərli kəndində mülkiyyət verilmiş 1,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin “Torpağa mülkiyyət hüququna dair” JN:809, KOD61106038 saylı dövlət aktında düzəliş edilərək 1,98 ha torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə ifadə olunması barədə qərar çıxarılması”nı xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tərtər rayonu Aqrar İslahat Komissiyasının 27 avqust 1998-ci il tarixli, 14 saylı qərarı ilə iddiaçıgilə ( xx.xx.2004-cü ildə vəfat etmiş X20 oglu, xx.xx.2017-ci ildə vəfat etmiş X17 oglu, X3, İddiaçı, X1 Zeynəb Əlfəz qızına) 1.98 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Lakin onların mülkiyyətinə verilmiş 1.98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi «Torpağa mülkiyyət hüququna dair» JN: 809, KOD 61106038 saylı Dövlət Aktında səhvən 0.98 ha kimi göstərilmiş və bu səbəbdən də eyni həmin torpaq sahəsinin sərhədləri naturada düzgün müəyyən edilməmişdir. Bu barədə dəfələrlə cavabdehə və üçüncü şəxsə rəsmi qaydada müraciət edilsə də cavabdeh və üçüncü şəxs tələblərini yerinə yetirmirlər. Sonuncu dəfə etdiyi müraciət Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏKR PHŞ-nin 7 Saylı Bərdə Ərazi İdarəsi tərəfindən göndəruilmiş xx.xx.2022-ci il tarixli, **********20№-li məktubda yalnışlıgın araşdırılaraq düzəldilməsi vəzifəsinin onun səlahiyyətinə aid olmadıgı göstərilmişdir. Cavabdeh tərəfindən göndəruilmiş məktublarda isə yalnışlıgın araşdırılaraq düzəldilməsi üçün DƏDRX-nə göndərldiyi əks edilmişdir. Lakin keçən müddətdə heç bir əlavə cavab verilməmiş və bununla da hərəkətsizlik edilmişdir.
11. Cavabdeh inzibati orqanın iddia tələbinə dair etiraz ərizəsində bildirilmişdir ki, Xidmətin ərazi idarələrində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən X8 adına dövlət aktına əsasən 0,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi aşkar edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3-46/2-3095/2023 nömrəli etirazında əlavə olaraq bildirmişdir ki, iddiaçının və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi islahat zamanı hazırlanmış ilkin yerquruluşu xəritəsinə və Azərbaycan Respublikası Prezidentinin 818 nömrəli Fərmanına əsasən hazırlanmış TEKUİS-ə əsasən 0,98 ha göstərilmişdir.
12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-54/2023 nömrəli qərarı ilə (hakim Z.Quliyev) iddia tələbi təmin edilməmişdir.
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı torpaq islahatı zamanı ona və ailə üzvlərinin mülkiyyətinə 1,98 hektar torpaq sahəsinin verildiyini və texniki səhvə yol verilərək dövlət aktında 0,98 ha yazıldığını bildirsə də, məhkəmə tərəfindən aparılmış araşdırma, o cümlədən tədqiq olunmuş dövlət aktına əlavə olunmuş torpaq sahəsinin qaimə-sertifikatı ilə müəyyən edilmişdir ki, onlara 0,98 ha torpaq sahəsi verilmiş və "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktının tərtib olunmasında heç bir yanlışlığa yol verilməmişdir. Beləliklə, iddiaçının iddiası üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə isə cavabdehin imtinasını zəruri edən şərtlərin mövcudluğu təsdiq olunsa da, iddiaçı bunun əksini sübut edə bilməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-54/2023 nömrəli qərarının ləğv edilməsini və iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eynilik təşkil etmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Apellyasiya şikayətinə qarşı tərəfin etiraz daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verdi, şikayətin təmin olunmasını xahiş etdi.
18. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
19. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
58. 7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəfin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır.
22. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
23. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
24. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanunun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır.
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
26. İşin hallarından görünür ki, Tərtər rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 14 saylı qərarı ilə X12 və onun ailə üzvləri X2, X11, X13, X7, X4 0,98 ha torpaq sahəsi verilmiş, bu barədə tərtib edilmiş JN:809 nömrəli, 61106038 kodlu dövlət aktı xx.xx.2000-ci il tarixdə 5765 nömrə ilə qeydiyyat kitabında qeydiyyata alınmışdır.
27. Hazırda İddiaçı ona və ailə üzvlərinə 1,98 ha torpaq sahəsinin ayrılmasını iddia etmiş, dövlət aktında düzəliş edilməsinə dair cavabdeh inzibati orqana müraciət etmişdir.
28. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********20 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı və ailə üzvlərinə məxsus Tərtər rayonu, Kəngərli kəndində yerləşən torpağa mülkiyyət hüququna dair Dövlət aktı üzrə hansı səbəbdən 1,98 ha əvəzinə 0,98 ha torpaq sahəsinin mülkiyyətə verilməsi məlum deyildir. Həmin yanlışlığın araşdırılaraq düzəldilməsi İdarənin səlahiyyətinə aid deyildir.
29. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq iddiaçı bu məsələ ilə bağlı mübahisə açmamış, bununla da iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür.
30. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 09 aprel 2024-cü il tarixli, 3-21-3-46/2-1703/2024 nömrəli məktubu ilə təqdim edilən mütəxəssis rəyində qeyd olunmuşdur ki, İddiaçı Tərtər rayonu, Kəngərli kəndində faktiki istifadəsində olan torpaq sahəsi 1.92 hektardır, TEKUİS məlumat bazasına əsasən istifadəsində olan torpaq sahəsinin 0.98 hektarı xüsusi mülkiyyət formasına, 1.06 ha isə pay torpaqlarından artıq qalan zəbt kimi göstərilən torpaq sahəsinə aiddir. Qeyd olunan torpaq sahəsinin kateqoriyası Kənd təsərrüfatı təyinatlı, pay torpaq sahəsidir. Qeyd olunan torpaq sahəsi elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağına və ya sürüşmə zonasına düşmür. Qeyd olunan torpaq sahəsi üçüncü şəxslərin istifadəsində və ya sahibliyində deyil. Fakiki olaraq öz istifadəsindədir. İddiaçı Tərtər rayonu, Kəngərli kəndində faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları TEKUİS məlumat bazasında JN-809 saylı Dövlət aktı ilə ayrılmış 0.98 ha torpaq sahəsinin 0.85 ha hissəsinin koordinatları ilə, 1.06 ha hissəsi isə zəbt kimi göstərilən torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Qeyd olunan Dövlət aktından kənar İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü 1.06 hektardır. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş plan əlavə olunur.
31. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. 32.Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir.
33. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsini və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır .
35. Deryan Türkiyəyə qarşı iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı, Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-54/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərardad qəbul edilməklə iddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov