Məhkəmə qərarları › İş №2-1(104)-126/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-126/2025

14.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-126/2025 14.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək pensiyasının təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1134/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən əsasən, İddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuşdur.

2. НЗ ******* nömrəli hərbi biletin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmət keçmişdir.

3. ИТ-İ ******* nömrəli, xx.xx.1979-cu il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.2002-ci il tarixədək ayrı-ayrı vaxtlarda müxtəlif müəssisələrdə işləmişdir.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-İ-194419/2023 saylı məktubundan görünür ki, əmək kitabçasına və digər sənədlərin surətlərinə əsasən sığorta stajını (xx.xx.1973-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək əyani təhsil aldığı illər və xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 17 il 6 ay 8 gün təşkil edir. Həmçinin bildirir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. “X2 və Koordinasiya Mərkəzi” Publik Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli arxiv arayışlarına əsasən 1979-cu ildə Gəncə şəhəri İctimai laşə Trestində işə qəbul əmri olmadığından və həmin müəssisənin xx.xx.1994-cü il tarixindən xx.xx.2002-ci il tarixinədək əmək haqqı cədvəlləri saxlanılmadığından əmək haqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmayıb. Bu səbəbdən həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Bildirir ki, xx.xx.1994-cü il tarixindən xx.xx.2002-ci il tarixinədək əmək haqqı almağını təsdiq edən sənədləri (əmək haqqı arayışları) və əmrlərdən çıxarışları təqdim etdikdən sonra həmin dövrlərin sığorta stajına daxil edilməsinə baxıla bilər. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajını qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq ona xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində olmaqla yaşa görə sosial müavinət təyin edilmişdir.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-299823/2023 saylı məktubundan görünür ki, İddiaçı mübahisəsiz sığorta stajı xx.xx.1973-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək təhsil aldığı dövr, xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr, əmək kitabçasının surətinə əsasən xx.xx.1981-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək əmək fəaliyyəti dövrü daxil edilməklə 17 il 6 ay 8 gün təşkil edir. Əlavə olaraq bildirir ki, vətəndaşın təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixindən 11.06 2002-ci il qeyd tarixinədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. “X2 və Koordinasiya Mərkəzi” Publik Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli arxiv arayışlarına əsasən 1979-cu ildə Gəncə şəhəri İctimai laşə Trestində İddiaçı işə qəbul əmri olmadığından və həmin müəssisənin xx.xx.1994-cü il tarixindən xx.xx.2002-ci il tarixinədək əmək haqqı cədvəlləri saxlanılmadığından onun əmək haqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəbdən həmin dövrlər (10 il 5 ay 10 gün) sığorta stajına daxil edilməmişdir. Həmçinin bildirir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək vətəndaşın fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X2 və Korodinasiya Mərkəzi” publik hüquqi şəxsinin 3-21-xx.xx.2024-cü il tarixli, 3-06/2-602/2024 saylı məktubundan görünür ki, 1994-2002-ci illərdə İddiaçı işlədiyi obyektlərin əməkhaqqı cədvəlləri və onun barəsində 1979-cu il üzrə kadr əmri Mərkəzin arxivində yoxdur.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X2 və Korodinasiya Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 3-21- 3-06/2-230/2023 saylı arxiv arayışından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X2 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş arxiv arayışa əsasən X9 həqiqətən Kirovabad şəhəri X11 (İİT): xx.xx.1981-ci il tarixli 86 nömrəli əmri ilə “Kəpəz” restoranının mətbəx fəhləsi, xx.xx.1981-ci il tarixdən növbəti məzuniyyətdən qayıdandan sonra 8 nömrəli yeməkxananın filialı olan 56 nömrəli yeməkxanaya mətbəx fəhləsi keçirilmişdir; xx.xx.1988-ci il tarixli 124 nömrəli əmri ilə 9 nömrəli yeməkxananın filialı olan 95 nömrəli yeməkxananın mətbəx fəhləsi həmin yeməkxananın təmiri müddətində müvəqqəti olaraq 5 nömrəli yeməkxanaya fəhlə keçirilmişdir. Gəncə (keçmiş Kirovabad) şəhəri llT-nin: xx.xx.1994-cü il tarixli, 31 nömrəli əmri ilə 5 nömrəli yeməkxananın fəhləsi həmin tarixdən 9 nömrəli yeməkxananın filialı olan 96 nömrəli yeməkxanaya mətbəx fəhləsi keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin (DƏK) xx.xx.1999-cu il tarixli, 230 nömrəli sərəncamı və xx.xx.1999-cu il tarixli, 23 nömrəli əmrinə əsasən Gəncə şəhəri İİT ləğv edilərək, arxiv sənədləri DƏK-in “İstehsalat və Təsərrüfat” İdarəsinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 229 nömrəli Fərmanı ilə DƏK ləğv edilərək, Dövlət Əmlakı Nazirliyi (DƏN) yaradılmışdır. DƏN-in xx.xx.1999-cu il tarixli, 01 nömrəli əmri ilə “İstehsalat və Təsərrüfat” İdarəsi ləğv edilərək, onun bazasında xx.xx.2000-ci il tarixli, 05 nömrəli əmri ilə Ticarət və Xidmət Müəssisə və X1 Mərkəzi (TXMOFƏM) yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli, 475 nömrəli Fərmanı ilə TXMOFƏM-nin təsisçisi -- DƏN-in və bir sıra keçmiş dövlət təşkilatlarının bazasında İqtisadi inkişaf Nazirliyi (İİN) yaradılmışdır. ilNnin TXMOFƏM-nin : xx.xx.2002-ci il tarixli, 276K nömrəli əmri ilə Gəncə şəhərində yerləşən 96 nömrəli bufetin fəhləsi həmin tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. İlN-nin TXMOFƏM-nin hüquqi varisi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “X2 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsidir (bundan sonra -- Mərkəz).

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona əmək pensiyasının təyin edilməsini cavabdehin üzərinə vəzifə kimi qoyulmasını xahiş etmişdir.

9. Tələb onunla əsaslandırılmışdır ki, o, hal-hazırda yaşa görə pensiya alır. Dövlət Sosial Müdafiə Fondunun 24 avqust 2023-cü il tarixli ona təqdim edilmiş məktubuda qeyd edilir ki, onun təqdim etdiyi əmək kitabçası və digər sənədlərin surətlərinə əsasən sığorta stajı (xx.xx.1973-cü il tarixdən xx.xx.1976-cı il tarixinədək əyani təhsil aldığı illər və xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddətdə nəzərə alınmaqla) 17 il 6 ay 8 gün təşkil edir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. X3 və X6 Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli arxiv arayışlarına əsasən,1979-cu ildə Gəncə şəhəri X12 işə qəbul əmri olmadığından və həmin müəssisənin xx.xx.1994-cü il tarixindən xx.xx.2002-ci il tarixinədək əmək haqqı cədvəlləri saxlanılmadığından əmək haqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmayıb. Bu səbəbdən həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Lakin o həmin illərdə yeməkxanada işləmişdir. Buna baxmayaraq əmək haqqı cədvəli saxlanılmamışdır. Ona görə də onun sığorta stajına daxil olmamışdır.

10. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının qeyd olunmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Sonradan yenidən iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, xx.xx.1994-cü il tarixindən xx.xx.2002-ci il tarixinədək Gəncə şəhəri X11 96 nömrəli yeməkxanasında fəhlə işlədiyi illərin sığorta stajına daxil edilərək ona hüququ yarandığı xx.xx.2023-cü il tarixdən (65 yaş tamam olduğu vaxtdan) yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.

11. Birinci instansiya məhkəməsinə cavabdeh orqan iddiaya qarşı etiraz ünvanlamışdır. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2002-ci il tarixədək Gəncə şəhər X12 yeməkxanada işlədiyini iddia edir. Hesab edirik ki, iş üzrə iddia tələbi əsassızdır. İddiaçı R.X7 təqdim etdiyi əmək kitabçasının, hərbi biletin və təhsil haqqında sənədlərin surətinə əsasən sığorta stajı 17 il 6 ay 8 gün təşkil edir Həmçinin fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçı xx.xx.1958-ci il təvəllüdlü İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş yaşa görə əmək pensiyası hüququ verən yaş həddinə Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşının tamam olduğu xx.xx.2023-cii il tarixdə çatmışdır. İddiaçı təqdim etdiyi diplomun surətinə əsasən xx.xx.1973-cü il tarixdən xx.xx.1976-cı il tarixədək təhsil illəri, hərbi biletin surətinə əsasən onun xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü il tarixədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla sığorta stajı, ümumilikdə 17 il 6 ay 8 gün mübahisələndirilməyən təşkil edir və qanunvericiliyin minumum 25 il sosial sığorta stajı tələbi ödənilmir. İddiaçının mübahisələndirilən əmək fəaliyyəti dövləri xx.xx.1994-cü il tarixdən xx.xx.2002-ci il tarixədək Gəncə şəhər X12 işlədiyi 10 il 5 ay 10 gün əmək fəaliyyəti dövrləridir. İddiaçı əmək kitabçasında qeyd olunan həmin dövrlər aşağıdakı səbəbdən sığorta stajına daxil edilməmişdir. Belə ki, “X2 və Koordinasiya Mərkəzi” Publik Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli arxiv arayışlarına əsasən 1979-cu ildə Gəncə şəhəri X12 işə qəbul əmri olmadığından və həmin müəssisənin xx.xx.1994-cü il tarixindən xx.xx.2002-ci il tarixinədək əmək haqqı cədvəlləri saxlanılmadığından əmək haqqı alıbalmadığını müəyyənləşdirmək mümkün olmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 3-cü maddəsinə uyğun olaraq əmək kitabçasının doldurulma qaydalarına riayət olunmamış və bu səbəblərdən mübahisələndirilən dövr sığorta stajına daxil edilməmişdir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq imtinası qanunauyğun olmuşdur.

12. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

13. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir.

14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1134/2024 saylı qərarı ilə (hakim L.Əliyeva) iddianın təmin edilməsi, İddiaçı xx.xx.1994-cü il tarixindən xx.xx.2002-ci il tarixinədək Gəncə şəhəri X11 96 nömrəli yeməkxanasında fəhlə işlədiyi illərin sığorta stajına daxil edilərək ona hüququ yarandığı xx.xx.2023-cü il tarixdən (65 yaş tamam olduğu vaxtdan) yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır.

15. Məhkəmə iddianı təmin edərkən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq normalarına istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1134/2024 saylı qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

17. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıya xx.xx.1996xx.xx.1996-ci il tarixlərində xx.xx.1992-xx.xx.1996-cı illər iş dövrü üzrə növbəti əmək məzuniyyəti verilməsi onun mübahisələndirilən xx.xx.1994-xx.xx.2002-ci illər ərzində işləməsinə əsas vermir. Həmçinin, məhkəmə tərəfindən istinad olunan məktubda 1979-cu il tarixli kadr əmrlərinin Mərkəzin Arxivində olmadığı da qeyd edilmişdir. Məhkəmə tərkibi qeyd edilən məsələyə münasibətdə araşdırma aparmayaraq, əməkhaqqı barədə sənədlərin olmadığının işin obyektiv, tam, hərtərəfli araşdırılması üçün əhəmiyyəti olmadığı qənaətinə gəlmişdir. Hesab edir ki, məhkəmənin əlavə araşdırma aparmadan iddiaçının əmək kitabçasında qeyd edilən dövrlərin mötəbər hesab edilərək, 25 il 9 ay sığorta stajı olması barədə gəldiyi hüquqi nəticə qanunsuz hesab edilməlidir. İşin faktiki hallarından məlum olduğu kimi, iddiaçıya məxsus əmək kitabçasının surətinə əsasən o, Gəncə şəhəri keçmiş X12 işlədiyini iddia edir. Lakin məhkəmə araşdırması nəticəsində əldə edilən dəlillərdə onun “Kəpəz” restoranının mətbəx fəhləsi işlədiyi göstərilmişdir. Məhkəmənin əmək kitabçasında göstərilən məlumatların həqiqiliyini şübhə altına alan dəlillər aşkar olunmaması barədə mövqeyindən görünür kü, işin hallarına hərtərəfli və düzgün yanaşılmamışdır. Qeyd edir ki, məhkəmə əmək kitabçasında və arxiv arayışında fərqli müəssisələrin qeyd edilməsinə aydınlıq gətirməmişdir. Bununla da hesab edir ki, əmək kitabçasında ziddiyətli məlumatların əmək kitabçasının mötəbərsizliyi şühbəsi yaratdığı və iddiaçının işlədiyini iddia etdiyi dövrlərə dair zəruri sənədlərin olmaması halında məhkəmə tərəfindən prosessual pozuntu törədilərək, qeyd olunan hallar araşdırılmamışdır.

b)Apellyasiya şikayətinə etirazın dəlilləri.

18. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1134/2024 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)- 1134/2024 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq normaları

21. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 149. İ və İİİ hissə: Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. Maddə 149. Vİİ hissə: Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

22. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamə: Maddə 25. İ hissə: Hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün, qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq, yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər səbəblərdən məhrum olduğu hallarda təminat hüququna malikdir.

23. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt: Maddə 9. Hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququ təsbit olunmuşdur. Həmin sənədin 4-cü maddəsinə əsasən bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, həmin hüquqlardan istifadə olunmasını bu Pakta müvafiq olaraq təmin edən bu və ya digər dövlət həmin hüquqlara yalnız qanunla müəyyən edilən və bu hüquqların təbiətinə uyğun olduğu qədər, həm də demokratik cəmiyyətdəümumi rifaha yardım göstərmək məqsədilə məhdudiyyətlər qoya bilər.

24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarəvə təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir

25. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

26. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 67.1 və 2-ci hissələrinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 1-ci bəndinə əsasən, əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Qərarın 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaları: Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Bənd 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Bənd 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. Bənd 4.1. İşçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir.

29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

31. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

32. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

33. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

34. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

35. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

36. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

37. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

38. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

39. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

40. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

41. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

42. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. İşin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, onun işlədiyi illərin sosial sığorta stajına daxil edilməsini və ona hüququ yarandığı vaxtdan yaşa görə əmək pensiyanın təyin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı cavab məktubu ilə onun xx.xx.1994-cü ildən xx.xx.2002-ci il tarixədək əmək haqqı almasını təsdiq edən sənədlər təqdim edilmədiyi üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

46. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla xx.xx.2023-cü il tarixdə artıq tələb olunan yaş həddində (65 yaş) olmuşdur. Deməli iddiaçının həmin tarixdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Bu işin mübahisələndirilməyən halıdır.

47. Cavabdehin etirazının və apellyasiya şikayətinin dəlillərinə əsasən iddiaçının mübahisələndirilməyən sığorta stajı 17 il 6 ay 8 gün təşkil edir. Mübahişələndirilən dövr iddiaçının xx.xx.1994-cü il tarixindən xx.xx.2002-ci il tarixinədək Gəncə şəhəri X11 96 nömrəli yeməkxanasında işlədiyi müddətdir. Cavabdeh inzibati orqanın həmin dövrləri sosial sığorta stajı kimi nəzərə almamasının səbəbi şəxsin əmək haqqı almasının müəyyən edilməməsidir.

48. İddiaçıya məxsus ИТ-İ ******* nömrəli, xx.xx.1979-cu il tarixli əmək kitabçasındakı qeydlərdən görünür ki, o, xx.xx.1994-cü il tarixindən xx.xx.2002-ci il tarixinədək Gəncə şəhəri X11 96 nömrəli yeməkxanasında əmək fəaliyyətində olmuşdur.

49. Məhkəmələr tərəfindən aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1981-ci il tarixli, 86 nömrəli əmri ilə “Kəpəz” restoranının mətbəx fəhləsi, xx.xx.1981-ci il tarixdən 8 nömrəli yeməkxananın filialı olan 56 nömrəli yeməkxanaya mətbəx fəhləsi, xx.xx.1988-ci il tarixli 124 nömrəli əmri ilə 9 nömrəli yeməkxananın filialı olan 95 nömrəli yeməkxananın mətbəx fəhləsi, həmin yeməkxananın təmiri müddətində müvəqqəti olaraq 5 nömrəli yeməkxanaya fəhlə keçirilmişdir. Gəncə (keçmiş Kirovabad) şəhəri llT-nin: xx.xx.1994-cü il tarixli, 31 nömrəli əmri ilə 5 nömrəli yeməkxananın fəhləsi həmin tarixdən 9 nömrəli yeməkxananın filialı olan 96 nömrəli yeməkxanaya mətbəx fəhləsi keçirilmişdir.

50. Eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X2 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinin birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq təqdim etdiyi məktubda qeyd etmişdir ki, İddiaçı xx.xx.1994-xx.xx.2002-ci illər ərzində Gəncə şəhəri keçmiş X11 xx.xx.1996-cı il tarixli, 50 nömrəli əmri ilə 9 nömrəli yeməkxananın nəzdindəki 96 nömrəli yeməkxananın mətbəx fəhləsi işləyərkən xx.xx.1996-xx.xx.1996-ci il tarixlərində xx.xx.1992-xx.xx.1996-cı illər iş dövrü üzrə növbəti əmək məzuniyyəti verilmişdir.

51. İddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə çatmaqla, tələb olunan 25 il sosial sığorta stajından artıq sosial sığorta stajı toplamışdır. Onun mübahisələndirilən dövrdə əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası, iş materiallarına əalvə edilmiş digər sənədlərlə təsdiq olunur. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində və onun qeydində yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri iddiaçıya münasibətdə tam ödənilir. Odur ki, o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi hərəkəti etməkdən cavabdehin imtina etməsi qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

52. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi iş illəri “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan maddi hüquq normaları nəzərə alınmalı və əmək kitabçasında göstərilən hal-hazırda mübahisələndirilən illər sosial sığorta stajı kimi qəbul edilməlidir.

53. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndinə əsasən, əmək stajını təsdiqedici sənəd kimi arayışlara, əmrlərdən çıxarışlara, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəllərinə, vəsiqələrə, xasiyyətnamələrə, yazılı əmək müqavilələrinə, icrası barədə qeydlər edilməklə razılaşmalara, əmək xidmət siyahılarına, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın iddiaçının tələb etdiyi dövrləri yuxarıda qeyd edilən əsaslara görə sosial sığorta stajı kimi qəbul etməməsi, iddiaçıya pensiya təyin edilməsindən imtina etməsi əsaslı olmamışdır.

54. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilinə, yəni əmək haqqı cədvəllərinin olmaması ilə bağlı dəlilinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının işlədiyi müəssisə tərəfindən mübahisələndirilən dövrlərə aid əmək haqqı cədvəllərinin qorunub saxlanılmaması və mühafizə olunmaq üçün arxivə təhvil verilməməsi və ya əmək haqqı cədvəllərinin natamam doldurulması iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar olmadığından, həmin dövrün iddiaçının stajı kimi hesablanmaması onun hüququnun əsassız olaraq pozulması ilə nəticələnir. İş materiallarına əsasən iddiaçı qeyd edilən dövrdə həmin müəssisədə işləmiş, onun qeyd edilən dövrdə müəssisədən işdən çıxmasını və sonradan həmin müəssisəyə qayıtmasını, həmçinin həmin dövrdə öz hesabına məzuniyyətdə olmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur və belə sübutlar inzibati orqan tərəfindən təqdim edilməmişdir. Onun mübahisələndirilən qeyd edilən dövrdə əmək haqqı almasına dair məlumatın olmaması isə onun həmin dövrdə müəssisədə işləmədiyinə dəlalət edən sübut kimi qiymətləndirilə bilməz. Bu hal iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar olmadığından onun vəziyyətinin pisləşməsi ilə nəticələnməməli, ona əmək pensiyası təyin edilməsindən imtina üçün əsas olmamalıdır. Yəni, başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz.

55. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsində deyilir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

56. Digər tərəfdən nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına alacaq hər hansı əsaslar cavabdeh inzibati orqan tərəfindən təqdim edilməmişdir. Belə ki, iddiaçının həmin dövrdə işləməməsi, əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh orqan tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Bunun əksinə, məhkəmə araşdırmaları zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi öz təsdiqini tapmışdır.

57. İddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün 25 il sığorta stajı tələb olunur ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilən (17 il 6 ay 8 gün) və mübahisələndirilən sığorta stajı nəzərə alındıqda onun ümumilikdə 25 ildən çox sığorta stajı yaranmış olur.

58. Göründüyü kimi, o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki: 1. Qanunla müəyyən edilmiş yaşa çatmış olsun; 2. 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. Bu şərtlərdən hər hansının mövcud olmaması, şəxsin yaşa görə pensiya hüququnun olmadığı barədə nəticəyə gəlməyə əsas verir. Göründüyü kimi iddiaçı həm 25 il sığorta stajına malikdir, həm də qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır.

59. Odur ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə əsaslıdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

60. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1134/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar