Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-126/2024 08.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-1117/2023 saylı qərarından iddiaçının nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: DT və XK-nin Xanlar rayon şöbəsinin xx.xx.2006-cı il tarixli, 10 nömrəli rəyindən görünür ki, Xanlar bələdiyyəsi tərəfindən alqı-satqı yolu ilə fərdi yaşayış evi tikmək məqsədilə İddiaçı satılması nəzərdə tutulan 0.06 ha torpaq sahəsi şəhərdaxili olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir. Xanlar bələdiyyəsi, DT və XK-nin Xanlar rayon şöbəsi və İddiaçı iştirakı ilə tərtib edilmiş aktın surətindən görünür ki, yaradılmış komissiya yerində baxış keçirərək Xanlar bələdiyyəsinin şəhər daxili ərazisindəki torpaq sahəsindən 0,06 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün İddiaçı satılması məqsədə uyğun hesab edilmişdir. Xanlar bələdiyyə sədrinin xx.xx.2006-cı il tarixli, 06 nömrəli qərarından görünür ki, Xanlar bələdiyyəsinin şəhərdaxili ərazisindəki torpaq sahəsindən 0.06 ha torpaq sahəsinin ayrılıb İddiaçı fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə satılması qərara alınmışdır. xx.xx.2006-cı il tarixli, 1674 nömrəli “Torpaqların alqısatqısına dair” aktdan görünür ki, Xanlar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 nömrəli qərarına əsasən satılmış 0.06 ha torpaq sahəsinə görə İddiaçı tərəfindən bələdiyyənin müvafiq bank hesabına 260 (iki yüz altmış) manat pul ödənilmişdir. xx.xx.2006-cı il tarixli, 23 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Xanlar bələdiyyəsinin müvafiq bank hesabına torpaq satışı ilə bağlı 260 (iki yüz altmış) manat məbləğində pul köçürülmüşdür. xx.xx.2014-cü il tarixli, A 520983 nömrəli Torpaq sahəsinin plan və ölçüsü sənədini surətindən görünür ki, bu sənəd Xanlar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 nömrəli qərarına əsasən İddiaçı satılmış 0.06 ha torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Göygöl bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 449 nömrəli arayışında bildirilir ki, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı istifadəsindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Göygöl şəhər bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 06 saylı qərarı ilə Göygöl bələdiyyəsinin şəhərdaxili ərazisində yaşayış torpaq sahəsindən 0.06 ha torpaq sahəsi iddiaçıya satılmışdır. Qeyd olunan torpaq sahəsi hazırda ünvan 2 ünvanında yerləşir. Həmin torpaq sahəsi hələ bələdiyyənin mülkiyyətində olmamışdan əvvəl onun sahibliyində və istifadəsində olub, 16 ildən artıqdır ki, fasiləsiz olaraq sahibliyində və istifadəsindədir. Bələdiyyənin qərarı və digər müvafiq sənədləri, keçmiş torpaq şöbəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü çəkilmiş və bütün sənədləri tam olaraq qanunidir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli, **********15 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 14 iyul 2022- ci il tarixli, ********** nömrəli müraciətinə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinin Ərazi İdarəsinin elektron xəritə məlumatlarına əsasən, dövlət mülkiyyətində olan ictimai tikililər üçün nəzərdə tutulan əraziyə düşdüyü müəyyən edilmişdir. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-1117/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair iddia təmin edilməməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur və bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur, eyni zamanda qanunvericiliklə dövlət mülkiyyətində olan torpaqların konkret dairəsi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçıya satılmış torpaq sahəsi dövlət mülkiyyətində olan ərazidə yerləşir. Beləliklə işin faktiki hallarına və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən məhkəmə hesab etmişdir ki, qeydə alınması tələb olunan torpaq sahəsi dövlət mülkiyyətində olduğundan cavabdehin imtinası əsaslı olmuşdur Məhkəmə mövqeyini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi və Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin müvafiq maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri İddiaçının nümayəndəsi (vəkili) Vəkil qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsi, iddianın təmin edilməsinə dair yeni qərar qəbul çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Gəncə İnzibati Məhkəməsində iddia qaldıraraq Göygöl ş., M.Müşviq k., 01d ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiası təmin edilməmişdir. İddianın təmin edilməməsinə əsas kimi mütəxəssis rəyi olmuşdur. Göygöl şəhər Bələdiyyəsinin 01 fevral 2006-cı il tarixli, 06 saylı Qərarı ilə Göygöl Bələdiyyəsinin şəhərdaxili ərazisindən yaşayış torpaq sahəsindən 0.06 hissəsi fərdi yaşayış evi tikmək üçün iddiaçıya satılıb. Onunla yaxın qonşuluqda olan vətəndaşların əksəriyyətinə çıxarış verilmişdir. Onda sual yaranır ki, onunla eyni ərazidə olan torpaq sahəsinə çıxarış verilir, ona isə imtina olunur, imtinaya səbəb isə torpaq sahəsinin dövlət mülkiyyətində olması qeyd olunur. O, məhkəməyə bununla bağlı sübutlar təqdim etsə də məhkəmə bunların heç birinə qiymət verməmiş, iddianı rədd etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında nümayəndələrin iştirakın təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Həmin Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. (28 noyabr 2008-ci il tarixədək olan redaksiya) “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram: (əvvəlki redaksiya) ...
2. Müəyyən edilsin ki: ... 2.5. həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-).
Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbi təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, Xanlar (Göygöl) bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 nömrəli qərarı ilə Xanlar bələdiyyəsinin şəhər daxili ərazisindəki torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı 0.06 ha torpaq sahəsi satılmış və həmin torpaq üçün nəzərdə tutulmuş haqq iddiaçı tərəfindən bələdiyənin büdcəsinə ödənilmişdir. Bununla yanaşı 0.06 ha torpaq sahəsinə dair keçmiş DT və XK-nin Xanlar rayon şöbəsinin müvafiq rəyi və arayışı, torpaq sahəsinin yerquruluşu planından çıxarış, torpaq sahəsinin planı və ölçüsü sənədi, alqı-satqı aktı əldə edilmişdir. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, lakin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunmuşdur. Cavabdeh orqan imtinanın əsası kimi göstərmişdir ki, torpaq sahəsinin dövlət mülkiyyətində olan ictimai tikililər üçün nəzərdə tutulan əraziyə düşdüyü müəyyən edilmişdir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edərək qeyd edir ki, aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3- 33/2-3470/2024 saylı məktuba əlavə edilmiş mütəxəssis rəyində qeyd olunur ki, Xanlar bələdiyyəsinin yerquruluşu planından çıxarışda, torpaq sahəsinin koordinatları (X və Y) əks olunmamışdır. Bu səbəbdən də, araşdırma zamanı Xanlar Bələdiyyəsinin xx.xx.2006cı il tarixli, 06 nömrəli qərarına əsasən İddiaçı adına tərtib olunmuş A 520983 nömrəli plan və ölçü sənədinə əsaslanılmışdır. X2 naturada təqdim etdiyi 0.075 ha torpaq sahəsinin 0.06 ha hissəsi, A 520983 nömrəli plan və ölçü sənədində göstərilən torpaq sahə ilə üstüstə düşür. X2 naturada təqdim etdiyi torpaq sahəsi, 0.075 ha təşkil edir. Qeyd olunan torpaq sahəsi, Göygöl bələdiyyəsinin ərazisində bələdiyyə mülkiyyətinə verilən torpaqların 2009-cu il tarixli yerquruluşu planına və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS)-nə əsasən dövlət mülkiyyətində olan torpaq sahəsidir. Xanlar rayonu X5 ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş 2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsində, həmin torpaq sahəsinin mülkiyyəti barədə heç bir göstərici qeyd olunmamışdır. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən qeyd olunan torpaq sahəsinin kateqoriyası-yaşayış məntəqələrinin torpaqları kateqoriyası, alt uqodiyası-həyətyanı, islahat uqodiyasıtəhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlardır. Torpaq sahəsi üzərində faktiki olaraq tikili mövcud deyildir. Torpaq sahəsi üzərində hüquqmüəyyənedici (Çıxarış) sənəd aşkarlanmadı. Göygöl bələdiyyəsinin ərazisində bələdiyyə mülkiyyətinə verilən torpaqların 2009-cu il tarixli yerquruluşu planında və Xanlar rayonu X5 ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş 2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsində qeyd olunan torpaq sahəsinin kateqoriyası barədə məlumat qeyd olunmamışdır. Qeyd olunan torpaq sahəsi üzərindən yüksək təyziqli qaz kəməri, hava məkanından isə, yüksək gərginlikli elektrik xəttinin keçmədiyi müşahidə olundu. Həmin torpaq sahəsinin, qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qorunma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə müdafiə və digər təyinatlı öbyektlərin mühafizə zonalarına düşməsi barədə, idarənin elektron baza materiallarında məlumat aşkarlanmadı. Bundan başqa məhkəmə kollegiyası işin tam və hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədilə mübahisəli torpaq sahəsinin şərq, qərb, şimal və cənub tərəflərindən həmsərhəd olan torpaq sahələri üzərində başqa şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınıb-alınmamasının müəyyən edilməsi üçün cavabeh inzibati orqana müvafiq sorğu vermişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2- 11904/2023 saylı məktubda bildirilmişdir ki, aparılan araşdırma zamanı, Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 35 saylı qərarı ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən X1 adına "Torpaq sahəsinin planı və ölçüsü" sənədi tərtib edilmişdir. Həmin plan və ölçü sənədi əsasında sözügedən torpaq sahəsinin qərb tərəf qonşuluğuna xx.xx.2020-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə çıxarış, plan və ölçü sənədi tərtib edilmişdir. X1 adına "Torpaq sahəsinin planı və ölçüsü" ilkin torpaq ayırma sənədləri və çıxarışın surəti məhkəməyə təqdim edilmişdir. Həmçinin xx.xx.2024-dü il tarixdə məhkəmə kollegiyası tərəfindən mübahisəli torpaq sahəsinə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin torpaq sahəsi yaşayış məntəqəsi olan ərazidə yerləşir və yaxınlığında fərdi yaşayış evləri inşa edilmişdir. Sözügedən ərazi qaz, işıq və su xəttləri təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bildirir ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin 31 yanvar 2006-cı il tarixli 10 saylı rəyində torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaqla satılması nəzərdə tutulan şəhər daxili torpaq sahəsi olduğu qeyd edilmişdir. Kollegiya xüsusi olaraq vurğulayır ki, bu rəy torpaq sahəsi ayrılan zaman səlahiyyətli orqan tərəfindən verilmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin rəy verilən zaman qüvvədə olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın əvvəlki redaksiyasına əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Yuxarıda da qeyd edildiyi kimi hazırki iş üzrə torpağın təyinatı və satılmağa uyğunluğu ilə bağlı rəy həmin dövr üçün səlahiyyətli orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu Xanlar rayon şöbəsi tərəfindən verilmişdir. İşdə olan sənədlərlə təsdiq olunur ki, torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyə qərarı ilə yanaşı torpaq sahəsinin iddiaçıya satılmasına dair 01.02. 2006-cı il tarixli “Torpaqların alqı-satqısına dair” AKT, torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması, şəhər daxili olmaqla satılmasının qanunamüvafiqliyi barədə rayon torpaq şöbəsinin rəyi, habelə rayon torpaq şöbəsinin təsdiq etdiyi yer quruluşu planı və “Torpaq sahəsinin planı və ölçüsü” sənədi mövcud olmuşdur. Odur ki, 2007 və 2008-ci illərdə torpaq sahəsinin satılmasının qanunamüvafiqliyi barədə səlahiyyətli dövlət orqanı tərəfindən verilən sənədlər mötəbər hesab olunduğundan, hazırda həmin torpaq sahəsinə münasibətdə cavabdehin imtinası əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası əlavə olaraq bildirir ki, fərmanda sadəcə olaraq torpaq sahə ilə bağlı rəy verən orqanların adı dəyişdirilmişdir. Həmin fərmanda, eləcə də başqa bir normativ hüquqi aktda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları tərəfindən verilmiş rəylərin etibarsızlığı və ləğv edilməli olması ilə bağlı müddəa mövcud deyildir. Odur ki, iddiaçının mübahisə edilən torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edilməsi üçün zəruri sənədlərə (torpaqların alqı-satqısına dair akt, mübahisəli torpaq sahəsinin yerləşdiyi yerə uyğun yerquruluşu haqqında plan, həmçinin torpaq sahəsinin satılmağa uyğunluğu barədə səlahiyyətli orqanın rəyi) malik olduğundan onun tələbi əsaslıdır. Məhkəmə kollegiyası bildirir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsi hüquqların dövlət qeydiyyatından imtinanın əsaslarını müəyyən etmişdir. Hazırki işdə belə əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan birinci instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iddia təmin edilməli və bələdiyyə qərarı ilə iddiaçıya satılmış 0,06 ha torpaq sahəsinə iddiaçının hüququn qeydə alınması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-1117/2023 saylı qərarı ləğv edilsin. İddia təmin edilsin. Xanlar Bələdiyyəsinin 01 fevral 2006-cı il tarixli, 06 saylı qərarı ilə satılmış, 0.06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.